Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə səfərdə olan Fransa Sahibkarlar Təşkilatının nümayəndə heyətini qəbul etmişdir

 

Prezident İlham Əliyev görüş iştirakçılarına Azərbaycanda gedən iqtisadi inkişaf prosesləri barədə məlumat verdi. Dövlətimizin başçısı uzun illərdir, Fransa ilə Azərbaycan arasında yaxşı iqtisadi əlaqələrin olduğunu, fransız şirkətlərinin ölkəmizdə uğurlu fəaliyyət göstərdiyini dedi. Azərbaycan Prezidenti Fransaya səfərləri zamanı bir neçə dəfə Fransa Sahibkarlar Təşkilatında görüşlər keçirdiyini xatırladaraq onların səmərəli olduğunu bildirdi. Prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyini, son bir neçə ildir, ölkəmizin iqtisadi inkişaf tempinə görə dünyada lider olduğunu da görüş iştirakçılarının diqqətinə çatdıraraq dedi:

-İqtisadiyyatımız əvvəlki illə müqayisədə daha çox şaxələndirilib. İqtisadiyyatımızın rəqabət qabiliyyəti bizim üçün prioritetdir. Biz çox məmnunuq ki, rəqabət qabiliyyətinə görə, Dünya İqtisadi Forumunun hesabatında Azərbaycan dünyada 51-ci, MDB-də isə birinci yeri tutub. Bu, bizim iqtisadi siyasətimizin islahatlarımızın, şaxələndirilmənin dəyişikliklərin bariz nümunəsidir. Həmçinin şəffaflıq sahəsində yüksək nailiyyətlərimiz "Doing business" hesabatında xüsusilə qeyd edilib. Bütün bunlar münbit sərmayə şəraitini yaradır.

Prezident İlham Əliyev adambaşına düşən birbaşa xarici sərmayələrin məbləğinə görə ölkəmizin dünyada aparıcı yerlərdən birini tutduğunu dedi. "Məqsədimiz inkişaf etmiş ölkəyə çevrilməkdir", - deyən dövlətimizin başçısı Azərbaycanın Fransa şirkətləri ilə əməkdaşlığının uğurlu olduğunu diqqətə çatdıraraq bildirdi:

- Bu gün aparılan işlərin səviyyəsi qənaətbəxşdir. Lakin bizim gördüyümüz işlər, planlaşdırdığımız tədbirlər sərmayə imkanları barədə məlumat mübadiləsi vacibdir. Gələn il üçün geniş həcmdə sərmayələrin qoyuluşu nəzərdə tutulub. Gələn il dövlət sərmayələrinin həcmi təxminən 4,5 milyard dollar olacaqdır. Burada söhbət hələ ki, dövlət sərmayələrindən gedir. Lakin əgər biz bu rəqəmə özəl sektorun sərmayələrini daxil etsək, zənnimcə, özəl sərmayələrin həcmi elə o qədər olacaqdır. Hazırda ümumi daxili məhsulun həcmində özəl sektorun payı 85 faiz təşkil edir. Əvvəlcə, qeyd etdiyim kimi, biz qeyri-enerji infrastruktur sahələrinə yatırılan sərmayələr nəticəsində iqtisadiyyatımızı şaxələndirə bilmişik.

Prezident İlham Əliyev neftin qiymətinin aşağı düşməsinin ölkəmizin iqtisadi inkişafına ciddi təsir etmədiyini dedi. "Azərbaycan xarici sərmayələri qoruyan ölkə imicinə malikdir", - deyən dövlətimizin başçısı bildirdi ki, Fransa şirkətləri ölkəmizdə bir çox layihələrdə fəal iştirak edə bilər. Bu yaxınlarda təməli qoyulan məişət tullantılarının emalı zavodu buna yaxşı nümunədir. Bu zavod paytaxtda ekoloji vəziyyətin yaxşılaşmasına təsir edəcəkdir.

Prezident İlham Əliyev 2010-cu ilin Azərbaycanda "Ekologiya ili" elan edildiyini diqqətə çatdıraraq növbəti illərdə Fransa şirkətlərinin Azərbaycanda müxtəlif tenderlərdə iştirak edəcəyinə əminliyini ifadə etdi. Dövlətimizin başçısı dedi:

-Biz Fransa şirkətlərinin sərmayələrini alqışlayırıq. Bu, yalnız enerji sektoruna aid deyildir. Baxmayaraq ki, bu sektorda da sərmayələr məmnunluq doğurur. Çox şadam ki, "Total" şirkəti olduqca perspektivli yataqlardan birində işlərə başlayıbdır. Ümid edirəm ki, yaxın zamanlarda bunun müsbət nəticələri olacaqdır. Lakin hesab edirəm ki, qeyri-enerji sektorunda da sərmayələr çox cəlbedicidir. Burada söhbət kənd təsərrüfatından, informasiya texnologiyalarından gedə bilər. Biz informasiya texnologiyaları sektorunun inkişafına böyük vəsaitlər ayırırıq. Kosmik sənayeyə xüsusi diqqət yetiririk. Öz peykimizi buraxmağı planlaşdırırıq. Fikrimcə, bu, bir neçə ildən sonra baş verəcəkdir. Beləliklə, böyük müasirləşmə proqramı həyata keçirilməkdədir.

Dövlətimizin başçısı Azərbaycanın qeyri-neft sektorunun inkişafında daha çox maraqlı olduğunu dedi. Bildirdi ki, bu sahədə əməkdaşlıq baxımından potensial böyükdür Azərbaycan İnvestisiya Şirkətinin fəaliyyəti uğurludur. Prezident İlham Əliyev sonda Fransa Sahibkarlar Təşkilatı nümayəndə heyətinin Azərbaycana səfərinin səmərəli keçəcəyinə ümidvar olduğunu bildirdi.

Fransa Sahibkarlar Təşkilatı - MEDEF-in nümayəndə heyətinin rəhbəri, xanım Paskal Janin Perez dövlətimizin başçısına ətraflı məlumata dəyərli məsləhətlərə görə təşəkkür etdi. Bildirdi ki, MEDEF müxtəlif sahələrdə fəaliyyət göstərən Fransa şirkətlərini birləşdirir onların fəaliyyətini beynəlxalq səviyyədə təşviq edir. Azərbaycan ilə əməkdaşlığın Fransa şirkətlərinin maraq dairəsində olduğunu deyən xanım Paskal Janin Perez bildirdi:

- Ölkələrimizin işgüzar dairələri arasında artıq möhkəm münasibətlər yaranıb. Budəfəki mühüm səfərimiz çərçivəsində nümayəndə heyətimizin tərkibində təmsil olunan Fransa şirkətləri enerji, nəqliyyat, bank xidmətlərini, hüquqi ekspertiza sahələrini əhatə edirlər. Bu şirkətlərdən bəziləri Sizin ölkədə artıq fəaliyyət göstərir. Siz burada onları xatırlatdınız. Fransa şirkətlərinin Azərbaycan bazarında payı ildən-ilə artır. Biz Azərbaycanda 4-cü sərmayədarıq. Neft qaz sahəsində şirkətlərimiz artıq işləyir. Lakin istəyirik ki, digər sahələrdə mövqelərimizi gücləndirək.

Paskal Janin Perez bu səfərin əməkdaşlığın ümumi mənzərəsini müəyyən etmək baxımından səmərəli olacağına əminliyini bildirdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 19 noyabr.- S.1.