Sumqayıt Elektrik Stansiyası istifadəyə verilmişdir

 

 Noyabrın 19-da Sumqayıt Elektrik Stansiyasının açılışı olmuşdur.

Mərasimdə iştirak etmək üçün Sumqayıta gələn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Sumqayıt Elektrik Stansiyasında dövlət başçısını inşaatçılar, energetiklər və şəhər ictimaiyyətinin nümayəndələri hərarətlə qarşıladılar.

Prezident İlham Əliyev üzərində "Sumqayıt Buxar-Qaz Qurğusunun təməl daşı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qoyulmuşdur. 12 avqust 2005-ci il" sözləri yazılmış təməl daşına baxdı.

"Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev məlumat verdi ki, 2005-ci il avqustun 12-də təməli Prezident İlham Əliyev tərəfindən qoyulmuş 525 meqavatlıq Sumqayıt Elektrik Stansiyası istismara hazırdır. Yeni stansiya şəhərin sosial-iqtisadi inkişafının perspektivi nəzərə alınmaqla 1 nömrəli Sumqayıt Elektrik Mərkəzinin ərazisində inşa edilmişdir.

 Stansiyanın ərazisi 22 hektardır. Sahəsi 360 kvadratmetr olan yeni inzibati binada səmərəli fəaliyyət üçün hər cür şərait yaradılmışdır.

Prezident İlham Əliyev inzibati binadakı muzeylə tanış oldu. Buradakı fotoguşələrdə Azərbaycan elektroenergetikasının sürətli inkişafında müstəsna əməyi olan ulu öndər Heydər Əliyevin xalqımız və Vətənimiz qarşısında xidmətlərindən, energetiklərlə görüşlərindən və müxtəlif tədbirlərdə iştirakından bəhs edən eksponatlar vardır. Bundan başqa, Prezident İlham Əliyevin respublikamızın energetika potensialının möhkəmləndirilməsi və enerji təhlükəsizliyinin təmin olunması istiqamətində reallaşdırdığı ardıcıl və fundamental tədbirlər də buradakı fotoşəkillərdə dolğun əksini tapmışdır.

Sonra dövlət başçısı avtobusla elektrik stansiyasının ərazisini gəzərək görülmüş işlərlə tanış oldu. Məlumat verildi ki, 10 min kvadratmetr sahəyə asfalt örtük döşənmişdir. Ərazidə 10 mindən çox dekorativ ağac və gül kolu əkilmiş, abadlıq işləri aparılmışdır. Qeyd olundu ki, Sumqayıt Elektrik Stansiyası müasirliyinə və ən son elmi-texniki yeniliklərin tətbiqinə görə inkişaf etmiş ölkələrdəki oxşar energetika qurğuları ilə eyni səviyyədədir. Stansiyanın güc və elektrik avadanlığı Almaniyanın "Siemens", istilik avadanlığı isə Belçikanın "CMİ" şirkətlərinə məxsusdur. Tikinti-quraşdırma işlərini, əsasən, yerli mütəxəssislər həyata keçirmişlər.

 Prezident İlham Əliyevə məlumat verildi ki, turbinlərdə işlənən buxarı soyutmaq üçün Xəzər dənizindən 1200 metrlik su xətti çəkilmiş, suqəbuledici kəmər, açıq suaxıdıcı kanal və nasos stansiyası tikilmişdir. Su xəttinin çəkilişində yüksək fiziki və kimyəvi xarakteristikaya malik borular xüsusi şüşə lifli plastik materialdan hazırlanmışdır. Qeyd olundu ki, belə borulardan respublikamızda ilk dəfə bu stansiyada istifadə edilmişdir. Stansiyanın təbii qazla təchizatı üçün 29 kilometr uzunluğunda kəmər çəkilmiş, qazpaylayıcı stansiya tikilmişdir.

 Dövlət başçısına məlumat verildi ki, tikinti-quraşdırma işlərini Böyük Britaniyanın "Tayko", Avstriyanın "Terpo", Türkiyənin "Erpo" və Azərbaycanın "Azenko" şirkətləri yerinə yetirmişlər. Tikintinin texniki məsləhətçisi isə Finlandiyanın "AF Enprima" şirkətidir. Stansiyada 525 meqavat güc iki qaz və bir buxar turbini vasitəsilə alınır. Buxar turbinini buxarla təmin etmək üçün hər birinin məhsuldarlığı saatda 300 ton olan iki buxar qazanı inşa olunmuşdur. Bu energetika qurğusunda ən müasir avadanlıq quraşdırıldığından 1 kilovat-saat elektrik enerjisinin istehsalı üçün 0,2 kubmetr təbii qaz və ya 235 qram şərti yanacaqdan istifadə edilir. Stansiyanın faydalı iş əmsalı 52,8 faizdir. Bu, müasir elektroenergetikada ən yüksək göstəricidir və nəticədə əvvəlki nəsil stansiyalarla müqayisədə xeyli təbii qaza qənaət olunur. Stansiyanın işləməsi üçün qazın 26 bar təzyiqdə verilməsi kifayətdir. Həmin qurğuda ildə 4 milyard kilovat-saatdan çox elektrik enerjisi istehsal etmək mümkündür. Bildirildi ki, Sumqayıt Elektrik Stansiyası şəhərin 60 illik yubileyinə mühüm töhfə olmaqla bərabər, Sumqayıt və Abşeron yarımadasının enerji təhlükəsizliyində önəmli rol oynayacaqdır.

Prezident İlham Əliyevə məlumat verildi ki, tikintidə çalışmış min nəfərdən çox işçinin əksəriyyətini yerli əhali təşkil etmişdir. Təxminən 250 nəfər isə stansiyada daimi işlə təmin olunacaqdır.

Dövlət başçısı stansiyanın 220 və 110 kilovoltluq yarımstansiyaları, həmçinin idarəetmə sistemi ilə tanış oldu. Qeyd edildi ki, stansiyada istehsal olunacaq elektrik enerjisini şəbəkəyə ötürmək üçün hər birinin uzunluğu 6,5 kilometrə çatan və 300 meqavat yük daşıya bilən 220 kilovoltluq "Sənaye qovşağı" və "Yaşma" hava xətləri ilə yanaşı, 110 kilovoltluq 7 elektrik xətti də çəkilmişdir. Bu qurğu tam avtomatlaşdırılmış -

"T-3000" sistemi vasitəsilə idarə olunacaqdır. Bu stansiyanın mükəmməlliyini "Azərenerji"nin Dispetçer Mərkəzindən birbaşa idarə edilməsinin mümkünlüyü də təsdiq edir.

Qeyd olundu ki, istismar və xidmət heyəti yerli kadrlardan ibarətdir və Almaniyada müvafiq təcrübə keçmişlər.

Prezident İlham Əliyev stansiyanın idarəetmə mərkəzindən bu energetika qurğusunu işə saldı.

 

* * *

 

Stansiyanın iş rejimi və avadanlığı ilə tanış olan Prezident İlham ƏLİYEV mərasimdə iştirak edən inşaatçılar, energetiklər və şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdü, onları təbrik edərək dedi:

- Əziz sumqayıtlılar, əziz dostlar. Mən sizi bu gün bu gözəl hadisə münasibətilə - Sumqayıt Elektrik Stansiyasının istifadəyə verilməsi münasibətilə ürəkdən təbrik edirəm.

Bu günlərdə Sumqayıt şəhərinin 60 illik yubileyi qeyd edilir. Bu gözəl yubiley münasibətilə sizi ürəkdən təbrik edirəm.

Sumqayıt şəhəri çox uğurla inkişaf edir. Sumqayıtda gedən quruculuq, abadlıq işləri məni çox sevindirir. Bildiyiniz kimi, mən tez-tez Sumqayıta gəlirəm, vəziyyətlə tanış oluram. Şəhərin gələcək inkişafı üçün bütün lazımi tədbirlər görülür və addımlar atılır. Sumqayıt gözəlləşir, cavanlaşır, yeni yollar, parklar salınır, yeni binalar tikilir, köhnə binalar bərpa olunur. Eyni zamanda, Sumqayıtın müasir sənaye mərkəzinə çevrilməsi üçün bizim böyük planlarımız vardır.

Əslində siz bunu yaxşı bilirsiniz ki, Sumqayıt sənaye şəhəri kimi yaradılmışdır. Ancaq bu gün biz daha da qabağa baxmalıyıq. Biz Sumqayıtda ən müasir sənaye texnologiyalarını tətbiq etməliyik. Şəhərdə yaradılan yeni müəssisələr, zavodlar, fabriklər, texnoparklar Sumqayıtı ən müasir və ən qabaqcıl sənaye mərkəzinə çevirəcəkdir. Bunu etmək üçün əlbəttə ki, elektrik gücünün yaradılması, Azərbaycanın elektrik enerjisi potensialının gücləndirilməsi çox vacib məsələdir.

Mən çox şadam ki, dörd il əvvəl burada sizinlə bərabər təməl daşını qoyduğumuz stansiya bu gün istifadəyə verilir. Bu, əslində nəhəng infrastruktur mərkəzidir. Stansiya ən qabaqcıl texnologiyalara malikdir, burada ən müasir avadanlıq quraşdırılıbdır. Əvvəlki illərdə tikilmiş Sumqayıt stansiyasının resursu artıq tükənmişdi. Əslində Sumqayıtın tələbatını ödəyə bilmirdi. Bununla bərabər, əvvəlki stansiyada şərti yanacağın sərfiyyatı 900 qram təşkil edirdi, indiki stansiyada bu, 235 qramdır. Yəni böyük bir qənaətdir, bizə imkan verəcək ki, öz enerji potensialımızı daha da səmərəli yollarla işə salaq.

Son illər ərzində Azərbaycanın enerji potensialının gücləndirilməsi işində çox böyük addımlar atılıb. 2006-2009-cu illərdə, son dörd ildə Azərbaycanda on yeni elektrik stansiyası tikilmişdir. Azərbaycanda ümumi stansiyaların sayı isə on doqquzdur. Onlardan onu son dörd il ərzində tikilibdir. Tikilmiş on stansiyanın enerji potensialı 2100 meqavatdır. Azərbaycanın ümumi enerji potensialı isə 6400 meqavatdır. Yəni biz son dörd il ərzində Azərbaycanın enerji potensialını 30-40 faiz artıra bilmişik və bu proses davam edir.

Gələcəkdə yeni stansiyaların tikintisi nəzərdə tutulub. Beləliklə, biz Azərbaycanı bundan sonra uzun illər ərzində dayanıqlı enerji mənbələri ilə təmin edəcəyik. Buna böyük ehtiyac vardır. Bizim iqtisadiyyatımız artır, ölkəmizin sənaye potensialı artır. Son altı il ərzində Azərbaycan dünyada ən yüksək templərlə inkişaf edən ölkə olmuşdur. Hətta 2009-cu ildə, böhranlı ildə də bizim sənaye potensialımız artır və iqtisadiyyat artır. Hər yerdə yeni müəssisələr, yeni zavodlar, fabriklər tikilir, əhalinin sayı artır. Bütün bunlar əlbəttə ki, yeni enerji mənbələrini tələb edir. Məhz bu məqsədlə biz artıq nail ola bilmişik ki, Azərbaycan öz enerji təhlükəsizliyini tam şəkildə təmin edir və bizdə ixrac üçün əlavə potensial da yaranmışdır. Bu gün Azərbaycan qonşu ölkələrə nəinki öz neftini, qazını, neft məhsullarını, eyni zamanda elektrik enerjisini də ixrac edir. Beləliklə, biz həm əlavə mənfəət əldə edirik, eyni zamanda, Azərbaycanın bu bölgədə önəmi, əhəmiyyəti böyük dərəcədə artmaqdadır.

Görülən bütün bu işlər onu göstərir ki, Azərbaycan dövlətinin çox düşünülmüş inkişaf strategiyası vardır. İnkişaf strategiyamızın icrası enerji mənbələri olmadan mümkün deyildir. Biz hər şeyi düşünülmüş, planlı şəkildə edirik. Biz növbəti illərdə həm ənənəvi stansiyaların tikintisi, eyni zamanda, alternativ enerji mənbələrinin yaradılması işində çox ciddi çalışmalıyıq. Bu məqsədlə lazımi tədbirlər görülür. Alternativ və bərpa olunan enerji mənbələrinin yaradılması üçün bütün lazımi tədbirlər görülür. Gələn ildən başlayaraq Azərbaycan Dövlət Neft Fondunun hesabına və dövlət büdcəsi hesabına Azərbaycanda kütləvi şəkildə alternativ və bərpa olunan enerji mənbələri yaradılacaqdır.

Bununla bərabər, biz bütün - həm xarici, həm daxili, yerli investorları bu sahəyə investisiya qoymağa dəvət edirik. Çünki bu, çox gəlirli və Azərbaycan üçün çox lazımlı sahədir. Bu, həm bizə böyük üstünlük verəcəkdir, eyni zamanda, neftimiz, qazımız daha da böyük həcmdə ixrac ediləcəkdir. Bu, eyni zamanda, Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılmasına xidmət göstərəcəkdir. Eyni zamanda, biz bütün resurslarımızdan səmərəli istifadə edəcəyik.

Bu gün artıq Azərbaycanın su resurslarının xəritəsi hazırdır. Biz gələn ildən kiçik çaylarda kiçikhəcmli elektrik stansiyaları tikməyə başlayacağıq. Azərbaycanda ilin böyük əksəriyyətində günəşli hava şəraiti müşahidə olunur. Eyni zamanda, külək də bizim üçün ənənəvi bir təbii mənzərədir. Baxmayaraq, bəzi hallarda külək bizə əziyyət verir, xüsusilə bu gün. Biz sizinlə bu küləkli havada görüşürük. Amma bununla bərabər, külək enerjisindən istifadə etmək də bizim üçün çox sərfəli olacaqdır.

Bir sözlə, Azərbaycanın enerji potensialının yeniləşməsi, yaradılması işində çox vacib addımlar atılıb. Görülən bu işlər bizi tam qane edir. Qısa müddət ərzində biz nəinki öz daxili tələbatımızı ödəyə bildik, eyni zamanda, qeyd etdiyim kimi, başqa ölkələrə elektrik enerjisini ixrac edirik.

Hamımız yaxşı xatırlayırıq ki, əvvəlki illərdə bəzən elektrik enerjisi ilə təchizat bizi qane etmirdi, bəzi yerlərdə fasilələr olurdu. Bəzi yerlərdə, ucqar rayonlarda ümumiyyətlə, enerji tələbatı ödənilmirdi. Ancaq bu gün biz öz tələbatımızı tam şəkildə ödəyirik. Bu, hər bir ölkənin iqtisadiyyatı üçün başlıca şərtdir. Biz buna nail ola bilmişik. Bundan sonra Azərbaycanın iqtisadiyyatı əminəm ki, yüksək templərlə inkişaf etməkdə davam edəcəkdir. Ola bilsin ki, gələcəkdə bu ərazidə yeni stansiyanın tikintisi də reallaşacaqdır. Çünki bu gün bizim enerji potensialımız tələbatdan haradasa, min meqavat çoxdur. Biz bunu ixrac edirik və edəcəyik. Ancaq Azərbaycan inkişaf edir. Sənaye potensialı artır. Yeni müəssisələr yaradılır. Əhalimiz artır və tələbat, əlbəttə ki, artacaqdır.

Bax, bu gözəl stansiyanın tikintisi bir də onu göstərir ki, bizim bütün planlarımız həyata keçirilir. Dörd il bundan əvvəl Azərbaycan öz enerji potensialını tam şəkildə realizə edə bilmirdi. Bu stansiyanın tikintisinin başlanması bütün başqa sahələrə böyük təkan verdi. Bu stansiya inşa olunan zaman, qeyd etdiyim kimi, Azərbaycanda, ölkəmizin bütün bölgələrində müxtəlif həcmli doqquz stansiya tikilmişdi. Biz bir daha gördük ki, qəbul edilmiş bütün qərarlar icra edilir. Azərbaycanın iqtisadiyyatı inkişaf edir. Belə böyük, nəhəng layihələrin icrası çox gözəl göstəricidir.

Eyni zamanda, bu stansiyanın tikintisi Azərbaycanın beynəlxalq şirkətlərlə əməkdaşlığının da əlamətidir. Bu əməkdaşlıq da çox uğurludur. Azərbaycan xarici şirkətlər üçün həm investisiya qoyuluşu, həm iş görmək üçün cəlbedici ölkədir. Bu stansiyanın tikintisində "Siemens" şirkətinin fəaliyyətini mən xüsusilə qeyd etmək istəyirəm. Bu şirkətin müxtəlif sahələrdə böyük təcrübəsi vardır. Bu əməkdaşlıq qarşılıqlı faydalı əməkdaşlıqdır. Əminəm ki, bu əməkdaşlıq gələcəkdə davam edəcək, başqa sahələrə öz təsirini göstərəcək və həmişə olduğu kimi, Azərbaycan xarici şirkətlər üçün, investisiya qoyuluşu üçün cəlbedici ölkə kimi qalacaqdır. Azərbaycanın artan imkanları xarici şirkətlərlə müxtəlif sahələrdə uğurlu əməkdaşlığı təmin edəcəkdir.

Mən bir daha sizi, əziz dostlar, bu gözəl hadisə münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Bu stansiyanın istifadəyə verilməsi Sumqayıta və sumqayıtlılara yubiley hədiyyəsidir. Sizə yeni uğurlar, Sumqayıt şəhərinə inkişaf arzulayıram.

Sağ olun.

 

* * *

 

Ulu öndər Heydər Əliyevin ölkənin energetika sisteminin inkişafındakı müstəsna xidmətlərini xüsusi vurğulayan "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar PİRVERDİYEV Sumqayıt Elektrik Stansiyasının üstünlüklərini ətraflı xarakterizə etdi. O, son 6 ildə Azərbaycan elektroenergetikasının köklü inkişaf yolu keçdiyini bildirərək dedi:

- Möhtərəm cənab Prezident!

Sizin bilavasitə təşəbbüsünüz və rəhbərliyiniz altında son 6 il ərzində 2000 MVt-dan çox yeni generasiya gücləri işə salınmışdır. O cümlədən Astara, Şəki, Xaçmaz, Naxçıvan bölgələrində, Bakıda yeni elektrik stansiyaları inşa edilmişdir.

2008-2009-cu illərdə bütün dünyada maliyyə böhranı yaşanmasına baxmayaraq, Sizin düzgün siyasətiniz nəticəsində 2008-ci ildə 300 MVt gücündə "Səngəçal" və iki ay bundan əvvəl 105 MVt gücündə "Şahdağ" elektrik stansiyaları işə salınmışdır.

Bu gün isə 525 MVt gücündə Sumqayıt Elektrik Stansiyası Sizin tərəfinizdən işə salınmışdır.

Yeni elektrik stansiyalarının tikintisi zamanı müasirlik və ekologiya məsələlərinə xüsusi diqqət yetirildiyini söyləyən E.Pirverdiyev bildirdi:

- Möhtərəm cənab Prezident!

Sizin göstəriş və tələblərinizi əldə rəhbər tutaraq, elektrik stansiyalarının tikintisində həmişə ən müasir texnologiyalardan istifadə olunmasına, etibarlılıq və ekoloji cəhətdən təmizlik prinsiplərinə üstünlük verilmişdir. Sumqayıt Elektrik Stansiyası da bu tələblərə cavab verən stansiyalardan biridir. Bu stansiyanın işə salınması nəticəsində parnik effekti yaradan karbon qazlarının havaya tullantısı ildə 700 min ton azalacaqdır.

Möhtərəm cənab Prezident!

Sumqayıt Elektrik Stansiyasının inşa edilib istismara verilməsi Sizin apardığınız uğurlu xarici və daxili siyasətin parlaq təzahürüdür.

"Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti respublikamızın energetika sisteminin daha da inkişaf etdirilməsi üçün dövlət başçısının tapşırıqlarına uyğun həyata keçirilən digər tədbirləri də diqqətə çatdırdı.

 

* * *

 

"Siemens" şirkətinin enerji məsələləri üzrə icraçı direktoru Rayner HAUNŞİLD yeni stansiyanın ən müasir tələblərə cavab verdiyini bildirdi. O, Azərbaycan-Almaniya əlaqələrinin inkişafında ulu öndər Heydər Əliyevin mühüm rol oynadığını və Prezident İlham Əliyevin iki ölkə arasında əməkdaşlığın daha da inkişafına təkan verdiyini vurğulayaraq dedi:

- 1998-ci ildə "Siemens" bir daha sadiqliyini nümayiş etdirdi və nümayəndəliyini Bakıda açdı. Həmin vaxtdan etibarən biz enerji, sənaye və səhiyyə sektorlarında bir sıra layihələri həyata keçirdik. Həmin layihələrin və bizim ölkənizlə münasibətlərimizin əsaslarını ulu öndər, ümummilli lider zati-aliləri Heydər Əliyev qoydu və biz bu gün, cənab Prezident, Sizə olduqca minnətdarıq ki, bu münasibətlərimizi daha da möhkəmləndirib inkişaf etdirirsiniz.

 

* * *

 

Sumqayıtın ölkəmizin ən inkişaf etmiş şəhərlərindən birinə çevrilməsi üçün ulu öndər Heydər Əliyevin xidmətlərini məmnunluqla xatırladan "Neftqazavtomat" Elm-İstehsalat Müəssisəsinin direktoru Əli ƏMİROV şəhərin daha da inkişafına göstərdiyi hərtərəfli qayğıya görə Prezident İlham Əliyevə sumqayıtlılar adından dərin təşəkkürünü bildirərək dedi:

- Bu gün Sumqayıtda ən yeni sənaye müəssisələri inşa edilir. Sumqayıt tarixən neft-kimya, metallurgiya şəhəri kimi tanınsa da, bu gün Sizin sayənizdə şəhərimizin siması dəyişir və o, artıq müasir texnologiyalarla təchiz edilmiş çoxprofilli istehsal kompleksinə malik müasir sənaye mərkəzinə çevrilmişdir. Sizin Sumqayıta gəlişiniz şəhərimizin tarixində çox önəmli bir hadisədir. Əminik ki, bu səfərlə sumqayıtlıların həyatında yeni bir səhifə açılacaqdır. Sizin müdrik daxili siyasətiniz bu gün yeniləşən Sumqayıta yeni nəfəs verir.

Bu günlər şəhərimiz 60 illik yubileyi ilə əlaqədar bayram əhvali-ruhiyyəsi içərisində yaşayır. Sizin səfəriniz isə bu bayram ovqatını birə on artırmış, bizə böyük qürur hissi bəxş etmişdir. Bunun üçün bütün sumqayıtlılar adından Sizə dərin minnətdarlığımızı bildirirəm.

 

* * *

 

Sonda dövlət başçısı mərasim iştirakçıları ilə xatirə şəkli çəkdirdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 20 noyabr.- S. 1, 2.