Ədliyyə işçiləri
peşə bayramlarını
qeyd etdilər
Ədliyyə işçilərinin peşə bayramı münasibətilə noyabrın 19-da Ədliyyə Nazirliyində kollegiya iclası keçirilmişdir.
Ədliyyə Nazirliyi mətbuat xidmətinin məlumatına görə, Prezident İlham Əliyevin 2009-cu il 18 noyabr tarixli sərəncamı ilə ali xüsusi rütbələrə layiq görülmüş bir qrup ədliyyə işçisinə ədliyyə naziri Fikrət Məmmədov tərəfindən müvafiq təltiflər təqdim edilmişdir.
Nazir dövlətin ədliyyə sisteminin inkişafına xüsusi əhəmiyyət verildiyini, peşə bayramının ümummilli lider Heydər Əliyev tərəfindən təsis edildiyini vurğulamış, dövlət başçısının bu sərəncamını ədliyyə orqanlarının fəaliyyətinə göstərilən yüksək diqqət və qayğının növbəti təzahürü kimi qiymətləndirmiş, ədliyyə işçilərinin üzərinə daha böyük məsuliyyət qoyduğunu qeyd etmişdir.
İclasda ədliyyə işçiləri çıxış edərək onlara göstərilən yüksək etimadı bundan sonra da doğruldacaqlarını və vəzifələrini daha əzmkarlıqla və vicdanla yerinə yetirəcəklərini söyləmiş, ölkə başçısına dərin minnətdarlıqlarını bildirmişlər.
Peşə bayramı ərəfəsində ədliyyə orqanlarına qulluğa qəbulla bağlı sayca üçüncü müsabiqənin yekunu olaraq, peşə fəaliyyətinə buraxılış məqsədi ilə Ədliyyə Akademiyasında keçirilmiş icbari təlimi müvəffəqiyyətlə başa vurmuş gənclərlə görüş keçirilmişdir.
Gənc mütəxəssislər görüşdən əvvəl Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmiş və önünə tər çiçəklər qoymuşlar.
Tədbiri ədliyyə naziri Fikrət Məmmədov açaraq dövlət başçısı tərəfindən ədliyyə sisteminin inkişafına dair qəbul edilmiş qərarlar sayəsində bu orqanların cəmiyyətdə artan roluna toxunmuş, "Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı"na uyğun olaraq onların yüksək ixtisaslı mütəxəssislər hesabına komplektləşdirilməsinə dair görülən çoxşaxəli işlər barədə geniş məlumat vermişdir.
Müsabiqə qaliblərinin peşə fəaliyyətinə buraxılmaları məqsədi ilə ölkəmizdə ilk dəfə olaraq Ədliyyə Akademiyasında təşkil olunmuş icbari təlimin əhəmiyyətinə və yekunlarına toxunulmuş, müvəffəqiyyət qazananların böyük əksəriyyətinin gənclər və respublikamızın müxtəlif regionlarından olması xüsusi vurğulanmışdır.
Daha sonra namizədlərə müvafiq şəhadətnamələr verilmiş, təyinatlar elan edilmişdir. Qulluğa qəbul olunanlar Azərbaycan Respublikasının dövlət bayrağı önündə təntənəli qaydada and içdikdən sonra onlara xidməti vəsiqələr təqdim edilmişdir.
Mərasimdə veteran ədliyyə işçiləri yeni qulluğa qəbul olunanlara gələcək fəaliyyətləri ilə bağlı tövsiyələrini çatdırmış, gənclər isə müsabiqənin şəffaf və obyektiv, habelə icbari təlimin yüksək səviyyədə keçirilməsinə görə minnətdarlıqlarını bildirmiş, ədliyyə işçisi adını daim uca tutacaqlarına söz vermişlər.
AzərTAc
Azərbaycan.- 2009.- 20 noyabr.- S. 3.