Bakıda NATO-nun yeni strateji konsepsiyası ilə bağlı konfrans keçirilib

 

Noyabrın 19-da Bakıda Azərbaycanın Xarici İşlər Nazirliyi NATO-Azərbaycan Beynəlxalq Məktəbi ilə birgə təşkil etdiyi "NATO-nun yeni strateji konsepsiyası: tərəfdaşlar tərəfindən müzakirələrə töhfə" mövzusunda konfrans keçirilmişdir.

Konfransda Şimali Atlantika Alyansının sonuncu strateji konsepsiyasından sonra baş verən dəyişikliklər, müharibələrin dəyişən xarakteri, regional münaqişələr, terrorizm, Cənubi Qafqaz regionundakı vəziyyət digər məsələlər müzakirə olunmuşdur.

Xarici işlər nazirinin müavini Araz Əzimov konfransı açaraq ölkəmizin NATO-ya inteqrasiya prosesindəki rolundan danışmışdır.

Nazir müavini bildirmişdir ki, Azərbaycan NATO-nun ən fəal tərəfdaşlarından biridir. Tərəfdaş ölkələr, o cümlədən Azərbaycan NATO üçün vacibdir. Ölkəmiz Şimali Atlantika məkanının ümumi təhlükəsizlik arxitekturası baxımından NATO üçün əhəmiyyət kəsb edir. Bu gün Azərbaycanın sərhədləri Avropanın sərhədləridir. A.Əzimov Azərbaycanın Dövlət Sərhəd Xidmətinin Milli Təhlükəsizlik Nazirliyinin terrorizmlə mübarizə işinə töhfələrini xüsusi qeyd etmişdir.

Nazir müavini vurğulamışdır ki, NATO-nun tərəfdaş ölkələrə təhlükəsizlik üçün zəmanətin verməsi vacibdir. Bunun üçün NATO ilə tərəfdaş ölkələr arasında ikitərəfli müqavilələrin bağlanmasını təklif edirəm. Bu müqavilələr tərəflərin məsuliyyəti öhdəlikləri ilə yanaşı, həm tərəfdaş ölkələrin təhlükəsizliyinə zəmanəti nəzərdə tutur.

A.Əzimov mövqeyini onunla izah etmişdir ki, NATO-ya daxil olmaq istəyən ölkələr müəyyən təhdidlərlə üzləşirlər. O, buna misal kimi keçən ilin avqustunda Gürcüstanda baş vermiş hadisələri göstərmişdir.

Ölkəmizin NATO-nun müvafiq qurumlarının təmsilçilərinin, beynəlxalq ekspertlərin, xarici ölkələrin diplomatik nümayəndəliklərinin rəhbərlərinin iştirak etdiyi konfransda Azərbaycan tərəfdaşlığının gələcəyi ilə bağlı da geniş fikir mübadiləsi aparılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.-20  noyabr.- S. 3.