Zərurətdən yaranan YAP tarixi missiyalarını ləyaqətlə yerinə yetirir

 

Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci ilin noyabrında ana müxalifət partiyası kimi yaranan və demokratik prinsiplərə söykənməklə az keçmədən hakimiyyətə gələn Yeni Azərbaycan Partiyası 17 ildir dövlətimizə, xalqımıza, ən yeni dövrdə şanlı dövlətçilik tariximizin yazılmasına ləyaqətlə xidmət edir. Sosial sifariş olaraq meydana atılan Yeni Azərbaycan Partiyası ölkəmizdə qurtuluş və tərəqqinin simvolu kimi qəbul edilməklə bərabər, həm də Azərbaycan vətəndaşlarının mütləq əksəriyyətinin siyasi istinad mənbəyidir.

Bu gün sıralarında 500 minə yaxın insanı birləşdirən Yeni Azərbaycan Partiyası ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə iqtidar partiyası və ümummilli lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi özünün cəmiyyətdəki aparıcı rolunu gündən-günə daha da möhkəmləndirməkdədir.

Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədovun qəzetimizə verdiyi müsahibədə yaranmasının 17-ci ildönümünü qeyd edən YAP-ın keçdiyi şərəfli yoldan, Azərbaycan dövlətçiliyi və xalqı qarşısındakı xidmətlərindən söz açılır.

 

- Əli müəllim, yaranmasının 17-ci ildönümünü qeyd edən YAP Azərbaycan dövləti və xalqı, Azərbaycan siyasi elitası üçün nə deməkdir?

- YAP-ın Azərbaycan dövləti və xalqı üçün nə demək olduğunu və eyni zamanda Azərbaycanın müasir tarixində hansı rolu və missiyanı yerinə yetirdiyini bilmək üçün partiyamızın yarandığı dövrə nəzər salmaq lazımdır. Azərbaycan özünün dövlət müstəqilliyinə nail olduqdan sonra qarşısında suveren dövlət kimi formalaşmaq vəzifəsi dayanırdı. Amma bu vəzifə 90-cı illərin əvvəllərində yerinə yetirilmək şansından məhrum olmaq dərəcəsinə gəlib çatmışdı. Bir yandan Ermənistanın ölkəmizə qarşı əsassız ərazi iddiaları, işğalçılıq siyasəti Azərbaycanın müstəqil ölkə kimi dövlət quruculuğu işlərinə vaxt ayırmasına ciddi əngəllər yaradırdı. Digər tərəfdən isə, Azərbaycan suveren ölkə oludqdan sonra həm müstəqil dövlət quruculuğu ilə məşğul olmağa çalışan, həm də bu istəyi həyata keçirmək imkanlarına və təcrübəsinə yiyələnmiş rəhbərlərə malik deyildi. Müstəqilliyimizin ilk illərində hakimiyyətdə erməni təcavüzünün qarşısını almaq, müstəqil dövlət quruculuğu prosesinə rəhbərlik etmək kimi məsuliyyətli vəzifənin öhdəsindən gələ biləcək siyasi liderlər və rəhbərlər təmsil olunmurdular. Bunun nəticəsində ölkədə daxili hərc-mərclik, başıpozuqluq və dərəbəylik yaranmışdı. İqtisadiyyat çox ciddi tənəzzülə düçar olmuşdu, insanların rifahı gündən-günə pisləşirdi. İctimai-siyasi ab-havanın korlanması və iqtisadi tənəzzül vətəndaşların sabaha inamını da tamamilə heçə endirmişdi. Beləliklə, həm Ermənistanın Azərbaycana təcavüzü nəticəsində torpaqlarımızın itirilməsi, həm də daxildə ictimai-siyasi vəziyyətin pisləşməsi nəticə etibarilə Azərbaycanda hər bir sahəni əhatə edən total böhranın yaranmasına gətirib çıxarmışdı. Göründüyü kimi, həmin dövrdə Azərbaycanda nəinki dövlət quruculuğuna başlanılmadı, hətta müstəqilliyin itirilməsi təhlükəsi yarandı.

Belə bir çətin məqamda Azərbaycan vətəndaşları ölkəmizi düçar olduğu vəziyyətdən xilas etməyin yollarını düşünürdülər. Hesab edirəm ki, bu, hər bir toplumun və konkret olaraq hər bir vətəndaşın özünümüdafiə və özünümühafizə instinktinin bilavasitə hərəkətə gəlməsi kimi qarşılanmalıdır. O zaman Azərbaycan cəmiyyətinin hər bir nümayəndəsi respublikamızın xilası barədə düşünərək öz fikirlərinin istər-istəməz Heydər Əliyev şəxsiyyəti üzərində cəmləyirdi. Azərbaycan vətəndaşları birmənalı şəkildə Heydər Əliyevə respublikamızı düçar olduğu vəziyyətdən çıxara biləcək yeganə lider kimi baxırdılar. Belə bir ictimai ovtaqın və münasibətin yaranması təsadüfi deyildi. Çünki Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi həm birinci hakimiyyəti dövründə, həm azərbaycanlı kimi SSRİ-nin hakimiyyətinin yüksək dövlət vəzifələrinin birində təmsil olunan zamanlarda ölkədə böyük nüfuza malik idi. İnsanlar Heydər Əliyevin həm də şəxsiyyətinə böyük hörmət bəsləyirdilər, həm onun dövlət xadimi kimi təcrübəsinə və səriştəsinə ehtiram və etimad göstərirdilər. Ona görə müstəqilliyimizin ilk illərindən başlayaraq Azərbaycan vətəndaşlarının ölkəni ağır vəziyyətdən, siyasi böhrandan çıxarılmasının başlıca yolunu Heydər Əliyevin hakimiyyətə qayıtmasında görməsi tamamilə qanunauyğun idi.

Bəs Yeni Azərbaycan Partiyası niyə yarandı? Qeyd etdiyim kimi, insanlar Heydər Əliyevin Azərbaycanın böhrandan çıxarmağa qadir yeganə rəhbər olduğunu gözəl bilirdilər. Təbii ki, Heydər Əliyevin hakimiyyətə gəlməsi yollarını da Azərbaycan vətəndaşları düşünürdülər. Çünki sovet hakimiyyəti süqut etdikdən sonra bütün postsovet ölkələrində olduğu kimi, Azərbaycanda da insanların yaxından inandığı şəkildə olmasa da, hər halda, ictimai münasibətlərin üst qatında demokratik ab-hava formalaşmışdı. İnsanlar bir yandan düşünürdülər ki, istənilən siyasi, o cümlədən hakimiyyətə gəlməklə bağlı proseslər demokratiya normaları çərçivəsində olmalıdır. Digər tərəfdən, o zaman hakimiyyətin qaydasız şəkildə tez-tez dəyişdirilməsi "ənənəsi"nin əsası qoyulmuşdu. Bütün bunları ölçüb-biçən toplumun vətənpərvər təmsilçiləri Heydər Əliyevin hakimiyyətə gəlməsinin zərurətini dərk etməklə yanaşı, eyni zamanda bu prosesin demokratik dəyərlər üzərində baş verməsini təmin etməyin yolları barədə də ciddi düşünürdülər. Bu da Heydər Əliyevin hansı üsulla Azərbaycanda rəhbərliyə dönüşü sualının meydana gəlməsinə gətirib çıxarmışdı. Bu suala cavab axtarışları Heydər Əliyevin rəhbərliyi altında yeni partiyanın yaranması ideyasına səbəb oldu. Beləliklə, Heydər Əliyevin tərəfdarları onun rəhbərliyi altında yeni siyasi partiyanın meydana gəlməsini vacib bilərək, bunu ulu öndərin siyasi proseslərə bilavasitə müdaxilə etməsi və əslində, xalqın tələbi ilə hakimiyyətə gəlməsi üçün ən məqbul və demokratik vasitə və üsul hesab etdilər. Beləliklə, insanlarda, xüsusilə də Heydər Əliyev tərəfdarlarının içərisində ulu öndərin rəhbərliyi altında yeni siyasi partiyanın yaranması ideyası meydana çıxdı.

YAP-ın yaranması Azərbaycanın təhlükəli böhrandan qurtulması istəyi ilə bilavasitə əlaqədar idi. Beləliklə, YAP Azərbaycanı müstəqilliyinin başının üstünü almış təhlükələrdən xilas etmək istək və arzusu, Azərbaycan vətəndaşlarını narahat edən sabaha inamsız baxışlardan qurtulmaq məqsədilə yarandı. YAP Azərbaycanı müstəqil, azad bir dövlət kimi qurmaq, formalaşdırmaq istəyi ilə meydana çıxdı. Əgər biz bu gün müstəqil, qüdrətli, güclü, dünyada özünə layiqli yer tuta bilmiş bir Azərbaycan dövləti haqqında danışır və bununla qürur duyuruqsa, birmənalı şəkildə hər bir vətəndaş bütün bu proseslərin kökündə Heydər Əliyev şəxsiyyəti və bu şəxsiyyətin ətrafında formalaşan, birləşən YAP amilini göz önünə gətirir.

YAP yaranmasından 6 ay sonra Heydər Əliyevin hakimiyyətə gəlməsi, Azərbaycanın müstəqilliyinin başının üstünü almış bütün təhlükələri çox qısa zamanda sovuşdurulması kimi şərəfli bir tarixə sahibdir. YAP Azərbaycan iqtisadiyyatının Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş strategiya sayəsində tənəzzüldən xilas olaraq təkamül, inkişaf mərhələsinə keçməsi kimi əzəmətli bir tarix yazıb. YAP Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət əsasında müstəqil Azərbaycan dövlətinin qurulması, Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyinin, əbədiliyinin və sarsılmazlığının təsbit olunması ilə müşayiət edilən şərəfli bir tarixə malikdir. Təbii ki, bütün bunların davamı olaraq Azərbaycanın beynəlxalq əhəmiyyətinin artması, regionun lider dövlətinə, habelə dünyanın enerji təhlükəsizliyində həlledici rol oynayan dövlətə çevrilməsi kimi məqamlar da birmənalı şəkildə qeyd edilməlidir. Azərbaycan dövləti və xalqı üçün YAP bu həqiqətlərin dərk edilməsidir. Bu həqiqətlərin kökündə Heydər Əliyev şəxsiyyəti, onun ideyaları, müəyyənləşdirdiyi siyasət və bu gün ulu öndərin siyasi xəttini uğurla həyata keçirilməsini təmin edən Azərbaycan Prezidenti cənab İlham Əliyev dayanır. Bütün bunların hamısı ilə birlikdə Heydər Əliyevin rəhbərliyi altında yaranan, ona sadiq olan insanların toplaşdığı və Azərbaycan dövlətinə və xalqına ləyaqətlə və sədaqətlə xidmət edən YAP da istər-istəməz bütün proseslərin mərkəzində olan çox ciddi siyasi güc kimi qavranılır. YAP dövlətimiz üçün bu həqiqətlər deməkdir.

- Bu gün YAP onun yaradıcısı Heydər Əliyevin ideyalarını layiqincə yaşada bilirmi?

- Heydər Əliyevin ideyaları Azərbaycanın müstəqil dövlətçilik ənənələrinin etibarlı və möhkəm dayaqlar üzərində qoyulması deməkdir. Heydər Əliyevin ideyaları bugünkü güclü, zəngin, inkişaf edən Azərbaycan, eləcə də ölkəmizin dünyada özünə layiqli yer tutması deməkdir. Əgər Azərbaycan bütün bu hədəflərə çatıbsa, qarşıya qoyduğu məqsədləri yerinə yetirə bilibsə, yüksək ideallar uğrunda apardığı mübarizə çox əhəmiyyətli uğurlar silsiləsinin yaranması ilə nəticələnibsə, demək Heydər Əliyevin ideyaları layiqincə yerinə yetirilib, özünün real həyatda təcəssümünü tapıb.

Heydər Əliyevin ideyaları Azərbaycanın gələcəyi ilə bağlıdır. Məmnunluq hissi ilə qeyd etmək lazımdır ki, bu ideyalar indi ulu öndər Heydər Əliyevin ardıcılları tərəfindən ləyaqətlə və layiqincə həyata keçirilir. Azərbaycan xalqı birmənalı şəkildə 2003-cü il prezident seçkilərində Heydər Əliyevin ideyalarını dəstəklədi. Bu dəstək vətəndaşların prezident seçkilərində Heydər Əliyevin layiqli davamçısı cənab İlham Əliyevə verilən səslərdə təcəssümünü tapdı. 2003-cü ildən bu yana Azərbaycan xalqı Heydər Əliyevin ideyalarına nəinki dərin sədaqətini ifadə etdi, həmçinin bu sədaqətin ölkəmizin dinamik inkişafında təcəssümünü tapması üçün hər bir fədakarlığı da nümayiş etdirməkdən çəkinmədi. Bu gün Azərbaycan Heydər Əliyevin ideyaları əsasında, onun müəyyənləşdirdiyi konsepsiyaya uyğun inamla inkişaf edir. Azərbaycan Prezidenti, ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, partiyamızın rəhbəri cənab İlham Əliyev ölkəmizin sosial-iqtisadi yüksəlişini təmin etməklə, beynəlxalq nüfuzunu artırmaqla ulu öndərin ideyalarını yaşadır.

Cənab İlham Əliyevin 2003-cü ildə birinci dəfə Prezident seçildiyi gündən indiyə qədər biz ölkəmizdə hər addımbaşı Heydər Əliyev ideyalarına sədaqəti müşahidə edirik. Bu sədaqətin nəticəsi Azərbaycanın hərtərəfli inkişafında, yüksəlişində, dövlətçilik qüdrətinin artmasında özünü büruzə verir.

- Qloballaşan dünyada özünəməxsus yeri olan ölkəmiz sürətlə inkişaf edir, müasirləşir. Təbii ki, hər dövrün öz tələbləri, baxışları var. Bəs YAP dəyişən, inkişaf edən dövrün nəbzini necə tutur?

- Həyatın ən mühüm xüsusiyyəti onun daim inkişaf etməsidir. Hər bir siyasət o zaman qarşıya qoyduğu məqsədlərə çata bilir ki, dəyişən həyatın tələbatına uyğunlaşmağı bacarır. YAP bu həqiqəti qəti şəkildə dərk edibdir və özünün fəaliyyətinin əsas prinsiplərindən biri kimi qəbul edir. Yarandığı gündən indiyədək YAP ilk ayları çıxmaq şərtilə hakimiyyətdədir, iqtidar partiyası kimi fəaliyyət göstərir. Bütün bu illər ərzində YAP-ın bütövlükdə həyatı, taleyi inkişaf, tərəqqi və yüksəliş ifadələri ilə səciyyələnir. Azərbaycanın inkişafı, tərəqqisi, iqtisadiyyatının yüksəlməsi, insanların sosial rifahının yaxşılaşması, Azərbaycan dövlətçiliyinin qüdrətlənməsi, beynəlxalq aləmdə mövqelərinin güclənməsi və digər pozitiv proseslər özü-özlüyündə YAP-ın da bir siyasi təşkilat olaraq mövqelərinin möhkəmlənməsi və güclənməsini ifadə edir. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan xalqının həm Heydər Əliyevdən, həm də onun yaratdığı partiyadan gözləntiləri Azərbaycanı total böhrandan çıxarmaq idi. İnsanlar partiyadan da, Heydər Əliyevdən də bunu gözləyirdilər. YAP bu vəzifənin öhdəsindən layiqincə gəldi. Növbəti mərhələdə vətəndaşların Heydər Əliyevdən və partiyadan gözləntilərinin istiqaməti müəyyən qədər dəyişdi. Artıq insanlar iqtisadiyyatın dirçəlməsi və vətəndaşların rifahının yaxşılaşdırılması istiqamətində təsirli tədbirlərin həyata keçirilməsini istəyirdilər. Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində bu məqsədlərə də nail olundu. Təbii ki, həyat daim inkişaf edir və bu hədəflərə də çatdıqdan sonra Azərbaycan vətəndaşları yeni hədəflərin qarşıya qoyulmasını gözləyirdilər. İndi Azərbaycanın qüdrətlənməsi, zənginləşməsi, regionda və dünyada mövqelərini gücləndirməsi kimi hədəflər real olaraq ölkənin qarşısında dayanırdı. Bu hədəflərin də dəf edilməsində YAP üzərinə düşən tarixi missiyanı layiqincə yerinə yetirə bildi. Bu gün Azərbaycanın nail olduğu uğurlar dediklərimizin bilavasitə təsdiqidir.

YAP üzərinə düşən tarixi missiyaları layiqincə yerinə yetirə bilib. Həyatımızın dinamikası YAP-ın dinamikasının əsasında dayanır. Əgər bir anlığa bu dinamikanı unutsaq və ondan kənarda qalsaq, istər-istəməz qarşıya qoyduğumuz çox əhəmiyyətli vəzifələrin yerinə yetirilməsində ciddi problemlərlə üzləşərik. Ona görə də sürətlə inkişaf edən, eyni zamanda qloballaşan dünyada ictimai və siyasi proseslərin mərkəzində qalmaq, önündə getmək üçün tələb olunan yeganə şərt bu dinamikanın bir anlığa belə unudulmamasıdır.

Bu gün həyat ölkənin qarşısında yeni vəzifələr irəli sürür. Bu vəzifələrlə əlaqədar Azərbaycan cəmiyyətinin YAP-a baxışlarında da biz bu dinamikanın təzahürlərini hiss edirik. Təbiidir ki, bu kontekstdə YAP yenə də həyatın tələblərinə maksimum uyğunlaşmaq kimi çox vacib baza prinsipinə sadiqdir. Belə hesab edirik ki, bir çox dövlətləri sarsıntıya salan iqtisadi böhranın təsirlərinin Azərbaycanda hiss olunmaması, bu böhranın təsiri ilə Azərbaycanda kasıblığın, işsizliyin baş alıb getməsinə imkan verilməməsi, insanların həyat səviyyəsinin aşağı düşməsinin qarşısının alınması kimi çox əhəmiyyətli vəzifələrin uğurla yerinə yetirilməsinin özü də YAP-ın öz fəaliyyətini həyatın tələblərinə və irəli sürdüyü vəzifələrə uyğun şəkildə qurmasının əyani sübutudur.

- Yəqin siz də təsdiqləyərsiniz ki, bu gün YAP-ın cəmiyyətdəki nüfuzunu şərtləndirən başlıca amillərdən biri təşkilatın sədri cənab İlham Əliyevin dövlət başçısı kimi uğurlu fəaliyyətidir...

- YAP-ın gücünü, qüdrətini, uğurlarını şərtləndirən bir çox səbəblər mövcuddur. Bunlardan biri, heç şübhəsiz, YAP-ın Heydər Əliyev ideyaları ilə silahlanmasıdır. Partiyamızın yaradıcısının müəyyənləşdirdiyi baza prinsiplərinin üzərində dayanan və həmin prinsiplər əsasında fəaliyyət göstərən YAP bu vaxta qədər uğurlar qazandığı kimi, bundan sonra da uğurlar qazanacaqdır. Digər səbəblər də burada sadalana bilər, amma konkret verdiyiniz suala cavab olaraq bildirmək istəyirəm ki, bu gün YAP-ın həm uğurlarının, həm də ictimai nüfuzunun kökündə dayanan başlıca səbəblərdən biri bu partiyaya ölkənin Prezidenti cənab İlham Əliyevin rəhbərlik etməsidir. Hər bir partiyanın gücü onun malik olduğu ideyalarda və ona rəhbərlik edən liderə ictimai dəstəkdə ifadə olunur. Heydər Əliyev ideyalarına Azərbaycan vətəndaşlarının mövqeyi, münasibəti barədə biz danışdıq. Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkə vətəndaşları tərəfindən nə qədər böyük dəstəyə malik olduğu haqda da güman edirəm ki, çoxlu sayda arqumentlər gətirib əsaslandırmağa cəhd göstərməyə ehtiyac yoxdur. Prezident İlham Əliyevin rəhbərliyi altında 2003-cü ildən 2009-cu ilə qədər keçən müddət ərzində Azərbaycanın siması tamamilə kökündən dəyişib, iqtisadiyyatımız böyük inkişaf mərhələsi keçib. Neçə ildir ki, ölkəmiz dünyada yüksək inkişaf dinamikası nümayiş etdirir. Bütün bunlar bir yandan Azərbaycan vətəndaşlarının öz dövlətləri ilə qürur keçirmək hisslərini formalaşdırır, digər tərəfdən Azərbaycan vətəndaşlarının rifahının, həyat səviyyəsinin və həyat tərzinin əhəmiyyətli dərəcədə dəyişməsi üçün etibarlı əsas yaradır. Son illərdə insanların yaşayış səviyyəsində əhəmiyyətli nailiyyətlərin əldə edilməsi, Azərbaycanın sosial simasının dəyişməsi, regionların inkişaf etdirilməsi YAP-ın həm də ictimai nüfuzunu müəyyənləşdirən amillərdir. Hər bir Azərbaycan vətəndaşı YAP-ın timsalında ölkənin bugünkü inkişafını təmin edən və gələcək tərəqqisinin əsasında dayanan ictimai gücü görür. Bunun bilavasitə nəticəsi YAP-a çoxlu sayda insanların daxil olmasında özünü göstərir. Hazırda YAP üzvlərinin sayı 500 minə yaxınlaşıb. Yəqin ki, yaxın vaxtlarda 500 mininci üzvün qəbulunu əlamətdar hadisə kimi qeyd edəcəyik. Bu qədər sayda üzvlərin YAP-ın sıralarında birləşməsi partiyamıza Azərbaycan vətəndaşlarının etimadının və inamının ifadəsidir. Bu, sadəcə, bir statistika deyil. Əgər bu inam olmasaydı, insanlar YAP-ın Azərbaycanın gələcəyi naminə fədakarcasına mübarizə apardığına inanmasaydılar, YAP-ın sıralarında Azərbaycanın ən layiqli övladlarının 500 min nəfərinin təmsil olunması həyatımızın gerçəkliyinə çevrilə bilməzdi. Mən bu sözləri deyərkən Azərbaycanın siyasi tarixində heç bir partiyanın YAP-a qədər 500 min nəfəri öz sıralarında birləşdirmək kimi tarixi şansa malik olmadıqlarını da qeyd etmək istəyirəm. YAP-dan savayı heç bir partiya bu qədər üzvü öz sıralarında birləşdirə bilməyib. Bütün bunlar hamısı onu göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən iqtisadi, sosial islahatlar, onların insanlar tərəfindən qiymətləndirilməsi və bunun sayəsində dövlətimizin başçısının qazandığı yüksək ictimai dəstək və nüfuz onun sədri olduğu YAP-a transfer edilir.

- Bəs YAP-ın Prezident İlham Əliyevin "müasir, qüdrətli və zəngin Azərbaycan naminə" çağırışına verdiyi dəstəyi necə dəyərləndirə bilərsiniz?

- YAP yarananda qarşısına qoyduğu məqsədlər ümumiləşmiş şəkildə irəliyə sürdüyü şüarda əksini tapırdı. Bu şüar belə səslənirdi: "Yeni, müstəqil Azərbaycan uğrunda!". YAP 1992-ci ilin noyabrında yaranarkən o zaman üçün partiyanın qarşısında duran vəzifələri bundan daha dəqiq ifadə edən şüarı düşünmək mümkün deyildi. Çünki o zaman Azərbaycanın dövlət müstəqilliyi böyük təhlükə qarşısında idi. Bu təhlükəni aradan qaldırmağa xalqın böyük ehtiyacı vardı. Qarşıda Azərbaycanın dövlətçilik ənənələrinin bərpası və yeni müstəqil Azərbaycan dövlətinin yaranması kimi tarixi missiya dururdu. Buna görə də YAP yaranarkən öz qarşısına bu vəzifəni qoymuşdu. Məmnunluq hissi ilə hər zaman qeyd edirik ki, YAP bu vəzifəsinin öhdəsindən layiqincə gələ bildi.

Daim dəyişən həyat qarşıya yeni vəzifələr qoyur. Özünün tarixi məqsədlərinə uğurla çatan YAP-ın da qarşısında yeni tarixi şəraitdə yeni vəzifələr dayanır. Bu, tamamilə təbiidir. Bu vəzifələr sizin sual verərkən YAP-ın III qurultayının qətnaməsindən misal gətirdiyiniz "Müasir, qüdrətli və zəngin Azərbaycan naminə" ifadəsində də öz əksini tapıb.

Müasir dünyanın bir parçası olmaqdan ötrü onun məqbul saydığı dəyərlərə mütləq şəkildə yiyələnmək gərəkdir. Ona görə də Azərbaycanın müasirləşməsi bu gün ölkəmizin qarşısında duran əsas vəzifələrdən biridir. Təsadüfi deyil ki, partiyamızın sədri cənab İlham Əliyevin həyata keçirdiyi islahatların kökündə dayanan niyyətlərdən biri də Azərbaycanın müasirləşməsinin təmin edilməsidir. Ölkəmizdə uğurla həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası, həm paytaxt Bakının, həm regionların inkişafı istiqamətində reallaşdırılan genişmiqyaslı işlər Azərbaycanın müasirləşməsi, ölkəmizin modern imicinin formalaşmasıdır. Müasirləşmədən bu dünyanın bir hissəsinə çevrilmək, beynəlxalq münasibətlər sistemində layiqli yer tutmaq mümkün deyil. Müasirləşmədən qarşıda duran bir sıra problemlərin həllinə nail olmaq üçün gərəkli olan ictimai dəstəyin əldə edilməsinə ümid bağlamaq olmaz. Görün, müasirləşmənin Azərbaycan cəmiyyəti üçün nə qədər vacib həyati əhəmiyyəti var. Buna görə YAP belə bir vəzifəni öz qarşısına qoyub. Məmnunluq hissi ilə qeyd etmək lazımdır ki, ölkə başçısı, partiyamızın sədri cənab İlham Əliyevin yeritdiyi siyasi xətdə bu, aydın şəkildə prioritet istiqamətlərdən biri kimi müşahidə edilməkdədir.

Müsair dünyanın dərk edilən həqiqətlərindən biri də ondan ibarətdir ki, dövlətə olan inam onun gücü və qüdrəti ilə birbaşa bağlıdır. Bu, hər şeydən əvvəl, iqtisadi qüdrətdə özünü göstərməlidir. İqtisadi tərəqqi dövlətin qüdrət anlayışını formalaşdıran digər məqamları da özündə ifadə edir. Bu gün Azərbaycan hərbi qüdrətini ciddi şəkildə artırır. Çünki torpaqlarımızın 20 faizi işğal altındadır və bu vəzifənin yerinə yetirilməsi Azərbaycanın iqtisadi qüdrətinin artması ilə birbaşa vəhdətdədir. Digər tərəfdən, iqtisadi qüdrəti olmayan dövlət beynəlxalq münasibətlər sistemində lazımi mövqelərə sahib ola bilmir. Bu gün biz Azərbaycanın beynəlxalq münasibətlər sistemində layiqli yer tutmasından, dünyanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynamasından məhz ona görə danışa bilirik ki, Azərbaycan özünün iqtisadi qüdrətini və bütövlükdə dövlət kimi qüdrətini təmin edə bilibdir. Beynəlxalq münasibətlər sisteminin subyektləri də bunu həqiqət olaraq qəbul edirlər. Beləliklə, qüdrətli dövlət vəzifəsi milli maraqların həm ifadə olunması, həm də reallaşması baxımından çox əhəmiyyətli faktor kimi irəliyə sürülüb və bu istiqamətdə əhəmiyyətli addımlar atılıb, böyük yol keçilib.

Zəngin dövlət anlayışının hansı gerçəkliyi əhatə etməsi barədə tam təsəvvürlər mövcuddur. Hər bir inkişafın əsas məqsədi bütün parametrləri ilə yanaşı, həm də insanların rifahının yaxşılaşdırılmasıdır. İnsana xidmət etməyən, onun həyatını müsbət mənada dəyişdirə bilməyən iqtisadi qüdrət hər hansı dəyərə malik deyil. İstərdim Prezident İlham Əliyevin "iqtisadiyyatın inkişafının məqsədi insanların rifahının yaxşılaşdırılmasıdır" tezisini yada salım. Biz iqtisadiyyatımızın gücü və qüdrəti ilə qürur duyuruq. Ancaq bu, sadəcə olaraq, statistikanın böyüklüyünun ifadəsi kimi qavranıla bilməz. İqtisadi qüdrət insanların həyatının gözəlləşməsi baxımından yanaşıldıqda vacib dəyər kəsb edən həqiqətdir. Əgər iqtisadi yüksəliş insanların həyatını yaxşılaşdıra bilməzsə, hesab edirəm ki, bu, heç bir ictimai və sosial dəyərə malik olmayacaq. Ona görə də Azərbaycanın həm müasirləşməsi, həm də qüdrətlənməsi dövlətimizin ali məqsədlərindən biri olan insanların rifahının yaxşılaşmasına xidmət etməlidir. Bu isə dövlətin zənginləşməsi məfhumunda özünün ifadəsini tapır. Azərbaycan zəngin dövlətə çevrilməlidir ki, hər bir insan layiqli həyata sahib ola bilsin.

YAP-ın qarşısına qoyduğu başlıca vəzifələr bunlardan ibarətdir. Bu vəzifələrin yerinə yetirilməsi istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi altında böyük, çoxşaxəli işlər aparılmaqdadır. Bu işlər Azərbaycanın sadalanan parametrlər boyunca böyük inkişaf yolu keçərək yüksək zirvəyə gəlib çatacağına tam zəmanət verir.

- Bələdiyyə seçkilərinə təxminən 1 ay qalır. YAP əvvəlki seçki uğurlarını layiqincə təkrarlamağa hazırdırmı?

- Güman edirəm ki, hazırdır. Mən bu fikri ilk növbədə ona görə inamla söyləyirəm ki, YAP bu seçki kampaniyasının ilkin mərhələsini uğurla başa çatdırıb. Bu günlərdə Mərkəzi Seçki Komissiyası dairələrdə bələdiyyələrə irəliyə sürülən namizədlərin qeydə alınması ilə bağlı məlumatları və nəticələri açıqlayacaq. Bir qədər qabağa gedərək qeyd etmək istəyirəm ki, YAP-ın bələdiyyələrə irəli sürdüyü namizədlərin sayı 15637 nəfərdir. Bunların hamısı qeydiyyatdan keçiblər və yəqin ki, YAP bələdiyyə seçkilərində partiya kimi iştirak edən yeganə siyasi təşkilat olacaq. Əlbəttə, bələdiyyə seçkilərində namizədlərini irəli sürmüş digər partiyalar da var. Amma seçki kampaniyasının ilkin nəticələri belə bir qənaəti formalaşdırır ki, bu qədər sayda namizəd irəli sürərək seçkidə partiya şəklində iştirak etmək hüququna sahib ola biləcək yeganə siyasi təşkilat YAP olacaq.

Qeyd etdiyim kimi, YAP seçki mərhələsinin birinci mərhələsini uğurla başa çatdırıb. İnanırıq ki, partiyamızın irəli sürdüyü namizədlərin böyük bir hissəsi uğurlu təşviqat kampaniyası apararaq bələdiyyələrdə YAP-ı təmsil etmək hüququna sahib olacaqlar. Xatırladım ki, 2004-cü ilin bələdiyyə seçkilərinin nəticələrinə görə YAP üzvləri Azərbaycan bələdiyyələrində 60 faizlik bir həddə təmsil olundular. Sonradan heç bir partiyaya aid olmayan bələdiyyə üzvlərinin bir hissəsinin YAP-a daxil olması nəticəsində bələdiyyələrdə təmsil olunan üzvlərimizin sayı 64 faizə yüksəldi.

YAP əvvəlki seçki uğurlarını indi də inamla davam etdirməyə həm israrlı, həm də qadirdir. Düşünürük ki, 2009-cu ilin bələdiyyə seçkilərinin nəticələrinə görə, bələdiyyələrdə malik olduğumuz təmsilçilik səviyyəsi hazırkı səviyyədən az olmayacaq. Bunu əminliklə söyləməyə kifayət qədər əsaslar var. YAP-ın bu seçkini də qələbə ilə başa vuracağına, ilk növbədə Prezident İlham Əliyevin ölkəmizdə həyata keçirdiyi sosial-iqtisadi inkişaf siyasətinin nəticələri əsas yaradır. Digər tərəfdən, YAP-ın resurslarının kifayət qədər geniş olması, eləcə də partiyamızın malik olduğu yüksək ictimai dəstək, ölkənin siyasi arenasındakı nüfuzu və irəli sürdüyü namizədlərin layiqli vətəndaşlar olması da bu qəti fikri söyləməyə əsas yaradır ki, YAP 2009-cu ilin bələdiyyə seçkiləri nəticəsində Azərbaycanın bələdiyyələrində yüksək dərəcədə təmsil olunacaq! Biz buna inanırıq və bu inamımızın gerçəyə çevrilməsi üçün ciddi siyasi təşviqat aparacağıq!

 

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2009.- 20 noyabr.- S. 4.