Nikah müqaviləsi ailə
mübahisələrinin hüquqi tənzimlənməsində
vacib faktordur
Ailə institutu tarixən cəmiyyətin əsas təsisatlarından biri kimi insani dəyərlərin, mədəniyyət və nəsillərin tarixi varisliyinin qoruyucusu, sabitlik və inkişaf meyarı sayılmışdır. Bəşəriyyət ailəyə tarixən hər bir sivil cəmiyyətin əsasını təşkil edən, insanlığın ən ali, ülvi və saf duyğularını, nəcib niyyətlərini özündə təcəssüm etdirən müqəddəs ittifaq kimi dəyərləndirmişdir. Ailə həm bioloji, həm sosial, həm də məişət funksiyalarına görə cəmiyyətin özəyi olmaqla yanaşı, hər bir normal insanın böyük sərvəti, zinəti, həyatının mənasıdır. Ailə əxlaq, mənəviyyat kimi dəyərlərin ucalığında dayanan kiçik "dövlət"dir.
Azərbaycanda ailə dövlət tərəfindən qorunur və himayə edilir. Konstitusiya və qanunlarımız ailənin cəmiyyətdəki layiqli mövqeyinə təminat yaradır. Dövlətin bu sahədəki siyasətini özündə ehtiva edən Ailə Məcəlləsi isə Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulan əsas insan və vətəndaş hüquqlarına və azadlıqlarına uyğun olaraq ailə münasibətlərinin yaranmasının və möhkəmlənməsinin, onlara xitam verilməsinin prinsiplərini, ailə münasibətlərinin iştirakçılarının hüquq və vəzifələrini, dövlət orqanlarının bu sahədə vəzifələrini, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması qaydalarını tənzimləyən normaları müəyyən edir.
Ailə Məcəlləsinin 10.1 maddəsinə görə, Azərbaycan Respublikasında nikah yaşı kişilər üçün 18, qadınlar üçün 17 yaş müəyyən olunur. Məcəllənin 13.1 maddəsində göstərilir ki, nikaha daxil olan şəxslərin tibbi müayinəsi, habelə tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhət verilməsi onların razılığı ilə yaşayış yerindəki dövlət və bələdiyyə tibb müəssisələrində pulsuz həyata keçirilir. Eyni zamanda 29-cu maddənin müvafiq bəndlərində qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir. Ər (arvad) özünə məşğuliyyət, sənət və yaşayış yeri seçməkdə azaddır. Ər və arvad ailədə öz münasibətlərini qarşılıqlı yardım, hörmət hissi əsasında qurmalı, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməli, övladlarının inkişafı üçün əlverişli şərait yaratmalı və onların sağlamlığının qayğısına qalmalıdırlar.
Məcəllənin 32.1 maddəsinə görə, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınan və daşınmaz əmlak, qiymətli kağızlar, kredit idarələrinə və digər kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq, nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) ümumi əmlak üzərində bərabər hüquqa malikdir.
Vacib məsələlərdən biri də evlilikdən əvvəl gələcək ailə münasibətlərinin planlaşdırılması, bütün həssas məqamların incəliklərə qədər dəqiqləşdirilməsidir. Əksər dünya ölkələrində yeni ailə quranlar nikah müqaviləsi bağlamaqla, ailə həyatlarının əsas məqamlarını, əsasən də əmlak məsələlərini nizama salmağa üstünlük verirlər. Azərbaycan Respublikasının qüvvədə olan Ailə Məcəlləsinin 38-ci maddəsində nikah müqaviləsinin məzmunu açıqlanır. 38.1 maddədə göstərilir ki, nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və (və ya) nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir. 38.2 maddəsinə görə, nikah müqaviləsi ilə ər-arvad birgə mülkiyyətin qanunla müəyyən olunmuş rejimini dəyişərək ümumi əmlaka, onun ayrı-ayrı növlərinə və ya ər-arvadın hər birinin əmlakına birgə, paylı və ya ayrıca mülkiyyət rejimi tətbiq edə bilərlər. 38.3 maddədə göstərilir ki, nikah müqaviləsi ər-arvadın mövcud olan və gələcəkdə əldə edəcəkləri əmlaka dair bağlana bilər. 38.4 maddəyə görə, ər-arvad nikah müqaviləsində bir-birinin qarşılıqlı saxlanması, bir-birinin gəlirlərində iştirak üsulları, hər birinin ailə xərclərində iştirakı qaydası ilə bağlı hüquq və vəzifələrini, nikah pozulduqda hər birinə düşəcək əmlakı və ər-arvadın əmlak münasibətlərinə dair hər hansı başqa müddəanı müəyyənləşdirmək hüququna malikdirlər.
Ailə Məcəlləsinin 38.5 maddəsinə görə, nikah müqaviləsində nəzərdə tutulmuş hüquq və vəzifələr müəyyən müddətlərlə məhdudlaşa bilər, müxtəlif şəraitin yaranıb-yaranmamasından asılı ola bilər. 38.6 maddəsində isə vurğulanır ki, nikah müqaviləsində ər-arvadın hüquq və fəaliyyət qabiliyyətini, öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququnu, uşaqlara münasibətdə hüquq və vəzifələrini, eləcə də ər-arvad arasındakı şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyən, ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanılması üçün vəsait almaq hüququnu məhdudlaşdıran, ər-arvaddan birini çox əlverişsiz vəziyyətə salan və ailə qanunvericiliyinin əsaslarına zidd olan müddəalar nəzərdə tutula bilməz.
Ailə Məcəlləsinin 39.1 maddəsinə görə, nikah müqaviləsi nikahın bağlanmasının dövlət qeydiyyatına qədər, eləcə də nikah dövründə istənilən vaxtda bağlana bilər. Məcəllənin 39.2 maddəsində qeyd olunur ki, nikahın bağlanmasının dövlət qeydiyyatına qədər bağlanmış nikah müqaviləsi nikahın bağlanmasının dövlət qeydiyyatına alındığı gündən qüvvəyə minir. Həmin maddənin üçüncü bəndində isə göstərilir ki, nikah müqaviləsi yazılı formada bağlanır və notariat qaydasında təsdiq olunur.
Məcəllənin 40-cı maddəsi nikah müqaviləsinin dəyişdirilməsi, pozulması və etibarsız hesab edilməsi ilə bağlı məsələləri tənzimləyir. Həmin maddənin birinci bəndinə görə, nikah müqaviləsi ər-arvadın razılığı ilə istənilən vaxt bu məcəllənin 39.3-cü maddəsində göstərilən qaydada (yazılı və notariat qaydasında) dəyişdirilə və ya pozula bilər. 40-cı maddənin ikinci bəndinə görə, nikah müqaviləsinin icrasından birtərəfli qaydada imtinaya yol verilmir. Üçüncü bənddə isə göstərilir ki, ərin (arvadın) tələbinə əsasən, məhkəmənin qətnaməsi ilə nikah müqaviləsi Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müqavilələrin dəyişdirilməsi və pozulması üçün nəzərdə tutulmuş əsaslarla və qaydada dəyişdirilə və ya pozula bilər. Dördüncü bəndə görə, nikah müqaviləsində nikah pozulduqdan sonrakı dövr üçün nəzərdə tutulan vəzifələr istisna olmaqla, nikaha xitam verilməsi anından nikah müqaviləsinə də xitam verilir. Beşinci bənddə qeyd olunur ki, nikah müqaviləsi Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə əqdlərin etibarsız hesab edilməsi üçün nəzərdə tutulmuş əsaslarla məhkəmə tərəfindən tamamilə və ya qismən etibarsız hesab edilə bilər. Nəhayət, altıncı bənddə vurğulanır ki, müqavilənin şərtləri əri (arvadı) çox əlverişsiz vəziyyətə saldıqda nikah müqaviləsi onun tərəfindən mübahisələndirilə bilər. Nikah müqaviləsinin bu məcəllənin 38.6-cı maddəsinin digər tələblərini pozan şərtləri əhəmiyyətsizdir və müqavilənin bağlandığı andan etibarsız hesab edilir.
Etiraf etməliyik ki, Azərbaycan cəmiyyətində nikah müqaviləsinin bağlanmasına münasibət birmənalı deyil. Bəzən belə fikirlər səslənir ki, nikah müqaviləsinin imzalanması ilə ülvi, saf duyğuların maddiləşdirilməsi gələcəyin ailəsində bəri başdan etimadsızlıq, inamsızlıq və şübhə simptomlarının baş qaldırması deməkdir. Lakin bu məsələyə mentalitet müstəvisindən deyil, hüquqi və sosial reallıqlar prizmasından yanaşılması daha düzgündür. Azərbaycanda bəzi hallarda gəlinin mənzilə, evə qeydiyyata düşməməsi, yaşayış və mülkiyyət hüququ əldə edə bilməməsi üçün onun öz həyat yoldaşı ilə rəsmi nikaha girməsinə belə ciddi problemlər yaradılır. Oğlanın valideynləri tərəfindən belə hallara yol verilməsi, əlbəttə, nə mənəviyyata, nə də qanuna sığır. Nikah müqaviləsi imzalamağı "milli mentalitetə sığışdırmayan" ər-arvad bəzən boşanma zamanı aylarla məhkəmələrdə çəkişirlər. Bu mənada, milli mentaliteti bəhanə gətirib ailə qanunvericiliyində əksini tapmış nikah müqaviləsini imzalamaqdan imtina etmək, sadəcə, heç bir məntiqə sığmır.
Məlumat üçün bildirək ki, ötən il respublikamızda təxminən 79 min nikah və 7 min boşanma halı qeydə alınıb. Təmsil etdiyim Binəqədi rayonunda isə 2008-ci ildə qeydə alınan 1529 nikahdan 300-ü, 2009-cu ilin birinci yarısında isə qeydə alınan 755 nikahdan 151-i boşanma ilə nəticələnmişdir.
Ailə Məcəlləsinin 14-cü maddəsi nikaha xitam verilməsinin əsaslarını müəyyən edir. Məcəllənin 14.1 maddəsinə görə, ər (arvad) öldükdə, yaxud məhkəmə qaydasında ölmüş elan edildikdə nikaha xitam verilir. 14.2 maddədə isə göstərilir ki, ərin (arvadın) və ya onların hər ikisinin ərizəsi əsasında, eləcə də məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumunun ərizəsi əsasında nikaha xitam verilə bilər. Məcəllənin 19.2 maddəsinə görə, ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir.
Müşahidələr göstərir ki, nikaha məhkəmə qaydasında xitam verildiyi halda ərlə avad arasında nikah müqaviləsinin olmaması ciddi problemlər yaradır. Bu problemlər isə əsasən alimentin müəyyən edilməsi, habelə yaşayış sahəsi ilə təmin olunma ilə əlaqədar meydana çıxır. Nikah müqaviləsi olmadıqda aliment tələb edən qadınlar kişinin əmlak vəziyyətini müəyyən edə bilmir. Bu zaman məhkəmələr aliment kimi sabit pul məbləği müəyyənləşdirmək məcburiyyətində qalır. Özünü qabarıq göstərən problemlərdən biri də boşanmış qadınların illərlə yaşadıqları mənzildə yaşayış hüququnun tanınmamasıdır. Bir çox hallarda nikah pozulduqdan sonra qadın uşaqları ilə bayıra atılır, yaşamağa yer tapmır. Bu da təsadüfi deyildir ki, hazırda məhkəmələrin icraatında olan mülki iddiaların böyük qisminin mənzildən istifadə hüququnun xitamı və ya bu hüququn verilməsi (Mülki Məcəllənin 228-ci maddəsi) ilə bağlıdır. Mülki Məcəllənin 228-ci maddəsində qeyd edilir ki, nikaha girən şəxslər, mülkiyyətçi ilə notarial qaydada təsdiq olunmuş müqavilə bağlamalıdır. Təcrübədə isə mülkiyyətçi ilə ailə üzvləri arasında belə bir müqavilənin imzalanmasına çox nadir hallarda rast gəlinir. Ailə münasibətlərinə xitam verildikdə isə mənzil istifadəçisi ilə mülkiyyətçi və digər ailə üzvləri arasında mübahisə yaranır. Bu zaman yaşayış sahəsinin mülkiyyətçisinin digər ailə üzvünün yaşamasına və mənzildən istifadə hüququna notariat qaydasında təsdiq edilmiş yazılı razılığının olmadığı meydana çıxır.
Nikaha daxil olan qadın həyat yoldaşının valideyinlərinin və ya qohumlarının mülkiyyətində olan mənzilə adət normalarına uyğun olaraq gəlin gəlir ki, boşanma zamanı da qadının mənzildə yaşamaq hüququnun təmin edilməsi üçün bu normalar kifayət etmir. Çünki nikaha girən şəxslər, əksər hallarda isə qadın gəlin gəldiyi mənzildən istifadə və ya bu mənzildə yaşamaq hüququ haqqında mənzilin mülkiyyətçisi ilə müqavilə bağlamadığından gələcəkdə xoşagəlməz hallar baş verir. Nəticədə məhkəmə çəkişmələri uzun illər davam edir. Bütün məhkəmə instansiyalarını keçən iddiaçı məhkəmə qərarlarından narazı qalır və keçmiş həyat yoldaşını, onun valideynlərini və qohumlarını haqsızlıqda, məhkəmələri isə ədalətsiz qərar qəbul etməkdə ittiham edir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 2008-ci ildə bu zəmində baş verən məhkəmə çəkişmələrinin həlli məqsədilə prinsipial qərar qəbul etdi. Belə ki, 2008-ci ildən xüsusi müqavilə ilə ərə gəldiyi evə qeydiyyata düşməyən qadınlar boşanma zamanı mülkiyyət iddiası qaldıra bilməyəcəklər. Odur ki, nikaha girərkən tərəflərə nikah müqaviləsi ilə yanaşı, mülkiyyətçi ilə belə bir müqavilənin bağlanmasının vacibliyi də izah olunmalıdır. Bu, ailədə sonradan yarana biləçək problemlərin bəri başdan həllinə xidmət edən sivil yanaşmadır.
Əgər mülkiyyətçi onun mülkiyyətində olan mənzildə gəlinin yaşamasına yazılı razılıq veribsə, həmin şəxsi mənzildən çıxarmaq üçün qanunda nəzərdə tutulan əsaslar yaranmalıdır. Əsas yoxdursa, mülkiyyətçi mənzildən istifadə hüququ əldə etmiş şəxsə kompensasiya ödəməklə onun istifadə hüququna xitam verilməsini tələb edə bilər.
Boşanma zamanı mənzillə yanaşı, digər daşınmaz və daşınan əmlak mübahisələrinin yaranması da son dövrlərdə cəmiyyətdə ciddi problemlərdən biri kimi özünü göstərir. Açıq demək lazımdır ki, müasir dövrdə başqasının əmlakını ələ keçirmək üçün məqsədli şəkildə nikaha girənlərə də rast gəlinir. Bu problemin aradan qaldırılması üçünsə ən optimal çıxış yolu nikah müqaviləsində ümumi hesab edilən əmlakın bəri başdan dəqiq müəyyənləşdirilməsidir. Bazar iqtisadiyyatı şəraitində işgüzar insanların qanuni yolla varlanması, yaxşı yaşaması üçün daha geniş imkanlar var. Eyni zamanda, bu gün hansısa insanın bir neçə evə, avtomobilə, bağa və digər əmlaka malik olması heç kimdə təəccüb doğurmur. Boşanma zamanı isə ər və ya arvad bu əmlakın yarısından məhrum edilməsi ilə barışmır. Sosial ədalət prinsiplərinin təmini baxımından Azərbaycanda da bu məsələlərin qanunvericiliklə tənzimlənməsinin zamanı çatıb. Yəni nikaha girən vaxt ər və arvadın məcburi qaydada nikah müqaviləsi imzalamaları məsələsi Ailə Məcəlləsində əksini tapmalıdır. Bu həm də ona görə vacibdir ki, mülkiyyət hüququ tarixən əsas insan hüquq və azadlıqlarından biri olaraq toxunulmaz sayılıb. Hazırda əksər dünya dövlətlərinin əsas qanunlarında mülkiyyətin toxunulmazlığı və dövlət tərəfindən qorunması birmənalı təsbit olunmuşdur. Analoji hal Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I bəndində də öz yerini tapmışdır.
Qeyd edək ki, boşanma ilə bağlı işlərə baxan məhkəmələr humanizm prinsiplərini rəhbər tutaraq boşanmış qadına keçmiş həyat yoldaşının hələ nikahdan əvvəl əldə etdiyi mənzildə və ya onun qohumlarına məxsus evdə yaşamaq hüququ verirdi ki, bu da müxtəlif narazılıqlara və uzun-uzadı məhkəmə çəkişmələrinə səbəb olurdu. Bu hal həmin mənzillərin mülkiyyətçilərinin mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirilir və Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin tələbləri baxımından məqbul sayılmırdı. Konstitusiyaının həmin maddəsinin 1-ci bəndində deyilir ki, "Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur".
Belə olduğu halda nikah müqaviləsində mülkiyyətin ər və arvad arasında dəqiq "sərhədləri"nin müəyyənləşdirilməsi həm də mülkiyyət hüququnun qorunması baxımından zəruridir. Nikah müqaviləsinin bağlanması ilə bağlı təbliğat işində Ədliyyə Nazirliyinin vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanları da fəal olmalı, yeni ailə quran şəxslərə müqavilənin üstünlükləri izah olunmalıdır. Nikah müqaviləsinin olmamasının nikaha girmək istəyən şəxslər arasında nikahı istisna edən hal kimi qiymətləndirilməsi və ailə qurmaq istəyən şəxslər tərəfindən VVAQ orqanlarına təqdim edilməsi zəruri olan sənədlər arasında nikah müqaviləsinin də olması qaydasının qanunvericiliyə gətirilməsi daha düzgün olardı. Bu, əmlak zəminində baş verən ailə mübahisələrinin sivil yolla hüquqi tənzimlənməsi baxımından ən məqbul addımdır.
Rafael CƏBRAYILOV,
Milli Məclisin deputatı
Azərbaycan.- 2009.- 20 noyabr.- S. 6.