Azərbaycanda uşaq
hüquqlarına etibarlı təminat mexanizmləri
mövcuddur
Hər il noyabr ayının 20-də bütün dünyada BMT-nin Uşaq Hüquqları Konvensiyası Günü kimi qeyd olunur. Konvensiya dünya birliyinin uşaqlarla bağlı ən ülvi arzu və istəklərinin dəqiq, hərtərəfli ifadəçisi kimi insan hüquqları sahəsindəki beynəlxalq sənədlər sırasında xüsusi yer tutur. Bəşər cəmiyyətinin sağlamlaşmasına, tərəqqisinə münasibət ifadə edən konvensiyada göstərilir ki, hər hansı ölkənin gələcəyinə bəslənən ümidlər onun vətəndaşlarının gənc nəsli ilə bağlıdır.
Məlumat üçün bildirək ki, hələ 1924-cü ildə Millətlər Cəmiyyəti uşaqların müdafiəsini və firavan həyatını nəzərdə tutan 5 əsas prinsipdən ibarət bəyannamə hazırlamışdı. Bu sənəd indi Cenevrə Bəyannaməsi kimi tanınır. 1959-cu il noyabrın 20-də BMT-nin Baş Məclisi Uşaq Hüquqları Bəyannaməsini yekdilliklə qəbul etmiş və bundan əsas məqsəd uşaqların xoşbəxt böyümələri, həmçinin onların rifahı naminə göstərilən hüquq və azadlıqlardan istifadəni təmin etmək olmuşdur. 1978-ci ildə isə Polşa hökuməti tərəfindən BMT-nin İnsan Hüquqları Komissiyasına uşaq hüquqları haqda konvensiya təqdim olunmuşdur. 1979-cu ildə təşkilatın bununla bağlı xüsusi işçi qrupu yaradılmış, sonrakı 10 il ərzində danışıqlar, diskussiyalar davam etmişdir. Nəhayət, 1989-cu il noyabrın 20-də Uşaq Hüquqları Konvensiyası BMT-nin Baş Məclisində qəbul olunmuşdur. Sənəd 1990-cı ildə 20 dövlətin ratifikasiyasından sonra qüvvəyə minmişdir. Sonrakı mərhələdə isə BMT-yə üzv olan bütün dövlətlər konvensiyaya qoşulduqlarını bəyan etmişlər. Onun prinsip və standartları bütün ölkələr tərəfindən tanınmış və qəbul olunmuşdur. Konvensiyanın həyata keçirilməsi ilə əlaqədar bütün öhdəliklər ilk növbədə hər bir dövlətin üzərinə düşür.
Uşaq hüquqlarının müdafiəsi, onların layiqli insan kimi yetişməsi, zəruri ehtiyaclarının dolğun şəkildə ödənməsi son 15 ildə Azərbaycan Respublikasında həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Uşaqlarla bağlı siyasətin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. 1993-cü ildən bu sahənin fəaliyyətini tənzimləyən milli qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə ardıcıl islahatlar həyata keçirilmiş, respublikamız uşaq hüquqlarının təminatı ilə bağlı bir sıra beynəlxalq sazişlərə, o cümlədən 1994-cü ildə BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulmuşdur.
1999-cu ildə isə "Uşaq hüquqları haqqında" və "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının qanunları qəbul edilmişdir. "Uşaq hüquqları haqqında" qanuna əsasən, respublikamızda bu sahədə dövlət siyasətinin əsas istiqamətləri uşaq hüquqlarının etibarlı təmin edilməsindən, onların sağlam mühitdə tərbiyə olunması və yaşayışı üçün normal şəraitin yaradılmasından, valideyn himayəsindən məhrum olan körpələrin 18 yaşınadək dövlət himayəsinə götürülməsindən və s. ibarətdir.
Yüksək insanpərvərlik və humanizmə əsaslanan bu siyasəti Azərbaycan Prezidenti İlham Əliyev inamla davam etdirir və artıq dövlət uşaq siyasəti milli strategiya kimi formalaşmaqdadır. Ölkə başçısı dəfələrlə vurğulamışdır ki, yalnız təhsilli, savadlı, intellektual səviyyəli və ictimai həyatda fəal uşaqlar sabahın layiqli gəncliyi kimi dövlətə və xalqa xidmət göstərə bilər. Təsadüfi deyil ki, ölkədə gələcəyin vətənpərvər, yüksək zəkalı, intellektual gəncliyi olan bugünkü uşaqların firavan həyat səviyyəsinin, təlim-tərbiyəsinin, fiziki-mənəvi sağlamlığının təmini istiqamətində sistemli və ardıcıl siyasət həyata keçirilir. Uşaqların əsrlərin sınağından çıxmış zəngin milli-mənəvi dəyərlərimiz, adət-ənənələrimiz əsasında, vətənpərvər ruhda tərbiyəsi, cəmiyyətdə layiqli şəxsiyyət kimi formalaşması bu siyasətin əsas qayəsini təşkil edir.
Azərbaycan Prezidenti İlham Əliyev uşaq hüquqları sahəsində vahid dövlət siyasətinin həyata keçirilməsi və qarşıda duran təxirəsalınmaz vəzifələrin düzgün, operativ həlli üçün hələ 2006-cı il fevralın 6-da Qadın Problemləri üzrə Dövlət Komitəsinin əsasında Aliə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında fərman imzalamış, uşaqları cəmiyyətin əsas özəyi, sağlam təməli kimi dəyərləndirdiyini nümayiş etdirmişdir. 2 milyon 800 mindən çox uşağın yaşadığı, hər gün orta hesabla təxminən 380 körpənin doğulduğu Azərbaycanda belə bir dövlət qurumunun yaradılması obyektiv sosial tələbatdan irəli gəlmişdir.
Dövlət başçısı respublikamızın yüksək dinamizmlə artan maliyyə imkanlarından məqsədyönlü istifadə yolu ilə uşaq hüquqları sahəsində həyata keçirilən dövlət siyasətinin səmərəliyini və davamlığını təmin etməyi qarşıya məqsəd qoyaraq bu sahədə qanunvericiliyin təkmilləşdirilməsinə və müasirləşdirilməsinə xüsusi diqqətlə yanaşmışdır. Cənab İlham Əliyevin 2006-cı il martın 29-da təsdiqlədiyi "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı" bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Proqramın məqsədi uşaq müəssisələrindəki körpə və yeniyetmələrin ailələrə verilməsini təmin etmək və onların həmin müəssisələrə verilməsinə şərait yaradan amilləri aradan qaldırmaqdan ibarətdir. Proqram eyni zamanda xüsusi qayğıya ehtiyacı olan uşaqların sağlam cəmiyyətə qovuşmasını, isti ailə mühiti ilə əhatə olunmasını nəzərdə tutur. Cənab İlham Əliyevin 2006-cı ilin aprel ayında təsdiq etdiyi "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə (2006-2010-cu illər) Dövlət Proqramı" da uşaqlara dövlət siyasətinin gücləndirilməsi baxımından müstəsna əhəmiyyətə malikdir. "Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında" Azərbaycan Respublikası Qanununun qəbulu da respublikada uşaqlara olan yüksək qayğının bariz təcəssümüdür.
Uşaq hüquqlarının qorunması istiqamətində həyata keçirilən çoxşaxəli siyasətin uğurla reallaşdırılmasında Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi vurğulanmalıdır. Fondun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi əsasında ötən 5 ildə respublikanın ən müxtəlif bölgələrində 237 müasir tipli orta məktəb inşa olunaraq istifadəyə verilmiş, "Uşaq evləri və internat məktəblərinin inkişafı rroqramı" və "Məktəbəqədər uşaq tərbiyə müəssisələrinin yenidən qurulması" layihəsi çərçivəsində 40-a yaxın körpələr evi, bağça və internat məktəbi əsaslı təmir olunmuşdur. Uşaq evləri və internat yetirmələrinin sosial-rsixoloji reabilitasiyasına imkan yaradacaq resurs mərkəzinin yaradılması, "Kor və zəif görən uşaqlar üçün informasiya-kommunikasiya texnologiyalarına çıxışın təmin edilməsi", "Təhsilə dəstək" və "İnklüziv təhsil" proqramlarının həyata keçirilməsi də fondun xidmətləri sırasında xüsusi vurğulanmalıdır.
Uşaqların təhsili ilə yanaşı, sağlamlığı da Heydər Əliyev Fondunun xüsusi diqqət mərkəzindədir. Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə "Diabetli uşaqlara ən yüksək qayğı" və "Talassemiyasız həyat naminə" layihələri cəmiyyətin diqqətinin uşaqların sağlamlığına yönəldilməsi baxımından müstəsna əhəmiyyət daşımışdır. Ürək xəstəliklərindən əziyyət çəkən 1300 uşağın ölkə daxilində müalicəsi də fondun rəhbərinin yüksək humanizmindən xəbər verir.
Dövlət başçısının 2008-ci il 22 dekabr tarixli sərəncamı ilə 2009-cu ilin "Uşaq ili" elan edilməsi uşaq hüquqları sahəsində həyata keçirilən dövlət siyasətinin ardıcıl və məqsədyönlü xarakter daşıdığını bir daha nümayiş etdirmişdir. Sərəncam uşaqlara dövlət qayğısının gücləndirilməsi, onların problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi daşıyır. "Uşaq ili" Tədbirlər Planında Azərbaycan uşaqları haqqında məlumat bankının və internet saytının, xüsusi portalın yaradılması, müasir ailə modelinə dair müvafiq tövsiyələrin hazırlanması, respublika uşaq yaradıcılıq festivalının, habelə Bakıda Beynəlxalq uşaq rəsm müsabiqəsinin və "Şərq-Qərb" beynəlxalq uşaq rəqs festivalının keçirilməsi, BMT-nin "Uşaq hüquqlarına dair" Konvensiyası ilə bağlı maarifləndirmə işinin gücləndirilməsi, uşaqların intellektual inkişafına, onların vətənpərvərlik, milli-mənəvi dəyərlərin qorunması və tolerantlıq ruhunda tərbiyə edilməsinə yönəldilmiş müxtəlif tədbirlərin təşkil edilməsi, xaricdə yaşayan azərbaycanlı uşaqlara ana dilinin öyrədilməsi istiqamətində tədbirlərin görülməsini, "Uşaq ili" ilə bağlı yeni teatr tamaşalarının hazırlanması, dövlət uşaq müəssisələrində tamaşaların və konsert proqramlarının təşkili kimi mühüm məsələlər nəzərdə tutulur. Tədbirlər planında uşaqların sağlamlığı və təhsili ilə bağlı məsələlərə də geniş yer verilmişdir.
2009-cu ilin ötən 9 ayında aidiyyəti dövlət qurumları tərəfindən proqramın reallaşdırılması istiqamətində bütün zəruri tədbirlər həyata keçirilmişdir. Bu tədbirlərin ən mühümü isə oktyabrın 22-də Bakıda "Gülüstan" sarayında Azərbaycanda Uşaq ilinə və BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının 20 illiyinə həsr olunmuş "Azərbaycanda uşaqların müdafiəsi islahatı üzrə milli konfrans" olmuşdur. Heydər Əliyev Fondu və BMT-nin Uşaq Fondunun (YUNİSEF) təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva da iştirak etmişdir.
Dövlət qurumlarının, beynəlxalq təşkilatların, Milli Məclisin deputatlarının qatıldığı konfrans ölkədə uşaqların rifahının yaxşılaşdırılması, hüquqlarının qorunması, cəmiyyətdə hərtərəfli və ahəngdar inkişafının, onlara təhsil və səhiyyə xidmətlərinin göstərilməsi, valideyn himayəsindən məhrum uşaqların ailə mühitində yaşamaq hüququnun təmin edilməsi baxımından xüsusi əhəmiyyət kəsb etmişdir. Tədbirdə xüsusi vurğulanmışdır ki, son illər ərzində ölkənin iqtisadi-sosial vəziyyətində baş verən böyük və əsaslı dəyişikliklər uşaq hüquqlarının həyata keçirilməsinə, xüsusən də onların müdafiəsi işində konkret addımların reallaşdırılmasına, ümumilikdə uşaqların vəziyyətinin yaxşılaşdırılmasına zəmin yaratmışdır.
Tədbirdə dərin məzmunlu nitq söyləyən Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva humanizm və insanpərvərlik prinsipləri baxımından yardıma ehtiyacı olan uşaqlara qayğının vacibliyini diqqətə çəkmişdir: "Fikrimcə, uşaqlıq dövrü insan həyatının ən rəngarəng, ən yaddaqalan və ən xoşbəxt dövrüdür. Məhz bu illərdə, bu dövrdə insanın gələcək taleyinin, onun fiziki və mənəvi sağlamlığının, vətəndaş mövqeyinin, insani cəhətlərinin əsası qoyulur. Əlbəttə, hər şəxsin formalaşmasında ailənin, ailə mühitinin, ailə tərbiyəsinin rolu əvəzsizdir. Ailəyə bağlılıq, ailə dəyərləri, uşaqlara qayğı, böyüklərə hörmət Azərbaycan xalqına məxsus olan ən gözəl xüsusiyyətlərdən biridir... Hər bir qadın üçün onun ailəsi, onun uşaqları həyatının ən vacib, ən mühüm hissəsidir. Mən özüm üç uşaq anası olaraq analıq missiyasını həyatımın ən vacib missiyası kimi dəyərləndirirəm. Əlbəttə, hər bir valideyn arzulayır ki, onun uşağı sağlam, bilikli, savadlı, xoşbəxt böyüsün və bunun üçün əlindən gələni edir".
Hazırda yer üzündə çox böyük sürətlə qloballaşma prosesi gedir. Bu, bir tərəfdən elmin inkişafı, kompüter erası ilə xarakterizə olunursa, digər tərəfdən sivilizasiyanın indiki mərhələsində ortaya çıxan çox mühüm dünyəvi problemlərlə əlaqələndirilir. Bəşəriyyətin inkişafı, gələcək taleyi üçün ən mühüm problemlərdən biri uşaqların taleyi ilə bağlıdır. Uşaq hüquqları problemi isə belə bir inkişaf kontekstində böyük əhəmiyyət daşıyır. Bu gün respublikamızda uşaq hüquqları beynəlxalq hüquq və ölkə qanunvericiliyi normalarına əsasən qorunur. Azərbaycan dövlətinin yeritdiyi siyasət BMT-nin Uşaq Hüquqları Konvensiyasının tələblərinə tamamilə cavab verir. Onlar daim Azərbaycan dövlətinin himayəsi və qayğısı ilə əhatə olunurlar. Ümidvarıq ki, ölkəmizin iqtisadi imkanları artdıqca cəmiyyətin ən həssas və kövrək təbəqəsi olan uşaqlara da diqqət və qayğı yüksələcəkdir.
İ.ƏLİYEVA
Azərbaycan.- 2009.- 20 noyabr.- S. 6.