Uşaq hüquqları
aylığı başa
çatdı
"Uşaq ili" və BMT-nin Uşaq Hüquqları Konvensiyasının 20 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə 20 oktyabr - 20 noyabr 2009-cu il tarixlərini əhatə edən "Uşaqları dinləyək, onların iştirakını təmin edək" devizi ilə keçirilən Uşaq hüquqları aylığı başa çatdı.
Aylığın keçirilməsində əsas məqsəd təhsil, sağlamlıq, uşaqların hüquqlarının müdafiəsinə, sosial problemlərinə, onların yolverilməz əməyə cəlb edilməsinə, HİV/AİDS və narkomaniya ilə mübarizəyə, müharibədən ziyan çəkmiş, xüsusi qayğıya ehtiyacı, valideyn himayəsindən məhrum olmuş, eyni zamanda uşaqların mövcud çətinliklərinin aşkar edilməsi və aradan qaldırılmasına dövlət qurumlarının, QHT-lərin, vətəndaş cəmiyyətinin, icmaların, habelə nüfuzlu beynəlxalq təşkilatların diqqətini cəlb etmək və bu istiqamətdə müvafiq tədbirlər görmək idi.
Aylıq ərzində ölkənin şəhər və rayonlarında müxtəlif "dəyirmi masa"lar, treninq-seminarlar keçirilmiş, uşaq hüquqları üzrə bir sıra maarifləndirmə tədbirləri təşkil edilmişdir.
"Uşaq hüquqları hamı üçün" mövzusunda jurnalist yazıları və "Bizim hüquqlarımız" mövzusunda uşaq rəsmləri müsabiqələrinin keçirilməsi də bu aylığın mühum tədbirlərindən idi.
Atatürk Mərkəzində ombudsmanın BMT İctimai İnformasiya Departamentinin Azərbaycan nümayəndəliyi ilə birgə keçirdiyi konfransda bir sıra problemlərə toxunuldu və müsabiqə qaliblərinin adı aşkarlandı.
I, II və III yerləri tutan, ölkəmizin paytaxtını və müxtəlif rayonları təmsil edən qaliblərə - jurnalistlərə, eləcə də gələcək rəssamlara - məktəblilərə pul mükafatları və sertifikatlar təqdim edildi.
"Uşaq hüquqları hamı üçün" mövzusunda keçirilən jurnalist yazılarının müsabiqəsinin qalibləri sırasında qəzetimizin əməkdaşı da var. "Azərbaycan" qəzetində dərc edilmiş "Uşaqlarda kitaba məhəbbət qəzet, jurnal oxumaqdan başlayır" sərlövhəli yazısına görə qəzetimizin mədəniyyət şöbəsinin redaktoru Flora Xəlilzadə I yerə layiq görülmüşdür.
Uşaq rəsmləri müsabiqəsinin mükafatına layiq görülmüş qaliblər daha çox idi. 6 məktəbli müxtəlif yerləri tutmuşdu. 30-a yaxın gənc rəssama isə həvəsləndirici mükafat verildi.
Azərbaycan.- 2009.- 20 noyabr.- S. 8.