Azərbaycan Prezidenti İlham Əliyevin Goranboy rayonuna səfəri

 

Noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Goranboy rayonuna gəlmişdir.

Rayon ictimaiyyətinin nümayəndələri dövlətimizin başçısını hərarətlə qarşıladılar.

Ölkəmizin iqtisadi potensialı artdıqca regionlarımız da abadlaşır, hərtərəfli tərəqqi dövrünə qədəm qoyur. Bu inkişaf tərəqqi Goranboyun simasında da hiss olunur. Rayonda tikinti-quruculuq işlərinin həcmi genişlənmişdir. Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq yaşayış məntəqələrində bu sahədə işlərin aparılmasına daha çox diqqət ayrılmışdır. Son illərdə Goranboyun iqtisadiyyatında ciddi artım əldə olunmuşdur.

Şəhərin bütün küçələrinə asfalt örtüyü salınmış, kəndlərarası yollar təmir edilmişdir. Rayonda sahibkarlığın inkişafı, yeni yerlərinin açılması daim diqqətdə saxlanılmışdır. Bu ilin 9 ayında əhaliyə göstərilən pullu xidmətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli artmışdır. Həmin müddətdə rayonda ümumi məhsul buraxılışı 5,7 milyon manat artaraq 112 milyon manata, adambaşına düşən gəlirlər isə 1157 manata çatmışdır. Orta aylıq əməkhaqqı 185 manatdan çox, adambaşına düşən gəlirlər isə 1164 manat olmuşdur.

Rayonda səhiyyə və təhsil sektorunun inkişafı diqqətdə saxlanılmış, müasir məktəb binaları və tibb ocaqları tikilmişdir. Bu işlər uğurla davam etdirilir.

Prezident İlham Əliyev şəhərin mərkəzində salınmış Heydər Əliyev parkında ulu öndərin abidəsini ziyarət edərək gül dəstəsi qoydu.

Dövlətimizin başçısı parkı gəzdi, görülmüş abadlıq işləri ilə tanış oldu.

Burada rayon ictimaiyyətinin nümayəndələri ilə görüş oldu.

 

 

Azərbaycan.- 2009.- 21 noyabr.- S. 1.