Rayon ictimaiyyətinin nümayəndələri
ilə görüş
Noyabrın 20-də Prezident İlham ƏLİYEV Goranboydakı Heydər Əliyev parkında rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə çıxış edərək dedi:
- Sabahınız xeyir!
Necəsiniz, nə var, nə yox? İşləriniz necədir?
Mən dörd il bundan əvvəl Goranboyda olmuşam. Bu gün bir daha gəlmişəm ki, sizi görüm, vəziyyətlə tanış olum və biz əlavə tədbirlər haqqında növbəti addımlarımızı müəyyən edək.
Azərbaycanın bütün regionlarında inkişaf vardır. Bütün regionlarda quruculuq, abadlıq işləri aparılır. Mən istəyirəm ki, hər yerdə görülən bütün işlər yüksək səviyyədə olsun. Çünki Azərbaycanın bugünkü inkişaf dinamikasını biz yaxşı bilirik. Dünyada da bunu bilirlər. Dünyada gedən proseslər də bizə bəllidir. Hətta dünya miqyasında ən ağır il olan 2009-cu ildə də Azərbaycan uğurla inkişaf edir. Demək olar ki, hər həftə Azərbaycanda hansısa çox önəmli bir məsələ öz həllini tapır.
Goranboyun ərazisində məskunlaşmış məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün yeni qəsəbə salınıb, bu gün onun açılışını edəcəyik. Həftənin əvvəlində Bakıda məcburi köçkünlər üçün doqquzmərtəbəli altı bina tikilmişdir. Dünən Sumqayıtda böyük elektrik stansiyası işə qoşulubdur. Yəni, elə həftə olmur ki, ölkədə həm sosial, həm iqtisadi, həm sənaye sahələrini əhatə edən mühüm hadisə baş verməsin. Bu onu göstərir ki, dünyada davam edən böhrana baxmayaraq, Azərbaycan iqtisadiyyatı inkişaf edir. Azərbaycanda bütün planlar yerinə yetirilir və ölkəmiz uğurlu inkişafını davam etdirir.
Bu inkişafı uzunmüddətli etmək üçün bütün regionlarda işlər sürətlə getməlidir. Regionların inkişafı əsas prioritet məsələdir. 2004-cü ildə qəbul edilmiş və uğurla icra olunmuş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı bu gün yeni mərhələyə başlayır. 2009-2013-cü illərdə bütün əsas problemlər öz həllini tapmalıdır. Bunlar infrastruktur layihələridir - yollar, elektrik stansiyaları, qaz xətləridir. Dünən "İpək yolu"nun bir hissəsi istifadəyə verildi. Mən Ucar-Yevlax yolunun açılışında iştirak etmişəm. Bu yol Gəncəyə, Gəncədən də sərhədə qədər davam edir.
Qazlaşma prosesi sürətlə getməlidir. Ümumi statistikanı götürsək görərik ki, Azərbaycanda haradasa, əhalinin 85 faizi qazla təchiz edilib. Ancaq əgər biz coğrafi vəziyyətə baxsaq, görərik ki, bu faizlər, necə deyərlər, hər yerdə özünü göstərmir. Məsələn, mənə verilən məlumata görə, Goranboyda qazlaşma, haradasa 40 faiz həll olunub. Bu, davam etməlidir. Rayon mərkəzinə yaxın olan kəndlər, ilk növbədə, qazla təmin edilməlidir, ondan sonra digər yaşayış məntəqələri. Biz burada həm qaz, həm də alternativ enerji mənbələrindən istifadə etməliyik.
Ölkəmiz üçün vacib olan bütün başqa məsələlər də həll olunmalıdır. İçməli su ilə əlaqədar biz Dünya Bankı ilə, eyni zamanda, Azərbaycanın dövlət büdcəsi hesabına böyük bir layihəyə başlamışıq. Elə etməliyik ki, hər bir rayonda insanlara təmiz içməli su verilsin. Əminəm ki, buna nail olacağıq. Meliorasiya, suvarma, kənd təsərrüfatının inkişafı - bütün bunlar bir-biri ilə sıx bağlı olan məsələlərdir. Kənd təsərrüfatının inkişafı, eyni zamanda, iş yerlərinin yaradılmasına xidmət göstərəcəkdir. Bu sahədə çox iş görülüb. Ancaq hələ də çox iş görülməlidir. Biz elə etməliyik ki, özümüzü əsas ərzaq məhsulları ilə tam şəkildə təmin edək. Burada ancaq məhsulların yetişdirilməsi ilə kifayətlənməməliyik, emal müəssisələri də yaradılmalıdır və yaradılır. Azərbaycan həm özünü təmin etsin, həm də ki, öz ixrac imkanlarını genişləndirsin. Xüsusilə nəzərə alsaq ki, bizim üçün ixracda heç bir problem yoxdur. Bizim məhsullarımız qonşu ölkələrə sərbəst şəkildə ixrac edilir.
Əlbəttə, bütün bu kompleks tədbirləri görmək üçün çox ciddi Dövlət Proqramı icra olunmalıdır. Bu proqram da vardır. Kənd təsərrüfatının inkişafı üçün kreditlərin, texnikanın verilməsi, ondan sonra güzəştli şərtlərlə gübrə, toxum və s. lazım olan tədbirlər görülür. Biz görürük ki, artıq özümüzü taxılla təmin edirik. Heç vaxt, Azərbaycanın heç bir dövründə biz özümüzü əsas ərzaq məhsulları ilə təmin edə bilmirdik. Başqa yerlərdən gəlirdi. İndi də gəlir, ancaq eyni zamanda, daxili istehsal da artır. Əgər biz nəzərdə tutulmuş bütün məsələləri növbəti dörd ildə həll etsək, ondan sonra Azərbaycanın uzunmüddətli inkişafı çox rahat olacaqdır. Yenə də deyirəm, bizim bunu etmək üçün həm iradəmiz, həm maliyyə resurslarımız, həm proqramımız və ən önəmlisi, Azərbaycan xalqının dəstəyi vardır. Bütün bu işləri biz bərabər görürük.
Siz Goranboyda yaşayırsınız. Əlbəttə ki, istəyirsiniz ki, rayon daha da inkişaf etsin, daha da gözəlləşsin, bütün məsələlər həll olunsun. Mən də bunu istəyirəm. Bunu etmək üçün də əlimdən gələni edirəm. Bu məqsədlə rayonlara gedib vəziyyətlə tanış oluram, öz gözümlə görürəm, işlər necə gedir. Bir var bunu arayışda oxuyasan, bir də var ki, özün görəsən. Bir də, eyni zamanda, əlavə hansı tədbirlər görülməlidir, mənə bu barədə də məlumat verilir. Əgər sizin hansısa sualınız, yaxud da ki, istəyiniz varsa, mənə deyin. Mən çalışacağam ki, onu həll edim.
Çox
sağ olun.
* * *
Goranboy Rayon Ağsaqqallar
Şurasının sədri Məzahir ZEYNALOV
çıxış edərək dedi:
- Cənab Prezident, mən Sizi
bütün goranboylular adından salamlayıram. Sizə Goranboy torpağına xoş gəlmisiniz
deyirəm. Çox sevinirik ki, ulu öndərimiz
Heydər Əliyev kimi, Siz də Goranboya böyük diqqət
və qayğı göstərirsiniz.
Cənab Prezident, ulu öndərimiz
müstəqil Azərbaycan dövlətini yaratdı, Siz isə
bu dövlətin müstəqilliyini qoruyursunuz, möhkəmləndirirsiniz,
onu inkişaf etdirirsiniz. Azərbaycan inkişaf səviyyəsinə
görə artıq lider ölkəyə çevrilmişdir.
Bütün sahələrdə - təhsil, mədəniyyət,
səhiyyə sahələrində böyük uğurlu
inkişaf gedir. Siz özünüz dediyiniz kimi, 4 il bundan əvvəl - 2005-ci ilin may ayında
Goranboyda olarkən belə bir söz demişdiniz ki, Goranboy Azərbaycanın
qədim torpağıdır, tarixi yeridir. Biz
hamımız çalışmalıyıq ki, burada quruculuq,
abadlıq işləri daha sürətlə getsin. Sizin bu arzularınız, irəli
sürdüyünüz bu gözəl fikirlər artıq
Goranboyda öz bəhrəsini verir. Goranboy
tamamilə simasını dəyişmiş, inkişaf mərhələsinə
qədəm qoymuşdur. Bunların hamısı Sizin diqqət və qayğınız sayəsində
olmuşdur. Ona görə də bütün goranboylular
adından Sizə dərin təşəkkürümüzü,
minnətdarlığımızı bildiririk.
Cənab Prezident, Azərbaycan
dövlətinin bu inkişaf mərhələsində, yəni,
bayaq qeyd etdiyim kimi, təhsil, mədəniyyət, səhiyyə
sahələrində və digər sahələrdə
yüksək inkişaf mərhələsində Sizinlə
çiyin-çiyinə Heydər Əliyev Fondunun prezidenti,
Milli Məclisin deputatı Mehriban xanımın da xidmətləri
böyükdür. Onun fəaliyyəti çox
böyükdür. Ona görə də
bütün goranboylular adından çox xahiş edərdim,
bizim təşəkkürlərimizi, minnətdarlığımızı
Mehriban xanıma çatdırasınız.
Cənab Prezident, Siz
ümumxalq hörməti qazanmısınız. Ümumxalq
hörmətini, məhəbbətini qazanmaq isə insana verilən
ən uca qiymətdir. Arzu edirəm ki, həmişə
ucalardan uca olasınız. Həmişə
həyatınızda xoşbəxtlik, səadət olsun.
Siz elə bir insansınız ki, Sizinlə
görüşəndə bizdə hökmən bir ümid
yaranır. Doğrudan da, goranboylular Sizi
çox sevir, həddindən ziyadə çox sevirlər.
Sizin hər gəlişiniz Goranboy
üçün böyük uğurlar gətirir.
Möhtərəm
Prezidentimiz, qarşıdan müqəddəs Qurban bayramı gəlir,
Sizi bu əziz bayram münasibətilə ürəkdən təbrik
edirəm. Sizə, Mehriban xanıma,
balalarınıza, bütün ailə üzvlərinizə
möhkəm cansağlığı, xoşbəxtlik, səadət
arzu edirəm. Biz Sizə arxalanırıq.
Biz Sizə güvənirik. Biz
Sizinlə fəxr edirik və Sizi əmin edirik ki, həmişə
Sizinləyik.
Prezident İlham Əliyev
rayon ictimaiyyəti ilə xatirə şəkli çəkdirdikdən
sonra regionların sosial-iqtisadi inkişafına dövlətin
bundan sonra dəstək verəcəyini bildirərək dedi:
- Elə etməliyik ki, bizim
ölkəmiz güclənsin. Biz müstəqil
dövlətik, bu müstəqillik ən böyük sərvətimizdir.
Müstəqilliyi əldə etmək nə qədər
çətin olsa da, onu möhkəmləndirmək ondan da
çətindir. Müstəqil ölkə
olmaq hələ o demək deyil ki, sən müstəqil siyasət
apara bilərsən. O qədər müstəqil ölkə
var ki: bəziləri başqa ölkələrdən
asılıdır, bəziləri indi öz hesabına
yaşaya bilmir, bəziləri xarici dəstək hesabına
yaşayırlar. Amma bizim xoşbəxtliyimiz
ondadır ki, biz rahat yaşayırıq və öz
hesabımıza müstəqil həyat sürürük.
Azərbaycan
xalqının əsrlər boyu arzuları həyata
keçibdir.
Biz bu böyük sərvəti
qorumalıyıq. Necə? Əməli işlərimizlə - quruculuqla,
abadlıqla, sənaye müəssisələrinin
yaradılması ilə, iqtisadi inkişafı təmin etməklə.
Bunu etmək üçün bütün əhali
fəal olmalıdır. Rəhbər
işçilərdən çox şey asılıdır.
Mən icra hakimiyyəti başçısını işə
təyin edərkən dedim ki, sən yerli adamsan, burada
doğulmusan, yaşamısan, səni insanlar tanıyırlar,
elə et ki, mən səni həmişə
dəstəkləyim. Get, bu etimadı doğrult və rayonun
inkişafına xidmətini göstər. Siz də
kömək edin. Əgər pis işləsə,
mənə deyərsiniz.
Rayon sakinləri: Çox sağ olun, cənab Prezident! Biz
çox razıyıq. Minnətdarıq, çox sağ
olun.
* * *
Sakinlərin
istirahətinin yüksək səviyyədə təşkilinə
xidmət edən Heydər Əliyev parkı rayonun görkəminə
xüsusi yaraşıq verir. Ərazidə Ana və Uşaq Evi,
Ağsaqqallar Evi, Tarix Diyarşünaslıq Muzeyi, Uşaq Əyləncə
Mərkəzi yaradılıbdır
Azərbaycan.- 2009.- 21 noyabr.- S. 1.