"Lalə-Tekstil" MMC-nin fəaliyyəti
ilə tanışlıq
Prezident İlham Əliyev rayona səfəri çərçivəsində "Lalə-Tekstil" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Goranboy filialının fəaliyyəti ilə də tanış olmuşdur.
Dövlətimizin başçısına məlumat verildi ki, bu istehsal sahəsi Yevlax "Lalə-Tekstil" MMC-nin filialıdır. Müəssisənin tikintisinə bu ilin əvvəlində başlanılmışdır. İstehsal sahəsinin ümumi ərazisi 3,5 hektardır. Burada əsasən yataq dəstləri istehsal olunur. Müəssisənin aylıq istehsal gücü 3000-3500, günlük istehsal gücü isə 500-600 dəstdir. Xammal Türkiyədən alınır. Hazırda məhsullar ölkə daxilində satılmaqla yanaşı, xaricə də ixrac olunur. Müəssisədə quraşdırılan tikiş maşınları ən son texnologiya ilə hazırlanan Almaniya və Yaponiya istehsalıdır. Müəssisədə yüksək keyfiyyətli məhsul istehsalı üçün bütün şərait vardır.
Prezidentə məlumat verildi ki, müəssisənin işi ikinövbəlidir. Hazırda filialda 200 nəfər işlə təmin olunmuşdur. İşçilərin istirahəti diqqətdə saxlanılır, onlar iş vaxtı pulsuz yeməklə təmin olunurlar. Tikişçilərin orta aylıq əməkhaqqı 300 manatdır. Gələcəkdə işçilərin sayının artırılması nəzərdə tutulur. Burada hazır məhsulların saxlanılması üçün anbar da var. Ərazisi 200 kvadratmetr olan sex 24 saat su, işıq və istiliklə təmin edilmişdir.
Dövlətimizin
başçısının diqqətinə
çatdırıldı ki, gələcəkdə MMC-nin yeni
istehsal sahəsi işə düşəcəkdir. Bunun sayəsində
5 mindən çox yeni iş yeri açılacaqdır.
AzərTAc
Azərbaycan.- 2009.- 21 noyabr.- S. 3.