"Azərbaycan Tələbə
Gənclər Təşkilatları İttifaqı"
İctimai Birliyinin təsis qurultayı nümayəndələrinin
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə
müraciəti
Möhtərəm cənab Prezident!
Biz - Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təsis qurultayının nümayəndələri təhsilimizin inkişafına göstərdiyiniz daimi diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildirir, gənclərin yaxın dostu və himayədarı olmağınızdan qürur hissi keçiririk.
Təmsil etdiyimiz tələbə gənclər təşkilatları 2005-ci ildən etibarən formalaşmağa başlamışdır. Son dövrlərədək müxtəlif ali məktəblərdə müstəqil şəkildə fəaliyyət göstərən bu təşkilatlar tələbələrin problemlərinin həlli və hüquqlarının müdafiəsi sahəsində birgə iş aparmaq, respublikamızın ictimai-siyasi həyatında daha yaxından iştirak etmək üçün vahid bir qurumda birləşməyi qərara almışlar. Bu gün keçirilən qurultayımız da məhz bu məqsədə xidmət edir.
Cənab Prezident!
Böyük iftixar hissi ilə bildiririk ki, müstəqil Azərbaycan dövlətinin gənclər siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu öndərin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra gənclərin demokratik prinsiplər əsasında təşkilatlanmasına münbit şərait yaradılmış, onların təhsili, tərbiyəsi və sosial problemlərinin həlli ilə bağlı ardıcıl tədbirlər həyata keçirilmiş, dövlət orqanlarının fəaliyyətində gənclərlə iş ön plana çəkilmişdir.
Qurultayımız böyük məmnuniyyət hissi ilə qeyd edir ki, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasəti bu gün Sizin tərəfinizdən uğurla davam etdirilir. Son illər ərzində Azərbaycan gənclərinin müasir dövrün elmi biliklərindən və nailiyyətlərindən bəhrələnməsi, xarici ölkələrin ali məktəblərinə təhsil almağa göndərilməsi, ixtisaslı kadrlar kimi yetişməsi üçün mühüm addımlar atılmışdır. Vətəndaş cəmiyyətinin inkişafında gənclər təşkilatlarının rolu nəzərə alınmış, onların öz proqram və layihələrini həyata keçirmələri üçün əlverişli mühit formalaşdırılmışdır. Gənclər təşkilatlarının beynəlxalq əlaqələrinin genişlənməsinə hər cür kömək göstərilmiş, mühüm beynəlxalq tədbirlərdə həmin təşkilatların nümayəndələrinin iştirakı mütəmadi xarakter almışdır.
Gənclərin sağlamlığının qorunması və fiziki hazırlığının yüksəldilməsi məqsədilə kütləvi bədən tərbiyəsi və idmanın inkişafına diqqət artmışdır. Gənclərimiz son illər müxtəlif səviyyəli beynəlxalq yarışlarda böyük uğurlar qazanmışlar. İstedadlı yeniyetmələrin aşkar olunması, onların öz qabiliyyətlərini inkişaf etdirməsi üçün əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. Sizin imzaladığınız sərəncamlarla tələbələrin təqaüdləri dəfələrlə artırılmışdır. Gənclərlə bağlı müxtəlif dövlət proqramlarının həyata keçirilməsi onların Vətənimizə, tariximizə, milli mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə olunmasında, məşğulluğunun təmin edilməsində və sosial problemlərinin həllində mühüm əhəmiyyət daşıyır.
Bu gün Azərbaycan gəncləri ictimai-siyasi proseslərdə yaxından iştirak edir, ümummilli məsələlərə prinsipial vətəndaşlıq mövqeyindən yanaşırlar. Ölkəmizin sosial-iqtisadi, mənəvi-mədəni sahələrdə qazandığı böyük uğurları, hüquqi dövlət və vətəndaş cəmiyyətinin demokratik dəyərlər əsasında inkişafını tələbə və gənclər yüksək qiymətləndirir, əldə olunan nailiyyətləri Sizin ümummilli maraqlara söykənən məqsədyönlü siyasətinizin məntiqi nəticəsi hesab edirlər. Gənclər ölkəmizdə keçirilən seçkilərdə də yaxından iştirak edərək xüsusi fəallıq göstərirlər. Onların böyük əksəriyyəti 2003-cü və 2008-ci illərdə keçirilmiş prezident seçkilərində məhz Sizin namizədliyinizi dəstəkləmiş, bununla da ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun davam etdirilməsinə, müstəqil Azərbaycan dövlətinin daha da möhkəmlənməsinə, iqtisadi tərəqqiyə, müasirləşmə və demokratiyaya, milli mənəvi dəyərlərimizin qorunmasına səs vermişdir.
Cənab Prezident!
Biz - Azərbaycan
Tələbə Gənclər Təşkilatları
İttifaqının təsis qurultayının nümayəndələri
təmsil etdiyimiz çoxminli tələbə kollektivləri
adından Sizi əmin edirik ki, ölkəmizin inkişafı və
çiçəklənməsi istiqamətində
apardığınız məqsədyönlü siyasəti bundan
sonra da qətiyyətlə dəstəkləyəcək, bu
yolda bilik və bacarığımızı əsirgəməyəcəyik.
Azərbaycan.- 2009.- 21 noyabr.- S. 4.