"Azərbaycan Tələbə
Gənclər Təşkilatları İttifaqı"
İctimai Birliyinin təsis qurultayı nümayəndələrinin
ölkə gənclərınə müraciəti
Əziz gənclər!
Azərbaycan Respublikasının son dövrlərdə keçdiyi sürətli inkişaf yolu, ilbəil artan siyasi və iqtisadi potensialı insan hüquq və azadlıqları ilə yanaşı, hər bir vətəndaşa layiqli həyat səviyyəsini təmin etmək üçün də geniş imkanlar açmışdır. Vətəndaş cəmiyyətinin formalaşdırılmasına, insanların rifahının yüksəldilməsinə yönələn əsaslı hüquqi və sosial-iqtisadi islahatlar dövlətimizin müstəqilliyini gücləndirmiş, ölkəmizin gələcək tərəqqisi üçün möhkəm zəmin yaratmışdır.
Böyük iftixar hissi ilə qeyd etdiyimiz bu uğurların əldə edilməsində Azərbaycan gənclərinin də müəyyən xidmətləri olmuşdur. Gənclərin dövlət quruculuğu prosesinə cəlb edilməsi, onların potensialından xalqımızın mənafeləri naminə səmərəli istifadə olunması istiqamətində görülən işlər ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ulu öndər müstəqil həyata yeni qədəm qoyan nəslin hərtərəfli inkişafı, bilik və bacarıqlarının artırılması, sağlamlığının qorunması və sosial problemlərinin həllini dövlətin ümdə vəzifələri sırasına aid edirdi. Sevinirik ki, bu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilərək keyfiyyətcə yeni mərhələyə qaldırılmışdır. Təhsilin maddi-texniki bazasının gücləndirilməsi, dövlətin hesabına xarici ölkələrin qabaqcıl ali məktəblərində oxumaq imkanlarının yaradılması, yeni idman, mədəniyyət və istirahət obyektlərinin tikilməsi, habelə həyata keçirilən sosial proqramlar biz gəncləri ölkəmizdə gedən quruculuq işlərində daha fəal iştirak etməyə həvəsləndirir.
Əziz həmyaşıdlar!
Müstəqillik illərində qazandığımız böyük nailiyyətlərlə yanaşı, həllini gözləyən bir sıra problemlərimiz də mövcuddur. Heç kimə sirr deyil ki, Azərbaycanın qarşısında duran ən ağır məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, ərazi bütövlüyümüzün bərpa edilməsi, qaçqınların və məcburi köçkünlərin öz evlərinə qayıtmasıdır. Biz dövlət başçımız cənab İlham Əliyevin bu problemin aradan qaldırılması yönündə gördüyü işləri diqqətlə izləyir və ona hər cür dəstək verməyə hazır olduğumuzu bildiririk.
Qloballaşma meyillərinin gücləndiyi, sivilizasiyaların və mədəniyyətlərin yarışdığı müasir dövr, digər mühüm vəzifələrin də öhdəsindən gəlməyi bizdən tələb edir. İlk növbədə, informasiya cəmiyyətinə keçidlə əlaqədar meydana çıxan yeni çağırışlara adekvat hazırlıq nümayiş etdirmək, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini lazımi səviyyəyə çatdırmaq tələb olunur. Digər mühüm vəzifə milli-mənəvi dəyərlərimizin, mədəniyyətimizin və dilimizin qorunması, daha da inkişaf etdirilməsi ilə bağlıdır.
Qarşımızda duran bu vacib məsələlərin həlli hər birimizdən maksimum məsuliyyət, bilik, bacarıq, fiziki sağlamlıq, mənəvi saflıq, həmçinin birlik və mütəşəkkillik tələb edir. Ona görə də biz - tələbə gənclər təşkilatlarının təmsilçiləri öz məsuliyyətimizi və borcumuzu dərk edərək qüvvələrimizi səfərbər etmək və vahid qurumda birləşmək qərarına gəlmişik. Ümidvarıq ki, bu addım ölkəmizin ictimai-siyasi həyatında tələbələrin rolunu daha da yüksəldəcək, onların beynəlxalq əlaqələrinin genişlənməsinə yeni imkanlar yaradacaqdır. Ən başlıcası isə, estafeti yaşlı nəsildən qəbul edərək Azərbaycanı irəliyə aparmaq kimi tarixi vəzifəmizi reallaşdırmaqda biz gənclərə yardım edəcəkdir.
Əziz dostlar!
Sizin hər
birinizi həmişə gəncliyin adını uca tutmağa,
öz əməli fəaliyyətinizlə doğma Azərbaycanımızın
çiçəklənməsinə daha sanballı töhfələr
verməyə çağırırıq.
AzərTAc
Azərbaycan.- 2009.- 21 noyabr.- S. 4.