Milli Məclisin Uşaq
Hüquqları Konvensiyasının 20-ci ildönümünə
həsr olunmuş xüsusi iclası keçirilmişdir
Noyabrın 20-də Milli Məclisin Uşaq Hüquqları Konvensiyasının 20-ci ildönümünə həsr olunmuş xüsusi iclası keçirilmişdir.
Qeyd edək ki, 1989-cu ildən bugünədək 193 ölkə tərəfindən ratifikasiya olunmuş bu konvensiya, demək olar, bütün dünyada qəbul edilmişdir.
Milli Məclisin Sədri Oqtay Əsədov bildirmişdir ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2009-cu il Azərbaycanda "Uşaq ili" elan edilmişdir. Əminəm ki, bugünkü xüsusi iclas da ölkəmizdə uşaq hüquqlarının təmin edilməsi məqsədilə həyata keçirilən işlərə öz töhfəsini verəcəkdir. Məsələnin aktuallığı və əhəmiyyəti nəzərə alınaraq iclasa uşaq hüquqları ilə əlaqəli olan təşkilatların rəhbərləri, yerli və xarici qeyri-hökumət qurumlarının, kütləvi informasiya vasitələrinin nümayəndələri, habelə beynəlxalq təşkilatların Azərbaycanda fəaliyyət göstərən təmsilçiləri dəvət edilmişlər. Ölkəmizdə uşaq hüquqları üzrə qanunvericilik bazası ən müasir standartlara cavab verir. Azərbaycan bu istiqamətdə bir neçə beynəlxalq konvensiyanın iştirakçısıdır. Uşaqlara qayğı göstərilməsi ilə bağlı dövlət proqramları uğurla həyata keçirilir. Uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi və onlara alternativ qayğı göstərilməsi, xüsusi istedada malik olan uşaqların yaradıcılıq potensialının inkişafı, ailələrin, xüsusən aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi, təhsilin və səhiyyənin səviyyəsinin artırılması, uşaq yaradıcılığının dəstəklənməsi, uşaqlar tərəfindən qanun pozuntusu hallarının profilaktikası bu proqramlarda əks olunan məsələlərdir.
Sədr Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın uşaqların problemlərinin həlli sahəsindəki fəaliyyətini xüsusi qeyd etmişdir.
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli çıxış edərək demişdir ki, belə tədbirlərin Azərbaycanda qeyd edilməsi qanunların aliliyinin, beynəlxalq aləmə inteqrasiyanın təntənəsidir.
YUNİSEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard bildirmişdir ki, biz bütün uşaqların hüquqlarının təmin edilməsi məqsədilə hökumət və parlament, beynəlxalq icma, qeyri-hökumət təşkilatları, media vasitələri və gənclərlə birgə işlər həyata keçiririk. Ümumi məqsədimiz heç bir uşağı diqqətdən kənarda qoymamaqdır. Biz bütün uşaqların sağlam, təhsilli olması, sosial müdafiənin güclü olduğu bir mühitdə yaşaması və öz ölkələrinin gələcəyinə töhfə verəcək məsuliyyətli vətəndaşlar kimi formalaşması üçün səylərimizi əsirgəməyəcəyik.
Uşaq parlamentinin spikeri Taleh Əliyev demişdir ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü və torpaqlarımızın 20 faizinin işğalı nəticəsində on minlərlə uşaq məcburi köçkün vəziyyətinə düşmüşdür. Bu, uşaq hüquqlarının kobud şəkildə pozulması deməkdir. Biz beynəlxalq təşkilatların tədbirlərində bunu dünya ictimaiyyətinin diqqətinə çatdırırıq.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova, Azərbaycana Birgə Yardım Təşkilatının (UAFA), Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri, parlamentin komitə sədrləri, deputatlar və digərləri çıxış etmiş, 20 noyabrın uşaqların həyatında əlamətdar bir gün olduğunu bildirmişlər. Qeyd olunmuşdur ki, 1998-ci ildə Azərbaycanda uşaq hüquqları ilə əlaqədar qəbul olunmuş qanun Uşaq Hüquqları Konvensiyasının bir çox müddəalarını özündə ehtiva edir.
Uşaqların sosial müdafiəsinin təmin edilməsi, təhsilə cəlb olunması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlərdən danışılmışdır. Məlumat verilmişdir ki, son 5 ildə Azərbaycanda 1800 yeni məktəb tikilmidir. Təhsil sahəsində 20-yə yaxın dövlət proqramı qəbul edilmişdir. Onların əksəriyyəti uşaq təhsili ilə bağlıdır.
Həmçinin qeyd olunmuşdur ki, Azərbaycanda valideyn himayəsindən məhrum olmuş 20 mindən artıq uşaq ən müasir standartlara cavab verən internat məktəblərdə tərbiyə edilir, təhsil alır.
Sessiyada "Uşaq problemlərinin həllində parlamentin yeri və rolu" filmi nümayiş etdirilmişdir.
Sessiya
başa çatdıqdan sonra tədbir
iştirakçılarına parlament tərəfindən nəşr
olunan "Azərbaycan qanunvericiliyində uşaq
hüquqları" kitabı, BMT-nin tədqiqatları əsasında
hazırladığı "Uşaqlara qarşı
zorakılıq. Dünya hesabatı", Parlamentlərarası
Birlik və YUNİCEF-in birgə məhsulu olan "Uşaqlara
qarşı zorakılığın aradan
qaldırılması" kitabları və digər bir
neçə nəşr hədiyyə olunmuşdur.
AzərTAc
Azərbaycan.- 2009.- 21 noyabr.- S. 5.