Demokratiyaya və milli-mənəvi dəyərlərə sadiqlik

 

Ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayan, sıraları günbəgün möhkəmlənən, bütövlükdə regionun aparıcı siyasi qüvvəsinə çevrilən Yeni Azərbaycan Partiyasının yaranmasının 17 ili tamam olur. Partiyanın yaranma dövrünə nəzər salaraq tarixə "91-lər" kimi daxil olan ziyalılardan biri olaraq bu barədə fikirlərimi açıqlamağı özümə borc bilirəm.

Yeni Azərbaycan Partiyasının yaranması xalqın istəyi, zamanın tələbi idi. Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və kəşməkəşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə yarandı. Partiyanın yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin və mövcud ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Sovetlər birliyinin dağılmasından sonra müstəqillik əldə etmiş respublikalardan biri kimi, Azərbaycanda da müxtəlif siyasi partiyalar və ictimai birliklər təşəkkül tapmağa başladı. Lakin yaradılan partiyalar ölkəni düşdüyü ağır iqtisadi, siyasi, mənəvi böhrandan nəinki xilas edə bildilər, əksinə, hakimiyyətdə olan və bir-birini əvəz edən səriştəsiz siyasi qüvvələr respublikadakı vəziyyəti daha da ağırlaşdıraraq böhran vəziyyətinə çatdırdılar. Ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran xalqın aparıcı qüvvəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Belə bir çətin məqamda respublikanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə dahi şəxsiyyət, böyük siyasi xadim Heydər Əliyevə müraciət ünvanladılar.

1992-ci il oktyabrın 15-də 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana - Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə "91-lər"in müraciəti kimi daxil olmuş həmin sənəd bütövlükdə xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın tanınmış və nüfuzlu ziyalılarının imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu.

Ümummilli lider Heydər Əliyev o dövrdə blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri idi. Oktyabrın 24-də ulu öndər Heydər Əliyev ziyalıların müraciətinə cavab verməklə partiyanın yaradılmasına razılıq verdi, bununla da, Azərbaycanın gələcək taleyini müəyyənləşdirdi. Xalqla daim bir olduğunu bəyan edən ümummilli lider Heydər Əliyev müraciətə cavabında Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasını qarşıya ən ümdə vəzifə kimi qoydu. Bildirdi ki, tarixi nailiyyətimiz olan müstəqilliyimizi qorumalı, onu daha da möhkəmləndirməliyik.

O dövrdə hakimiyyətdə olan siyasi qüvvələr tərəfindən Bakı şəhərində partiyanın təsis konfransının keçirilməsinə imkan verilmədiyindən konfrans 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində reallaşdı. Respublikanın şəhər və rayonlarından 550 nəfərdən artıq nümayəndənin iştirak etdiyi konfransda Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın proqram və nizamnaməsi qəbul edildi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın sədri, partiyanın siyasi şurası və idarə heyəti seçildi. Beləliklə, YAP böyük bir güc mərkəzi kimi ölkənin ictimai-siyasi həyatına daxil oldu.

Yeni Azərbaycan Partiyasının Proqramında irəli sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların firavan həyatının təmin edilməsidir. Partiyanın fəaliyyətinin əsasını təşkil edən müstəqil dövlətçilik, azərbaycançılıq, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatıdır. O dövrdəki dağıdıcı iqtidarın yaratdığı maneələrə baxmayaraq, xalqın Heydər Əliyevə olan böyük inamı və sevgisi nəticəsində qısa müddətdə respublikanın bütün bölgələrində partiyanın yerli təşkilatları yaradıldı.

Ümummilli lider Heydər Əliyevin "Dünənin, bu günün, gələcəyin partiyası" deyərək həm keçmişini, həm bu gününü, həm də gələcəyini müəyyənləşdirdiyi YAP-ın xalq, dövlət qarşısındakı xidmətləri bu təşkilatın cəmiyyətdəki mövqeyinin daha da möhkəmlənməsinə, xalqın bu partiyanın ideoloji-siyasi xəttinə dəstəyinin güclənməsinə böyük imkanlar açdı. 1993-cü il oktyabrın 3-də YAP-ın sədri Heydər Əliyevin xalqın mütləq əksəriyyətinin səs çoxluğu ilə prezident seçilməsi partiyanın həyatında yeni dövrün əsasını qoydu. 1993-cü ildən iqtidar partiyası kimi fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının həyata keçirdiyi siyasətin önündə xalqa, dövlətə xidmətin dayanması bu partiyanın ötən illər ərzində keçirilən prezident, parlament və bələdiyyə seçkilərində uğur qazanmasına səbəb oldu.

1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın tarixində yeni bir mərhələnin əsası qoyuldu. Tənəzzüldən tərəqqi yoluna çıxan Azərbaycan çox qısa zamanda dünya birliyində özünə layiqli yer tutdu. Təbii ki, bu uğurlarda ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının rolu inkaredilməzdir.

İllər keçdikcə partiyanın ölkənin ictimai-siyasi həyatında tutduğu mövqe möhkəmlənir, onun üzvləri həyatımızın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirir.

Bu gün partiyanın sıralarında 500 minə yaxın üzvün birləşməsi də bir çox məqamlara aydınlıq gətirir. Təbii ki, bu, sadəcə, statistika deyil, Azərbaycan xalqının Heydər Əliyev ideyalarına sədaqətinin nümayişidir. Partiya üzvlərinin böyük əksəriyyətini gənclər təşkil edir. Azərbaycan gəncləri ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, həyata keçirilən siyasəti dəstəkləyir, gələcəyə böyük inamla addımlayırlar.

2008-ci ildə keçirilən YAP-ın IV qurultayında çıxışı zamanı YAP sədri, Prezident İlham Əliyev bu faktı xüsusi vurğulamışdır: "Yeni Azərbaycan Partiyası nəinki ölkəmizdə, eyni zamanda, bölgədə çox böyük siyasi qüvvədir. Partiyamızın bütün proseslərə təsir imkanları çox genişdir və bu imkanlar getdikcə daha da artır. Çox sevindirici haldır ki, partiyaya axın müşahidə olunur, partiyaya üzv olmaq istəyənlərin sayı artır və bu onu göstərir ki, partiyanın ideyaları və partiyanın fəaliyyəti həm çox cəlbedicidir, həm də yüksək qiymətləndirilir."

Yarandığı gündən kəmiyyət və keyfiyyətcə dəyişməyi, yeniliyi, müasirliyi fəaliyyətinin əsası kimi qəbul edən Yeni Azərbaycan Partiyası ümumxalq partiyası kimi günbəgün möhkəmlənir. Bu həqiqət xalqın böyük əksəriyyəti tərəfindən etiraf edilir ki, partiyanın keçdiyi yola nəzər salınması, eyni zamanda, çağdaş Azərbaycan tarixinin öyrənilməsi deməkdir. Azərbaycanın qüdrətli dövlətə çevrilməsi üçün son dərəcə mühüm amil olan siyasi sabitliyin möhkəmləndirilməsi, vətəndaş həmrəyliyinin yaradılması, iqtisadi inkişaf konsepsiyasının hazırlanması, sosial tərəqqiyə xidmət edən islahatların keçirilməsi partiyanın təəssübkeşləri üçün fəaliyyət proqramı oldu.

Daim xalqın mənafeyinə uyğun siyasət yeridən təşkilatın beynəlxalq əlaqələri də genişlənməkdədir. Yeni neft strategiyasını hazırlayıb həyata keçirməklə ölkə iqtisadiyyatına böyük təkan verən ulu öndər Heydər Əliyevin siyasətini davam etdirən partiyanın sədri, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın qarşısında duran mühüm problemlərin həllində bu partiyanın böyük rolu olmuşdur.

Ölkəmizdə siyasi, demokratik islahatlar müvəffəqiyyətlə davam etdirilir. Xalqla iqtidar arasında birlik, həmrəylik var. Partiyanın siyasəti xalq tərəfindən dəstəklənir. Populizmdən uzaq olan Yeni Azərbaycan Partiyası mövcud reallıqları önə çəkərək perspektivləri müəyyənləşdirir, hadisələrə təsiretmə imkanları genişlənir.

Siyasi mübarizədə dünya təcrübəsində sınaqdan çıxmış demokratik tələblərə, müasir, sivil mübarizə üsullarına üstünlük verən partiya hər bir seçki prosesindən uğurla çıxır. Xalqın bu təşkilata inamını günbəgün artıran, təbii ki, iqtidar partiyasının gördüyü real işlərdir.

Əməli fəaliyyəti ilə Azərbaycanda daim sabitliyin və həmrəyliyin möhkəmlənməsinə xidmət edən YAP sədri, Prezident İlham Əliyevin demokratiyaya sadiqliyi onun başçılıq etdiyi partiyanın fəaliyyətinin əsas prinsiplərini təşkil edir. Hər bir sahədə yeniliyə can atan Yeni Azərbaycan Partiyası dünyanın qabaqcıl ölkələrinin aparıcı siyasi təşkilatları ilə qarşılıqlı əməkdaşlığa maraq göstərir. Bu gün partiyanın dünyanın müxtəlif ölkələrinin siyasi partiyaları ilə əməkdaşlığının yüksələn xətt üzrə inkişafı, nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin həyata keçirilməsi də deyilənlərə əyani sübutdur.

YAP-ın ölkəmizin, xalqımızın tərəqqisinə, milli maraqlarına xidmət edən təşəbbüsləri daim ictimaiyyət tərəfindən yüksək dəyərləndirilir. Yeni Azərbaycan Partiyası ötən ilin dekabr ayında Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi ilə bağlı Milli Məclisdə təşəbbüs irəli sürdü. Parlament YAP-ın təşəbbüsünü dəstəkləyərək, "Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi haqqında" Referendum Aktını qəbul etdi və 2009-cu il martın 18-də ümumxalq səsverməsi keçirildi. "Güclü dövlət naminə!" şüarı ilə ümumxalq səsverməsinə qatılan Yeni Azərbaycan Partiyasının təşəbbüsünün xalq tərəfindən necə dəstəkləndiyi səsvermə prosesində seçicilərin fəallığından aydın hiss olundu. Seçicilərin mütləq əksəriyyəti bu təşəbbüsü müdafiə etdi.

Prezident, parlament, bələdiyyə seçkilərində, ümumxalq səsverməsində (referendumda) mütəşəkkillik göstərən, YAP-a rəğbətini və etimadını nümayiş etdirən Azərbaycan xalqı, eyni zamanda, Prezident İlham Əliyevə inamını, ümummilli lider Heydər Əliyevin ideyalarına sədaqətini ifadə edir. Haqlı olaraq qeyd olunur ki, bu gün ölkədə YAP-la rəqabət aparmaq imkanında olan siyasi təşkilat yoxdur. Beynəlxalq və yerli sorğu mərkəzlərinin ölkə daxilində və qonşu ölkələrdə keçirdiyi rəy sorğularında da cənab İlham Əliyevin daha çox səs toplaması, eyni zamanda, onun rəhbərlik etdiyi partiyanın reytinqinin göstəricisidir.

Bu məqamda "Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir" söyləyən müstəqil Azərbaycan dövlətinin yaradıcısı ulu öndər Heydər Əliyevin bir kəlamını xatırlatmaq yerinə düşər: "...Biz demokratik, dünyəvi, sivilizasiyalı dövlət quraraq, bütün bəşəri dəyərlərdən istifadə edərək, ümumbəşəri dəyərlərin xalqımız üçün və milli mentalitetimiz üçün, mənəviyyatımız üçün uyğun cəhətlərini götürüb tətbiq etməliyik."

Bu yol, eyni zamanda, Yeni Azərbaycan Partiyasının inamla irəlilədiyi yoldur. Fəaliyyətini milyonların mənafeyinə, dövlətçilik maraqlarına uyğun müəyyənləşdirən partiyaya ümumxalq məhəbbətinin özəyində bu ideyalara sadiqlik dayanır. Xalq-iqtidar birliyi, YAP-a rəğbət də vətəndaş həmrəyliyindən irəli gəlir, sağlam duyğulardan bəhrələnir.

 

 

Vüqar RƏHİMZADƏ,

YAP Siyasi Şurasının üzvü,

"İki sahil" qəzetinin

baş redaktoru

 

Azərbaycan.- 2009.-20 noyabr.- S. 6.