2010-cu ilin dövlət büdcəsinin layihəsi əvvəlki illərdə olduğu kimi, sosialyönümlü və investisiyatutumludur

 

Dünyada hökm sürən maliyyə böhranı əksər ölkələrdə iqtisadi tənəzzülə gətirib çıxarmışdır. Bu cür iqtisadi şəraitdə belə, ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş və Prezident İlham Əliyevin müasir şəraitdə davam etdirdiyi inkişaf strategiyası öz uğurlu nəticələrini verir.

 

Daxili resurslara söykənən Azərbaycan iqtisadiyyatı cari ilin doqquz ayında da davamlı olaraq inkişaf etmiş, ölkənin əsas makroiqtisadi göstəricisi olan ümumi daxili məhsul 6,1 faiz artmışdır. Bu, çox böyük nailiyyətdir və bir daha onu göstərir ki, Prezident İlham Əliyevin müəyyən etdiyi iqtisadi strategiyaya uyğun olaraq Azərbaycan iqtisadiyyatı çoxşaxəlidir. Bu, həmçinin ölkəmizdə son illərdə aparılan köklü islahatların, iqtisadiyyatın prioritet istiqamətlərinin müəyyən edilməsində atılan praktiki addımların nəticələrini səciyyələndirir. İndi ölkəmizdə makroiqtisadi vəziyyət çox sabitdir. Cari ilin doqquz ayında ölkədə cəmi 2,1 faiz inflyasiya olmuşdur. Bu isə həmin dövrdə əhalinin gəlirlərinin artımına nisbətən 4,7 dəfə azdır.

Milli Məclisdə 2010-cu ilin dövlət və icmal büdcə layihələrinin müzakirəsi başa çatmışdır. Bu qanun layihələri və büdcə zərfinə daxil olan digər layihələr vaxtında və peşəkarlıqla hazırlanmış, mövcud qanunvericiliyə uyğun olaraq Milli Məclisin müzakirəsinə təqdim edilmişdir. Bu işdə ölkə Prezidentinin iqtisadi komandasının, o cümlədən Maliyyə Nazirliyinin və digər iqtisadi qurumların böyük zəhməti danılmazdır.

Layihədən göründüyü kimi, növbəti ildə və ortamüddətli perspektivdə ölkə Prezidentinin müəyyən etdiyi strateji vacib məsələlər, o cümlədən büdcənin həm sosial, həm də investisiya yönümlüyü prioritet olaraq qəbul edilmiş, qeyri-neft sektoru üzrə büdcə gəlirlərinin artmasına, qeyri-neft sektorunun, sahibkarlığın, regionların inkişafının, ölkənin iqtisadi, sosial, nəqliyyat, ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün maliyyə ehtiyatlarının yaradılmasına, əhalinin maddi rifah halının yaxşılaşdırılmasına, yoxsulluğun azaldılmasına üstünlük verilmişdir.

Büdcə layihəsində mühüm amillərdən biri də qlobal maliyyə-iqtisadi böhran şəraitində fiziki və hüquqi şəxs qismində fəaliyyət göstərən subyektlərin maliyyə vəziyyətinin qorunub saxlanılması üçün növbəti ildən bir çox vergilər üzrə dərəcələrin aşağı salınmasıdır. Belə ki, növbəti ildən müəssisələrin mənfəətindən tutulan verginin dərəcəsi 22 faizdən 20 faizə endiriləcək, eyni zamanda, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin vergiyə cəlb edilən gəlirlərindən vahid - 20 faiz dərəcə ilə vergi tutulacaqdır.

Bununla yanaşı, fiziki şəxslərin muzdlu fəaliyyətindən əldə olunan aylıq gəlirin 2 min manatdan çox olan hissəsi üçün tətbiq edilən vergi dərəcəsinin 35 faizdən 30 faizə endirilməsi, eləcə də sadələşdirilmiş vergi tutulan dövriyyənin 90 min manatdan 150 min manata çatdırılması, ödənişli məktəbəqədər uşaq müəssisələrinin pullu xidmətlərindən əldə etdikləri gəlirlərin əlavə dəyər vergisindən azad edilməsi nəzərdə tutulur.

2010-cu ilin dövlət büdcəsinin layihəsində sosialyönümlü xərclərin prioritetliyi gözlənilməklə dövlət büdcəsində təhsil xərclərinin xüsusi çəkisi 0,3 faiz artaraq 11,3 faiz, səhiyyə xərclərinin xüsusi çəkisi 0,2 faiz artaraq 4,3 faiz, sosial müdafiə və sosial təminat xərclərinin xüsusi çəkisi 1,4 faiz artaraq 10,6 faiz, mədəniyyət, incəsənət və kütləvi informasiya vasitələri xərclərinin xüsusi çəkisi 0,1 faiz artaraq 1,5 faiz təşkil edəcəkdir.

Bütövlükdə, dövlət büdcəsi xərclərinin 34,4 faizi və ya 3 milyard 878 milyon manatı sosialyönümlü xərclərə yönəldilmişdir ki, bu da büdcə vasitəsilə dövlətin sosial siyasətinin davamlı maliyyələşdirilməsi üçün əyani sübutdur.

Son illərdə Azərbaycan Prezidentinin təsdiqlədiyi dövlət proqramlarının həyata keçirilməsi nəticəsində təhsil sisteminin ayrı-ayrı sahələrində, o cümlədən təhsilin məzmununun yeniləşdirilməsi və yeni dərslik siyasətinin reallaşdırılması, tələbə və şagirdlərin nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni model və mexanizmlərin tətbiqi, təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, təhsil sisteminin informasiyalaşdırılması və informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilməsi, əmək bazarının tələbatına uyğun kadr hazırlığı və təminatının yaxşılaşdırılması, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili və digər məsələlər üzrə əhəmiyyətli işlər görülmüşdür.

2008-ci ildə "Məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı" çərçivəsində 21 uşaq bağçası əsaslı təmir olunaraq müasir avadanlıqlarla təmin olunmuş, Bakı şəhərində 11 yeni uşaq bağçası tikilib istifadəyə verilmişdir.

Təhsil müəssisələrinin, xüsusilə, ümumtəhsil məktəblərinin tikintisi, əsaslı təmiri, təchizatı sahəsində xeyli işlər görülmüşdür. Təkcə 2008-ci ildə 161 yeni, məktəb binası tikilmiş, 129 məktəb isə əsaslı təmir olunmuşdur. Beləliklə, ölkə üzrə 700 mindən çox şagird, yəni bütün şagirdlərin 50 faizi müasir tələblərə cavab verən məktəblərdə təhsil almaq imkanı əldə etmişdir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə reallaşdırılan "Yeniləşən Azərbaycana yeni məktəb" və "Uşaq evləri və internat məktəbləri" proqramları çərçivəsində 43770 şagird yerlik 226 yeni məktəb binası tikilmiş, 39 məktəb, o cümlədən xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün 28 internat məktəb əsaslı təmir olunaraq müasir avadanlıqlarla təmin edilmiş, 8 uşaq bağçasında bərpa işləri aparılmışdır.

2008-2012-ci illəri əhatə edən təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramına əsasən, 500 məktəbin genişzolaqlı sürətli internetlə təmin olunması, xüsusi mərkəzlərin, elektron tədris resursları bazasının, vahid tədris portalının yaradılması istiqamətində tədbirlər həyata keçirilmişdir. Təhsil sistemində beynəlxalq əlaqələrin daha da inkişaf etdirilməsinə xüsusi diqqət yetirilmiş, bir sıra əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. Hazırda 4000 nəfər azərbaycanlı gənc dünyanın müxtəlif ölkələrinin ali məktəblərində təhsillərini müvəffəqiyyətlə davam etdirir, onlardan 1000 nəfəri dövlət hesabına təhsil alırlar.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən son dövrdə imzalanmış fərman və sərəncamlar, qəbul edilmiş dövlət proqramları, habelə təhsil işçilərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər təhsilin yeni inkişaf mərhələsinə çıxması üçün geniş imkanlar açmışdır.

Təhsil xərcləri üzrə növbəti ildə 1 milyard 277 milyon manat vəsait nəzərdə tutulmuşdur. Təhsilə ayrılan vəsaitin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 0,3 faiz artaraq 11.3 faiz təşkil edəcəkdir. Təhsil xərclərinə ayrılan vəsaitdən bir sıra tədbir və proqramların maliyyələşdirilməsinə 115,5 milyon manat, o cümlədən "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyası üzrə Dövlət Proqramı"na əsasən təhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatına 16,4 milyon manat, ölkənin ümumtəhsil məktəblərində oxuyan şagirdlərin pulsuz dərsliklərlə təmin olunması xərclərinə 8 milyon manat, "Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı"nın (2007-2010-cu illər) maliyyələşdirilməsinə 5 milyon manat, "Texniki peşə təhsilinin inkişafı Dövlət Proqramı"nın (2007-2012-ci illər) maliyyə təminatına 1,2 milyon manat, "2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı"nın maliyyə təminatı ilə bağlı xərclər üçün 1,5 milyon manat və digər proqram və tədbirlər üçün vəsait nəzərdə tutulmuşdur.

Növbəti ildə də ölkədə səhiyyə islahatlarının davam etdirilməsi ön plana çəkilmiş, bu məqsədə dövlət büdcəsindən 479,4 milyon manat vəsait nəzərdə tutulmuşdur. Səhiyyə xərclərinə ayrılan vəsait dövlət büdcəsi xərclərinin 4,3 faizini təşkil edəcəkdir ki, bu da cari illə müqayisədə 0,2 faiz çoxdur.

Səhiyyə xərcləri üçün ayrılan vəsaitin 79,4 milyon manatı məqsədli proqram və tədbirlərin maliyyələşdirilməsinə, o cümlədən "Xroniki böyrək çatışmazlığı üzrə tədbirlər Proqramı"na (2006-2010-cu illər) 19,8 milyon manat, "Hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqramı"na (2006-2010-cu illər) 10,6 milyon manat, "Onkoloji xəstələrin şiş əleyhinə əsas preparatlarla təminatı üzrə Tədbirlər proqramı"na (2006-2010-cu illər) 11 milyon manat, "Şəkərli diabet üzrə Dövlət Proqramı"na 8 milyon manat və digər proqram və tədbirlər üçün vəsait nəzərdə tutulmuşdur.

2010-cu ildə ilk dəfə olaraq ölkənin kənd yerlərindəki səhiyyə müəssisələrinə tibbi kadrların cəlb olunmasını həvəsləndirmək, tibbi kadr çatışmazlığını aradan qaldırmaq məqsədilə kənd rayonlarında yerləşən səhiyyə müəssisələrində dövlət sifarişinə uyğun olaraq əmək fəaliyyətinə başlayan və üç il müddətində bu fəaliyyəti davam etdirəcək gənc mütəxəssislərə ilkin yaşayış şəraitinin yaradılması məqsədilə dövlət büdcəsində birdəfəlik yardım, yol xərci, əmlakın daşınması üçün nəqliyyat xərci, kommunal xidmətləri üzrə xərclərin ödənilməsi üçün 1 milyon manatadək vəsait nəzərdə tutulmuşdur ki, bu da təqdirəlayiq haldır.

Bütün bunlar bir daha sübut edir ki, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında ölkənin dövlət və icmal büdcəsi ilbəil artır, onların vəsaitləri məqsədyönlü və şəffaf olaraq dövlətin təhlükəsizliyinin təmin edilməsinə və xalqımızın daha da firavan yaşamasına sərf olunur.

Gələn ilin dövlət büdcəsi əvvəlki illərdə olduğu kimi, 2010-cu ildə də Azərbaycan xalqının rifahının yaxşılaşdırılmasına, ölkəmizin müdafiə potensialının artırılmasına, ərzaq təhlükəsizliyinin təmin edilməsinə, beynəlxalq aləmə inteqrasiyasının genişləndirilməsinə bir daha zəmin yaradacaqdır.

 

 

Nizami XUDİYEV,

Milli Məclisin deputatı

 

Azərbaycan.- 2009.- 21 noyabr.- S. 6.