Heydər Əliyev Partiyasında İlham Əliyev missiyası

 

"Yeni Azərbaycan Partiyasının həm siyasi xətti, həm əməli fəaliyyəti Azərbaycanda mövcud olan demokratik, hüquqi, dünyəvi dövlətin siyasi xətti və əməli fəaliyyəti ilə eynidir"

 

Heydər ƏLİYEV

 

Bu gün Yeni Azərbaycan Partiyasının yaranmasının 17-ci ildönümü tamam olur. Bu tarix yüz minlərlə insanı ətrafında birləşdirən, sayı milyonu ötən təəssübkeş dəstəyinə malik olan bir təşkilatın fəaliyyətində əhəmiyyətli məqam olmaqla yanaşı, həmçinin ölkəmizin siyasi tarixində əlahiddə hadisə kimi səciyyələnir. Ən azı o baxımdan ki, YAP Azərbaycanda son on altı il ərzində əldə edilən misilsiz uğurların şəriksiz müəllifi olan mövcud iqtidarın siyasi istinadgahı və hakim komandanı bilavasitə təşkil edən özəkdir. YAP bu gün ölkənin ən qabaqcıl siyasi avanqardına, müstəqil dövlətin kamil ideya, fikir məktəbinə çevrilib.

 

Xalqın seçimi

 

Yeni Azərbaycan Partiyası məmləkət tariximizin son dərəcə ağır və kəşməkəşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Heydər Əliyevin rəhbərliyi altında və bu böyük şəxsiyyətin ətrafında birləşən Azərbaycan ziyalılarının təşəbbüsü, fəal iştirakı ilə yaranmışdır. Ötən əsrin 80-ci illərinin sonlarından etibarən Azərbaycanın üzləşdiyi böhran və fəlakət xalqın sabaha olan ümidlərini demək olar ki, qırmışdı. Qarabağ cəbhəsində cərəyan edən məğlubiyyətlər seriyası, ittifaq rəhbərliyinin antiazərbaycan mövqeyi daha acınacaqlı nəticələrlə - respublika başçılarının öz millətinə qarşı xəyanətkar münasibəti ilə davam etdirilirdi. Naşı rəhbərlik və onların yarıtmaz idarəçiliyi nəticəsində yaranan xaos, parçalanma, dövlətin məhvi kimi problemlər AXC-Müsavat iqtidarının ilk günlərindən etibarən Azərbaycanda yeni siyasi gücə böyük ehtiyac yaratmışdı. Artıq hədəf də, istinadgah da xalqın nəzərində çoxdan müəyyənləşmişdi: Heydər Əliyev.

Heydər Əliyev 1990-cı ilin iyul ayında M.Qorbaçovun təhriki ilə ittifaqın güc strukturlarının yaratdıqları bütün maneələri dəf edərək, doğma Azərbaycanına qayıtmağa müvəffəq oldu. Bakının hava limanında bu böyük şəxsiyyəti qarşılamağa çıxan vətəndaşlara qarşı respublika rəhbərliyi tərəfindən müxtəlif təxribatlar törədilsə də, onlar bu cür avantüralara məhəl qoymadılar və Heydər Əliyevin tənha olmadığını, onun xalqı tərəfindən sevildiyini və qəbul olunduğunu nümayiş etdirdilər. Heydər Əliyev bir neçə gündən sonra Naxçıvana getdi. Burada da sadə insanlar onu böyük hərarətlə, məhəbbətlə qarşıladılar. Hər iki hal sübut etdi ki, Azərbaycan xalqı Heydər Əliyevi unutmayıb və onu özünün şəriksiz lideri kimi qəbul edir.

Heydər Əliyev Azərbaycana qayıtdığı ilk gündən bəyan etdi ki, "Mən heç bir siyasi prosesə qoşulmuram, heç bir vəzifə istəmirəm, doğma Vətənə qayıtmaqda yeganə məqsədim bu ağır günlərdə xalqımla birlikdə olmaqdır". Lakin bu bəyanatlar ittifaq və ölkə rəhbərliyinin qorxusunu azaltmırdı. Onlar anlayırdılar ki, artıq xalq məruz qaldığı fəlakətlərdən qurtulmağa rəhbər tapıb. Əslində, bu qorxu üçün yetərincə əsas da var idi. Çünki xalq Heydər Əliyevin "ittifaq əhəmiyyətli təqaüdçü" statusu ilə razılaşmır, ondan ölkəyə rəhbərlik edərək, məhvolma prosesinin qarşısını almasını istəyirdi. Həmin dövrün ən aktual təkliflərindən biri də Heydər Əliyevin siyasi partiya yaradaraq ona rəhbərlik etməsi idi.

Artıq müxtəlif bölgələrdə "Heydər Əliyev Partiyası" adlı təşkilatlar yaradırdılar. Hətta bu qurumların qeydiyyata alınması üçün Ədliyyə Nazirliyinə müraciətlər də olunmuşdu. 1992-ci ilin aprel-may aylarında Bakıda Heydər Əliyevdən xəbərsiz onun tərəfdarları mitinqlər keçirir, yaş senzi ilə bağlı Konstitusiyaya edilmiş ədalətsiz əlavənin ləğvini istəyirdilər. Artıq mübarizə siyasi müstəviyə qədəm qoyurdu. May ayının 15-də AXC-nin qərargahı qarşısında keçirilən mitinqdə Heydər Əliyevin adından yalandan bəyanat verildi ki, guya o, cəbhənin hakimiyyətə gəlməsinə razıdır. Ancaq bu barədə məlumat alan kimi, Heydər Əliyev onun adından yayılmış bəyanatın saxta olduğunu bildirdi və ölkədə baş verən proseslərin yalnız demokratik mexanizmlər və seçki yolu ilə gedişini müdafiə etdiyini söylədi. Göründüyü kimi, artıq Heydər Əliyevin adından sui-istifadə edilir və bu şəxsiyyətin fəaliyyəti avantüraların hədəfinə çevrilirdi. Buna görə də Heydər Əliyevin yüz minlərlə tərəfdarının vahid, mütəşəkkil, güclü bir təşkilatda birləşməsi tarixi zərurətə çevrilmişdi.

1992-ci ilin əvvəllərindən etibarən mətbuatda Heydər Əliyevin siyasi proseslərə daha fəal qoşulmasının millətin yeganə nicat yolu olması barədə məqalələrin dərci çoxaldı. Həmin ilin oktyabr ayında ictimaiyyətin mütləq əksəriyyətinin göstərdiyi inadlı və qətiyyətli təsir altında ölkənin tanınmış ziyalılarının Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevə ünvanladıqları "Azərbaycan Sizin sözünüzü gözləyir" müraciəti bu kampaniyaya rəsmən start verdi. "Möhtərəm Heydər bəy! İndiki vəziyyətdə çətin, məsuliyyətli işi respublikada öz öhdəsinə götürməyə qadir yeganə şəxs Sizsiniz! Uzun illər əldə etdiyiniz dövlət quruculuğu təcrübəsinə əsaslanaraq Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütləsini əhatə eləyəcək çox böyük, güclü, nüfuzlu və işlək bir partiya yaratmağa qadirsiniz. Buna görə də Azərbaycanın, demək olar ki, bütün bölgələrində aparılan ictimai rəy sorğularının nəticələrinə və bizim təşkilat komitəsinə daxil olan minlərlə şifahi və yazılı vətəndaş təkliflərinə əsaslanaraq belə bir qənaətə gəlirik ki, yaratmaq istədiyimiz Yeni Azərbaycan Partiyasına bu gün rəhbərlik etməyə qadir olan yeganə mütləq lider Siz ola bilərsiniz. Yalnız bu halda yaranmaqda olan partiya öz qarşısına qoyduğu məqsədə çatar, respublikanın bütün zümrələrindən olan xalq kütləsini öz ətrafında birləşdirərək Azərbaycanın siyasi-iqtisadi həyatında mövcud olan boşluğu doldurar, dövlət quruculuğu işlərinə öz layiqli töhfəsini verə bilər. Əminik ki, Yeni Azərbaycan Partiyası müdrik ağsaqqalımız Heydər Əliyevin ətrafında birləşəcək, dərin zəkalı, təmiz əxlaqlı, yüksək mədəniyyətli, müstəqil düşüncəli, milli qürurlu, peşəkar insanların siyasi partiyasına çevriləcək. Əgər bu partiyanın bünövrəsini Sizin kimi güclü dövlət xadimi qoyarsa, o, uzun illər xalqımızın bir neçə nəsli üçün də siyasi yetkinlik məktəbi olar. Biz Yeni Azərbaycan Partiyasını yeni düşüncə tərzli insanların Sizin ətrafınızda sıx birləşdiyi mütəşəkkil, güclü, aparıcı qüvvəyə malik bir partiya kimi görürük. İnanırıq ki, Azərbaycanımızın bu günü, sabahı naminə başqa partiya, qurum və cəmiyyətlərin vətənpərvər üzvləri də həlledici anda məhz bu partiyanın mövqeyində dayanacaqlar. Yeni qüvvələrin öncülü, aparıcısı Sizin kimi şəxsiyyət olarsa, tezliklə müstəqil respublikamızın inkişaf istiqamətləri həm müəyyənləşdirilər, həm də uğurlu addımlar atılar. Siz bu gün siyasi, iqtisadi, hərbi və mənəvi blokadada olan Naxçıvan Muxtar Respublikasını da məhz öz şəxsi nüfuzunuz, uzaqgörən diplomatik səriştənizlə qoruyub saxlayır və idarə edirsiniz. Bütün çətinliklərə baxmayaraq, hələ Baltikyanı respublikalarda belə, qalan rus ordusunun Naxçıvandakı hissələrini Siz çox bacarıqla, qayda-qanunla yola saldınız. Qardaş Türkiyə və İranın köməyi ilə Naxçıvan əhalisini dözülməz vəziyyətdən çıxarırsınız. İstərdik ki, bu işləri bütün Azərbaycan üçün görəsiniz.

Heydər bəy!

Bizim bu müraciətimizə minlərlə Azərbaycan vətəndaşı məmnuniyyətlə qoşulmağa hazırdır. Hələlik isə ilk addım olaraq bunu bir qrup ziyalı adından biz edirik. Biz həm öz, həm də on minlərlə respublika əhalisi adından Sizdən xahiş edirik ki, yaradılmaqda olan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir" - bu müraciət qeyd edildiyi kimi, minlərlə insanın xaosdan və məhvdən qurtulmaq üçün Heydər Əliyevə təvəqqesi, xahişi idi.

 

Tarixi dönüş

 

91 ziyalının timsalında milyonların arzusunun, siyasi seçiminin əks olunduğu məktuba Heydər Əliyev "Yeni, müstəqil Azərbaycan uğrunda" cavabı ilə Əliyevçilərin, yəni xalqın öz milli maraqları istiqamətində mütəşəkkil mübarizəsinə xeyir-dua verdi. "Yeni müstəqil dövlətin quruculuğu prosesinə vətəndaşların hamısı, əhalinin bütün təbəqələri cəlb olunmalıdır. Yeni Müstəqil Azərbaycan bütün Azərbaycan xalqınındır. Azərbaycanın çağdaş və gələcək taleyi ilə bağlı problemlərin həllində biganə qalmağa heç kəsin haqqı yoxdur... Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan siyasi partiyasının yaradılması obyektiv zəruriyyətdən doğur. Belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər. Əgər belə partiya yaradılarsa, onun fəaliyyətində fəal iştirak etməyə hazıram" - bu fikirlər Azərbaycan vətəndaşlarının yeni xalq hərəkatında birləşməsi üçün yetərli idi. Qısa müddət ərzində on minlərlə insan "Yeni Müstəqil Azərbaycan uğrunda" amalı ilə "silahlanmış" Yeni Azərbaycan Partiyasının yerli təşkilatlarına üzv oldu. Əhali anlayırdı ki, bu təşkilat məzmunca partiya anlamında olsa da, mahiyyətcə xalqın böhrandan qurtulmaq üçün yeganə "resepti", ümummilli hərəkat idi.

1992-ci ilin 21 noyabrında Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Azərbaycanın müxtəlif bölgələrindən təəssübkeş qrupların 550-dən artıq nümayəndəsinin iştirak etdiyi möhtəşəm tədbir soyuq qış günündə, zaldakı sərt hava şəraitində baş tutdu. Konfransda Heydər Əliyev giriş nitqi ilə çıxış etdi. Yeni yaranan partiyanın əsas məqsəd və vəzifələrini, bu partiyanı digər təşkilatlardan fərqləndirəcək xüsusiyyətləri izah etdi, hər bir partiya üzvünün qarşısında dayanan vəzifəni müəyyənləşdirdi. Heydər Əliyev bildirdi ki, YAP-ın hər bir üzvünün borcu dövlətin ərazi bütövlüyünü, müstəqilliyini, ictimai asayişi qorumaq, qanunlara tabe olmaq, iqtidarla sivil müxalifətçilik etmək, mübarizəni dövlətə qarşı aparmamaq, ölkənin mənafeyini bütün maraqlardan üstün tutmaqdır. Yalnız bu şərtlərə riayət edən şəxs YAP-ın əsl üzvü, partiyanın siyasi xəttini düzgün anlayan və yerinə yetirən təəssübkeş sayıla bilər.

Konfrans iştirakçıları Yeni Azərbaycan Partiyasının yaradılması barədə qərar qəbul etdilər. Təşkilatın proqram və nizamnaməsi təsdiq edildikdən sonra Heydər Əliyev partiyanın sədri, YAP-ın İdarə Heyəti, Siyasi Şurası və Nəzarət-Təftiş Komissiyası seçildi. Konfransın sonunda YAP-ın sədri Heydər Əliyev partiya üzvləri qarşısında çıxış etdi. Etimada görə təşəkkürünü bildirərək bəyan etdi ki, "əgər ölkənin bütün mütərəqqi qüvvələri, tanınmış ziyalıları, vətənpərvər övladları səylərini və mübarizələrini birləşdirərək yekdil siyasi qüvvəyə çevrilibsə, demək, bu təşkilat - Yeni Azərbaycan Partiyası ümummilli quruma çevrilməli, xalqın inam, ümid mənbəyinə, dövlətin siyasi istinadgahına çevrilməlidir. Bu vəzifələri həyata keçirmək üçün isə xalqa daha da yaxınlaşmalı, siyasi məqsədlər vətəndaşlara izah edilməli, qarşıdan gələn seçkilərə ciddi hazırlaşmalıyıq".

Daha sonra Heydər Əliyevin özünün yazıb hazırladığı bəyanat təşkilat adından rəsmi bəyanat kimi qəbul edildi. Sənəddə qeyd olunurdu: "Yeni Azərbaycan Partiyası parlament tipli siyasi partiya olub, qanunun aliliyi, hamının qanun qarşısında bərabərliyi, dövlət və vətəndaşın qarşılıqlı məsuliyyəti və Konstitusiya ilə təsbit edilmiş normalara hörmət edilməsi prinsipini əldə rəhbər tutur.

Yeni Azərbaycan Partiyasının başlıca proqram məqsədi dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyü, sivilizasiyali demokratik, hüquqi dövlətin yaradılması, möhkəm əmin-amanlıq və ictimai həmrəylik, sabit və sosial istiqamətli iqtisadiyyat yaratmaqdan, irqindən, milliyyətindən, dinindən və dilindən asılı olmayaraq şəxsiyyətin hüquq və azadlıqlarının hərtərəfli inkişafı və etibarlı müdafiəsini təmin etmək məqsədilə geniş demokratik islahatların həyata keçirilməsi uğrunda mübarizə aparmaqdan ibarətdir.

Bizim şüarımız: müxalifət naminə müxalifət ola bilməz.

Bizim prinsipimiz: konstruktivlik".

YAP-ın yaradılması xəbəri Azərbaycanın siyasi həyatında ildırım kimi çaxdı. Demək olar, bütün ölkə bu hadisədən danışırdı. Heydər Əliyevin qədrini yaxşı bilən, onu düzgün qiymətləndirməyi bacaran sadə vətəndaşlar kütləvi şəkildə YAP-ın sıralarına qoşulur, rayonlarda könüllü şəkildə təşkilatlanırdılar. Təsis konfransından bir neçə ay sonra YAP-ın sıralarında minlərlə üzv var idi və təşkilat artıq ölkədə "ana müxalifət partiyası" statusu almışdı.

1993-cü ilin məlum iyun hadisələri xalqın tələbi ilə o vaxtkı iqtidarı Heydər Əliyevi Bakıya - ölkənin taleyini həll etmək üçün çağırmağa vadar etdi. Beləliklə də tarixi proseslər Heydər Əliyevə ölkə rəhbəri, Yeni Azərbaycan Partiyasına isə hakim partiya statusu həvalə etdi. Heydər Əliyevin ali hakimiyyətə qayıdışı ilə Azərbaycanda müstəqil dövlətçiliyin əsaslarının formalaşması və vətəndaş cəmiyyətinin qurulması prosesi başlandı. Bu, partiyalaşma prosesinə də öz ciddi təsirini göstərdi. Partiyanın sədri Heydər Əliyevin uğurlu siyasi xətti YAP-ı ön sıraya çıxartdı.

Tarixi zərurətdən yaranan partiya sədrinin misilsiz fəaliyyətində ona daim yardımçı oldu. YAP yarandığı gündən ardıcıl olaraq azərbaycançılıq və dövlətçilik mövqeyində durmuş, öz proqram prinsiplərinə sədaqət nümayiş etdirərək, gənc Azərbaycan demokratiyası üçün ləyaqətli bir ənənənin əsasını qoymuşdur. Güclü lideri, mükəmməl proqramı, təkmil siyasi platforması, qətiyyətli mövqeyi sayəsində Yeni Azərbaycan Partiyası öz sıralarında 500 minə yaxın üzvü birləşdirən əsl ümumxalq partiyasına çevrilmişdir. Ulu öndərimiz Heydər Əliyevin dediyi kimi, "Öz aqibətini Yeni Azərbaycan Partiyası ilə bağlayanlar səhv etməmişlər. Tarix, keçən illər bunu təsdiq etdi. Yeni Azərbaycan Partiyasının sədrinin, Azərbaycan Prezidentinin həyata keçirdiyi daxili və xarici siyasət ilbəil uğurlar gətirir, Azərbaycan yüksəlir, inkişaf edir".

Yeni Azərbaycan Partiyası xalq arasında Heydər Əliyev Partiyası kimi də tanınır. Bu təşkilat ümummilli liderimizin siyasi və ideoloji irsinin, dövlətçilik təcrübəsinin və quruculuq fəaliyyətinin harmoniyası, qovuşuğudur. Malik olduğu potensial, xalqın inamı, ideyalarının mükəmməlliyi, yaradıcısının əbədi mövcud olacaq nüfuzu Yeni Azərbaycan Partiyasının hələ uzun onilliklər boyu hakim partiya statusunu qoruyacağına təminat verir.

Bu illərdə keçirilən dörd prezident, üç parlament, iki bələdiyyə seçkilərinin qalibi YAP-ın namizədləri olmuşdur. Həm təşkilati göstəricilərə, həm də ictimai nüfuzuna görə bu gün respublikada YAP-a alternativ olacaq qüvvə yoxdur. Yeni Azərbaycan Partiyasının müvəffəqiyyətini ilk növbədə əbədiyaşar liderimiz Heydər Əliyevin zəngin siyasi və dövlətçilik təcrübəsində axtarmaq lazımdır. Partiya öz məramında və praktik fəaliyyətində demokratik prinsiplərə, ümumbəşəri dəyərlərlə milli xüsusiyyətlərin vəhdətinə, hüquqi dövlət, vətəndaş cəmiyyəti, sərbəst iqtisadiyyat yaradılmasına üstünlük verir və eyni zamanda, güclü sosial müdafiə proqramı ilə fəaliyyət göstərir.

 

Şərəfli irs davam edir

 

Partiya öz sıralarında cəmiyyətin bütün zümrələrini - gəncləri, qadınları, elm, mədəniyyət, ədəbiyyat xadimlərini, texnokratları birləşdirir. Əhəmiyyətli məqamlardan biri də odur ki, YAP nailiyyətlərinin davamlılığını təmin etmək məqsədilə gənclər arasında apardığı siyasi maarifçilik işinin uğurlu nəticəsini artıq görməkdədir. Belə ki, partiyanın üçdə bir hissəsini gənclər təşkil edir. Gənclərin Yeni Azərbaycan Partiyasına axını cənab İlham Əliyevin partiyada rəhbər vəzifəyə seçilməsindən sonra daha geniş vüsət alıb.

1995-ci ildə partiyanın namizədi kimi parlament seçkilərində qələbə çalan cənab İlham Əliyev təşkilatın gəncləşməsində, fəaliyyətinin daha effektiv qurulmasında müstəsna xidmətlər göstərmişdir. Təsadüfi deyildir ki, 1999-cu ildə keçirilən YAP-ın birinci qurultayında təşkilatın çoxminli üzvlərinin istəyinə uyğun olaraq, cənab İlham Əliyev partiya sədrinin müavini, ikinci qurultayda isə sədrin birinci müavini seçilmişdir. Ümummilli liderimiz Heydər Əliyev 2003-cü il oktyabr ayının 1-də Azərbaycan xalqına müraciətində cənab İlham Əliyevə, həm də YAP-a yüksək önəm verdiyini qeyd etmiş, xalqa ən düzgün seçim ünvanı kimi məhz İlham Əliyevi və Yeni Azərbaycan Partiyasını göstərmişdir: "Üzümü sizə - həmvətənlərimə tutaraq qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir". 2003 və 2008-ci ilin oktyabr aylarında Heydər Əliyev siyasi kursunun layiqli davamçısı kimi prezident seçkilərinə qatılan cənab İlham Əliyevin qələbəsi həm də Yeni Azərbaycan Partiyasının zəfəri, nailiyyəti idi.

2003-cü ilin 12 dekabrında xalqımız tarixinin ən böyük itkilərindən biri ilə üzləşdi. Görkəmli dövlət xadimi, dünyanın ən böyük azərbaycanlısı Heydər Əliyev vəfat etdi. Bu itkinin miqyası bütün sahələri əhatə etməklə yanaşı, Yeni Azərbaycan Partiyası və təşkilatın yüz minlərlə üzvü uçün də ağır sınaq idi. Heydər Əliyevin yaratdığı, rəhbərlik etdiyi və xalqın haqlı olaraq Heydər Əliyev Partiyası kimi qəbul etdiyi YAP ötən müddət ərzində əbədi rəhbərinin qarşıya qoyduğu məqsəd və vəzifələrə sadiq qalmış, ölkənin ictimai-siyasi həyatında fəallığını davam etdirmiş, Prezident İlham Əliyevin ən yaxın köməkçisi olmuşdur.

2005-ci ilin mart ayında Yeni Azərbaycan Partiyasının III qurultayının nümayəndələri çox məsuliyyətli bir seçimə imza ataraq, cənab İlham Əliyevi təşkilata rəhbər seçdilər. Heydər Əliyevin siyasi əmanəti olan partiyaya sədr seçkisinə ulu öndərimizin ən layiqli davamçısı, şərəfli irsin daşıyıcısı cənab İlham Əliyev alternativsiz getdi. Bu onu deməyə tam əsas verirdi ki, YAP-ın yüz minlərlə üzvü və sayı milyonu keçən təəssübkeşi, yeni sədrini yekdilliklə dəstəkləyir və onun ətrafında sıx birləşərək, Yeni Azərbaycan quruculuğunda fəal iştirak edəcək. Ötən müddət ərzində özünü tam doğruldan bu inam həm də Yeni Azərbaycan Partiyasının daha böyük nailiyyətlər əldə etməsinə əsas zəmin oldu.

Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin son onillikdə əldə etdiyi böyük uğurların müəllifinin mövcud iqtidar, eyni zamanda, hakimiyyətin siyasi istinadgahı olan Yeni Azərbaycan Partiyası olduğunu bildirib. Hakim partiyanın cəmiyyətdə böyük nüfuz sahibi olduğunu və onun üzərində şərəfli missiya dayandığını söyləyən ölkə Prezidentinin bu fikirləri YAP-ın fəaliyyətinə verilən real qiymət və təşkilatın malik olduğu potensialın dəqiqliklə qiymətləndirilməsidir: "Partiyamız bu illər ərzində güclənibdir. Yeni Azərbaycan Partiyası güclü təşkilatdır, Azərbaycanın ictimai-siyasi həyatında müstəsna rola malikdir. Heç bir siyasi qüvvə Yeni Azərbaycan Partiyası ilə rəqabət aparmaq iqtidarında deyil. Hətta digər bütün siyasi qüvvələr birləşsələr, yenə də bizim işimizə, siyasətimizə bunun heç bir təsiri olmayacaqdır".

Cənab İlham Əliyev qazanılan uğurlarla kifayətlənməyərək qarşıya hər gün daha yeni vəzifələrin çıxdığını bildirir və YAP-ın ölkədə uğurla gedən sosial-iqtisadi islahatlarda daha fəal mövqe tutmasını istəyir: "Mən əminəm ki, partiyamızın fəalları qarşımızda duran məsələlərin həllində, qəbul edilmiş regional və sosial inkişaf proqramlarının yerlərdə həyata keçirilməsində iştirak edəcəklər. İstərdim ki, bu proqramların həyata keçirilməsi istiqamətində partiyamız, partiyaının fəalları yerli icra orqanları ilə sıx əlaqədə işləsinlər". Cənab İlham Əliyev YAP üzvlərinin cəmiyyətdə gedən siyasi və iqtisadi proseslərdə nümayiş etdirdikləri fəallığı yüksək qiymətləndirməklə bərabər, bu yönümdəki fəaliyyəti daha da genişləndirməyi məqsədəuyğun sayır. Prezident haqlı olaraq qeyd edir ki, partiya üzvlərinin malik olduğu potensial daha böyük uğurlar əldə etməyə imkan yaradır. Dövlət başçısının söylədiyi kimi, "Yeni Azərbaycan Partiyası, hakimiyyət partiyası Azərbaycan xalqının rifahı, xoşbəxt gələcəyi naminə siyasətimizi müstəqil şəkildə aparacaq".

Yeni Azərbaycan Partiyasının qarşısında çağdaş dövrümüzdə - III minilliyin 10-cu ilinə qədəm qoyduğumuz çağda yeni siyasi şəraitə uyğun fəaliyyət göstərmək və dövlət quruculuğu prosesində hər zaman iqtidarın əsas siyasi yardımçısı olmaq, eyni zamanda, kadr potensialını hazırlayan mərkəz rolunu oynamaq kimi məsul vəzifələr durur. Şübhəsiz ki, zamanın tələbi ilə yaranan bu partiya zamanın mövcud tələblərini də layiqincə ödəyəcək və Heydər Əliyev Partiyası adını daşımağa haqqı olduğunu daim sübut edəcək. Təşkilata ən mühüm dəstək isə dövlət başçısının YAP-ın daha böyük perspektivinə inamı və partiya üzvlərinə bəslədiyi etimaddır. Heydər Əliyevin sınaqlardan uğurla çıxmış və ölkəmizə rifah, inkişaf bəxş etmiş siyasi kursunu hazırda böyük nailiyyətlərlə davam etdirən Prezident İlham Əliyevin bu fikirləri Yeni Azərbaycan Partiyasının fəaliyyət prioritetlərini təşkil edir, həmçinin hakim partiyanın növbəti zəfərlərinə təminat yaradır: "Mən sizi əmin etmək istəyirəm ki, bütün məsələlərdə, o cümlədən partiya quruculuğu istiqamətində də Heydər Əliyev siyasətinə sadiq qalacağam. Əminəm ki, biz hamımız birlikdə həm partiyamızı daha da gücləndirəcəyik, həm də ölkəmizi daha da inkişaf etdirəcəyik. Azərbaycan müasirləşəcək, güclənəcək, çox zəngin, qüdrətli dövlətə çevriləcəkdir!".

Əbədiyaşar liderimiz Heydər Əliyevin xalqa müraciətində söylədiyi fikirlər bu gün də Azərbaycan vətəndaşlarının seçimini müəyyənləşdirən ünvandır: "Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

 

Heydər Əliyev Partiyasında İlham Əliyev missiyası şərəflə, məsuliyyətlə, fədakarlıqla, ən əsası isə nəticəsi misilsiz nailiyyətlər olan alternativsiz siyasi kursla müşayiət olunur. Bu missiya əsasını Heydər Əliyevin qoyduğu müvəffəqiyyətlərin, milli inkişaf strategiyasının daha geniş miqyaslı davamıdır. Demək, YAP hələ uzun onilliklər xalqın yeganə etimad ünvanı olaraq hakim siyasi təşkilat statusunu saxlayacaq!

Bunu təmin etmək isə bizim Heydər Əliyevin əbədiyaşar ruhu qarşısında həm də vətəndaş borcumuzdur!

 

 

İxtiyar HÜSEYNLİ

 

Azərbaycan.- 2009.- 21 noyabr.- S. 7.