Bakıda məcburi köçkün ailələri üçün tikilmiş yaşayış binaları kompleksi istifadəyə verilmişdir

 

Noyabrın 17-də Bakının Binəqədi rayonundakı 2 nömrəli evtikmə kombinatının ərazisində 369 məcburi köçkün ailəsi üçün inşa olunmuş doqquzmərtəbəli yaşayış binaları kompleksi istifadəyə verilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

İnşaatçılar bu binalarda mənzil alan məcburi köçkünlər dövlətimizin başçısını hərarətlə qarşıladılar.

Prezident mənzillərlə tanış oldu.

Baş nazirin müavini, Qaçqın Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi. Bildirildi ki, inşa olunmuş doqquzmərtəbəli 6 binada paytaxtda şəraiti dözülməz olan ictimai yerlərdə, yarımçıq tikililərdə müvəqqəti məskunlaşan köçürülməsi zəruri olan məcburi köçkünlər yerləşdiriləcəkdir.

Kompleksin tikintisinə 2008-ci ildə başlanmışdır. Binaların yerləşdiyi ümumi ərazi 3 hektar, tikintinin ümumi sahəsi isə 27 min 897 kvadratmetrdir. Ərazidə hər biri 63 mənzilli doqquzmərtəbəli beş, 54 mənzilli bir yaşayış binası 260 şagird yeri olan məktəb binası tikilmişdir. Mənzillərin 81-i bir, 180-i iki, 90-ı üç, 18-i isə dördotaqlıdır.

Yaşayış binalarının ətrafında abadlıq yaşıllaşdırma işləri aparılmışdır.

Burada qazanxana, nasosxana, transformator yarımstansiyası tikilmiş, mənzillərə telefon, su qaz xətləri çəkilmişdir.

Dövlətimizin başçısı mərasimdə çıxış etdi.

 

 

Azərbaycan.- 2009.-  18 noyabr.- S. 1.