Sumqayıt şanlı tarixini davam etdirir

 

Düz 60 il bundan əvvəl Azərbaycanın inzibati xəritəsində Sumqayıt adlı yeni bir şəhər yarandı. Onun taleyinə heç bir digər şəhərə bənzəməyən, təkrarolunmaz yol keçmək nəsib olmuşdur. Qədim tarixə malik olmasa da, Sumqayıt xalqımızın həmrəyliyini təcəssüm etdirən gözəl ənənələri ilə qısa müddət ərzində böyük şöhrət qazanmış, ölkəmizin iftixarına çevrilə bilmişdir. Sumqayıtda yaranan əmək salnaməsi insan zəhmətinin həqiqətən də xariqələr yaratdığının bariz ifadəsi olmuşdur. Bu salnamənin müəllifləri isə Sumqayıtın əsasını qoyan, ucsuz-bucaqsız çöldə gözəl, işıqlı şəhər ucaldan ilk quruculardır.

 

Şəhərin ilk inşaatçılarının qarşısında duran mənzərəni bir anlığa təsəvvürümüzə gətirək. Susuz səhralıq, daş kimi möhkəm torpaq, ətrafda kölgəliyi belə olmayan ərazi. Hələ güclü tikinti texnikasının mövcud olmadığı bir vaxtda insanlara əsasən primitiv əmək alətlərindən istifadə etmək, bütün ağır fiziki işləri öz əlləri ilə görmək lazım gəlirdi. Adi şəraiti olmayan taxta baraklarda yaşayan bu insanlar sübh tezdən başlayaraq gecə qaralana qədər əzmkarlıqla çalışırdılar.

28 iyun 1935-ci il tarixini Sumqayıtın bir şəhər kimi yaranmasının istinad nöqtəsi adlandırmaq olar. Həmin gün keçirilən SSRİ Ağır Sənaye Xalq Komissarlığının kollegiya iclasında Azərbaycandan iştirak edən nümayəndə heyətinə Abşeronda iri istilik mərkəzinin və bir sıra sənaye müəssisəsinin tikintisi üçün ərazinin müəyyənləşdirilməsi tapşırılmışdı. Bu məqsədlə yaradılmış komissiya ilk addımlarından ciddi çətinliklərlə üzləşdi. Böyük bir şəhərin tikintisi üçün bütün şərtlərə cavab verən ərazini tapmaq bir o qədər də asan iş deyildi. Bakının ərazisindən söhbət belə gedə bilməzdi - sənaye baxımından çox sıx olan neft şəhəri bunun üçün çox darısqal idi. Nəhayət, geniş təhlildən sonra komissiya həmin məqsəd üçün Bakının şimalında - Sumqayıt dəmir yolu stansiyasının yaxınlığında yer ayrılmasına qərar verdi.

1945-ci ildə Sumqayıt Kimya Zavodu ilk məhsulunu buraxmış, 1946-cı ildə ağac emalı zavodu istifadəyə verilmişdir. Sumqayıt şəhərinin baş planının ilk dəfə 1945-ci ildə tərtib olunmasına baxmayaraq, bu plan işçi sənəd kimi yalnız 1954-cü ildə qəbul edilmişdir. Lakin şəhərdə sənaye kompleksinin sürətlə inkişaf etməsi Sumqayıta əlavə işçi qüvvəsinin cəlb olunmasına səbəb olmuş, nəticədə isə şəhərin perspektiv inkişafına yenidən baxılması zərurəti yaranmışdır. Layihə institutlarında gərgin müzakirələr nəticəsində kağız üzərindəki cizgilərdən başlanan Sumqayıt getdikcə boy atır və sənaye nəhənginə çevrilirdi. Gələn hər yeni gün bu şəhərə möhtəşəm zavod korpusu, gözəl məktəb binası və yaraşıqlı sosial obyektlər gətirirdi. Sumqayıt sürətlə böyüyür və öz simasını dəyişirdi. 1949-cu il noyabr ayının 22-də Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Sumqayıta respublika tabeliyində olan şəhər statusu verildi.

Bu tarixdən etibarən şəhərdə yeni müəssisələrin inşası daha geniş vüsət almağa başladı. 1952-ci ildə boru-porokat zavodu, böyük kimyanın flaqmanı sayılan sintezkauçuk zavodu, 1955-ci ildə alüminium zavodu işə salındı. Dünyanın onlarla ölkəsinə Sumqayıt nişanəsi ilə ixrac edilən borular öz keyfiyyəti ilə böyük şöhrət qazanmışdır. Zaqafqaziyada ən iri müəssisə olan Sumqayıt Superfosfat Zavodunun məhsulu o vaxtlar Sovet İttifaqının 6000 təsərrüfat ünvanına göndərilirdi. 1960-cı ildə tikintisinə başlanılan və 1966-cı ildə istifadəyə verilən kimya kombinatı həmin dövrdə Avropada ən iri neft-kimya müəssisəsi hesab olunurdu. 1963-cü ildə toxuculuq fabriki, 1964-cü ildə şüşə zavodu istifadəyə verilmiş, 1966-cı ildə aşqarlar zavodu və sintetik yuyucu tozlar sahəsi işə salınmışdır. 1967-ci ildə polimer tikinti materialları kombinatında respublikada ilk dəfə olaraq linoleum istehsalına başlanıldı. 1968-ci ildə fəaliyyətə başlayan tikinti materialları kombinatında isə quruculuq işlərinin geniş miqyas aldığı Sumqayıtda kərpic istehsal etmək imkanı yarandı.

İlk boru, ilk kauçuk, ilk superfosfat, ilk şüşə... Min bir əziyyətlə əldə olunan bu nailiyyətləri əmək insanları böyük intizarla gözləyir, hədsiz sevinc hissi ilə qarşılayırdılar. Bu gün biz özlərinin halal zəhməti ilə ən yüksək zirvələri fəth edə bilmiş Sumqayıtın əmək bahadırları - sosialist əməyi qəhrəmanlarından olan ilk metallurq qadın Zəminə Həsənova, inşaatçı Aslan Osmanov, adlı-sanlı poladəridən Murad Zeynalov, kimyaçılar Şəmşəd Pənahov, Dadaş Dadaşov, Ağaxan Ağayev, inşaatçı-mühəndis Məzahir Abdullayev, energetik Məşədi Əliyev, əlvan metal ustası Əsəd Məmmədəliyev, metallurq Tofiq Kərimov və bir çox digər zəhmət adamlarının adlarını dərin minnətdarlıq hissi ilə qeyd edirik.

Sumqayıtın bir şəhər kimi formalaşmasında ayrı-ayrı vaxtlarda rəhbər vəzifələrdə çalışmış Yəhya Məmmədov, Bəndəli Mirzəyev, Kamran Hüseynov, Nadir Balakişiyev, Sabit Abbasəliyev, Şənlik Əliyev, Zülfü Hacıyev, Kamal Axundov, Ələsgər Hüseynov və başqalarının böyük xidmətləri olmuşdur. Bu insanların təşəbbüsləri ilə həyata keçirilən irihəcmli işlər şəhərin inkişafına böyük töhfə vermişdir.

Ümummilli lider Heydər Əliyevin həm sovet dönəmində, həm də müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi dövr Sumqayıtın tarixinin ən parlaq səhifələrini təşkil edir. Ulu öndərin nəzər-diqqəti bu əmək şəhərindən heç vaxt əskik olmamışdır. Azərbaycanı sonsuz məhəbbətlə sevən dahi rəhbər ölkəmizin bütün bölgələrinin təmsil olunduğu Sumqayıta xüsusi rəğbətlə yanaşır, buranı "kiçik Azərbaycan", birlik və həmrəylik şəhəri adlandırırdı.

Sumqayıtın ölkəmizin ən iri şəhərlərindən biri kimi formalaşmasında Heydər Əliyevin rolu əvəzsizdir. Bu şəhər ulu öndər üçün olduqca doğma idi. Bu da təsadüfi deyildi, çünki Sumqayıtda az yer tapılar ki, orada Heydər Əliyevin izi olmasın. Ulu öndər respublikamıza rəhbərlik etdiyi dövr ərzində 16 dəfə Sumqayıtda olmuşdur. Şəhər əhalisinin güzəranını təmin etmək üçün yeni-yeni müəssisələrin işə salınması, yaşayış massivlərinin, məktəb və bağçaların, xəstəxana və mədəniyyət saraylarının inşa edilməsi üçün ulu öndər Heydər Əliyev əlindən gələni əsirgəmirdi. Ümummilli liderin şəhərə hər səfəri Sumqayıtın tarixində yeni əlamətdar səhifə açır, onun sakinlərlə, əmək kollektivləri ilə keçirdiyi görüşlər hər bir insanda zəngin təəssürat yaradır, yüksək əhvali-ruhiyyə bəxş edirdi. Sumqayıtın sadə zəhmət adamları, bu şəhəri qurub-yaradanlar insan əməyini daim uca tutan Heydər Əliyevi özlərinin himayədarı kimi qəbul edirdilər.

1970-ci ildən başlayaraq ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Sumqayıtda yeni istehsal obyektlərinin tikintisi geniş vüsət aldı. Bu dövrdə ağır sənaye müəssisələri ilə yanaşı, yüngül və maşınqayırma müəssisələri, çoxsaylı sosial obyektlər işə başlayıb. 1972-ci ildə kompressorlar zavodu məhsul istehsal etdi. Üst trikotaj və xovlu iplik fabriklərinin istifadəyə verilməsi sumqayıtlı qadınların istehsalatda ağır iş şəraitinə son qoydu. Heydər Əliyevin təşəbbüsü ilə Sumqayıtda bir çox kimya istehsalatları istifadəyə verilmişdir. Sintezkauçuk zavodunda illik gücü 15 min ton olan butilkauçuk sexi yaradılmış, superfosfat zavodunda Zaqafqaziyada ilk dəfə olaraq dənəvər superfosfat istehsalı mənimsənilmiş, üzvi sintez zavodunda 17 yeni istehsal sahəsi işə salınmış, çirkab suları təmizləyən qurğu tikilib istifadəyə verilmişdir.

Sumqayıtda metallurgiya sənayesinin inkişafı da dahi rəhbərin diqqətindən kənarda qalmamışdır. Sovet Azərbaycanına rəhbərliyi dövründə ulu öndər beş dəfə boru-prokat zavodunda olmuş, bu zavoda bir sıra keçmiş sovet rəhbərlərinin gəlişini təşkil etmiş, nəticədə boru-prokat zavodu inkişaf edərək nəhəng sənaye müəssisəsinə çevrilmişdir. Heydər Əliyevin göstərişinə əsasən insan sağlamlığı üçün zərərli olan 30-a yaxın istehsal sahəsinin istismarının dayandırılması şəhərdə mövcud olan ekoloji gərginliyin aradan qaldırılmasına xidmət etmişdir.

Ulu öndərin sumqayıtlılara qayğısının bariz nümunələrindən biri də şəhərdə dəmiryol vağzalının yaradılması idi. Heydər Əliyevin şəxsi təşəbbüsü ilə respublikanın paytaxtını İttifaqın müxtəlif şəhərləri ilə birləşdirən dəmir yolu xəttinin istiqaməti dəyişdirilərək Sumqayıtdan salındı və şəhərdə dəmir yolu vağzalı istifadəyə verildi. Beləliklə, Sumqayıt respublikanı şimal bölgələri ilə birləşdirən mühüm dəmiryol qovşağına çevrildi.

1969-1982-ci illərdə Sumqayıt şəhəri öz iqtisadi potensialına görə keçmiş SSRİ-də tanınmağa başladı. Bu şəhərdə istehsal olunan məhsullar Sovet İttifaqının 700-dən çox şəhərinə ixrac olunurdu. Ümummilli liderin şəxsi qətiyyəti və bilavasitə dəstəyi sayəsində kimya kompleksinin inkişafı üçün əsas xammal bazası olan EP-300 qurğusunun Sumqayıtda inşası barədə qərar qəbul edilmişdi. Məhz bu uzaqgörən siyasət nəticəsində 1980-ci illərin sonlarına doğru Sumqayıtın sənaye müəssisələri istehsal gücünü artırmış və bu dövrdə respublikanın sənaye istehsalında şəhərin sənaye müəssisələrinin payı 10-12 faizədək yüksəlmişdi.

Ulu öndərin təşəbbüsü ilə 2001-ci ildə Azərbaycan Sənaye İnstitutunun bazasında Sumqayıt Dövlət Universitetinin, Politexnik Texnikumunun bazasında isə Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialının yaradılması şəhər təhsilinin həyatında əlamətdar hadisəyə çevrildi.

Ümummilli lider Heydər Əliyevin Sumqayıta 3 aprel 2003-cü il tarixdə etdiyi sonuncu səfəri o ərəfədə yaranmış, şəhərə xarakterik olmayan qeyri-sağlam mühitlə bilavasitə bağlı olmuşdur. Həmin dövrdə şəhərdə ayrı-ayrı səlahiyyət sahibləri tərəfindən yol verilən xoşagəlməz tendensiyalar, şəxsi maraqları güdən çəkişmələr daim ictimai mənafeyin üstün tutulduğu Sumqayıtın ab-havasına olduqca mənfi təsir göstərirdi. Azərbaycanın taleyüklü məsələləri ilə bağlı çoxsaylı problemlərin həlli ilə məşğul olmasına baxmayaraq, Sumqayıtda baş verən bu prosesləri böyük həssaslıqla izləyən ulu öndər Heydər Əliyev növbəti dəfə şəhərə öz qayğısını göstərdi. Həmin tarixi gün onun şəhər ictimaiyyəti qarşısında ürək yanğısı ilə söylədiyi, geniş təhlilə əsaslanan çıxışı Sumqayıtın inkişafına yeni təkan vermiş, məzmun etibarilə Azərbaycanda yeni regional siyasətin əsasını qoymuşdu. Öz çıxışında vəzifəli şəxslər qarşısında sakinlərin problemlərinə diqqətlə yanaşmağı, abadlıq və quruculuq işlərini sürətləndirməyi, ictimai-mənəvi iqlimin saflaşdırılmasını tələb edən dahi rəhbər bununla yerli icra strukturlarına sərt ismarıc göndərdi. Məhz Heydər Əliyevin Sumqayıta etdiyi son səfəri vaxtı söylədiyi tarixi nitqi Azərbaycanın bütün bölgələrində səlahiyyətli şəxsləri öz vəzifələrinə daha məsuliyyətlə yanaşmağa, xalqın ağrı-acısına həssas münasibət göstərməyə sövq etdi.

Son illər ərzində Sumqayıtda aparılan irimiqyaslı quruculuq işləri, ictimai-mənəvi iqlimin sağlamlaşdırılması, sakinlərin narazılığına səbəb olan və uzun müddət həllini gözləyən problemlərin aradan qaldırılması istiqamətində görülən ardıcıl tədbirlər, bir sözlə, şəhərin durğunluq dövrünə son qoyulması ulu öndərin qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi sayəsində mümkün olmuşdur. Heydər Əliyevin Sumqayıta səfər etdiyi 3 aprel günü şəhər tarixinin yeni mərhələsinin istinad nöqtəsinə çevrilmişdir.

Bu gün şəhərin gündəlik həyatı və uzunmüddətli perspektiv inkişafı ilə bağlı elə bir problem yoxdur ki, dövlət başçısının diqqətindən kənarda qalsın. Sumqayıtın gələcəyi, onun sakinlərinin rahat və firavan yaşayışı naminə göstərilən bütün təşəbbüslər Prezident İlham Əliyevin dəstəyini tapır. Bu isə miqyasından asılı olmayaraq istənilən layihənin uğurla başa çatmasını təmin edən başlıca şərtdir.

Son 6 il ərzində şəhərdə 50-dən çox iri və orta istehsal müəssisəsi istifadəyə verilmiş, 40000-ə yaxın yeni iş yeri açılmışdır. 2003-cü illə müqayisədə Sumqayıtın ümumi məhsul və xidmətlər buraxılışının həcmi 3,7 dəfə artaraq 2,3 milyard manat təşkil etmişdir. Şəhər əhalisinin həyat səviyyəsini səciyyələndirən nominal aylıq əməkhaqqı 4 dəfədən çox, şəhərin sənaye sahəsində məhsul istehsalının həcmi 2,7 dəfə artmışdır. Şəhər üzrə ayrı-ayrı sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına qoyulmuş investisiyaların həcmi isə 1,4 milyard manat təşkil etmişdir.

İri diametrli şüşə lifli boru istehsalı üzrə yeni zavod - "Azkompozit" MMC Oğuzdan paytaxt Bakıya içməli su nəql edəcək, uzunluğu 260 km olan xəttin çəkilişini təmin edir. Şəhər əhalisinin və ətraf regionların un məmulatlarına olan tələbatını ödəməyə imkan yaradan "Bismak" müəssisəsi Avropanın ən yeni texnologiyasını tətbiq etməklə özünün biskvit və makaron məhsullarını ölkəmizdən kənara da ixrac edir. Ümummilli lider Heydər Əliyevin Sovet Azərbaycanına rəhbərlik etdiyi vaxtda onun təşəbbüsü ilə şəhər qadınlarının məşğulluğunu təmin etmək məqsədilə əsası qoyulan trikotaj və xovlu iplik fabrikləri hazırda yenidən qurulur.

2 saylı İstilik-Elektrik Mərkəzinin bazasında analoqu olmayan Sumqayıt Texnologiyalar parkı inşa edilir. Mis və alüminium ərintisi, müxtəlif diametrli elektrik naqillərin və güc kabellərinin istehsalı nəzərdə tutulmuş bu nəhəng müəssisədə aparılan tikinti-quraşdırma işlərinə 1000 nəfərdən çox işçi cəlb edilmişdir.

1800-dən çox müəssisənin və 10 minə yaxın fiziki şəxsin fəaliyyət göstərdiyi Sumqayıtda maliyyə-kredit sisteminin özəyi hesab olunan 27 bank filialı fəaliyyət göstərir. Böyük əksəriyyətinin son illər ərzində şəhərdə işə başladığı bu banklar müasir üslubda inşa edilmiş ofis binalarında yerləşir. Əmək haqları və pensiyalarını plastik kart vasitəsilə bankomatlardan alan şəhər sakinləri yeni texnologiyaların üstünlüyünü və rahatlığını öz həyatlarında aydın hiss edirlər.

Şəhərin artan imkanları nəticəsində enerjiyə olan tələbatı nəzərə alaraq inşa edilmiş 517 MVt gücündə Sumqayıt Elektrik Stansiyası regionda ən iri stansiya hesab olunur. Təməlqoyma mərasimində Prezident İlham Əliyevin iştirak etdiyi və Almaniyanın məşhur "Siemens" şirkətinin tikdiyi bu stansiya bir nəfər tərəfindən mərkəzi pult vasitəsilə idarə olunmasına imkan verən unikal texnologiyaya malikdir.

Sumqayıtın əsası qoyulandan indiyə kimi şəhərə xidmət edən ayrıca təmizləyici qurğunun olmaması ərazinin və Xəzər dənizinin ekoloji vəziyyətinə mənfi təsir göstərməyə bilməzdi. Hazırda inşası yekunlaşmaq üzrə olan çirkab suları təmizləyəcək qurğunun respublikamızda öz gücünə görə bənzəri yoxdur.

Həm təbii artım, həm də şəhərə pənah gətirmiş 70.000-ə yaxın qaçqın və məcburi köçkünün hesabına Sumqayıtın əhalisi artaraq 400.000 nəfərə yaxınlaşıb. Yaşayış fondunun real tələblərə uyğun olmaması ciddi problemlər yaradır, şəhərin perspektiv inkişafına mane olan faktora çevrilirdi. Son illərdə 30-dan çox yüksəkmərtəbəli özəl yaşayış binasının istifadəyə verilməsi inşaat sektorunun inkişafına təkan verməklə yanaşı, minlərlə kvadratmetr əlavə mənzil fondunun yaradılmasına şərait yaratmışdır. Şəhərsalma prinsipləri gözlənilməklə yüksək zövqlə tikilmiş bu binalar Sumqayıtın memarlıq görkəminə müasirlik gətirmişdir. Bununla yanaşı, sosial müdafiəyə ehtiyacı olan xüsusi kateqoriyalı ailələr üçün dövlət vəsaiti hesabına yeddi yaşayış binasının istifadəyə verilməsi yüzlərlə ailəyə sevinc payı bəxş etmişdir.

Sumqayıtda tikilən yeni məktəb binaları, tibb ocaqları, idman kompleksləri, inzibati obyektlər özünün həm xarici görünüşü, həm də daxili tərtibatı baxımından bir qayda olaraq ən müasir standartlara cavab verir. Şəhərin 47-ci məhəlləsində istifadəyə verilmiş möhtəşəm Paralimpiya idman kompleksi fiziki imkanları məhdud olan insanlara xidmət göstərən nadir mərkəzdir. Onlarla yeni özəl səhiyyə müəssisəsinin fəaliyyətə başlaması isə əhalinin keyfiyyətli tibbi xidmətlə təmin olunmasına şərait yaratmışdır.

Sumqayıt cəmiyyətin inkişafının aparıcı elementlərindən olan təhsil sahəsində ölkəmizdə qabaqcıl mövqeyə, formalaşmış ənənələrə malik bir şəhərdir. 2003-cü ildən etibarən təhsil sistemində aparılmış kompleks xarakterli ardıcıl tədbirlər - bütün məktəblərin istiliklə təchizatı, dam örtüklərinin təzələnməsi, yeni məktəb binaları və korpuslarının inşası, məktəblərin maddi-texniki bazasının gücləndirilməsi uzun illər ərzində xüsusi əhəmiyyətə malik bu sahədə yığılıb qalmış problemlərin həllinə şərait yaratmış, təhsilin məzmun və keyfiyyətinə müsbət təsir göstərmişdir. Hər il ali məktəblərə keçirilən qəbul imtahanlarında Sumqayıt məzunları ölkə üzrə ən yüksək nəticələr göstərir, respublika üzrə təşkil olunan müsabiqələrdə şəhəri təmsil edən orta ümumtəhsil müəssisələri və müəllimlər fəxri yerləri tuturlar. Əlamətdar haldır ki, təhsil sahəsində pilot layihələr bir qayda olaraq məhz Sumqayıtda sınaqdan keçirilərək ölkədə özünə həyata vəsiqə qazanır. Respublikamızda ilk dəfə Sumqayıtda 2003-cü ildən başlayaraq təşkil olunmuş yay düşərgələri indi şəhərin bütün məktəblərini əhatə edir.

Dövlət başçısı cənab İlham Əliyev tərəfindən informasiya və kommunikasiya texnologiyalarının qeyri-neft sektorunda prioritet sahə kimi müəyyən edilməsi şəhərin müxtəlif sahələrində qabaqcıl texnologiyaların tətbiqinə güclü təkan vermişdir. Azərbaycanda yerli icra hakimiyyətləri arasında ilk internet səhifə məhz Sumqayıtda açılmış, vətəndaşların şəhər rəhbərliyi ilə elektron poçt vasitəsilə ünsiyyəti təmin edilmişdir. İcra hakimiyyəti aparatında sənəd dövriyyəsinin avtomatlaşdırılması məqsədilə şəbəkə sistemi də ilk dəfə Sumqayıtda quraşdırılmışdır. Sumqayıtda təşkil olunan "Gənc informatiklər" müsabiqəsi respublika üzrə kompüter elmi sahəsində məktəblilərin öz bacarıqlarını nümayiş etdirdikləri nüfuzlu bilik yarışıdır. Yeni yaradılmış Sumqayıt İnformasiya Texnologiyaları Akademiyası bu sahədə biliklərin əldə edilməsinə, yeni layihələrin həyat üzü görməsinə xidmət göstərir.

Məlumdur ki, əsası qoyulan vaxtdan Sumqayıt kimyaçılar şəhəri, ölkəmizin iri sənaye mərkəzi kimi formalaşıb. Vaxtilə birtərəfli istiqamət alan bu inkişaf şəhərin digər həyat əhəmiyyətli sahələrini, xüsusilə də mədəni həyatı kölgədə qoymuşdur. Ümummilli lider Heydər Əliyevin Sumqayıta 3 aprel 2003-cü il tarixli səfəri vaxtı söylədiyi proqram xarakterli nitqində şəhərin mədəni mühitinin canlanması zərurəti barədə verdiyi tövsiyələr də məhz bu faktordan irəli gəlirdi. Son illər ərzində Sumqayıtın mədəni həyatında qazanılan nailiyyətlər bu baxımdan xüsusilə sevindiricidir. Bu müddət ərzində şəhərin mədəniyyət sarayları, musiqi məktəbləri, Mərkəzi kitabxanası, Rəsm qalereyasında aparılan əsaslı təmir işləri mədəniyyət müəssisələrinin fəaliyyətinin canlanmasına səbəb olmuş, keyfiyyətcə yeni mədəni proqramların təşkilinə imkan yaratmışdır. Fəaliyyətini yeni müstəvidə bərpa edən H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrı öz rəngarəng tamaşaları ilə nəinki şəhərdə, həm də beynəlxalq festivallarda uğurla çıxış edir. Dövlət Filarmoniyasının Q.Qarayev adına kamera orkestrinin Sumqayıtda mütəmadi xarakter almış çıxışlarına göstərilən isti münasibət sumqayıtlıların həm də klassik musiqiyə olan sevgisini nümayiş etdirir. Sevindiricidir ki, Sumqayıtda respublikamızın tanınmış incəsənət ustaları və musiqiçiləri ilə bərabər müxtəlif xarici ölkələri təmsil edən kollektivlərin çıxışları ənənə halını almışdır. İndi şəhərə təşrif buyuran xarici qonaqlar da, bir qayda olaraq, Sumqayıtda fərqli mədəni ab-havanın duyulduğunu, sakinlərin isə yüksək tamaşaçı zövqünə malik olduqlarını xüsusi qeyd edirlər.

Sumqayıt gənc şəhər olduğundan burada tarixi və mədəniyyət abidələrinin sayı o qədər də çox olmayıb. Son dövrdə şəhərimizdə tarixi şəxsiyyətlərin, mədəniyyət xadimlərinin şərəfinə abidələrin ucaldılması Sumqayıtın mədəni həyatının gözəl ənənəsinə çevrilmişdir. Ümummilli lider Heydər Əliyevin adını daşıyan prospektdə onun əzəmətli abidəsi ucaldılmış, mavi Xəzərə yaraşıq verən dənizkənarı mədəniyyət və istirahət parkında böyük mütəfəkkir Nəsiminin heykəli qoyulmuşdur. Yeni yaradılmış abad və gözəl meydanda dahi şair Nizami Gəncəvinin möhtəşəm abidəsi ucalmaqdadır. Böyük dramaturq Cəfər Cabbarlının abidəsi onun adını daşıyan küçədə qoyulmuş, burada sakinlər üçün yeni istirahət guşəsi yaradılmışdır. Sumqayıtın əsas rəmzlərindən biri olan "Sülh göyərçini" monumenti bərpa olunaraq bu yerdə gözəl fəvvarə kompleksi quraşdırılmış, sakinlərin istirahəti üçün hər cür şəraiti olan füsunkar meydan yaradılmışdır. Şəhərin giriş hissəsində yeni salınmış parkda "Tərəqqi" abidəsi, böyük dramaturq Cəlil Məmmədquluzadənin adını daşıyan küçədə onun büstü, Hacı Zeynalabdin qəsəbəsində şair Mikayıl Müşfiqin qorelyefi, torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə itkin düşmüş həmvətənlərimizin xatirə lövhəsi, Böyük Vətən müharibəsi iştirakçılarının əziz xatirəsinə ucaldılmış monument - bunların hamısı son illərdə yaradılmış yeni mədəniyyət guşələri kimi şəhər görkəminin ayrılmaz hissəsinə çevrilmişdir.

Sumqayıtın inkişafında əldə edilən uğurların miqyası şəhərin xarici əlaqələrində özünü əyani şəkildə göstərir. Bu gün Sumqayıt dünyanın 10 ölkəsinin 12 şəhəri ilə tərəfdaşlıq əlaqələri saxlayır. Şəhərin artan iqtisadi gücü Avropada ən yüksək inkişaf etmiş ölkələrin şəhərlərinin də Sumqayıta olan maraqlarını artırır. Son vaxtlar Sumqayıtın tərəfdaş şəhərləri sırasına İtaliyanın Bari, Avstriyanın Lints, Türkiyənin Ceyhan, Belarusun Mogilyov, Qazaxıstanın Aktau şəhərləri də qoşulmuşdur. Sumqayıtın Almaniyanın Lüdviqshafen, Ukraynanın Çerkassı, Gürcüstanın Rustavi şəhərləri ilə uzun müddət mövcud olan qardaşlıq əlaqələri daha da güclənmişdir. İstənilən xarici qonağı yüksək səviyyədə qarşılamağa qadir olan Sumqayıt bərabərhüquqlu və qaşılıqlı faydaya əsaslanan beynəlxalq əlaqələr qurmaqla həm respublikamızın zəngin nailiyyətlərini nümayiş etdirməyə, həm də geniş təcrübə mübadiləsi aparmağa imkan qazanır.

Yeniləşən Azərbaycanın müasir şəhəri olan Sumqayıt özünün 60 illik yubileyini qeyd edir. Dövlətimizin başçısı cənab İlham Əliyevin 24 aprel 2009-cu il tarixli sərəncamına əsasən şəhərin yubileyi ölkə üzrə geniş qeyd olunur. Öz qayğısını heç vaxt Sumqayıtdan əsirgəməyən cənab Prezidentin bu il oktyabrın 1-də şəhərlə bağlı imzaladığı növbəti sərəncam Sumqayıtda aparılan abadlıq və quruculuq işlərini sürətləndirmək, yubiley ilinə yüksək səviyyədə yekun vurmaq üçün əlavə imkanlar yaratmışdır. Bütün sumqayıtlılar bu sərəncamları böyük sevinc hissi ilə qarşılayaraq bunu dövlət başçısının şəhərə göstərdiyi yüksək qayğı və dəstəyinin əyani təzahürü kimi qəbul etmişlər.

Yubiley ili çoxsaylı rəngarəng tədbirlərlə, elmi-praktiki konfranslarla yaddaqalan olmuşdur. Respublikamızın yaradıcı kollektivləri ilə birgə keçirilən Sumqayıta həsr olunmuş rəsm, şeir, mahnı müsabiqələrində, konsert və sərgilərdə ölkəmizin tanınmış mədəniyyət xadimləri və incəsənət ustaları iştirak etmişlər. Sumqayıtın 60 illiyinə həsr olunmuş xüsusi poçt markasının buraxılması, Sumqayıtın bələdçi kitabının yeni nəşrinin işıq üzü görməsi, şəhər tarixini əks etdirən sənədli filmin hazırlanması yubiley ilinə mühüm töhfələrdən olmuşdur.

Şəhərin ictimai həyatında daim öz fəallığı ilə seçilən yaşlı nəslin nümayəndələri üçün yeni Ağsaqqallar evi inşa edilmişdir. İkimərtəbəli inzibati binadan və geniş iclas zalından ibarət olan Ağsaqqallar evi yubiley ilində şəhərin yaşlı sakinləri üçün ən gözəl hədiyyədir.

Bərpası başa çatdırılmış Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzi ölkəmizdə elan olunmuş Uşaq ilində şəhərin azyaşlı sakinlərinə dəyərli hədiyyə olacaqdır. Əsaslı təmiri yekunlaşdırılan Sumqayıt Tarixi Muzeyi yaxın müddətdə öz qapılarını sakinlərin və şəhərə gələn qonaqların üzünə açacaqdır. Öz ölçülərinə görə müasir olimpiya mərkəzlərindən geri qalmayan 1 saylı Uşaq-Gənclər İdman məktəbi və şəhərin Şahmat-dama məktəbində əsaslı yenidənqurma işlərinin aparılması, yeni Olimpiya kompleksinin inşasının davam etdirilməsi daim özünün zəngin idman ənənələri ilə seçilən Sumqayıtın gələcək uğurlarına əminlik yaradır.

Yubiley ərəfəsində Sumqayıt daha bir əlamətdar hadisəni yaşadı - şəhərin mərkəzində dahi bəstəkar Üzeyir Hacıbəyovun abidəsinin təntənəli təməlqoyma mərasimi keçirildi. Doğma şəhərin yubileyinə hazırlaşan sumqayıtlılar sanki bununla özlərinin bayram ovqatına Üzeyir dünyasının sehrli musiqisini qatmış olurlar.

Bu yubiley günlərində Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə bir qrup sumqayıtlı fəxri adlarla, orden və medallarla təltif edildi. Belə bir diqqət şəhər əhalisinin böyük sevincinə, dövlətə olan inamının artmasına səbəb oldu. Ölkə başçısının Sumqayıtı qurub-yaradanların əməyinə verdiyi yüksək qiymət hər bir şəhər sakininin ürəyincədir.

Sumqayıt haqqında qədim əfsanə insanları quru səhrada susuzluqdan xilas edərkən qəhrəmancasına həyatını qurban vermiş Sum adlı gəncin ölməz şücaətindən bəhs edir. Sumqayıtın ilk qurucuları da sanki bu əfsanədən ilham alaraq misli-bərabəri görünməmiş bir hünər nümunəsi yaratmışlar. Biz şəhərin 60 illik tarixinə yekun vuraraq gələcəyə böyük inam bəsləyirik, çünki Sumqayıt qurucularının xoş ənənələri bu gün də yaşanır. Sumqayıt bu gün də yaşıllaşır, böyüyür, yeniləşir və daha da füsunkar görkəm alır. Sumqayıtda ilk qurucuların əmək şücaəti estafetini qəbul edə biləcək yeni layiqli nəsil formalaşıb. Bu gənclər şəhərin gələcəyi naminə bütün çətinliklərə sinə gərməyə hazırdırlar.

Sumqayıt şanlı tarixini davam etdirir.

 

 

Vaqif ƏLİYEV,

Sumqayıt Şəhər İcra

Hakimiyyətinin başçısı

 

Azərbaycan.- 2009.- 18 noyabr.- S. 3.