BTC-yə yol açan saziş

 

1999-cu il noyabrın 18-də ATƏT-in İstanbul zirvə toplantısında 5 ölkənin dövlət başçılarının imzaladığı sənəd üçüncü minilliyin nəhəng mühəndis qurğusunu yaradacaq bir layihə üçün "yaşıl işıq" yandırdı.

Bu, "Xam neftin Azərbaycan Respublikası, Gürcüstan Respublikası və Türkiyə Cümhuriyyəti əraziləri ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə nəql edilməsinə dair" saziş idi. Sənədi Azərbaycan, Türkiyə, Gürcüstan, ABŞ və Qazaxıstan prezidentləri imzaladılar. BTC-nin tikintisinə yol açan bu saziş "Əsrin müqaviləsi"ndən sonra Azərbaycan üçün mühüm tarixi əhəmiyyət kəsb edən ikinci sənəd idi.

Əslində, BTC kəmərinin çəkilməsi zərurəti elə "Əsrin müqaviləsi"nin real nəticələrindən irəli gəlirdi. O zaman artıq iki il idi ki, "Çıraq" yatağından neft alınırdı. Yaxın illərdə isə növbəti yataqlardan da hasilata başlanacağı və "Azəri-Çıraq-Günəşli" layihəsinin gündə 1 milyon barel neft verəcəyi yəqin idi. Mövcud ixrac marşrutları bunun üçün kifayət deyildi. Odur ki, yeni, qlobal bir layihənin işlənməsi zərurəti yaranmışdı.

BTC ümummilli lider Heydər Əliyevin əsəridir. Dünya səviyyəli bu layihəni Heydər Əliyev dühası yaratdı və onun gerçəkləşməsi ulu öndərin beynəlxalq aləmdəki siyasi nüfuzu sayəsində mümkün oldu. BTC tikildi və istismara verildi. Bu faktın özü layihənin puç olması üçün neçə illər dalbadal canfəşanlıq edənlərin tutarlı cavabı idi.

Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan kəmərinin Azərbaycan neftini dünya bazarlarına nəql etməyə başlamasından 4 il 6 ay keçir. Boru xətti indiyədək, demək olar ki, fasiləsiz işləyib. Bu dövr ərzində BTC-yə 100,8 milyon ton neft vurulub. Hazırda kəmər "Azəri-Çıraq-Günəşli" neftindən əlavə, həm də "Şahdəniz" yatağından çıxarılan kondensatı və müəyyən həcmdə Qazaxıstandan daxil olan karbohidrogenləri ixrac edir. Bu ilin 10 ayında BTC ilə ümumilikdə 30,5 milyon ton neft ötürülüb. Keçən ay kəmərlə 187,3 min ton Qazaxıstan nefti nəql olunub.

Bu günlərdə əfsanəvi Neft Daşlarının 60 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi: "Biz böyük nailiyyətlərə nail olmuşuq. Biz ölkəmizi gücləndirmişik. Neft-qaz potensialımızı böyük dərəcədə artıra bilmişik. Bu il Azərbaycanda 50 milyon ton neft hasil ediləcəkdir. Bu, rekord göstəricidir və biz çalışmalıyıq ki, bu müsbət dinamika və bu hasilatın davamı təmin edilsin".

Məhz hasilatın getdikcə artması nəzərə alınaraq BTC-nin gündəlik ötürücülük gücü layihələşdirildiyi 1 milyon bareldən 1,2 milyon barelə çatdırılıb. Hələlik kəmər bu qədər neft nəql etməsə də, yaxın gələcəkdə həmin həddə çatacaq.

Bu gün BTC bütün regiona xeyir-bərəkət gətirən bir kəmər kimi ona bəslənən ümidləri layiqincə doğruldur.

 

 

Azərbaycan.- 2009.-  18 noyabr.- S. 4.