Şəhid Elgün İsmayılovun xatirəsinə həsr olunan yaradıcılıq müsabiqəsinin qalibləri müəyyən edildi

 

Dünən "Azərbaycan" qəzeti redaksiyasında Qarabağ uğrunda döyüşlərdə şəhid olmuş Elgün Dağbəyi oğlu İsmayılovun xatirəsinə həsr olunan və artıq ənənəvi xarakter daşıyan növbəti yaradıcılıq müsabiqəsinin nəticələri elan olunmuşdur. Tədbir iştirakçıları əvvəlcə ikinci Fəxri xiyabana toplaşaraq şəhidlik zirvəsinə ucalmış Elgünün məzarı üzərinə gül dəstələri düzmüş, mərhumun ruhuna dualar oxumuşlar.

1974-cü ildə Bakı şəhərində anadan olan Elgün İsmayılov 3 saylı orta məktəbi, Bakı Politexnik Texnikumunu bitirmişdi. 1992-ci ildə Azərbaycan Texniki Universitetinə qəbul olunmuşdu. O, Milli Məclisin orqanı "Azərbaycan" qəzetində işləyirdi. 1993-cü ildə həqiqi hərbi xidmətə çağırıldı, həmin ilin oktyabrında 172 saylı hərbi briqadanın tərkibində cəbhə bölgəsinə - Füzuli rayonuna göndərildi. Horadiz qəsəbəsinin düşməndən azad edilməsi uğrunda döyüşlərdə göstərdiyi şücaətə görə Elgün İsmayılov komandanlıq tərəfindən mükafatlandırıldı. 1994-cü ilin yanvarında 172 saylı hərbi briqada Kəlbəcər bölgəsinə, Murov dağına göndərilir. Döyüşçü dostları Elgünü bacarıqlı və təcrübəli əsgər kimi tanıyırdılar. Komandanlığın onun barəsində verdiyi arayışda göstərilir ki, Elgün İsmayılov mürəkkəb relyefə malik Murov dağında bölüyün keçirdiyi 20 əməliyyatdan 16-da iştirak etmişdir. 1994-cü il aprelin axırlarında keçirilmiş hərbi əməliyyata görə Elgün İsmayılov komandanlığın fəxri fərmanına layiq görülmüşdü. 1994-cü il mayın 25-dən 26-na keçən gecə Murovun Ömər yüksəkliyində düşmən arxasına keçərək vacib məlumatları gətirməyə gedən 4 nəfərlik kəşfiyyat dəstəsinin tərkibində Elgün İsmayılov da olmuş və burada düşmən hücumuna məruz qalaraq qızğın döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.

Şəhid Elgün İsmayılov vaxtı ilə əməkdaşı olduğu "Azərbaycan" qəzetinin redaksiyasında ehtiramla yad edilir, eyni zamanda artıq 7-ci ildir ki, onun xatirəsinə həsr edilmiş yaradıcılıq müsabiqəsinin nəticələri açıqlanır.

"Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov redaksiyada keçirilən tədbir zamanı bildirdi ki, şəhidlərimizin hər biri Azərbaycan xalqı üçün əzizdir və şəhidlərin xatirəsi daim uca tutulur. Qarabağ döyüşlərində qəhrəmancasına şəhid olmuş Elgün İsmayılovun anadan olduğu tarix onu tanıyanların hər biri üçün əzizdir. Bu gün "Azərbaycan" qəzeti redaksiyasında hörmət və məhəbbətlə qeyd olunur, eyni zamanda Elgünün xatirəsinə həsr olunmuş yaradıcılıq müsabiqəsinin nəticələri açıqlanır. Bu mükafat həm də qəzet əməkdaşlarını vətənpərvərlik ruhunda, torpağa sədaqət mövzusunda yazmağa ruhlandırır. "Azərbaycan" qəzeti öz səhifələrində belə yazıların mütəmadi işıq üzü görməsini vacib sayır.

Builki müsabiqəyə təqdim olunmuş məqalələr sırasından 3 nəfər qəzet əməkdaşı qalib çıxmışdır. Münsiflər heyətinin rəyinə əsasən, "Azərbaycan" qəzeti redaksiyasının Dövlət quruculuğu şöbəsinin redaktoru Xalid Niyazov "Yaşamaq istəyirəm, ata", Humanitar siyasət şöbəsinin redaktoru İradə Əliyeva "Yarımçıq ailələrdə övlad tərbiyəsi", Xalqla əlaqə şöbəsinin redaktoru Bahadur İmanquliyev "Kilsə şamı" yazılarına görə fəxri diplom və pul mükafatları ilə təltif olundular.

Baş redaktor Bəxtiyar Sadıqov qalibləri təbrik edərək onların bundan sonra da vətənpərvərlik ruhunda sanballı məqalələr hazırlayacağına inandığını bildirdi, bütün yaradıcı əməkdaşlara bu məsuliyyətli müsabiqədə iştirak etməyi tövsiyə etdi.

Tədbirdə çıxış edən əməkdar jurnalist Dağbəyi İsmayılov oğlu Elgünün xatirəsinin əziz tutulduğuna və belə bir ənənəvi müsabiqənin təşkilinə görə qəzet redaksiyasının kollektivinə minnətdarlığını ifadə etdi. Sonda şəhid atası da xüsusi vurğuladı ki, gənclərin hərbi vətənpərvərlik tərbiyəsi nöqteyi-nəzərindən vacib olan belə tədbirlər bundan sonra da davam etdirilməlidir.

 

 

Azərbaycan.- 2009.-  18 noyabr.- S. 4.