Koreya Respublikasının EBS telekanalı Azərbaycan haqqında film çəkmişdir

 

Azərbaycanın Koreya Respublikasındakı səfirliyinin dəstəyi ilə bu ölkənin aparıcı EBS telekanalının çəkiliş qrupu cari il sentyabrın 25-dən oktyabrın 15-dək Azərbaycanda olmuşdur.

Səfirlikdən bildirmişlər ki, qrup Azərbaycan xalqı, ölkəmizin mədəniyyəti, tarixi abidələri və turizm yerləri haqqında dörd hissədən ibarət film çəkmişdir.

"Qafqaz xalqları" adlanan birinci hissədə Qara dəniz və Xəzər dənizinin ortasında yerləşən Azərbaycanın şimal ərazilərində məskunlaşmış milli azlıqlardan bəhs edilir, Quba və ölkəmizin ən yüksək yaşayış məskəni Xınalıq Koreya tamaşaçılarına təqdim olunur. Filmdə Azərbaycanda müxtəlif dinlərə məxsus azlıqların uzun əsrlər boyu yüksək tolerantlıq şəraitində yaşadıqları vurğulanmışdır.

"İpək yolunun şanlı irsi" adlanan filmin ikinci hissəsində qədim İpək Yolunun mərkəzi şəhərləri olmuş Lahıc və Şəkidən reportajlar hazırlanmış, Azərbaycanın qədim misgərlik və digər sənətkarlıq nümunələrindən söhbət açılmışdır.

"Bakının sönməyən alovu" adlanan üçüncü hissədə dünyada neftin ilk dəfə tapıldığı ölkəmizdə yerləşən Yanardağ və Atəşgah abidələri ziyarət edilərək zərdüştlüyün vətəninin İran və ya Hindistan deyil, məhz Azərbaycan olması diqqətə çatdırılmışdır. Daha sonra Bakıda Şəhidlər xiyabanı və şəhidlərin ruhuna ucaldılmış məqbərədəki daimi alov nümayiş etdirilərək, Dağlıq Qarabağ da daxil olmaqla, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edildiyi, bu münaqişədə ölkəmizin çoxlu şəhid verdiyi, eləcə də bir milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkün düşdüyü barədə məlumat verilmişdir.

"Tarixin o tayındakı torpaq" adlanan dördüncü hissədə daş dövrünün abidəsi olan Qobustandakı qaya rəsmləri və dünyanın təbii möcüzələrindən olan palçıq vulkanları barədə məlumat Koreya tamaşaçılarına təqdim olunmuşdur. Xəzər dənizinin sahilində yerləşən Lənkəran və uzunömürlülərin yaşayış məskəni kimi məşhur olan Lerikə də ekskursiya edilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 18  noyabr.- S. 5.