Naxçıvan Dövlət
Universitetinin tələbələri
Qarsda "Arşın
mal alan" operettasını göstərmişlər
Naxçıvan Dövlət Universitetinin teatr truppası Türkiyənin Qars şəhərindəki Qafqaz Universitetində dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasını təqdim etmişdir.
Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli, Qafqaz Universitetinin rektoru, professor Abamüslüm Güvən, ölkəmizin Qarsdakı baş konsulluğunun əməkdaşları tamaşanı izləmişlər.
Tamaşadan sonra səhnəyə çıxan Naxçıvan Dövlət Universitetinin rektoru İsa Həbibbəyli ulu öndər Heydər Əliyevin Türkiyə və Azərbaycanın "bir millət, iki dövlət" kəlamını xatırladaraq, dünyada azərbaycanlılar üçün Türkiyə qədər əziz bir ölkə olmadığını, iki ölkə insanının bir ananın iki oğlu, bir ağacın iki qolu olduğunu söyləmişdir. Əlavə etmişdir ki, Atatürkün zəfərindən sonra 1921-ci ildə məhz Qarsda imzalanmış müqavilə Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanın taleyində həlledici rol oynamışdır.
Qafqaz Universitetinin rektoru Abamüslüm Güvən isə Mustafa Kamal Atatürkün "Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir" kəlamının bütün zamanlar üçün aktual olduğunu demişdir.
Rektorlar bir-birinə xatirə hədiyyələri təqdim etmiş, iki ali təhsil ocağı arasında əməkdaşlığın bundan sonra da möhkəmlənəcəyini söyləmişlər.
Oqtay BAYRAMOV,
AzərTAc-ın xüsusi müxbiri
Ankara
Azərbaycan.- 2009.- 21 noyabr.- S. 12.