Azərbaycan qadınının bütün sahələrdə rolu böyükdür

 

YUNESKO ilə Azərbaycan arasında sıx əlaqələr vardır. Ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bu nüfuzlu quruma xoşməramlı səfir seçildikdən sonra bu əlaqələr daha da inkişaf etmiş, YUNESKO ilə Azərbaycanın birgə həyata keçirdikləri layihələrin sayı artmış və təşkilatda respublikamızla bağlı tədbirlərin təşkili intensiv hal almışdır. Noyabrın 17-də YUNESKO-da keçirilmiş "Azərbaycan günü" bu əlaqələrin bariz nümunəsidir.

Azərbaycanın Baş nazirinin müavini, xalq yazıçısı Elçin Əfəndiyevin rəhbərlik etdiyi geniş tərkibdə Azərbaycan nümayəndə heyəti ölkəmizlə bağlı tədbirdə iştirak etmək üçün Parisə gəlmişdir. Nümayəndə heyətinə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, xarici işlər nazirinin müavini, Diplomatik Akademiyanın rektoru Hafiz Paşayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Milli Elmlər Akademiyasının vitse- prezidenti Akif Əlizadə, tanınmış elm və mədəniyyət xadimləri daxildir.

Tədbir Azərbaycan diplomatiyasının 90 illiyinə həsr olunmuş "Azərbaycan qadını: dünən, bu gün və sabah" adlı konfransla başlamışdır.

Konfransı Azərbaycanın YUNESKO yanındakı daimi nümayəndəliyinin rəhbəri səfir Eleonora Hüseynova açaraq "Azərbaycan günü" ilə bağlı görüləcək işləri sadalamış, belə bir günün YUNESKO-da keçirilməsinin mühüm hadisə olduğunu vurğulamışdır.

Nümayəndə heyətinin rəhbəri, Baş nazirin müavini Elçin Əfəndiyev demişdir: Mən azərbaycanlı kimi, Azərbaycan vətəndaşı və yazıçısı, nəhayət, Azərbaycan hökumətinin nümayəndəsi kimi, bugünkü sevincimi, daxili fəxarət hissimi sizinlə bölüşmək istəyirəm. YUNESKO-da "Azərbaycan günü"nün keçirilməsi ölkəmiz üçün tarixi hadisədir.

Azərbaycan YUNESKO ilə sıx əlaqə saxlayan ölkələrdən biri, bəlkə də birincisidir. Azərbaycan xalqının böyük abidəsi olan "Kitabi-Dədə Qorqud"un 1300 illiyi, dahi Füzulinin 500 illiyi, "Leyli və Məcnun" operasının, görkəmli alim Yusif Məmmədəliyevin, gözəl insan və tanınmış yazıçı, ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin 100 illiklərini burada qeyd etmişik.

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra mədəniyyət sahəsi ölkədə ən prioritet sahələrdən biri olmuşdur. Ulu öndərimiz Heydər Əliyev Azərbaycanın dünya birliyinə inteqrasiya prosesində mədəniyyət məsələlərinə xüsusi önəm verirdi. Bu siyasət bu gün də davam edir. Ölkəmizlə bağlı bu tədbirlər Prezident İlham Əliyevin xüsusi sərəncamları əsasında keçirilir. YUNESKO ilə Azərbaycan arasında əlaqələrin, münasibətlərin bu dərəcədə sıx, bu dərəcədə effektli təşkil olunmasında və inkişaf etməsində respublikamızın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xüsusi rolu vardır.

Baş nazirin müavini konfransın Azərbaycan diplomatiyasının 90 illiyinə həsr olunduğunu xatırlatmış, diplomatiyamızın qədim dövrlərə təsadüf etdiyini, 1500-cü ildə Səfəvilərin hökmdarlığı illərində Avropanın bir çox ölkələrinin, o cümlədən Fransanın Azərbaycanla diplomatik əlaqələr yaratdıqlarını, Roma Papası ilə əlaqə saxlandığını və bunlara dair sənədlərin Fransa muzeylərində mühafizə edildiyini diqqətə çatdırmışdır.

Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev Azərbaycan diplomatiyası tarixinin 1918-ci ildə Şərqdə ilk demokratik hakimiyyət qurmuş Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı vaxta təsadüf etdiyini, bu dövlətin cəmi 23 ay yaşadığını, qısa bir vaxtda fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan diplomatiyasının yaranmasında xüsusi rola malik olduğunu bildirmişdir. Tarixi köklərə malik olan Azərbaycan diplomatiyası bu gün beynəlxalq sahədə uğurla fəaliyyət göstərir. 1992-ci ildən etibarən ölkəmiz dünyanın bir çox beynəlxalq təşkilatları, o cümlədən YUNESKO ilə əməkdaşlığa başlamış və bu qurumun tamhüquqlu üzvu olmuşdur. Azərbaycan bu gün YUNESKO ilə sıx əməkdaşlıq edir. Sevindirici haldır ki, Azərbaycan YUNESKO-nun elm, təhsil və mədəniyyət kimi sahələrində xüsusi fəallıq göstərir.

Azərbaycanda diplomatik xidmət sürətlə inkişaf edir. Əgər 2003-cü ildə Azərbaycanın xarici ölkələrdə 26 diplomatik nümayəndəliyi vardısa, bu gün onların sayı 65-ə çatmışdır. Bura səfirliklər və beynəlxalq təşkilatlardakı nümayəndəliklər daxildir. Onlar beynəlxalq həyatda fəal iştirak edirlər.

YUNESKO baş direktorunun müavini Hans d'Orvill YUNESKO-da "Azərbaycan günü"nün keçirilməsini qurumla Azərbaycan arasında sıx əlaqələrin olmasına dəlalət etdiyini diqqətə çatdırmış, Azərbaycanda mədəni irsin və qeyri-maddi mədəni irsin qorunmasında, mədəniyyətin inkişafında Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xidmətlərini yüksək qiymətləndirmiş, qadın və kişi bərabərliyinin təşkilatın ən mühüm prioritetlərindən biri olduğunu, Azərbaycanda bu məsələnin müvəffəqiyyətlə həyata keçirildiyini bildirmişdir.

Azərbaycan qadınının dünənki, bugünkü və sabahkı fəaliyyətinə toxunan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova hələ XV əsrdə Sara xatunun bir azərbaycanlı qadın diplomat kimi danışıqlarda iştirak etdiyini, Xll və XlX əsrlərin məşhur qadın şairlərinin yaşadıqları dövrün ağır şəraitinə baxmayaraq, ölməz əsərlər yaratdıqlarını, bu qadınların timsalı Avropada Şərq qadını barədə formalaşmış yanlış fikirlərin çürüklüyünü üzə çıxarmış, onların mövhumatın əsirinə çevrilmələri barədəki faktı alt-üst etdiyini bildirmişdir. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra ölkədə qadın hərəkatı geniş vüsət almışdır. Nəinki Şərq aləmində, habelə dünyada belə ilk dəfə Azərbaycan qadınına seçmək və seçilmək hüququ verilmişdir. Hətta bu gün inkişaf etmiş Avropa ölkələrinin əksəriyyətində bu məsələ çox sonralar öz həllini tapmışdır.

Fransız oxucularının yaxşı tanıdığı azərbaycanlı qadın yazıçı Ümbülbanu Əsədullayeva Avropada məşhur olmuşdur.

Sovetlər birliyi dövründə cinslər arasında fərq götürülsə də, qadınların ölkənin ictimai-siyasi həyatında iştirakına müəyyən məhdudiyyətlər qoyulmuşdur. Rejimin çətinliklərinə baxmayaraq, bir çox qadınlar müxtəlif sahələrdə yüksək vəzifələr tuta bilmişlər. Onların arasında görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Zərifə xanımın oftalmologiya sahəsində əldə etdiyi uğurlar nəinki Azərbaycanda, habelə onun hüdudlarından kənarda məşhur olmuşdur. Aida İmanquliyeva Azərbaycan şərqşünaslıq elminin yeni bir istiqamətinin əsasını qoymuşdur. Onun əsərləri bütün ərəb dünyasında yaxşı tanınmışdır.

Azərbaycan ailələrində xeyirxahlıq təcəssümü hesab edilən qadına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində aman verilmədi. Münaqişə nəticəsində minlərlə azərbaycanlı qadın qaçqın və məcburi köçkünə çevrilmişdir.

Müstəqilliyini bərpa etmiş Azərbaycanda indi elə bir sahə yoxdur ki, orada qadın fəaliyyət göstərməsin. Elm, təhsil, mədəniyyət sahələri ilə bərabər digər sahələrdə də minlərlə qadın çalışır. Onların əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan Prezidenti İlham Əliyevin apardığı balanslaşdırılmış siyasət nəticəsində bu gün ölkəmiz qüdrətli dövlətə çevrilmişdir. Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva zəngin mədəniyyətimizin dünyada tanınmasında böyük əmək sərf edir. Konstitusiya Məhkəməsində və Ali Məhkəmədə qadınların iştirakı getdikcə artır. Milli Məclisin üç müavinindən biri, daimi komitələrdən birinin sədri qadındır. 125 deputatdan 14-ü qadındır. 15 qadın akademik adına layiq görülmüşdür. Elmi dərəcə almış iki min qadın xalq təsərrüfatının müxtəlif sahələrində çalışır, 3 qadın universitet rektorudur. Bütün bunlar Azərbaycan qadınının ölkənin ictimai-siyasi həyatında mühüm rola malik olmasını əks etdirir.

2006-cı ildə ölkəmizdə gender bərabərliyi barədə qanun qəbul edilmişdir. Bu, azərbaycanlı qadınların bütün sahələrdə fəaliyyətinə geniş yollar açır.

Fransa Strateji və Diplomatik Araşdırmalar Mərkəzinin fəxri sədri, beynəlxalq məsləhətçi Jan-İv Şevalye, "Yol" jurnalının redaktoru, sənətşünas alim Lalə Kazımova, arxeologiya elmləri doktoru xanım Bertiy Lionnet, filologiya elmləri doktoru, Beynəlxalq Diplomatiya Akademiyasının müəllimi Şirin Melikof və AMEA-nın müxbir üzvü, kimyaçı alim, institut direktoru Elmira Ramazanova Azərbaycan qadınının ədəbiyyat və diplomatiya, incəsənət və elm sahələrindəki fəaliyyətlərindən, Şərqdə və Avropada ilk dəfə olaraq 1918-ci ildə azərbaycanlı qadınlara seçmək və seçilmək hüququnun verilməsindən bəhs etmişlər.

Konfrans zamanı Azərbaycan qadınının fəaliyyətindən, mədəni həyatdakı rolundan bəhs edən slaydlar nümayiş etdirilmişdir.

Konfransda YUNESKO-nun rəsmiləri, Azərbaycanın Fransadakı səfiri Tarik Əliyev, müxtəlif ölkələrin səfirləri, akkreditə olunmuş diplomatik korpusun əməkdaşları, Fransa ictimaiyyətinin nümayəndələri, diasporumuzun təmsilçiləri, tələbələrimiz iştirak etmişlər.

 

 

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Paris

 

Azərbaycan.- 2009.- 18 noyabr.- S. 6.