Tolerant məkan
İslam dünyasının bir parçasına çevrilən Azərbaycan öz dini və milli ənənələrinə sadiq olduğunu dəfələrlə təsdiqləyib. Təkcə 2009-cu ildə Azərbaycanın paytaxtı Bakıda keçirilən beynəlxalq tədbirlərin çoxluğu bunu sübuta yetirdi. Respublikamızda hökm sürən tolerantlıq mühiti bizim böyük tarixi nailiyyətimizdir. Dövlətimizin dəstəyi nəticəsində Azərbaycan xalqı bu ənənələri davam etdirərək müxtəlif dinlər, mədəniyyətlər arasında qarşılıqlı anlaşmanın yaranmasına, ünsiyyətin qurulmasına daim diqqət yetirir. Bu səbəbdən də müxtəlif xalqların bir-birinə yaxınlaşmasında mədəniyyətlərin qarşılıqlı təsiri böyük rol oynayır. Azərbaycan özünün maddi və qeyri-maddi mədəni irsinin qorunması və təbliğinə dair beynəlxalq miqyaslı bir çox layihələri uğurla həyata keçirir. Lakin 20 ildən artıq davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində erməni silahlı birləşmələri tərəfindən işğala məruz qalmış torpaqlarımızda qədim mədəniyyətə aid bütün nümunələr, o cümlədən dini məbədlər, məscidlər və tarixi abidələr dağıdıldı. Məruz qaldığımız bu təcavüzlə əlaqədar daim İslam Konfransı Təşkilatına üzv dövlətlər tərəfindən Azərbaycanın haqlı mövqeyinin dəstəklənməsi ölkəmizdə həmişə təqdirlə qarşılanır.
1991-ci ildə dövlət müstəqilliyini qazanan Azərbaycan yeni inkişaf yoluna çıxdı. Xalqın təkidli tələbi ilə unudulmaz Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan ağ günlərini yaşadı. İlk növbədə sabitlik yarandı. Bunun da nəticəsində Bakı beynəlxalq tədbirlərin, görüşlərin, mərasimlərin mərkəzinə çevrildi. 2009-cu il Bakının İslam mədəniyyətinin paytaxtı elan edilməsi müxtəlif sivilizasiyaların qovşağında yerləşən ölkəmizin zəngin tarixinə və mədəniyyətinə verilən ən yüksək qiymətdir. Təkcə bir il ərzində gerçəkləşən tədbirlər mədəni əlaqələrimizin inkişafına çox layiqli töhfələr verdi. Bu, bir daha Azərbaycanın islam mədəniyyətinin formalaşmasında tutduğu mövqeyi bütün dünyaya bəyan etdi.
Bu ilin oktyabrında Bakıda İslam Konfransı Təşkilatına üzv Dövlətlərin Mədəniyyət Nazirlərinin VI konfransı keçirildi. Bu beynəlxalq tədbirdə məhz islam dünyası mədəniyyətinin aktual məsələlərinə dair daha ətraflı müzakirələr aparıldı, ölkələrimiz və xalqlarımız arasında qarşılıqlı mədəni əməkdaşlığın yeni inkişaf yolları müəyyənləşdirildi. Konfransda müxtəlif sivilizasiyalar arasında dialoqun təşviqini nəzərdə tutan "Bakı prosesi"nin əsası qoyuldu. Bu beynəlxalq tədbirlərdə həm də islam dünyası ilə yanaşı, Avropa dövlətlərinin nümayəndələri və Azərbaycandakı səfirlikləri təmsil olundular. "Dialoqlar mədəni müxtəlifliyin təşviqi" mövzusunda keçirilən "dəyirmi masa"da konfrans iştirakçıları "Dialoq paytaxtı" ideyası haqqında müzakirələr apardılar. Bizim üçün fərəhli və qürur doğuran bir qiymətdir ki, İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri qətiyyətlə bildirdi ki, Bakı artıq "Dialoq paytaxtı"dır. Bu inam boş yerdən yaranmayıb. Azərbaycan həmişə mədəniyyətlərarası dialoq, turizm, incəsənət, mədəni irs və digər istiqamətlərdə regional və beynəlxalq layihələrin həyata keçirilməsinin təşəbbüskarı kimi çıxış edir. Bu sahədə bir sıra problemlərin həllində də Azərbaycan önəmli nümunə göstərir.
İSESKO-nun dəstəyi ilə Bakı İslam mədəniyyətinin paytaxtı elan olunduqdan sonra il boyunca bu mərasim müxtəlif tədbirlərlə qeyd olunur. Mədəniyyət ilinin proqramına 10-dan artıq milli və beynəlxalq miqyaslı tədbir daxil edilib. Tədbirlər sırasında Azərbaycan Prezidenti İlham Əliyevin və İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycrinin iştirakı ilə keçirilən Mədəniyyət ilinin açılış mərasimi, Beynəlxalq muğam festivalı, Azərbaycanda Mərakeş Krallığının, Qətər Dövlətinin, İordaniyanın mədəniyyət günləri, Şərq-Qərb Beynəlxalq kino festivalı, Şərq-Qərb Beynəlxalq rəqs festivalı, Milli Kitabxana direktorunun II konfransı, İslam mətbəxi I Beynəlxalq kulinariya festivalı, I Bakı Beynəlxalq sərgi-yarmarkası, "Şərq və Qərb: ortaq mənəvi dəyərlər. Elmi-mədəni əlaqələr" mövzusunda Beynəlxalq İbn Ərəbi simpoziumu və başqa tədbirlər var. Bu yöndə mərasimlər hələ də davam etməkdədir.
Çox möhtəşəm və xüsusi əhəmiyyətə malik beynəlxalq tədbirlərə ev sahibliyi edən paytaxtımız elmi və mədəni potensialını nümayiş etdirməklə yanaşı, həm də qədim tarixi və mədəni dəyərləri ilə öyünən xalqımızın bir çox millətlərə örnək olası qonaqpərvərliyini də böyük ürək açıqlığı ilə ortaya qoydu. Bakıya gələn xarici ölkə vətəndaşları Şərqlə Qərbin qovuşuğunda yerləşən Azərbaycanın bu qədim paytaxtının günbəgün gözəlləşdiyinin şahidi oldular. Qədim memarlıq elementləri, müasir arxitektura cizgiləri ilə zənginləşən Bakının hüsnü daha da füsunkarlaşıb. Təbii ki, İslam mədəniyyətinin paytaxtı statusunu qazanmaq Bakının əbədiyaşarlığını daha da əyaniləşdirdi.
Qətər Dövlətinin mədəniyyət və incəsənət naziri Hamid bin Əbdüləziz əl-Qafari bizə verdiyi müsahibəsində məhəbbətlə söylədi: "Azərbaycanı, eləcə də Bakını bütün dünyada əsl tolerantlıq nümunəsi kimi tanıyırlar. Sizdə dinindən, dilindən, siyasi əqidəsindən asılı olmayaraq hər kəsə, hər hansı millətin nümayəndəsinə göstərilən doğma münasibət digər ölkələr üçün də örnək olmalıdır. Monoetnik dövlət yaradan Ermənistanın siyasi rəhbərliyi təkcə Bakıda 20 mindən çox erməninin sərbəst yaşamasından, dolanışıq tapmasından, yəqin ki, xəbərsiz deyildir. Ermənistanın işğalçı dövlət olmasından, erməni vandalizmi nəticəsində Qarabağda viran qoyulmuş tarixi, mədəni abidələrin aqibətindən, ekoloji və mənəvi terrordan dünyanın bir çox ölkələri yaxşı xəbərdardırlar. Bütün bunların qarşısının alınması istiqamətində İslam Konfransı Təşkilatı tədbirləri çərçivəsində geniş iş aparılır. Dünyanın lider dövlətləri sırasında getdikcə möhkəmlənən Azərbaycana hər sahədə dəstək olmaq, yeri gəlsə yardım göstərmək, sosial-iqtisadi və mədəni sahələrdə, siyasi arenada əməkdaşlığı genişləndirmək inkişaf etmiş islam ölkələrinin, bir növ, borcuna çevrilməlidir".
Beynəlxalq münasibətlərin humanistləşdirilməsi və bu istiqamətdə ictimaiyyətin mədəni inkişafının düzgün təyin edilməsi əsas şərtdir. Buna görə həm də türkdilli xalq və ölkələr arasında dost münasibətlərin qurulması, qorunması daim dəstəklənməlidir. Türk mədəni irsinin qorunması və inkişaf etdirilməsi ilə bağlı birgə tədbirlərin həyata keçirilməsi, mədəniyyət sahəsində əməkdaşlığın yeni formalarının tətbiqi, tarixi mədəni əlaqələrin gücləndirilməsi, iki və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi olduqca vacibdir. Elə buna görə də "Bakı İslam mədəniyyətinin paytaxtı - 2009" Mədəniyyət ili çərçivəsində şəhərimizdə TÜRKSOY Daimi Şurasının XVI toplantısı keçirildi. Bəllidir ki, beynəlxalq təşkilat olan TÜRKSOY Avrasiyanın türkdilli arealı çərçivəsində milli dil, tarix, mənəvi irs kimi dəyərlərin, müasir mədəniyyət, incəsənət sahələrinin yaxınlığı ilə birləşən ölkə və xalqların regional mədəni əməkdaşlığını həyata keçirir. Toplantıda Bakı Bəyannaməsi imzalandı. Sənəddə Azərbaycan dövlətinin başçısı İlham Əliyevin irəli sürdüyü təklifə əsasən TÜRKSOY-un təşkilatçılığı ilə "Ümumtürk mədəniyyətinin inkişaf strategiyası"nın hazırlanması, dünya sivilizasiyasının inkişafına əhəmiyyətli töhfə vermiş zəngin türk mədəni irsinin qorunması və dəstəklənməsi üzrə TÜRKSOY fondunun yaradılması öz əksini tapdı. Qurumun Avropa Şurası, İSESKO və bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq qurması və mədəniyyətlərarası dialoqun təşviqinə dair "Bakı prosesi"ndə fəal iştirak etməsinin vacibliyi də qeyd olundu. Bəyannamədə TÜRKSOY-un Avropa Şurasının "sənətçilər dialoq naminə" layihəsində iştirak etməkdə maraqlı olduğu da qeyd edildi. Toplantıdan sonra bu qurumun fəaliyyət dairəsi daha da genişlənərək beynəlxalq status daşıdı. Ona görə də gələcəkdə "Türk Mədəniyyəti Beynəlxalq Təşkilatı" adlanacaq. Beləliklə də bu təşkilatın beynəlxalq qurumlar tərəfindən tanınması və əlaqələrin genişləndirilməsi üçün qurulacaq əməkdaşlığın yeni mərhələsi Bakıdan başladı.
Azərbaycan əsrlər boyu dinlərarası münasibətlərin inkişafında özünəməxsus möhtəşəm rol oynayıb. İctimai-siyasi quruluşlardan asılı olmayaraq, bütün dövrlərdə Azərbaycanda dini və milli dözümlülük, tolerantlıq yüksək səviyyədə olub. Bütün bunlar da xalqımızın geniş dünyagörüşünə, zəngin mənəviyyata, humanist mövqeyə, yüksək əxlaqa malik olduğunu sübut edir. Əsrlər boyu Azərbaycanda müxtəlif xalqlar bir ailə kimi mehriban yaşayıblar. Hələ sovet dövründə Bakını "beynəlmiləl tərbiyənin beşiyi" adlandırırdılar. Bu, elə belə epitet deyildi. Bakıda həqiqətən müxtəlif dinlərə məxsus insanlar ömür sürürlər. Onlar yalnız işləməkdə, təhsildə, həkimə müraciət etməkdə, məişət məsələlərində deyil, həm də özlərinə məxsus kilsə və kirxalarda ibadətlə məşğul olmaq azadlığına sahibdirlər. Bu səbəbdən də Azərbaycanda müxtəlif xalqların icmaları fəaliyyət göstərir. Dövlət müstəqilliyimizi qazandıqdan sonra dinlərarası münasibətlər yeni müstəviyə yüksəlib. Dövlət tərəfindən təşkil olunan bütün tədbirlərdə müxtəlif dinlərin nümayəndələri iştirak edərək birgə fəaliyyət və qarşılıqlı anlaşma göstərirlər. Onlara bu ünsiyyəti və imkanları Azərbaycan dövlətinin başçısı yaradır.
Vətəndaş cəmiyyətinin formalaşmasında, eləcə də sabitliyin bərqərar olmasında millətlərarası münasibətlərin yüksək səviyyədə qurulması ön plana çəkilir. Bu işə dini qurumlarla bərabər, dövlət tərəfindən də böyük diqqət və qayğı göstərilir. Bütün bölgələrdə olduğu kimi, milli azlıqların yaşadığı yerlərdə də sosial və iqtisadi problemlərin həllinə səy göstərilir. Bu il bütün dünyanın böhrandan əziyyət çəkməsinə baxmayaraq, Azərbaycanda iqtisadi artım tempi öz gücünü saxladı.
Bu ilin noyabrında paytaxtda "Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru" mövzusunda beynəlxalq konfrans keçirildi. Rusiya Federasiyasından, Gürcüstandan, Romadan, Yunanıstandan, Belarusdan, Latviyadan, Litvadan, İordaniyadan, Özbəkistandan, Türkiyədən və digər ölkələrdən bu tədbirə qatılmış insanlar bir məsələni dönə-dönə vurğuladılar ki, ölkələr arasında məzmunlu siyasi dialoq və səmərəli qarşılıqlı iqtisadi fəaliyyət qurmaq Azərbaycanda qədimdən mövcuddur. Bakı şəhəri sülh və tərəqqi naminə, gələcək nəsillərin rifahı üçün bu ənənələri həmişə qorumaqdadır. Baxmayaraq ki, bu qədim şəhərin başına çox bəlalar gəldi. Bakı ötən əsrin əvvəllərində bolşevik işğalına məruz qaldı, 1937-ci ilin repressiyalarını yaşadı, 20 Yanvar (1990) faciəsinin müsibətlərini çəkdi. Həmişə olduğu kimi, Bakı yenə də qara günlərdən əzmlə çıxdı. Bu gün onun adı dünya xəritəsinin müxtəlif göstəricilərində şərəflə qeyd olunur. Dünyanın diqqət mərkəzində dayanan qüdrətli bir şəhər missiyasını ləyaqətlə yerinə yetirən Bakı, sözün həqiqi mənasında, tolerant məkandır.
İslam Konfransı Təşkilatının baş katibi Ekmələddin İhsanoğluya məxsus fikirdir: "Bakı təkcə Qafqazın deyil, bütün dünyanın mədəniyyət ocağıdır. Burada həqiqətən müxtəlif sivilizasiyalar qovuşaraq yeni bir temp və ahənglə bəşər mədəniyyətinin və yeni münasibətlərin formalaşmasına xidmət edir". Həqiqətən də dinlərarası dialoqun gücləndirilməsində Azərbaycanın öz rolu var. Ona görə də birgə səylərin, qarşılıqlı anlaşmanın birləşdirilməsi nəticəsində həm köhnə ənənələr qorunur, həm də əməkdaşlığın müasir formaları yaranır. Bizim coğrafi mövqeyimiz elədir ki, sivilizasiyalararası münasibətlərə verdiyimiz önəm taleyüklüdür. Azərbaycan islam dünyasının bir parçasıdır.
Ölkə başçısı cənab İlham Əliyev Bakıda "Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru" mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edərək həmişəki kimi çox məzmunlu çıxışı ilə sanki yeni bir proqramın müddəaları ilə bu mühüm tədbirin gələcək istiqamətlərini müəyyənləşdirdi: "Azərbaycan çoxmillətli ölkədir və biz bu amillə fəxr edə bilərik. Əsrlər boyu ölkəmizdə, Bakıda müxtəlif xalqların nümayəndələri yaşayıb-yaradıblar. Azərbaycanın bu gün müstəqil ölkə kimi inkişafında ölkəmizdə yaşayan xalqların nümayəndələrinin çox böyük rolu vardır... Bu il Azərbaycanın paytaxtı Bakı şəhəri İslam mədəniyyətinin paytaxtı elan edilmişdir. Bu, bizim üçün böyük şərəfdir. Mən ümid edirəm ki, gələcək illərdə Bakı eyni zamanda Avropa mədəniyyətinin paytaxtı elan ediləcəkdir".
Bu uzaqgörənliyin və müdrik proqnozun qaynaqlandığı mənbə isə məhz Azərbaycan mühiti - sivilizasiyaların qovuşmasında nəinki körpü, əslində paytaxt rolu oynayan Bakının bugünkü durumudur. Bizim üçün xoş və yaddaqalan tarixi məqamlardan biri də budur ki, 2011-ci ildə ölkəmizdə "Ümumdünya mədəniyyətlərarası dialoq forumu" keçiriləcəkdir. Təbii ki, bu forum da Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi sayəsində reallaşacaqdır.
Xarici
qonaqların fikrincə, əgər Bakı bu gün dialoq
paytaxtıdırsa, onun bu zirvəyə yüksəlməsində
Heydər Əliyev Fondunun da həyata keçirdiyi layihələrin
böyük əhəmiyyəti var. Fondun rəhbəri, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyeva təkcə ölkədə
deyil, beynəlxalq arenada da nəhəng layihələr həyata
keçirir. Bu gün Azərbaycanın paytaxtı Bakı yeni dünyaya
açılan geniş bir pəncərədir. Bu pəncərədən
görünənlər isə maraqlı və yaddaqalandır.
Xalqların yaxınlaşmasında, mədəni əlaqələrin
qurulmasında əldə edilən nailiyyətlər əməkdaşlığın
ən gözəl və vacib formalarından
biridir.
Flora XƏLİLZADƏ
Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.
Azərbaycan.- 2009.- 18 noyabr.- S. 7.