Almaniyada Avropa Azərbaycanlıları
Konqresi və Azərbaycan-Türk Diaspor Təşkilatları
Koordinasiya Şurasının birgə toplantısı
keçirilir
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat xidmətindən bildirmişlər ki, noyabrın 21-də Almaniyanın Frankfurt şəhərində Avropa Azərbaycanlıları Konqresi və Azərbaycan-Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının ikigünlük birgə toplantısı işə başlamışdır. Toplantıda Milli Məclis sədrinin müavini Bahar Muradova, Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, DİDK-nin sədri Nazim İbrahimov, Milli Məclisin deputatları Sabir Rüstəmxanlı və Fazil Müstafayev, Türkiyə Böyük Millət Məclisinin, Avropa Azərbaycanlıları Konqresi və Azərbaycan-Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının üzvləri, həmçinin alimlər, ziyalılar və digər qonaqlar iştirak edirlər.
Tədbirin əvvəlində "Bir millət iki dövlət" sənədli filmi göstərilmişdir.
Toplantını açan Avropa Azərbaycanlıları Konqresinin (AAK) prezidenti Bəşər Kömür bildirmişdir ki, Türkiyə ilə Ermənistan arasında imzalanmış protokollar dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlını və türkü narahat etməkdədir. Azərbaycan ərazilərinin 20 faizinin işğal altında qalmaqda davam etdiyi, bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün kimi yaşadığı bir vaxtda bu məsələnin gündəmə çıxması təbii ki, bizi narahat etməyə bilməz. Ermənistan diasporu və lobbisi uzun illərdir Türkiyə ilə sərhədlərin açılmasına nail olmaq üçün nüfuzlu dövlətlərin və beynəlxalq təşkilatların rəsmi Ankaraya təzyiq göstərməsinə çalışır. Lakin Türkiyə dövlətinin sərhədlərin açılması üçün irəli sürdüyü əsas şərtlərdən biri Dağlıq Qarabağ probleminin həlli, Azərbaycanın işğal altındakı torpaqlarının azad edilməsi ilə bağlı olmuşdur. Biz ümid edirik ki, Türkiyə hökumətinin münaqişə həll edilməyincə protokolların ratifikasiya olunmayacağı barədə bəyanatları sonadək öz qüvvəsində qalacaqdır. Hesab edirik ki, Azərbaycan və türk diasporları da bu məsələyə öz münasibətini ifadə etməlidirlər. Toplantının keçirilməsi də məhz bu zərurətdən irəli gəlmişdir.
DİDK-nin sədri Nazim İbrahimov bu ilin aprelində AAK-nin Frankfurt şəhərində keçirilmiş III qurultayında Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı yayılan məlumatlarla əlaqədar qəbul edilmiş bəyanatı xatırlatmışdır. Bildirmişdir ki, həmin tədbirdə diaspor təşkilatlarının bu məsələ ilə bağlı ayrıca bir toplantısının keçirilməsi ideyası irəli sürülmüşdü. Sonrakı müddətdə Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasına dair atılan addımlar narahatlığı daha da artırmış və diaspor təşkilatlarından Azərbaycan dövlətinin başçısına çoxsaylı müraciətlər ünvanlanmışdır. Müraciətlərdə, əsasən, Türkiyə ilə Ermənistan arasında imzalanan protokolların həm Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə, həm də Azərbaycan və Türkiyə dostluğuna xələl gətirə biləcəyinin vurğuladığını bildirən N.İbrahimov demişdir ki, müraciətlərdə əksini tapan narahatlıq bir neçə ay əvvəl ideyası irəli sürülən toplantının keçirilməsini zəruri etmişdir. Türkiyə rəsmiləri imzalanan protokolların Azərbaycan-Türkiyə münasibətlərinə, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həllinə mənfi təsir göstərməyəcəyinə, Ermənistanın Azərbaycan torpaqlarının işğalına son qoymayınca sərhədlərin açılmayacağına dair bəyanatlar səsləndirsələr də, bölgədə baş verənlər narahatlığa əsas olduğunu göstərir. İkigünlük toplantı bu istiqamətdə ictimai müzakirələr aparmaq üçün əlverişli imkandır.
Sonra tədbirin "Azərbaycan-Türkiyə: ortaq tarix, ortaq maraqlar və ortaq problemlər" mövzusunda birinci bölməsi başlanmışdır. Bölmənin aparıcısı - Milli Məclis sədrinin müavini Bahar Muradova əminliyini bildirmişdir ki, bu toplantı Azərbaycan ilə Türkiyənin dostluğuna öz töhfəsini verəcəkdir. Dövlətlərimizin, millətlərimizin birliyi bu gün daha da ciddi şəkildə qarşımızda qurur. Azərbaycan ilə Türkiyənin yaxınlaşmasını, birliyini istəməyən, mənafeləri bizim birgə maraqlarımızla toqquşan dövlətlərin olduğu aydındır. Qafqazın siyasi, geosiyasi baxımdan dünyadakı mövqeyi bu iki dost, qardaş ölkənin qarşılıqlı maraqlarını şərtləndirən amillərdəndir. Regionda beynəlxalq əhəmiyyətli layihələrin reallaşması Azərbaycan və Türkiyənin iştirakı olmadan mümkün deyildir. Bahar Muradova demişdir ki, imzalanan protokollar təkcə Türkiyənin Azərbaycanla deyil, bütövlükdə bu ölkənin maraqlarının əleyhinə yönəlmiş bir məsələdir. Əminəm ki, Türkiyə rəhbərliyi də bunu anlayır. Türkiyəni bu yolda hər hansı səhv addımdan çəkinməyə çağırırıq, inanırıq ki, Türkiyənin maraqları içərisində Azərbaycanın da maraqları yer alır.
Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov "Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının regionda sülhə və əməkdaşlığa təsiri" mövzusunda çıxış etmişdir. O, müstəqilliyə qovuşduqdan sonra Azərbaycanın yürütdüyü xarici siyasətdən, reallaşdırdığı transmilli layihələrdən, bütün bu işlərə Türkiyəni cəlb etməsindən, ümummilli lider Heydər Əliyevin Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz və Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin reallaşdırılması ilə bağlı xidmətlərindən və s. məsələlərdən geniş bəhs etmişdir.
Sonra Əli Həsənov Azərbaycan-Türkiyə münasibətlərində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yeri və roluna toxunmuş, Türkiyənin həyata keçirdiyi müasir siyasətin bu işə təsirindən danışmışdır. Prezident Administrasiyasının şöbə müdiri xüsusən Türkiyə hökümətinin sərhəd məsələsində mövqeyindən, enerji nəqli, qaz və tranzit qiymətlərinə münasibətindən bəhs etmişdir. Eyni zamanda o, Türkiyə mediasında antiazərbaycan kampaniyasına da münasibət bildirmiş və bu məsələlərlə bağlı Azərbaycan ictimaiyyətinin narahatlığını vurğulamışdır. Sonda Əli Həsənov Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan-Türkiyə əlaqələri və Türkiyənin Cənubi Qafqazda yürütdüyü siyasətlə bağlı mövqeyini toplantı iştirakçılarının diqqətinə çatdırmışdır.
Sonra digər məruzələr səslənmiş, mövzular ətrafında müzakirələr aparılmışdır.
Toplantı
noyabrın 22-də başa çatacaqdır.
AzərTAc
Azərbaycan.- 2009.- 22 noyabr.- S. 2.