5. Azərbaycan regionda elektrik
enerjisinin də əsas ixracatçısına çevrilir
"Bizim
üçün ilk prioritet ondan ibarət idi ki, öz enerji təhlükəsizliyimizi
təmin edək. Azərbaycanda son illər ərzində tikilən
yeni elektrik stansiyaları bu məsələni həll edibdir.
Biz bu gün artıq nəinki xarici enerji mənbələrindən
asılı deyilik, eyni zamanda, ilk dəfədir ki, qonşu
ölkələrə - Rusiyaya, İrana, Gürcüstana və
Türkiyəyə elektrik enerjisi ixrac edirik".
İlham ƏLİYEV
Azərbaycan
iqtisadiyyatının qlobal maliyyə böhranı şəraitində
davamlı və dinamik inkişafına səbəb olan ən
mühüm faktorlardan biri də ölkənin enerji təhlükəsizliyinin
tam təmin edilməsidir. Enerji təhlükəsizliyinin
özülü ölkənin malik olduğu zəngin
karbohidrogen ehtiyatları əsasında qoyulsa da, proseslərin
sonrakı inkişaf mərhələsində hadisələrə
kompleks şəkildə yanaşılmış və Azərbaycan
elektrik enejisinə olan tələbatını da yerli istehsal
hesabına ödənilməsinə nail olmuşdur. Əgər
əvvəllər Azərbaycan qonşu ölkələrdən,
məsələn, Rusiyadan, İrandan elektrik enerjisi idxal edirdisə,
bu gün artıq sözügedən məhsulun əsas
ixracatçılarından birinə çevrilməkdədir.
Bunun nəticəsidir ki, artıq dünya miqyasında Azərbaycan
təkcə neft-qaz yox, həm də elektrik enerjisinin
ixracatçısı statusunu qazanmaqdadır.
Elektrik enerjisi ilə fasiləsiz təminata yol açan
stansiyalar
Hazırda ölkədə elektrik enerjisinin istehsal gücünün artırılması istiqamətində görülən işlər, inşa edilən yeni stansiyalar perspektivdə Azərbaycana daha böyük həcmdə bu məhsulu ixrac etmək imkanı verəcək. Onu da bildirək ki, Azərbaycan son iki ildən etibarən elektrik enerjisinin ixracatçısına çevrilib. Aparılan araşdırmalar göstərir ki, ölkənin elektrik stansiyalarında ildə orta hesabla 21 milyard kilovat-saat elektrik enerjisi istehsal olunur. Bu da respublikada elektrik enerjisinə olan tələbatın tam təmin edilməsinə kifayət edir. Ötən ilin yekunlarına əsasən məlum olub ki, ölkənin enerji sistemində 21,2 milyard kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib. Göstərilən həcmdən istilik elektrik stansiyalarının (İES) payına 19 milyard kilovat-saata yaxın, su elektrik stansiyalarının (SES) payına isə 2,2 milyard kilovat-saatdan artıq elektrik enerjisi istehsalı düşüb. Hazırda respublika iqtisadiyyatının elektrik enerjisinə olan tələbatı 12 istilik elektrik stansiyası hesabına tamamilə ödənilir. Onların ümumilikdə gücü 5900 meqavata (MVt) yaxındır. Hələlik elektrik enerjisi istehsalının 90 faizi İES-lərin, 10 faizi isə SES-lərin payına düşür.
Bununla yanaşı, o da xüsusi olaraq qeyd edilməlidir ki, elektrik enerjisi istehsal edən müəssisələr vahid ərazidə cəmləşməyərək ölkənin müxtəlif yerlərində inşa olunub və olunmaqdadır. Özü də həmin stansiyaların bir çoxunun istehsal göstəricisi kifayət qədər böyük rəqəmlə ifadə olunur. Məsələn, Sumqayıt şəhərində təməli qoyulan və noyabrın 19-da açılışında Prezident İlham Əliyevin iştirak etdiyi istilik elektrik stansiyasının gücü 525 MVt təşkil edir. Hazırda tikintisi gedən "Cənub" Elektrik Stansiyasının gücü isə 800 MVt təşkil edəcək.
Kür çayı üzərində ümumi gücü 550 MVt-a yaxın və illik hasilatı 1,5 milyard kilovat-saat olan Tovuz, Şıxlı və Poylu su elektrik stansiyalarının tikintisi nəzərdə tutulmuşdur. 2008-ci ilin aprel ayında təməli qoyulmuş 25 MVt gücündə Füzuli su elektrik stansiyasının tikintisi Aran bölgəsinin enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsi ilə yanaşı, pik güclərinin artırılmasına da kömək edəcək. Eyni zamanda, ümumi gücü 500 MVt-a yaxın olan kiçik su elektrik stansiyalarının da tikintisi planlaşdırılmışdır. Azərbaycanda dağ çaylarının çoxluğunu nəzərə alan ölkə rəhbərliyi istehsal gücü böyük olmayan, lakin ucqarların enerjiyə olan tələbatının daha yüksək səviyyədə ödənilməsi üçün kiçik su elektrik stansiyalarının inşasına da xüsusi önəm verir. Bununla əlaqədar Prezident İlham Əliyev bildirmişdir: "Biz dağ çaylarının imkanlarından tam şəkildə istifadə etməliyik və hesab edirəm ki, gələn il praktiki işlər başlanmalıdır. Lap 2-3 meqavat da olsa, biz bunu etməliyik".
Ümumiyyətlə isə qarşıdakı dövr ərzində Azərbaycanda xeyli sayda su elektrik stansiyalarının istifadəyə verilməsi proqnozlaşdırılır. Xatırladaq ki, artıq Azərbaycanın su resurslarının xəritəsi tərtib edilib və enerji resurslarını yaratmaq üçün hansı çaylardan istifadə ediləcəyi müəyyənləşib. Bundan başqa yaradılmaqda olan bir sıra su anbarlarından həm də elektrik enerjisinin istehsalı nəzərdə tutulub. Məsələn, tikilməkdə olan Taxtakörpü, Şəmkirçay kimi su anbarlarından elektrik enerjisi istehsalı üçün istifadə olunacaq. Eyni zamanda, Azərbaycan elektrik enejisinin istehsalında bir sıra yeniliklərə də imza atmaqdadır. Belə ki, MDB məkanında ilk dəfə olaraq Azərbaycan enerji sistemində yeraltı variantda "Babək" prospektində 110 kV-lıq yarımstansiya inşa edir və obyektin cari ilin sonunda istismara verilməsi planlaşdırılır.
Onu da qeyd edək ki, son illər ərzində tikilib istifadəyə verilən "Astara", "Xaçmaz", "Şəki", "Naxçıvan", "Bakı", "Səngəçal", "Şahdağ" kimi modul tipli elektrik stansiyaları hesabına artıq Azərbaycan ölkə daxilində bu məhsula olan tələbatının etibarlı şəkildə ödənilməsinə nail olub. Həmçinin, ölkənin elektroenergetika sisteminin dayanıqlığının təmin edilməsi məqsədilə nəzərdə tutulmuş tədbirlərin, ötürücü və paylayıcı elektrik şəbəkələrinin yenidənqurulması işlərinin uğurla yerinə yetirilməsi əhalinin və sənayenin elektrik enerjisi ilə fasiləsiz təminatına imkan yaradıb.
Hazırda təbii olaraq Azərbaycanın qarşısında elektrik enerjisilə bağlı duran əsas məsələlərdən biri onun xarici satış bazarlarının müəyyən olunmasıdır. Qeyd edək ki, Gürcüstan, Türkiyə, Rusiya, İran kimi qonşu ölkələr Azərbaycandan elektrik enerjisi alır. Perspektivdə isə Azərbaycan bu ölkələrə daha böyük həcmdə elektrik enerjisi satmaq niyyətindədir, bunun üçün müvafiq işlər görülür. Belə ki, Azərbaycanı qonşu ölkələrlə birləşdirən elektrik xətlərində yenidənqurma işləri aparılır və yüksək gərginlikli elektrik şəbəkələrinin inkişaf etdirilməsi istiqamətində layihələr həyata keçirilir. Bunun nəticəsi olaraq İranla enerji mübadiləsinin həcminin 200 meqavatdan 700 meqavata çatdırılmasına xidmət edəcək 220 kilovoltluq Salyan yarımstansiyasının və müvafiq yüksək gərginlikli xətlərin tikintisi əsasən başa çatdırılıb. Bu yaxınlarda istifadəyə veriləcək İmişli-Parsabad elektrik xətti böyük həcmdə elektrik enerjisinin ixracına imkan verəcək.
Azərbaycanı Gürcüstanla birləşdirən yeni enerji xətləri çəkilməsi üçün də müvafiq işlər görülməkdədir və bu, ölkəmizin qərb istiqamətinə elektrik enerjisinin ixracı baxımından kifayət qədər üstün mövqe sahibi kimi çıxış etməsinə şərait yaradacaq. Rusiyaya gəlincə, Azərbaycan enerji sistemi ilə bu ölkənin müvafiq sistemi arasında enerji mübadiləsini 250 MVt-dan 500 MVt-a çatdırmaq üçün gücü 400 MVA, gərginliyi 330 kV olan "Xaçmaz" yarımstansiyasında son sınaq-sazlama işləri sona yetib. Naxçıvandan isə Türkiyəyə hələlik 20 meqavata yaxın elektrik enerjisi ixrac edilir.
Beləliklə, bütün bunlar göstərir ki, iqtisadi inkişaf sahəsində öz dəst-xətti olan Azərbaycanın regionda lider olduğunu göstərən daha bir məqam ölkəmizin elektrik enerjisi sferasında da əsas ixracatçı statusunu daşımağa başlamasıdır. Cari il ərzində elektrik enerjisinin ixracatçısı kimi mövqeyini daha da gücləndirən Azərbaycan bu sahədə getdikcə daha böyük uğurlara imza atmaqdadır. Bir məqama da xüsusi diqqət yetirmək lazım gəlir ki, Azərbaycanın ixrac etdiyi elektrik enerjisi, idxalı həm fiziki, həm də maliyyə göstəriciləri baxımından dəfələrlə üstələyir. Bu da yekun nəticədə elektrik enerjisinin ixracından Azərbaycanın böyük həcmdə gəlir əldə etməsi ilə nəticələnir.
Aparılan
araşdırmalardan o da aydın olur ki, son iki ildə Azərbaycanın
elektrik enerjisinin ixracı baxımından imkanları artan xətt
üzrə inkişaf etməkdədir. Məsələn,
2007-ci il ərzində Azərbaycanın idxal etdiyi elektrik
enerjisi ixracı 1,75 dəfə üstələyirdi və bu
səbəbdən maliyyə nisbəti də 2,42 dəfəlik
fərqlə idxalın xeyrinə dəyişirdi. Lakin ötən ildən etibarən bu sahədə vəziyyət
köklü surətdə dəyişməyə
başladı. 2008-ci il ərzində Azərbaycan idxal etdiyindən
3,03 dəfə çox elektrik enerjisi satdı və maliyyə
nisbətində 2,6 dəfəlik müsbət saldo qeydə
alındı. Cari ilin ilk 9 ayı ərzində də elektrik enerjisinin idxalı və ixracı arasında
fərq nisbəti böyük rəqəmlərlə ifadə
olunmaqdadır və bu, Azərbaycanın qüdrətli
elektrik enerjisi ixracatçısına çevrildiyini göstərməklə
yanaşı, ölkəmizin bu sahədə böyük gəlir
götürməsini təmin edir.
Alternativ enerji mənbələrinin yaradılması prosesi
genişlənir
Azərbaycan
enerji sferasında uğurlarını göstərilənlərlə
məhdudlaşdırmaq niyyətində deyil. Zəngin neft-qaz
ehtiyatlarına malik olan ölkəmizdə alternativ enerji mənbələrinin
yaradılması istiqamətində də fəal iş
aparılır və bu böyük perspektivə
hesablanmış bir stategiya hesab olunur. Bilindiyi
kimi, ənənəvi enerji mənbələri tükənməz
deyil, zaman keçdikcə onların azalması prosesi baş
verir. Bu amil və onlardan istifadə
zamanı ətraf mühitə külli miqdarda zərər
vurulduğunu nəzərə alaraq dünyanın inkişaf
etmiş ölkələrində ekoloji cəhətdən təmiz
enerji mənbələrindən (günəş, külək
enerjisi, kiçik SES-lər, termal sular, biokütlə enerjisi)
geniş istifadə olunur. Tədqiqatlar
göstərir ki, dünya üzrə istehsal olunan elektrik
enerjisinin 15 faizə yaxını alternativ və bərpa olunan
enerji mənbələrindən istifadə edilməklə əldə
edilir.
Zəngin
karbohidrogen ehtiyatlarına malik Azərbaycanda alternativ
üsullarla enerji alınması üçün kifayət qədər
əlverişli mühit var. Belə ki, Azərbaycanın yerləşdiyi
əlverişli coğrafi mövqe və iqlim şəraiti
dünyanın inkişaf etmiş ölkərində olduğu
kimi respublikamızda da ekoloji cəhətdən təmiz və
bərpa olunan alternativ enerji mənbələrindən
geniş istifadə edilməsinə imkan verir. Belə mənbələrdən
istifadə edilməsi istilik enerji stansiyalarında
yandırılan böyük miqdarda yanacağa qənaət
edilməsi və ətraf mühitə atılan zərərli
maddələrin miqdarının azaldılması deməkdir.
Bütün bunları nəzərə alan
Azərbaycan rəhbərliyi tərəfindən alternativ
enerji mənbələrinin yaradılması istiqamətində
konkret addımlar atılmaqdadır. Azərbaycanın
ənənəvi enerji növləri sahəsində malik
olduğu zəngin potensial ölkəmizin tələbatına
tam cavab versə də, perspektiv inkişaf baxımından
mütləq alternativ və bərpa olunan enerji mənbələrindən
istifadə istiqamətində Prezident İlham Əliyev tərəfindən
artıq qarşıya konkret vəzifələr qoyulub və
müvafiq göstərişlər verilib. Bu
mənada Prezident İlham Əliyevin alternativ və bərpa
olunan enerji mənbələrindən istifadə edilməsi
üçün müvafiq agentliyin yaradılması məqsədilə
imzaladığı fərman xüsusi qeyd olunmalıdır.
Həmin fərmana əsasən, Sənaye və
Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri
üzrə Dövlət Agentliyi yaradılıb. Onu da
xatırladaq ki, Prezident İlham Əliyevin 2004-cü il 21
oktyabr tarixli 462 nömrəli sərəncamı ilə
"Azərbaycan Respublikasında alternativ və bərpa olunan
enerji mənbələrindən istifadə olunması üzrə
Dövlət Proqramı" təsdiq edilib. Həmin
proqrama uyğun olaraq müvafiq dövlət agentliyinin
yaradılması ölkəmizdə tezliklə alternativ və
bərpa olunan enerji mənbələrini istismara cəlb etməklə
enerji resurslarından istifadədə səmərəliliyin
daha da yüksəlməsi ilə nəticələnəcək.
Bu, həm də Azərbaycanın daha
böyük həcmdə enerji istehsal etməsini və beləliklə,
daha böyük miqdarda elektrik enerjisi satmasını şərtləndirir.
Onu da qeyd edək ki, "Azərbaycan
Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən
istifadə olunması üzrə Dövlət
Proqramı"nda öz əksini tapan tapşırıqlarla
yanaşı, Prezident İlham Əliyevin imzaladığı
bir sıra digər dövlət proqramlarında da alternativ və
bərpa olunan enerji mənbələrindən istifadə ilə
bağlı konkret müddəalar var. Məsələn,
dövlət başçısının 14 aprel 2009-cu il
tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda bu
vacib məsələyə geniş yer
ayrılmışdır. Yeni regional inkişaf
proqramında alternativ və bərpa olunan enerji mənbələrindən
istifadənin genişləndirilməsi də nəzərdə
tutulur ki, bu da ölkənin enerji təhlükəsizliyinin təminatına
mühüm töhfələr verəcək. Bu məqsədlə ölkənin ayrı-ayrı
regionlarında günəş və külək enerjisi
istehsal edən qurğuların inşası
planlaşdırılır. Məsələn, ilkin təcrübə
kimi Naxçıvan iqtisadi rayonuna daxil olan Ordubad və Culfa
rayonlarının Arazboyu düzənlik ərazilərində
külək elektrik qurğuları, eləcə də muxtar
respublikanın ayrı-ayrı yerlərində günəş
enerjisi ilə qidalanan müasir tipli elektrik stansiyaları
tikilib istismara veriləcək.
Aparılan hesablamalar göstərir
ki, alternativ və bərpa olunan enerji mənbələrindən
istifadə etməklə yaxın perspektivdə Azərbaycanda
istehsal olunan elektrik enerjisinin 5-7 faizini, istilik enerjisinin isə
10 faizə qədərini bu mənbələr hesabına
ödəmək mümkündür. Bundan
başqa, Azərbaycanda coğrafi mövqeyinə görə
günəşli günlərin sayının çox
olması bu mənbə hesabına alternativ yolla enerji
alınması üçün müvafiq təbii şəraitin
olduğunu göstərir. Qeyd edək ki,
araşdırmalara əsasən, Abşeron yarımadasında
və Xəzər dənizinin sahilboyu ərazisində günəş
işığının müddəti il ərzində 2500
saata, Naxçıvan Muxtar Respublikasında isə 2900 saata bərabərdir.
Mütəxəssislər bildirir ki, muxtar
respublikanın enerji ehtiyatlarının təxminən
yarısını alternativ enerji mənbələri
hesabına ödəmək mümkündür.
Külək enerjisinə gəldikdə
isə Abşeron yarımadası və Xəzər dənizinin
sahilboyu ərazində il ərzində ən
azı 270 gündən artıq güclü küləklər
əsir. Bu mənada belə hesab olunur ki,
Abşeron yarımadasında külək qurğularının
tətbiqi ölkə iqtisadiyyatına mühüm töhfə
olardı. Bu ərazidə külək
enerjisindən geniş miqyaslı istifadə ümumi enerji
balansının 20 faizini təmin edərdi ki, bu da həmin qədər
üzvü yanacağa qənaət olunması deməkdir.
Hesablamalar göstərir ki, 20 il ərzində külək
enerjisindən istifadə etməklə 2,4
milyon ton mazuta qənaət etmək olar. Bu isə 7,5 milyon ton karbon qazının atmosferə
atılmasının qarşısını almaq deməkdir.
Qeyd olunan məqamlara toxunarkən Prezident İlham Əliyev
bildirmişdir: "Külək və günəş enerjisinin
istehsalı üçün indi əməli işlər
görülür, ilkin təcrübə vardır və biz bu
təcrübəni daha da genişləndirməliyik. Gələn il bu məqsədlər
üçün xüsusi vəsait ayrılacaqdır".
Artıq bir
sıra həm xarici, həm də yerli şirkətlər Azərbaycanda
külək və günəş enerjisindən istifadə
edilməsinə maraq göstərir. Gələn ildən etibarən
hökumət dövlət büdcəsi hesabına pilot layihələr
kimi həm külək, həm də günəş elektrik
enerjisinin istehsalı üçün bir sıra digər
praktik işlər də görməyə
hazırlaşır.
Hələlik
isə bu istiqamətdə həyata keçirilən tədbirlərdən
biri kimi, Asiya İnkişaf Bankı ilə Sənaye və
Energetika Nazirliyi arasında imzalanmış alternativ enerji mənbələrinin
istifadəsi barədə müqavilə mühüm əhəmiyyət
kəsb edir. Bu çərçivədə kiçik su elektrik
stansiyalarının inşası layihəsinin həyata
keçirilməsi çərçivəsində onların
quraşdırılması üçün müvafiq ərazilər
seçilmiş və layihənin texniki-iqtisadi əsaslandırılması
hazırlanmışdır.
Həmçinin,
BMT-nin İnkişaf Proqramı çərçivəsində
Azərbaycan Respublikası ərazisində kiçik su elektrik
stansiyalarına texniki yardım layihəsi və külək
enerjisi potensialının araşdırılması layihələri
həyata keçirilir. BMT-nin İnkişaf Proqramı çərçivəsində
olan digər bir layihə Azərbaycanda külək enerjisi
potensialının araşdırılmasından ibarətdir.
Yəni külək enerjisinin istifadəsi
üçün müvafiq zonaların təyin olunması və
bu zonalarda külək enerjisinin istifadə olunmasının həyata
keçirilməsidir. Bu istiqamətdə
artıq müəyyən işlər görülüb.
Məsələn, Quba rayonunun Xınalıq kəndində
alternativ enerji mənbələrindən istifadə etmək
üçün "Ekoenergetika Akademiyası" ilə birgə
müvafiq ərazilərin seçilməsi və
avadanlıqların quraşdırılması məqsədilə
bir sıra tədqiqat işləri aparılıb. Eləcə də "Quba rayonunun Xınalıq kəndinin
elektrik enerjisi və qaz təchizatı üçün
alternativ enerji mənbələrindən istifadə etməklə
hibrid sisteminin yaradılması" layihəsinin ilkin
texniki-iqtisadi əsaslandırılması hazırlanıb.
Ekoloji problemlərin həllində qazanılan uğurlar
Ölkəmizdə
alternativ enerji mənbələrindən istifadəyə belə
geniş diqqət ayrılmasının Azərbaycana verəcəyi
mühüm töhfələrdən biri də şübhəsiz
ki, ekoloji problemlərin həlli ilə bağlı olacaq. Bu sahənin hamı
üçün prioritet əhəmiyyətini vurğulayan
Prezident İlham Əliyev qeyd edir: "Gələn il ekoloji tədbirlərin
gücləndirilməsi nəzərdə tutulur. Biz bu sahəyə böyük əhəmiyyət
veririk. Biz bu torpaqda yaşayırıq, bu
havanı uduruq, bu suyu içirik. Azərbaycanda
ekoloji tədbirlərin gücləndirilməsi insanların
sağlamlığı üçün başlıca şərtdir".
Xatırladaq ki, Prezident
İlham Əliyev gələn ilin Azərbaycanda "Ekologiya
ili" elan edilməsini təklif edib və "Ekologiya
ili"ni yüksək səviyyədə
keçirmək üçün müvafiq tədbirlər
planı hazırlanması, dövlət büdcəsində
bunun öz əksini tapması, eləcə də beynəlxalq
maliyyə qurumları ilə əməkdaşlıqda bu amilin
nəzərə alınması üçün göstərişlər
verilib.
Ümumiyyətlə,
Azərbaycanda son illər ərzində ekoloji məsələlərin
həllinə xüsusi diqqət yetirilməsi beynəlxalq dairələr
tərəfindən etiraf və təqdir olunur. Xatırladaq ki, Prezident
İlham Əliyev ölkədə ətraf mühitin
mühafizəsi sahəsində həyata keçirdiyi
uğurlu siyasətə görə Almaniyanın Mixael Zukkov
Fondunun ali mükafatına da layiq
görülüb. Həmin vaxt fond Prezident İlham Əliyevi
ali mükafata layiq görməsinin səbəbini dövlət
başçısına ünvanladığı məktubda
belə açıqlayırdı: "Mixael Zukkov Fondu, Sizin cənab
Prezident, dayanıqlı inkişaf, Qafqaz və Xəzər
regionunda biomüxtəlifliyin mühafizəsi istiqamətində
əldə etdiyiniz nailiyyətləri və müsbət nəticələri
təqdir edir. Siz təbiət gözəlliyinin
və zənginliyinin vurğunu olmuş müdrik atanız,
Prezident Heydər Əliyevin yolunu davam etdirirsiniz. Sizin ekoloji siyasətiniz isə möhkəm
özülə malik olmaqla ciddi əsaslara söykənir.
Sizin qəti qərarlarınız bu sahədə
əzmkar fəaliyyətinizi nümayiş etdirir".
Son illər ərzində
də ekoloji sahədə mövcud problemlərin həlli
istiqamətində mühüm işlər görülməkdədir
və bu xüsusda ən çox diqqət çəkən məqamlardan
biri də Prezident İlham Əliyev tərəfindən 3
milyon ağacın əkilməsinə dair verilən göstərişdir. Dövlət
başçısının qeyd olunan göstərişi və
bununla bağlı görülən işlər beynəlxalq
ekoloji təşkilatlar tərəfindən yenidən
böyük məmnuniyyət, razılıq hissi ilə
qarşılanıb. Bütün
bunların fonunda isə Azərbaycanda alternativ enerji mənbələrinin
yaradılması və onlardan istifadə ilə bağlı
görülən işlər şübhəsiz ki, Azərbaycanda
ekoloji durumun daha da yaxşılaşmasına xidmət edəcək.
Digər tərəfdən bu, Azərbaycanın
enerji müstəqilliyinin daha da möhkəmlənməsində
özünəməxsus rol oynayaraq qeyd olunan sahə üzrə
də ölkəmizin mövcud olduğu regionda lider statusunu
daşımasını təmin edəcək.
Beləliklə,
qeyd edilənlər aydın göstərir ki, Azərbaycanın
enerji müstəqilliyi təkcə ölkənin malik
olduğu karbohidrogen ehtiyatları yox, həm də qabaqcıl
texnologiyaya əsaslanan yeni mənbələr hesabına təmin
olunur. Elə bu məqam da bir daha enerji müstəqilliyi ilə
bağlı həyata keçirilən siyasətin nə qədər
dəqiq və əhatəli
düşünüldüyünü və kompleks xarakter
daşıdığını deməyə əsas verir.
Rasim BAYRAMOV
Azərbaycan.- 2009.-22
noyabr.- S. 3.