Açıq cəmiyyətə
doğru transformasiya
Nəzəriyyə məsələləri
"Açıq cəmiyyət"in mahiyyətinə
dair bizim fəlsəfi, sosial-siyasi fikirdə aydın sezilən
səthilik, bəsitlik və təzadlar olsa da, son illər bu
anlayış barəsində müəyyən təsəvvürlər
beyinlərdə formalaşmaqdadır. İqtisadiyyatda, siyasət
və mədəniyyətdə plüralistikliklə (müxtəlifliklə), vətəndaş cəmiyyətinin və
hüquqi dövlətin inkişaf etmiş
strukturlarının varlığı ilə xarakterizə
olunan demokratik cəmiyyətləri bu anlayışla işarə
və ifadə edirlər. Qeyd edim ki, 1991-ci ilə qədər
bu anlayış, faktiki olaraq, əsasən Qərb sosial-fəlsəfi
təlimlərində istifadə olunurdu. Keçmiş
SSRİ məkanında "açıq cəmiyyət"ə
nəinki pərəstiş etmək, hətta bir termin kimi
ondan istifadə etmək, elmi mülahizələrdə işlətmək
sanki böyük günah idi. Vahid kommunist
ideologiyasının hökmranlığı, sosial-siyasi-fəlsəfi
araşdırmalara qoyulan məhdudiyyətlər şəraitində
rəsmi və qeyri-rəsmi yolla açıq cəmiyyət
ideyasının qarşısı alınırdı, onun tərəfdarları
isə hər cür təqib və təzyiqlərə
düçar olurdular. Azərbaycan da bu cəhətdən
istisna deyildi. Elə bu səbəblər ucbatından sovetlər
birliyinin dağılmasından sonra müstəqillik əldə
etmiş respublikalarda açıq cəmiyyətlə
bağlı biliklərin qeyri-kafiliyi, yetərsizliyi
özünü göstərdi və göstərməkdədir.
Özünüz təsəvvür edin: sovet ideoloji qəlibləri o dərəcədə amansızlıqla fəaliyyət göstərirdi ki, açıq cəmiyyət haqqında şah əsərlərdən sayılan, hələ 1938-1943-cü illərdə yazılmış və 1945-ci ildə ingilis dilində ilk dəfə olaraq çap edilmiş Karl Popperin "Açıq cəmiyyət və onun düşmənləri" kitabı təxminən 50 il rus dilinə tərcümə edilməmişdir. Əsər yalnız 1992-ci ildə ilk dəfə rus dilində nəşr üzü görmüşdür.
Təəssüflər olsun ki, Azərbaycanda 1992-ci ildən sonra da açıq cəmiyyət təliminə biganəlik özünü göstərmiş, bu mövzu elmi ictimaiyyət tərəfindən xüsusi və ardıcıl diqqət mərkəzinə alınmamışdır. Əlbəttə, bu vəziyyəti qeyd edərkən, ayrı-ayrı həssas, narahat və məsuliyyətli intellekt daşıyıcılarının fərdi təşəbbüslərinin dəyərini heçə endirməməliyik. Lakin qəribəlik ondadır ki, bu fərdi təşəbbüslərin nəticəsində əldə edilən biliklər toplusu da cəmiyyətimizin yeni əsaslar üzrə təşkili və inkişafı naminə lazımınca istifadə olunmur. Və bu, deyərdim ki, daha çox subyektiv amillərlə bağlıdır. Belə ki, etibarlı prinsip və vasitələr hesabına yeniləşmə zərurətini, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin dəfələrlə vurğuladıqları kimi, zaman və tarixi dövr özü ortaya çıxarır və bu yeniləşmə cəmiyyətin öz sifarişidir, yəni obyektiv tələbat danılmazdır. Subyektiv, şəxsi istəklər, maraqlar naminə isə cəmiyyətin obyektiv mənafelərinə qarşı çıxmaq - xalqa, ölkəyə xəyanətdən başqa bir şey deyil.
Adətən açıq cəmiyyətdən danışarkən, onun iki şərhini fərqləndirirlər - Anri Berqsonun (1859-1941) elitar və Karl Popperin (1902-1994) eqalitar konsepsiyalarını. Birincisi - əsasında antaqonizmlərdən azad, beynəlxalq insani birlik, ümumbəşəri, antiutilitar əxlaqa dayanan, şəxsiyyət azadlığı və yaradıcılığının, həmrəylik və humanizmin vüsət tapdığı ideal cəmiyyət quruluşunu nəzərdə tutur. Bu konsepsiyanın mühüm müddəaları A.Berqsonun "Əxlaq və dinin iki mənbəyi" əsərində verilib. Həmin əsər onun son əsəridir və 1932-ci ildə nəşr edilib. Qeyd edək ki, A.Berqson 1928-ci ildə ədəbiyyat üzrə Nobel mükafatı laureatı adına layiq görülmüşdür.
Ümumilikdə götürüldükdə, Anri Berqsonun iki əsəri - "Metafizikaya giriş" (1903) və "Yaradıcı təkamül" (1907) - onun yaradıcılığının zirvəsi sayılır. Bu əsərlərdə filosofun evolyusionist (təkamül) spiritualizmi tam orijinallığı ilə üzə çıxır. Spiritializm (latınca "spiritualis" - ruhi olan deməkdir) elə bir fəlsəfi baxışdır ki, burada ruh gerçəkliyin ilkin əsası qismində götürülür. Fəlsəfi termin kimi "spiritualizm" XIX əsrdə V. Kuzen tərəfindən elmə daxil edilib. Sonralar bir sıra məktəb və istiqamətlər, əsasən XIX-XX əsr fransız və italyan fəlsəfəsində bu ad altında fəaliyyət göstərmişlər.
Bu kitablarında və onlardan əvvəl yazdığı "Şüurun vasitəsiz göstəriciləri haqqında oçerklər" (1889), "Materiya və yaddaş" (1896), "Gülüş. Komik olanın əhəmiyyəti haqqında oçerklər" (1900) əsərlərində A.Berqson özünün açıq cəmiyyət konsepsiyasına doğru olduqca məhsuldar iş aparmış və zəmin hazırlamışdır. Əlbəttə ki, adları çəkilən həmin əsərlərin əhəmiyyəti yalnız açıq cəmiyyət konsepsiyasına hazırlıqla məhdudlaşmır. Onların hər biri ayrılıqda müstəsna dəyərə malikdir və fəlsəfə elmi, ümumdünya mədəniyyəti üçün əvəzsiz töhfədir. Qeyd etmək vacibdir ki, bu əsərlərdə A.Berqson, həmçinin, yeni zaman-məkan konsepsiyasının əsaslarına dair də xeyli orijinal fikirlər söyləmişdir ki, hazırda xüsusi maraq və aktuallıq kəsb edir.
"Əxlaq və dinin iki mənbəyi"ndə filosof insanın əxlaqi (mənəvi) və dini fəaliyyəti üzərində dayanır, şüur nəzəriyyəsindən universum və dəyərlər nəzəriyyəsinə keçir.
Əxlaqi normaların iki mənbəyi göstərilir: sosial təzyiq və sevgi coşğunluğu. Birinci halda normalar tarixən müəyyənləşmiş müxtəlif qrupların sosial tələblərini ifadə edirlər. İndivid özünü sosiumda hüceyrənin orqanizmdə və yaxud qarışqanın qarışqa ailəsində özlərini tapdıqları kimi tapır. Belə cəmiyyətin əsasında "özünü vərdişlərlə bağlamaq vərdişi" durur və bu, əxlaqi öhdəliyin əsasını təşkil edir. Vərdişlər sistemi az və ya çox dərəcədə cəmiyyətin tələbatlarına cavab verir. Lakin vərdişi öhdəliklərin əxlaqı - qapalı cəmiyyət əxlaqıdır, çünki individ tamın hissəsi, mexanizmin elementi kimi hərəkət edir.
A.Berqsona görə, sosial pressinq, hər halda, yeganə əxlaq mənbəyi deyil. Əxlaq cəmiyyət tipi ilə nisbətdədir. Mütləq əxlaq da mövcuddur - açıq cəmiyyət əxlaqı. Bu, onun fikrincə, xristian əxlaqıdır, yunan müdriklərinin və israil peyğəmbərlərinin əxlaqıdır. Universal dəyərlərlə səciyyələnən əxlaq qəhrəmanları Sokrat və İsa peyğəmbərdir. Onlar qrup, bir icma dəyərlərilə qane olmurlar, insanda bütün bəşəriyyəti görürlər. Məhz bütövlük təşkil edən bəşəriyyət açıq cəmiyyətdir. Qapalı cəmiyyət əxlaqı statikdir. Açıq cəmiyyət isə, əksinə, maksimal dərəcədə dinamikdir. Simasız konformizmə və qapalı cəmiyyətin hər cür tabularına qarşı anadangəlmə təkrarsızlığı ilə şərtlənən şəxsi başlanğıca söykənən əxlaq dayanır.
Filosofun fikrincə, bütün mövcud olmuş cəmiyyətlər - qapalı cəmiyyətlərdir. Həqiqi açıq cəmiyyətə yetişmək üçün böyük distansiya var - ən böyük millətlə bəşəriyyət arasındakı, sonlu olanla sonsuzluq arasındakı məsafə qədər. Açıq əxlaqın və deməli, açıq cəmiyyətin fundamenti - yaradıcı şəxsiyyətdir və onun məqsədi insanilikdir. Bu şəxsiyyətin və onun əxlaqının məzmunu - bütün insanlara məhəbbətdir. Başlıca xassə isə novatorluq ruhudur ki, təsbit olunmuş qapalı cəmiyyət normalarını yaxşıya doğru dəyişdirir.
Berqsona görə, insanın təbiətə görünməmiş təsiri ondan xəbər verir ki, cismanilik bütün hədləri keçərək böyüyür, patoloji olaraq şişir. Bu cismaniliyə müvafiq böyük qəlb, ruh, sevgi çatışmır. Mexanistik cismanilik mistikaya, yəni öz mifləri, əfsanələri və mövhumatları ilə sosial əlaqələri möhkəmlədən, onların dağılmasının qarşısını alan dinə ehtiyaclıdır. Din, həmçinin, əbədiliyə inam, mühafizə olunmaq mümkünlüyü hissini yaradır, baş verənlərə insanın özünün təsir etmək gücünə və imkanlarına ümid aşılayır. Din, filosofun fikrincə, insan və cəmiyyəti intellektin yaratdığı təhdidlərdən müdafiə edir. Müasir cəmiyyət daha çox mistik genlərə ehtiyaclıdır. Bu ehtiyac ödənilmədikcə, insan ağlının hadisələrin gedişini həyata qarşı çevirməsi ehtimalı daha da artır. Biz durmadan onun şahidi oluruq ki, düşünən varlıq eqoizmə yuvarlanır və sosial əlaqələri qırır. O, öz sonsuzluğunu, gələcəyin məchulluğunu və bütün insani təşəbbüslərin faniliyini dərk edir. Onun ilkin yeganə çıxış yolu dinamik dində - mistikadadır. Başqa sözlə desək, əsl elitar intellektə nail olmaqdadır.
Elmi siyasi dairələrdə daha çox məşhur olan eqalitar açıq cəmiyyət konsepsiyasının banisi Karl Popperin problemə dair baxışlarına keçmədən öncə onun, qısaca da olsa, həyat və yaradıcılığına nəzər salaq.
K.R.Popper 1902-ci ildə Vyanada anadan olmuş, gəncliyindən fəlsəfə, riyaziyyat, fizika, psixologiya və musiqi nəzəriyyəsi sahəsində müfəssəl biliklərə yiyələnmişdir. Yeniyetməlikdən tanınmış psixoloq Alfred Adlerin klinikasında köməkçi işləmişdir. 1928-ci ildə psixoloq Karl Bülerin yanında "Təfəkkür psixologiyasının metodu haqqında məsələyə dair" dissertasiya müdafiə etmiş; bir neçə il orta məktəbdə riyaziyyat və fizika dərsləri aparmışdır. Həmin illərdə o, həndəsədə aksiomatika problemi üzrə məqalələr yazmışdır.
K.Popperin fundamental əsərlərindən olan "Elmi biliyin məntiqi və artımı" 1934-1935-ci illərdə yazılmışdır. 1937-ci ildə o, yəhudi olduğuna görə, Yeni Zellandiyaya emiqrasiya etməyə məcbur olmuş və burada, Kenterberiysk universitetinin kollecində dərs deməyə başlamışdır. Bu dövrdə onun 1945-ci ildə nəşr edilmiş "Tarixiliyin yoxsulluğu" və "Açıq cəmiyyət və onun düşmənləri" adlı əsərləri yazılmışdır. 1946-cı ildə Popper London iqtisad məktəbinə dəvət alaraq İngiltərəyə köçmüşdür.
Elmin fəlsəfəsinə dair öz tədqiqatlarının nəticələrini K.Popper ikicildlik "Gümanlar və təkzibetmələr" (1963) və "Obyektiv idrak" (1972) kitabında nəşr etdirmişdir. 1974-cü ildə "Tərcümeyi-hal (Axtarışın sonu yoxdur)" və "Mənim tənqidçilərimə cavab" çap olunmuşdur. 1977-ci ildə o, C.Ekklslə birgə "Şəxsiyyət və onun beyni" kitabını buraxmışlar. Kral cəmiyyətinin üzvü olan Popperin əsərləri 20-dən artıq dilə tərcümə edilmişdir.
Totalitaris ideologiyanın əsaslandırılması qismində çıxış edən tarixiliyin metodoloji tezislərinin təhlili K.Popperin ikicildli "Açıq cəmiyyət və onun düşmənləri" əsərində verilir. Burada tarixiliyə mürtəce fəlsəfə və qapalı cəmiyyətin müdafiəçisi kimi baxılır. "Qapalı" cəmiyyət dedikdə, avtoritar qaydada qərarlaşmış və dəyişilməz normalar əsasında, totalitar prinsiplər üzrə təşkilatlanmış cəmiyyət nəzərdə tutulur. Bunun əksinə, "açıq" cəmiyyət insan zəkasının güclü tənqidi potensialına əsaslanır, burada yadfikirliyə sadəcə olaraq dözmürlər, onu hər cür stimullaşdırırlar, sosial problemlərin həllinə və cəmiyyətin fasiləsiz islahatına yönəlmiş azadlıqları (fərd və sosial qruplar səviyyəsində) dəstəkləyirlər.
Demokratiyanın mənasını dəqiqləşdirən Popper, daim təkmilləşdirmə yolu ilə müəyyən institutların saxlanılmasını vurğulayır, xüsusən də o institutların ki, vətəndaşlara hakimiyyət üzərində nəzarəti həyata keçirməyə və zərurət olarsa, heç bir qan tökmədən bu hakimiyyəti dəyişməyə imkan verir.
Ümumi götürdükdə, Popper hakimiyyətin dəyişdirilməsində daha çox qeyri-zorakı metodlara üstünlük verir. Yalnız alternativ olmadıqda və zərurətin danılmaz halında o, zorakı çevrilişi məqbul sayır. "Açıq cəmiyyət və onun düşmənləri" əsərində ifadə olunan bu mövqe, fikrimizcə, Popperin hələ bundan öncə yazdığı kitablarda öz əksini tapmışdır. Məsələn, "Elmi biliyin məntiqi və artımı" kitabında o, qeyd edir ki, "həqiqəti aşkarlamaqda maraqlı və bir-birinin arqumentlərini dinləməyə hazır olan tərəflər arasında həmişə rasional diskussiya, anlaşma mümkündür".
Popperin yaradıcılığı ilə yaxından tanışlıq bu qənaətə gəlməyə imkan verir: öz mövqeyini "tənqidi rasionalizm" adlandıran filosof həm elmi, həm də ictimai praktika müstəvilərində rasional müzakirəni, qarşılıqlı anlaşmaya söykənən mükaliməni, sərbəst diskussiyanı problemlərin həllində mühüm vasitə sayır. Onun üçün açıq və azad müzakirənin başlıca hədəfi yalnız onda deyil ki, kimsə kimisə fikrindən döndərsin, başqa həqiqətə inandırsın. Əsas məsələ ondadır ki, tərəf-müqabillər, iştirakçılar bir-birindən öyrənsinlər, fikirlərini aprobasiyadan keçirsinlər və hansısa vacib, problematik suala cavab axtarmaqda səhvə yol verməsinlər. Bəlkə də elə bu səbəbdən K.Popper müddəaların elmiliyinin meyarı kimi verifikasiyalaşmanı yox, falsifikasiyalaşmanı götürür (məntiqi pozitivizmin əksər nümayəndələrindən fərqli olaraq).
K.Popperdə epistemologiya, metodologiya siyasi nəzəriyyə ilə sıx bağlıdır. Filosofa görə, yanlışlığı üzə çıxarmaq üçün biz sərbəst müzakirələrdə iştirak etməliyik, bunu həyata keçirmək məqsədilə ənənə və təsisatlarımız olmalıdır, yəni elə bir cəmiyyət labüddür ki, elmi etosa müvafiq formalaşsın. Popper üçün bu cəmiyyət açıq və liberaldır.
Açıq cəmiyyətin formalaşmasına dair baxışlarına söykənərək K.Popper siyasi debatlarda fəal iştirak edir. "Açıq cəmiyyət və onun düşmənləri" əsərində o, Platonu, Hegeli, Marksı açıqlığa və biliyin tədrici, addım-addım kamilləşməsinə və bu kamilləşməyə şərait yaradan liberallığa qayğının olmamasına görə tənqid edir. Popperin fikrincə, həmin filosoflar onlara məxsus ehkamçılıq ruhuna uyğun olaraq rasional müzakirəyə və biliyin mütərəqqi fəaliyyətinə təhlükə yaradan cəmiyyət nəzəriyyəsi irəli sürüblər. Bununla da Popper tolerantlıq və liberallıq tələblərini müdafiə edir. Həmçinin, ideoloji "yonulma"ya və həqiqət üzərində inhisara qarşı çıxış edir.
Popperin Platona, Hegelə və Marksa qarşı özünəməxsus tənqidini bir çox məqamlarına görə qəbul etmək mümkün deyil. Burada qısaca demək istərdik ki, K.Popper bu görkəmli mütəfəkkirlərə münasibətdə heç də özünün rəhbər prinsipləri hesab etdiyi tolerantlıq və azad müzakirə mövqeyindən yanaşmır, sanki əvvəlcədən verilmiş yönümlənmə üzrə hərəkət edir. Totalitarizmi və total təfəkkürü tənqid edən Popperin özü bu böyük simaların yaradıcılığına qarşı elə totalitaristcəsinə də hücuma keçir, onların bir çox dəyərli ideya və baxışlarını adekvat anlayıb qiymətləndirməkdə səhlənkarlıq, hətta deyərdim ki, kobud laqeydlik göstərir. Görünür, burada əsərin yazıldığı İkinci Dünya müharibəsi illəri də öz təsirini bildirmişdir.
Demokratiya fenomeninə toxunan K.Popper, həmin dəqiqləşdirmələri vacib bilir:
1. Demokratiyanı çoxluğun hakimiyyəti kimi xarakterizə etmək olmaz, hətta ümumi seçki institutunun vacibliyini nəzərə alsaq da. Ən mühümü odur ki, hakimiyyətin hərəkətləri xalqın onları qan tökmədən kənarlaşdırmaq hüququ ilə məhdudlaşsın. Və əgər hakimiyyət azlığa sağlamlaşdırıcı islahatları həyata keçirməyə qarant olan institutları etiraf etmirsə, belə rejimi tiraniya saymaq olar.
2. Deməli, biz iki idarəetmə formasını fərqləndirməliyik - demokratiyanı və tiraniyanı.
3. Demokratik konstitusiya qanunlar sistemində yalnız bir tip dəyişiklikləri istisna edir - o dəyişiklikləri ki, demokratiyanın özü üçün təhlükə yaradırlar.
4. Ümumilikdə azlığı dəstəkləyən demokratiya qanunu pozanlara, xüsusən də başqalarını demokratiyanı "taxtdan salmağa" təhrik edənlərə şamil olunmur.
5.Demokratiyanı mühafizə edən institutların möhkəmlənməsinə yönəlmiş siyasi xətt həm idarə olunanlar, həm də hakim strukturlar mühitində gizli antidemokratik tendensiyaların mümkünlüyünü diqqətdən qaçırmamalıdır.
6. Demokratiyanın çöküşü bütün hüquqların yox olması deməkdir. Hətta iqtisadi artımın saxlanması şəraitində sosial itaətlik imperativləşir, hakimiyyətin özbaşınalığı isə sonsuzlaşır.
7. Demokratiya hər bir ağıllı islahatı müdafiə etməyə imkan verir (əgər onun reallaşması zorakılıq tələb etmirsə). Zorakı dəyişikliklərin stress effekti sivilizasiyalar üçün, demək olar ki, həmişə antidemokratik tendensiyaları reanimasiya edir. Ona görə hər bir döyüş, "stavka" demokratiyadırsa, həlledici ola bilər.
Demokratiya, əgər mövcuddursa, real açıq cəmiyyətə doğru yol göstərir. Və bu proses tədricidir. Popper deyir: "Mən zəkaya inanıram, düşünürəm ki, belə davranışa özümüzü hazırlamaq üçün hamımız çox işləməliyik; əlbəttə ki, bu, asan və sadə deyil, çünki heç də hamı ağıllı deyil, ağıllılıq nadir haldır. Hər halda ağıl və zor arasında seçim etməliyik. Nəzərə almalıyıq ki, bütün hallarda kobud zorun tətbiqi - birbaşa cinayətdir, yaxud da cinayətə aparır. Bir zorakılıq başqasını doğurur, inqilablar inqilabçıların özünü məhv edir, üstəlik də idealları gözdən salır".
Popperin fikrincə, əgər biz zorakılıqla sosial nizamı pozarıqsa, yalnız saysız-hesabsız qurbanlara görə üzərimizə məsuliyyət götürməyəcəyik, həmçinin elə situasiya yaradacağıq ki, ədalətsizlik və təqiblər normaya çevriləcək. Zorakılığın əl-qolunu açmaqla bəşəriyyəti məhv etmək olar - bu, elə də çətin yol deyil. Ən çətini odur ki, ziddiyyətləri ağıl vasitəsi və ağıllı yollarla həll olunan rasional cəmiyyət becərib yetişdirəsən. Bunun üçün, ilk növbədə, hüququn aliliyinə və qanunlara zidd getməyən azadlıqlar olmalıdır. Əvvəlcə azadlıq, yalnız sonra - ədalət. Azad cəmiyyətdə kəsərli və əsaslı tənqid vasitəsi tarazlı, ölçülüb-biçilmiş islahatlar yolu ilə ədaləti təmin etmək olar. Lakin qapalı cəmiyyət şəraitində, tiranın yaltaqlar, riyakarlar, acgöz talançılar əhatəsində olduğu vəziyyətdə heç bir ədalətdən və onu qərarlaşdırmağa yönəlmiş tənqidi fikirdən söhbət gedə bilməz.
K.Popper yazır: "Mənim təsəvvürümdə avtoritarizmlə rasionalizm bir-biri ilə barışmazdır, çünki rasional fəaliyyətin əsasını arqumentasiya prosesi təşkil edir, həmçinin- tənqidə məhəl qoymaq məharəti". O, həqiqi rasionalizmlə, psevdorasionalizmin fərqləndirilməsini vacib bilir və Sokratın rasionalizmini "həqiqi rasionalizm" adlandırır. Bu rasionalizm, Popperin fikrincə, ayrıca (təkcə) götürülmüş adamın imkanlarının məhdudluğunun dərk olunmasını, intellektual təvazökarlığı nəzərdə tutur.
Psevdorasionalizm
mənasında isə Popper Platonun intellektual intuisionizmini
götürür. Platona, K.Popperə görə, müəyyən
adamlarda ali intellektual qabiliyyətlərin
mövcud olmasına qeyri-təvazökar əminlik,
şübhə doğurmayan şərtsiz biliyə pretenziya
xasdır. Bu cür "avtoritar
intellektualizm"i, filosofun fikrincə, çox vaxt rasionalizm
adlandırırlar.
"Zəkaya
inam yalnız bizim zəkaya inam deyil, həm də və daha
çox başqalarının zəkasına inamdır. Ona görə
rasionalist, hətta başqalarından intellektual
üstünlüyünə əmindirsə də, avtoritarizmə
olan bütün çağırışları rədd edəcək".
Həqiqi intellektual başqalarının fikrindən,
hətta tənqidindən öyrənməyə, səhvlərdən
nəticə çıxarmağa və bu səhvləri
düzəltməyə hazır və qabiliyyətli olur.
Belə ki, həqiqi rasionalizm
başqasının fikir söyləmək və eşidilmək
hüququ ilə bağlıdır. "Biz,
sadəcə olaraq, arqumentləri dinləməklə
arxayınlaşmamalıyıq. Biz məsuliyyət
daşımağa, hərəkətlərimizin başqa insanlara
necə təsir etməsinə görə cavabdeh olmağa
borcluyuq. Son nəticədə rasionalizm tənqid
azadlığını, fikir azadlığını və
deməli, insan azadlığını müdafiə edən
sosial institutların zəruriliyinin etirafını şərtləndirir".
K.Popperin
"Açıq cəmiyyət və onun düşmənləri"
kitabında ifadəsini tapmış konsepsiya qapalı və
açıq cəmiyyətlərin real
qarşıdurmasından, müqayisəsindən
çıxış edir. Popperin fikrincə, Qərb
demokratiyası açıq cəmiyyətə keçidi əsasən
tamamlayıb, sosializm isə qapalı cəmiyyət olaraq
qalır. Popperə görə, qapalı cəmiyyətə
fəaliyyət qanunlarının dəyişilməzliyi,
dövlətin fərd üzərində
hökmranlığı, şəxsi məsuliyyətsizlik,
ideoloji ehkamçılıq, totalitarlıq xasdır. Strukturuna görə ibtidai tayfaya oxşar bu
"traybolist" cəmiyyət özünü bütün
dünyaya qarşı qoyur.
Qapalı cəmiyyətin
başlıca ideya müəlliflərindən biri
saydığı Platonu ciddi tənqid atəşinə tutan
K.Popper qədim yunan filosofunun fikirlərindən belə bir
nümunə gətirir: "Burada ən başlıcası
budur: heç vaxt heç kim - nə
kişilər, nə də qadınlar rəissiz
qalmamalıdır. Nə ciddi məşğuliyyətlərdə,
nə də oyunlarda heç kim öz istəyinə
görə hərəkət etməyi özünə öyrətməməlidr:
yox, həmişə - müharibədə və sülh
dövründə - daim rəisə tabe olaraq və onun
göstərişlərinə riayət edərək
yaşamaq gərəkdir. Hətta ən xırda şeylərdə
onları rəhbər tutmaq lazımdır, məsələn,
rəisin əmrinə əsasən yerindəcə dayanmaq,
qabağa getmək, məşqlərə başlamaq, yuyunmaq,
qidalanmaq və oynamaq...".
Hər bir
musiqi öz kökü üstündə kökləndiyi kimi,
hər bir həqiqət də yalnız öz tarixi şəraiti,
dövrü və anı çərçivəsində,
ümumi mahiyyət kontekstində müəyyənləşir. Həqiqət
həmişə konkretdir, yəni tarixi-konkretlik prinsipinin tələblərinə
cavab verməlidir. Eyni zamanda, həqiqət
- prosesdir. Əsl həqiqət bəzi
ideoloji, dini ehkamlardan fərqli olaraq, zaman-məkana nəzərən
ölü, cansız, mütləq mənada tamamlanmış,
qəlibləşmiş invariant deyil. Məhz
bu halda həqiqət öz fəlsəfi-kateqorial, ictimai
yükünü daşımağa qadirdir. Bu da ilk növbədə, insanların necə və
nə cür mühakimə yürütməyindən,
onların həqiqəti adekvat surətdə anlamaq qabiliyyətindən,
bir sözlə - adamların təfəkkür üslubundan, tərbiyəsindən,
düşüncə tərzindən asılıdır.
Açıq cəmiyyət anlayışına
gəldikdə də məsələ belədir.
Açıq cəmiyyət
tərəfdarları olan ayrı-ayrı klassiklərin
hansısa dəyərli sözlərini birbaşa mənada
hifz edib həyata keçirmək cəhdi uğursuzluqdan, məğlubiyyətdən
başqa heç nə verə bilməz. Məsələn, Platonun
yuxarıda verdiyimiz fikirlərini açıq cəmiyyətin
ümumi mahiyyətindən kənarda, heç nəyi
(anı, dövrü, zamanı, məkanı, tarixi irsi və
tarixi ətalət qüvvəsini, təkcə-xüsusi-ümumi
nisbətlərindən doğan tələbləri və s.) nəzərə
almadan həyata tətbiq etmək cəhdi, əlbəttə
ki, səhv və əsassız bir işdir. Ancaq
çox təəssüflər olsun ki, biz hələ bu ənənədən
yaxa qurtara bilməmişik və böyük bir məqsədə
çatmaq üçün səhvən hansısa ayrıca
götürülmüş fikrə istinad etməklə məsələləri
həll etməyə çalışırıq. Beləliklə
də, get-gedə daha çox ümumi ali
məqsədə çatmaq yolunda özümüz -
özümüzə maneə yaradırıq.
Məsələyə
konkret yanaşaq. Məgər, məsələn, orduda, əmək
kollektivində, təlim-tədris prosesində nizam-intizama,
qayda-qanuna nail olmaq xatirinə subordinasiya tabeçiliyinə
riayət etmək lazım deyilmi? Əlbəttə,
lazımdır. Platonun "hər kəs istəyinə
uyğun yox, rəisin göstərişinə müvafiq surətdə
hərəkət etməlidir" fikrinin antitezisi üzərində
birbaşa qurulmuş davranış tərzi, fəaliyyət
strukturu heç vaxt və heç yerdə açıq cəmiyyət
üçün zəmin ola bilməz.
Açıq cəmiyyətin mahiyyəti əsgər -
komandir, övlad - valideyn, şagird - müəllim, əməkdaş
- rəis və s. münasibətlərdə pozitiv yük
daşıyan, tarixi sınaqlardan çıxmış və
sağlam düşüncəyə cavab verən mənəvi
dəyərləri, idarəetmə etikasını və
qaydalarını alt-üst etməkdə, "burada mənəm,
Bağdadda - kor xəlifə" prinsipini rəhbər tutmaqda
deyil. Bu yolla həqiqi demokratiyaya və azadlığa
yox, hərc-mərcliyə, özbaşınalığa,
eqoistik məkanların genişlənməsinə və
subyektiv ehtirasların coşmasına nail olmaq
mümkündür. Ümummilli lider Heydər
Əliyevin möhtəşəm idarəetmə məktəbinin
fəlsəfəsi məhz bu həqiqətləri, zəruri qənaətləri,
əqli-praktiki təcrübəni, rasional yanaşmanı
ortaya qoyur, gələcək nəsillərə
aşılayır. O dəyərləri ki, bundan sonra da
öz yararlığını, faydasını nümayiş
etdirmək qabiliyyətindədir. Bu barədə ətraflı
və müfəssəl məlumat, maraqlı və zəngin
bilgilər görkəmli dövlət xadimi, akademik Ramiz
Mehdiyevin əsərlərindən əldə etmək
mümkündür.Yaxşı olardı ki, bu əsərlərdən
tədris prosesində, maarifləndirmə işində daha
geniş istifadə olunsun. Yeni ictimai şüurun,
yaradıcı təfəkkürün, məsuliyyətli və
məhsuldar iş üslubunun formalaşmasında onların
olduqca böyük faydası ola bilər.
Açıq cəmiyyətin
məğzi təfəkkürdə və əməldə, fərdlərdə
və bütöv cəmiyyətdə, vətəndaşlarda
və dövləti idarə edənlərdə yüksək
məsuliyyət hissinin və deməli, vicdanın
olmasından ibarətdir. Məsuliyyət və vicdan cəhətdən
kasıblaşan cəmiyyət get-gedə daha çox
deformasiyalara uğrayar, daxilən aşınar, ağa qara,
qaraya ağ deməyə vərdiş edər, riyakarlıq,
yalan, məddahlıq, əxlaqsızlıq gölməçəsinə
çevrilər, bir qrup harınlaşmış mənsəb
və sərvət sahiblərinin
talançılığına, qəddarlığına
düçar olar. Elə bu səbəbdən də, bəzilərinin
anladığı kimi, açıq cəmiyyətə
doğru irəliləyiş klassik kapitalizmə
qayıdış deyil! Açıq cəmiyyətə
gediş, əksinə, kapitalizmin mənfur xüsusiyyətlərindən,
qeyri-insani atributlarından uzaqlaşmaqdır! O, eyni zamanda
Marks, Engels, Lenin, Stalin təlimlərinə uyğun sosializmin
yenidən təkrarında, tətbiqində deyil. Əksinə, belə sosializmin bütün mənfi
cəhətlərində azad olmaqdadır.
Formalcasına
düşünən ayrı-ayrı adamlar söylənilən
fikirlərdən çıxış edərək belə
bir əqli nəticəyə gələ bilərlər ki,
açıq cəmiyyət - elə kapitalizmlə sosializmin
konvergensiyasıdır. Etiraf edək ki, belə qənaətəgəlmə
tez-tez özünü göstərir. Özü
də, təkcə adi adamlar yox, mütəxəssislər səviyyəsində.
Məsələn, filosof İ.T.Kasavin yazır: "Müasir
variantında "açıq cəmiyyət" nəzəriyyəsi
konvergensiya nəzəriyyəsinin bir növüdür". Bu qənaəti yalnız ilkin yanaşmada məqbul
hesab etmək olar, bütövlükdə isə səhv
fikirdir. Azərbaycanda da bu anlamın nisbətən
geniş yayıldığını nəzərə alaraq, məsələnin
üzərində bir qədər ətraflı dayanaq.
Konvergensiya nəzəriyyəsi
(tanınmış tərəfdarları - C.Helbreyd, P.Sorokin,
R.Aron, Y.Tinbergen və b.) elə bir sosial-fəlsəfi və
politoloji konsepsiyadır ki, ona görə iqtisadi, siyasi, mədəni
fəaliyyətin beynəlmiləlləşməsi və
industrial inkişaf etmiş cəmiyyətlərin ümumi
struktur və funksional cəhətlərinin mövcudluğu
sosial-siyasi divergent sistemlərin (kapitalizmin və sosializmin)
yaxınlaşmasına və hətta onların gələcəkdə
qarışıq cəmiyyət tipində vahidləşməsinə,
sintezləşməsinə aparıb çıxarır. Və bu cəmiyyət, nəzəriyyəyə
görə, hər bir sistemin müsbət cəhətlərini
özündə daşıyır.
Konvergensiyanın xarakteri və
mümkün olan sədləri barədə müxtəlif
baxışlar mövcud idi: sosializm kapitalizm tərəfindən
"assimilyasiya" olunacaq; hər iki sistemdə baş verən
proseslər birləşməyə gətirəcək;
sosial-siyasi və ideoloji spesifiklik saxlanılmaqla, hər iki
sistem sülhün təmin olunması, yer üzərində
ekoloji mühitin qorunması, mədəni və siyasi dialoqun
genişlənməsi kimi məsələlərin həyata
keçirilməsində birgə səylər göstərəcək,
vahid qüvvə səviyyəsində çıxış
edəcək və s. Onu da qeyd edim ki, XX əsrin 70-ci illərinin
axırlarında Qərbdə "neqativ konvergensiya"
adlanan konsepsiya da yayılmağa başladı (H.Markuze,
Y.Habermas və b.). Neqativ konvergensiya
konsepsiyasına görə, sosializm və kapitalizm bir-birinə
əks olan sosial-siyasi strukturların əsasən mənfi
ünsür və cəhətlərini mənimsəyirlər.
80-ci illərin
axırlarından başlayaraq dünyada baş vermiş hadisə
və proseslərə nəzər yetirsək, görərik
ki, iki əsas sistemin müsbət mənada bir-birini
tamamlaması, dolğunlaşdırması ideyası heç
də özünü doğrultmamışdır. M. S. Qorbaçovun
"demokratik sosializm"inin, "insan sifətli
sosializm"inin iflası və SSRİ-nin dağılması,
Şərqi Avropada sosializmin süqutu və yeni quruluşa
(çox vaxt və çox yerdə tam müəyyən
olunmamış) doğru "qaçış" buna
sübutdur. O baxımdan demək olar ki, bəlkə də
neqativ konvergensiya tərəfdarları daha haqlı idilər.
Ümumiyyətlə,
söhbət açıq cəmiyyətdən gedirsə,
fikrimizcə, bu məqsədin gerçəkləşməsi
nə kapitalizmin sosializmlə zənginləşməsi, nə
də sosializmin kapitalizmlə zənginləşməsi yolu ilə
mümkün deyil. Konvergensiya nəzəriyyəsi
açıq cəmiyyətə doğru fəaliyyətdə
nəzərdə tutulan nəticəni verə bilməz.
Açıq cəmiyyətin öz kökü var və bu
kök iki bir-birinə əks köklərin hibridindən ibarət
deyil və ola da bilməz.
Düzdür,
kapitalizmin açıq cəmiyyət istiqamətində
transformasiyası mümkündür və biz bu
mümkünlüyün şahidiyik. Bir çox inkişaf
etmiş ölkələrin (xüsusən də Skandinaviya
ölkələrinin) tarixi təkamülü bunu sübut
edir. Burada başlıca səbəb isə odur ki,
kapitalizm özü, bütün mənfur cəhətlərinə
baxmayaraq, daha çox açıq tipli sistemdir, yəni
açıq cəmiyyətə keçid üçün əvvəlcədən
etibarlı zəmin var. Görünür, heç də təsadüfi
deyildir ki, Den Syaopin Çində "sosializmi
canlandırmaq" üçün iqtisadi islahatlar keçirərkən
"açıq qapı" siyasətini bütöv cəmiyyətin
və dövlətin aparıcı prinsipindən birinə
çevirmişdir.
Kibernetika, sistemotexnika, sistemlər
nəzəriyyəsi və bunlara yaxın elm sahələrində
açıq sistem dedikdə, elə sistem nəzərdə
tutulur ki, onun xarici mühitlə maddə, informasiya, enerji
mübadiləsi üçün kifayət qədər
kanalları ("giriş" və
"çıxış"ları ) var. Sərhədlərin
keçiricilik qabiliyyətinin yüksəkliyi və sinergetik
mənbələrin effektliyi enerjini açıq sistemdə
kompensasiya etmək imkanı yaradır ki, bu da daxili təşkilatlanma
və yenidənqurma proseslərinin gedişində "xərclənmiş"
(israf olunmuş) enerjinin müqabilində sistemi
qidalandırır və onun potensial qüvvəsinin tam tükənməsinə
imkan vermir. Əlbəttə, sisdemdaxili enerjinin
bərpası bununla bitmir.
Açıq sistemlərdə
özünütəşkilatlandırma və
özünüidarə üçün daha geniş və səmərəli
zəmin olduğundan, bir tərəfdən, enerji
israfçılığı çox az
miqdarda baş verir (yaxud ümumiyyətlə olmur), digər tərəfdən,
sistemdaxili proseslərin cərəyanı əlavə enerjinin
yaranmasını mümkün edir. Bu, xüsusən
sosial sistemlərdə özünü daha qabarıq göstərir.
Məhz buna görə açıq sosial sistemlər
dayanıqlı, uzunmüddətli təkamülə, pozitiv
transformasiya qabiliyyətinə malikdirlər.
Beləliklə,
biz hansı nəticəyə gəlirik?
Birincisi -
Açıq cəmiyyət kapitalizmlə sosializmin nə
simbiozundan, nə də hibridindən ibarətdir.
İkincisi -
Açıq cəmiyyətə doğru irəliləmək
üçün heç də geriyə - kapitalizmə,
xüsusən də quldur kapitalizminə qayıdış
vacib deyil.
Üçüncüsü
- Açıq cəmiyyət "yaxşı kapitalizm"lə
"yaxşı sosializm"in "hədlər cəmi"
olmadığından, bu gün də çoxları
üçün qaranlıq qalan özünəməxsus
mahiyyət köklərinə malikdir.
Dördüncüsü
- Açıq cəmiyyət özünəməxsus köklərə
malik olduğundan, bir sıra atributiv xassələr də
özünəməxsusluğu ilə fərqlənir. Məsələn,
açıq cəmiyyətə xas olan demokratiya nə
"burjua demokratiyası", nə də "sosialist
demokratiyası" ilə eynilik təşkil etmir. Axırıncılar həqiqi demokratiyanın
daşıdığı mənadan çox-çox
uzaqdır. İstər "burjua demokratiyası"
olsun, istərsə də "sosialist demokratiyası" -
bunlar cəmiyyətin bir qisminin siyasi-iqtisadi-ideoloji
hökmranlığını həyata keçirmək
üçün vasitədir, çoxluğu aldatmaq, əzmək,
talamaq, öz məqsədləri naminə idarə etmək
üçün işlədilən məkrli silahdır.
Beşincisi -
Açıq cəmiyyət "optimum"
axtarışında olan bəşəriyyətin zərrə-zərrə
əldə etdiyi dəyərlərin birgə ifadəsidir və
daim inkişafda olan mahiyyətdir. O, bəşəriyyət
üçün həm reallıq, həm də idealdır. Bu ideala doğru cəhd - cəmiyyətlərin və
insanların ən şərəfli vəzifəsidir.
Altıncısı
- Açıq cəmiyyətin, reallıqla yanaşı, bir
ideal kimi çıxış etməsi onu qətiyyən
utopiya ilə eyniləşdirmir. Bəli, idealla
utopiyanın çarpazlaşan, üst-üstə düşən
cəhətləri var. Daha dəqiq desək, "ideal"
anlayışı utopik şüurun mühüm konstruktiv
elementidir. Sadəcə, gələcəyə
yönumlənmə yox, məhz ideala oriyentasiya utopiyanın fərqləndirici
əlamətidir. Həm ideala, həm də
utopiyaya transsendentlik, yəni reallıqdan kənaraçıxma
xasdır. Lakin utopiyada transsendentlik daha radikaldır: bu,
yalnız gerçəkliyin sərhədlərindən kənaraçıxma
deyil, həm də mümkün olanın (imkanın) sədlərini
aşmaqdır. Utopiya - tarixi inkişafın təbii
məhsulu yox, subyektiv mülahizələrə və istəklərə
uyğun "kamil cəmiyyət"dir. 1974-cü ildə
Nobel mükafatı laureatı adına layiq
görülmüş F.A.Hayekin təbirincə desək,
utopiya - "spontan" nizama əks olan "şüurlu
nizamdır". Utopiyada gələcək
bu günün davamı kimi deyil, indinin alternativi kimi
çıxış edir.
Yeddincisi - Açıq cəmiyyətdə
insanın insan olması, sərbəst və mədəni fəaliyyət
göstərməsi üçün planlar tutulmur,
deklarasiyalar söylənilmir, komissiyalar yaradılmır (sovet
sosializmində olduğu kimi), nə də ki kapitalizmə məxsus
şəxsi-eqoistik motivlər, mənfəətdarlıq hissi
ön plana keçirilmir, ictimai tərəqqinin həlledici
amili səviyyəsinə yüksəldilmir. Belə cəmiyyətdə
insanın öz taleyinə sahib çıxması
üçün nə kompartiyanın canfəşanlığına,
nə də kapitalistin xeyriyyəçiliyinə və xoş
məramına ehtiyac var. Bu, artıq utopiya deyil: kifayətdir
ki, bir sıra Avropa və Uzaq Şərq ölkələrinin,
nəhayət, Yeni Zellandiyanın həyat tərzini göz
önünə gətirək.
Deyilənlərdən
aydın olur ki, açıq cəmiyyət, bəzən
adamların düşündüyü kimi, utopik bir arzu deyil. O, bəşər tarixinin təbii,
necə deyərlər, spontan məhsuludur, cəmiyyətlərin
təkamül xüsusiyyətlərindən doğan, get-gedə
daha çox kamilləşən ümumi sərvətdir. Və bu sərvətin qərarlaşması (nisbi mənada)
mümkünlükdən kənarda (imkan xaricində) nəzərdə
tutulmur. Açıq cəmiyyət - keçmişdə,
indidə dərin kökləri olan, ictimai həyatın
bütün sahələrinə dair atributları təzahür
edən reallıqdır və "daimi perspektiv"dir. O,
lapdan, göydəndüşmə fenomen deyil və tarixin
inkişaf dinamikası ilə ziddiyyət təşkil etmir. Əksinə, bu dinamikanı dalanlarda ilişib
qalmaqdan xilas edir.
"Optimum"
axtarışında olan bəşəriyyət
üçün hansı yolun düzgün olub-olmaması barədə
düşünərək əminliklə deyə bilərik
ki, ən məqbul, həqiqi istiqamət açıq cəmiyyət
əlamətlərinə cavab verən istiqamətdir. Bu istiqamətin
insaniliyini, üstünlüyünü bəşər
tarixinin özü sübut etmiş və nəticədə
dünya bir sıra universal əhəmiyyətli dəyərlərin
qərarlaşmasına nail olmuşdur.
Açıq cəmiyyətə
doğru transformasiyada işlərin gedişinə, tərəqqiyə
ciddi maneə yaradan başlıca səbəblərdən biri
cəmiyyətimizin psixoloji durumunda, ovqatında və vətəndaşlarımızın
beynində, qəlbində cərəyan edən
fundamentalizmdir.
Böyük bir universal mahiyyətə çatmaqda təkcəyə,
xüsusiyə, hansısa fövqəladə şəxsiyyətə
ifratcasına arxalanmaqda və istinad etməkdədir!
Ölkəmizin
tərəqqisi cəmiyyətin özünün, sosial-siyasi
strukturların, insani münasibətlərin, ictimai
varlığın kamilləşməsində və necə
deyərlər, dahiləşməsindədir. Hər bir kəsin
özünəməxsus yaradıcılıq və təşəbbüskarlıq
potensialına, mübarizlik və işgüzarlıq əzminə
söykənməklə, sağlam birgəyaşayış
prinsiplərinə riayət etməklə, ədalət və
məsuliyyət hissinə vüsət verməklə,
qarşılıqlı fayda gətirən əməkdaşlığa
və həmrəyliyə zəmin yaratmaqla,
haqsızlıqları ortadan götürməklə həm
taleyüklü problemləri həll etmək, həm də cəmiyyətin
demokratik, azad inkişafını təmin etmək olar. Açıq cəmiyyətə aparan yol budur.
Bir sözlə,
yeni cəmiyyət quruculuğu yeni fəlsəfə və
yeni təfəkkür tərzi tələb edir. Eyni zamanda, bu
fəlsəfənin və təfəkkür tərzinin
daşıyıcılarını tələb edir. Yeniləşən
cəmiyyətin "yaradıcı nüvə"si bu
insanlar ola bilərlər. Həmin
insanlar ki, cəmiyyətə fədakarcasına xidmət
göstərmək istəyində və
bacarığındadırlar, yeni sosial-siyasi-iqtisadi-mənəvi
münasibətlərin ixtiraçılarıdır, mədəni-intellektual
intibahın yardımçılarıdır. Keçmişin ab-havasından əl çəkməyən,
eqoist, hədsiz dərəcədə iddialı, hiyləgər,
kəmsavad siyasətbazlar yeniləşmək istəyində
olan cəmiyyətimizin yolunda yalnız böyük bir maneədir.
Qaragüruhçuluğun təzahür forması olan bu
"dahilər" mahiyyətcə tərəqqinin,
açıq cəmiyyətin düşmənləridirlər,
xüsusən də iddialarının qarşısı
alınmayanda! Azərbaycanın milli elitası
Prezident İlham Əliyevin başçılığı ilə
irəli sürülmüş və ardıcıllıqla həyata
keçirilən "Yeni - kreativ, qüdrətli və zəngin
Azərbaycan" təşəbbüs-konsepti yaxından və
yaradıcı surətdə dəstəkləməli, etibarlı
və effektli yardımçı olmalıdır. Eynilə, akademik Ramiz Mehdiyevin öz əsərlərində
əsaslandırdığı kimi, həmin təşəbbüs-konseptin
reallaşması baxımından ictimai elmlərin yenidən
düşünülməsi proqramı milli layihə qismində
rəhbər tutulmalıdır. Azərbaycanda
fəlsəfi fikrin yenidən nəzərdən keçirilməsi
də xeyli dərəcədə və həcmdə bu məqsədə
qulluq etməlidir. Bu istiqamətdə, həmçinin,
"milli ruh"un qorunub saxlanması, daha
da pərvazlanması, alovlanması "mövqeyindən
çıxış etməyimiz mütləqdir, əks halda,
"kor-koranə qərbləşmə" cəmiyyətimizin
inkişafına ciddi əngəllər törədə bilər"
(Mehdiyev R. Azərbaycan - 2003-2008: reallığa çevrilən
qeyri-adi zaman. "Fəlsəfə və sosial-
siyasi elmlər" jurnalı. 2008, ¹
5-6, s. 58).
Gələcəyin
qalibləri sırasında yalnız o ölkələr, xalqlar
çıxacaqlar ki, onlar zəka qüdrətinə, təfəkkür
gücünə, ruh yüksəkliyinə arxalanacaqlar. Bu amillərin
çiçəklənib pərvazlanması, vüsət
tapması isə açıq tipli demokratik cəmiyyətdə
mümkündür. Maddi sərvətlərin
gətirdiyi "dividend"lərə ümid edən ölkələr,
xalqlar bəri başdan məğlubiyyətlərə,
psevdomüstəqilliyə, asılılığa və
bir-birini əvəzləyən korrupsioner rejimlər şəraitində
yaşamağa məhkumdurlar. Müstəqilliyin,
azadlığın, mənalı həyat tərzinin
qarantı - zəka, rasional idrak və insani- intellektual potensialdır!
Yalnız bu əsasda
ölkəmizin açıq cəmiyyətə doğru
transformasiyasında innovasiyalara olan kəskin tələbatı
ödənilə bilər. Ona görə də
intellektual resursların, insan kapitalının
formalaşması, idarə və istifadə olunması məsələlərinə
xüsusi diqqət artırılmalı, zəruri qanunlar qəbul
olunmalı və təşkilati işlər
aparılmalıdır. Sözsüz ki, bu
istiqamətlər üzrə son illər ərzində xeyli
işlər görülüb və görülməkdədir.
Burada hər birimizin, xüsusən də siyasi
hakimiyyət və biznes nümayəndələrinin, dövlət
məmurlarının, ziyalıların, elm, təhsil, mədəniyyət
və incəsənət sahələrində
çalışanların üzərinə böyük məsuliyyət
düşür. Həmin məsuliyyətə
müvafiq olaraq əzmkarlıq, fədakarlıq göstərib
elə işləməliyik ki, ölkəmiz daha da
çiçəklənsin və tərəqqiyə
qovuşsun. Cəmiyyətimizin
bugünü və gələcəyi hər birimizin, bizim
övladların, yeni nəsillərin taleyini müəyyənləşdirir.
Əbülhəsən ABBASOV,
AMEA-nın Fəlsəfə,
Sosiologiya və
Hüquq İnstitutunun şöbə müdiri,
fəlsəfə elmləri doktoru, professor
Azərbaycan.- 2009.- 22 noyabr.- S. 5.