Səma altında muzey

 

Burada nümayiş etdirilən eksponatlar tariximizin dərin qatlarından soraq verir. Elə götürək Gəmiqaya arxeoloji abidəsindən gətirilən daş parçasını. Yazının, əlifbanın meydana gəlmədiyi dövrdə bu daş parçasının üzərində qayaüstü təsvirlər öz əksini tapıb. Tədqiqatçı alimlərin fikrincə, eramızdan əvvəl üçüncü minillikdə Gəmiqaya əcdadlarımızın ilkin yaşayış məskənlərindən biri olub, burada tunc dövrünün insanları yaşayıblar. Əldə olunan çoxsaylı maddi-mədəniyyət nümunələri bu deyilənləri təsdiqləyib.

Eksponatlar arasında memorial xatirə abidələri mühüm yer tutur. Onlardan biri menhir adlı maddi mədəniyyət nümunəsidir. O, xalqımıza məxsus ən qədim qəbirüstü xatirə abidəsi sayılır. Qəbilə quruluşu dövrünün məhsulu olan bu abidə qəbir üzərində dik basdırılmış heykələ bənzəyir. Adətən bu cür daşlar qəbilə başçılarının qəbirləri üzərində qoyulub. Əcdadlarımızın dini inanclarına görə, ölən adamın ruhu bədəni tərk edəndən sonra həmin daşda əbədi yaşayırdı.

On üç əsr bundan əvvələ aid edilən daş türbə diqqəti cəlb edir. Səkkizguşəli bu mahir daşyonma əsəri orta əsrlərdə məşhur olan Naxçıvan memarlıq məktəbinin incilərini xatırladır. Maraqlı eksponatlardan biri isə çəkisi 5 ton ağırlığında olan dəyirman daşıdır. Bu daş bir vaxtlar Culfa rayonunun Bənənyar kəndində su dəyirmanının əsas avadanlıqlarından biri olub. El arasında ona "bərəkət daşı" da deyilib.

Təbii ki, 2,5 hektara yaxın ərazini əhatə edən Açıq səma altında muzeydə nümayiş etdirilən eksponatların hamısını bir cəhət birləşdirir. Müxtəlif növdə rənglı daşlardan hazırlanmış, yonulmuş sənət nümunələridir. Muzey muxtar respublika Ali Məclisi Sədrinin xüsusi sərəncamı əsasında yaradılıb. Ötən yeddi il ərzində burada eksponatların sayı 84-dən 300-dək artırılıb. Başlıca məqsəd doğma tariximizin tədqiqinə, təbliğinə öyrənilməsinə yönəldilib. İnsafən, son illərdə bu istiqamətdə çoxlu işlər görülüb. Bölgənin tarixinin öyrənilməsi ilə bağlı onlarla elmi tədqiqat işləri aparılıb.

Eksponatlar arasında müxtəlif ölçüdə formada daş qoç qoyun fiqurları, sənduqələr çoxluq təşkil edir. Bu abidələrin yayım arenasına görə Naxçıvan ölkəmizdə ilkin yerlərdən birini tutub. Bu, heç bölgədə təkcə əhalinin qədim dövrlərdən başlayaraq qoyunçuluqla geniş məşğul olmasının göstəricisi olmayıb. Qədim türk xalqlarında qoç həm güc, qüvvət, bolluq, bərəkət rəmzi hesab edilib. Üzərlərində müxtəlif kitabə bədii təsvirlər həkk olunan abidələr isə daha qiymətli mənbələr sayılıb. Çünki bu yazı təsvirlərdə xalqımızın dünyagörüşü, qədim inancları da öz əksini tapıb. Bununla yanaşı, orta əsrlərdə Naxçıvanda bədii daşyonma sənətinin hansı səviyyədə inkişaf etməsini bu eksponatlardan aydın öyrənmək olar. Bir çox eksponatlar isə orta əsrlərdə Azərbaycan heykəltəraşlığının inkişaf səviyyəsindən soraq verir.

Bir qədər daş qoç qoyun fiqurlarının yaranma tarixi barədə söz açmaq istəyirəm. Tədqiqatçıların fikrincə, müsəlman-türk aləmində ilk xatirə abidələri animizm (ruhlara inam) ideyaları ilə bağlı olub. Bu abidələr əvvəlcə qəbirüstü insan heykəlləri vasitəsilə ortaya çıxmış, sonra isə bəzi qəbilə tayfalarda at qoç fiqurları ilə əvəz edilmişdir. Xakasiya Qazaxıstanda tapılan daş qoc fiqurlarını tədqiqatçılar eramızdan əvvəl ikinci minilliyə aid ediblər. Eramızdan əvvəl birinci minillikdə Azərbaycanda, Göytəpədə qəbirlərin üzərinə bu cür heykəllər qoyulub. VIII əsrdə yaşamış məşhur türk sərkərdəsi Kültəkinə məxsus məzarın üzərində üz-üzə dayanmış iki qoç fiquru aşkar olunub.

AMEA-nın müxbir üzvi, tarix elmləri doktoru Qadir Qədirzadənin fikrincə, qədim türk xalqlarının inamları, dəfn adətləri ilə bağlı daş qoç qoyun abidələri ilk öncə qəbirlərə, dəfn edilənin yanına qoyulmuş kiçik fiqurlardan ibarət olmuş, zaman keçdikcə bu adət tədricən məzarların üstünə qoyulan abidələrlə əvəzlənmişdir. Onun sözlərinə görə, Naxçıvan ərazisində erkən tunc dövrünə aid gildən hazırlanmış heyvan fiqurları birinci Kültəpə, Maxta, Muncuqlutəpə yaşayış yerlərindən tapılıb. Bu da sübut edir ki, hələ üç-dörd min il bundan əvvəl qoç inamı insanların ideoloji dünyagörüşlərində xüsusi yer tutub.

Muzeyin direktoru Zemfira Seyidova isə bildirir ki, bu daş fiqurlar, heykəllər bütpərəstliyi xatırlatdığından islam dini yayıldıqdan sonra qəbirlərin üstünə onların qoyulması adəti zəifləyib. XV əsrdən etibarən isə Ağqoyunlu Qaraqoyunlu tayfalarının hökmdarlığı dövründə bu ənənə yenidən dirçəlir. Artıq bu dövrdən başlayaraq qəbirlərin üstünə qoyulan qoç qoyun heykəllərinin üzərində bədii təsvirlərlə yanaşı dini xarakterli kitabələrə rast gəlinir. Amma sonralar bədxah yaramaz qonşularımız ermənilər orta əsr Azərbaycan heykəltəraşlığının bu nadir nümunələrinə sahib çıxmağa çalışıblar. Rus alimi V.M.Sısoyev ötən əsrin əvvəllərində Naxçıvanda olarkən bu vəziyyəti yaxından duymuş, 1929-cu ildə nəşr etdirdiyi əsərində bununla bağlı yazmışdır ki, yerli müsəlman-türk əhalisinin bu heykəllərə güclü inam bəsləməsi əraziyə sonralar köçürülmüş ermənilərin onlara hörmətlə yanaşmasına səbəb olmuşdur. Müəllifin sözlərinə görə, ermənilər bu fiqurları müsəlman-türklərə məxsus qədim qəbiristanlıqlardan gətirib özlərinin təzə qəbirlərinin üstünə qoyurdular.

Ölkəmizdə epiqrafik abidələrin tanınmış tədqiqatçılarından biri olan, tarix elmləri doktoru, professor Fəxrəddin Səfərli bildirir ki, mənfur qonşularımız bu bəd əməlləri ilə kifayətlənməyiblər. Sonralar onlar bu sənət nümunələrini oğurluq yolla Ermənistana daşıyaraq oradakı park xiyabanlarda, meydanlarda yerləşdirərək erməni mədəniyyətinin nümunələri kimi təqdim etməyə çalışıblar. Halbuki bu abidələrin bir çoxlarının üzərində ərəb fars əlifbası ilə "Ya Allah, Məhəmməd, Əli" sözləri nəqş olunmaqla müqəddəs dini kitabımız olan "Qurani-Kərim"dən müxtəlif ayələr əksini tapıb.

Əcəmi seyrəngahı - mədəniyyət istirahət kompleksinin ərazisində yaradılan muzeyin tutduğu ərazi böyükdür. Ən başlıcası isə, onun açıq səma alında geniş ekspozisiyası var. Bu səbəbdən eksponatların bir çoxu yaşıllıqlar, gülzarlıqlar arasında nümayiş olunur. Əcəminin XII əsrdə inşa etdiyi Mömünəxatun türbəsi, XVII əsr abidəsi olan Miryaqub piri, Xan evi (XVIII əsr) burada yerləşir. Ucaldılan məqbərələr, inşa olunan abidələr, toplanılan eksponatlar isə tamaşaçılara qədim şərəfli tariximizin ayrı-ayrı dövrlərindən soraq verir.

 

 

 

Məmməd MƏMMƏDOV

 

Azərbaycan.- 2009.- 22 noyabr.- S. 7.