XIV əsrin yadigarı Əmirhac türbəsi
dağılmaq üzrədir
Bakı şəhərinin
12 km şimal-şərqində, Abşeron
yarımadasının cənub-qərbində yerləşən,
Xilə və ya Əmircan adlandırılan bu kənd qədim
tarixə malikdir. Kəndin adının yaranması ilə
bağlı müxtəlif mülahizələr var. Belə
ki, kəndin Xilə adlandırılmasını tədqiqatçılar
VII əsrdə, yəni, Ərəb xilafəti dövründə
Xilə adlı qəbilənin kənddə məskunlaşması
ilə eyniləşdirir. Digər tarixçilərin
araşdırmalarına görə, Əmircan "Əmirhac"
sözünün təhrif olunmuş formasıdır. Məlumat
üçün bildirək ki, "əmir" sözü ərəb
dilində hökmdar və ya padşah, "hacc"
sözü Məkkəni ziyarət etmək deməkdir. Həmçinin
xilafət dövründə Məkkə ziyarətinə gedənlərə
başçı, yəni, əmirhac da təyin edilirdi.
Əmircan kəndindəki
XIV əsrin yadigarı Nizaməddin məscidi yonulmuş əhəngdaşıdan
tikilib. Bu tikilini Əmir Nizaməddin Kəsrani hələ
Şirvanşahlar dövlətinin hakimiyyəti dövründə
inşa etdirmişdir. Məscidin qapısı üzərində
fars dilində yazılan beytdə "Dünya bir əyləncə,
dəbdəbə, şan-şohrət və iztirabdan başqa
bir şey deyildir", ərəb dilində yazılan daş
kitabənin 2-ci sətrində isə "Bu Allah evinin tikilməsini
əzəmətli Fəxrəddin oğlu Əmir Nizaməddin
Əmirhac əmr etdi. Hicri-qəməri tarix 730-cu il, miladi
tarix 1329-1330-cu il" yazılıb. Vaxtı ilə Əmir
Nizaməddin Şirvanşahlar sarayının nüfuzlu şəxslərindən
biri olub. Onun "əmir" titulu daşıması,
bütöv kəndi və ya Abşeronun hansısa ərazisini
idarə etdiyi ehtimalını doğurur: məscidin cənub tərəfindəki
qapının üzərində ərəb dilində "Bu
imarətin tikilməsini Nəsrəddin Qutluqşah oğlu
Şeyx Mahmudun oğlu Şərifəddin əmr etmişdir.
Hicri-qəməri 786-cı il, miladi tarix 1384-1385-ci il"
yazılıb. Bu kitabəyə istinadən, 1384-1385-ci illərdə
Nizaməddin məscidinin Şərifəddin adlı şəxs
tərəfindən tikdirilməsi aydın olur. Məscidin qərb
tərəfinin simvolunda, əsasən qapı yerinin
yuxarısında olan yazıda tikilinin usta Süleyman tərəfindən
təmir olunması da göstərilir. Məscidin digər
daş kitabəsində 1830-1831-ci illərdə buranın təmir
olunması ilə yanaşı, şimal hissəsində yeni
xanə tikildiyi də qeyd olunur. Tarixi abidənin hicri-qəməri
1283-cü il, yəni miladi tarix 1866-67 və 1876-cı illərdə
təmir olunması haqqında məlumat tikili üzərindəki
daş kitabədə belə göstərilib: "Həqiqətən
bu məscidi (yəni əlavə edilən hissəni) Hacı
Rəsul qızı Fatma xanım tikdirmişdir. Kitabəni Məhəmməd
Nağı yazmışdır. Hicri-qəməri 1293-cü
il, miladi tarix 1876-cı il". Nizaməddin məscidi XX əsrin
əvvəllərində də təmir olunmuşdur. Burada
inşaat işləri aparılarkən məscidin qərb
eyvanının mərkəzində olan qapının
qarşısında dörd sütundan ibarət giriş yeri
xüsusi ustalıqla Şərq memarlığı
formasında inşa edilib. Qapının üzərində ərəb
dilindəki daş kitabədə isə "Bu portalı
Rizvan oğlu Hacı Xələf bina etmişdir" sözləri
həkk olunub. Hal-hazırda həmin tarixi abidə, yəni XIV əsr
Nizaməddin məscidinin qapısı kilidlənərək
mühaflzə olunur. Gələcəkdə tarixi abidəyə
şəhərimizə gələn turistləri cəlb etmək
daha məqsədəuyğun olardı.
Əmircan kəndində digər
tarixi abidə haqqında da oxuculara məlumat vermək istərdik.
Bu abidə Əmirhac türbəsi adlanır. Abidənin
üzərində daş kitabə olmadığından onun
hansı əsrə aid olduğu barədə yazılı məlumat
yoxdur. Abidə ilə bağlı 57 il öncə elmi məqalədə
isə qeyd olunmuşdu ki, türbənin qapısının
sağ və sol tərəfindən eyni formada 2 daş buta, yəni
gülşəkilli naxış var. Bir sözlə, eyni ilə
kənddəki Nizaməddin məscidinin qapısı üzərindəki
buta ilə oxşarlığı olsa da, ancaq burada 2 buta
arasına digər butanın təsviri də həkk olunub.
İndi türbənin 2 pəncərə, 3 balaca oyuqla əhatələnməsi
olduğu kimi saxlanılır. Deyilənə görə,
ötən əsrlərdə Əmirhac türbəsinin ətrafında
qəbiristanlıq da olmuş, sonradan həmin qəbiristanlıq
dağıntıya məruz qalmışdır. Tarixçi
alim Sima Kərimzadə yazırdı: "Keçmişdə
Əmircan kəndində Əmir və Şərif adlı 2
qardaş yaşayırmış. Guya kəndin binasını
da onlar qoymuşlar. Uzun müddət Əmircanda
yaşamış bu qardaşlardan biri olan Əmirin Cahanbanu
adlı arvadı varmış".
Tədqiqatçı alim Əmirhac
piri ilə Nizaməddin məscidinin eyni əsrə aid
olduğunu isə belə izah etmişdir: "Köhnə məscidin
(yəni Nizaməddin məscidinin) üzərində XIV əsrə
aid kitabələrin birində Əmir Hacın, o birində
Şərafəddinin adı çəkilir. Əmir həmin Əmir
Hac, Şərif həmin Şərafəddin, Cahanşah da Əmir
Hacın arvadıdır. Yəqin ki, kəndin adı da Əmir
Hacla əlaqədardır. Yazılı mənbələrdə
bu kəndin adının "Əmir Hacan",
"Amir-adcan", "Amir Xandcan" şəklində
yazılması buna sübutdur". Əmirhac türbəsində
dəfn olunan qəbirlərin başdaşındakı
yazılara görə, ötən əsrlərdə tədqiqatçılar
abidəni XIV əsrə aid etmişlər. Sonradan həmin
başdaşının bölünməsi nəticəsində
yalnız 3 sətirlik ərəb dilindəki yazıda "Bu
qəbir Cahanbanunun" sözləri oxuna bilmişdir.
İkinci qəbrin isə Cahanbanunun əri Əmir Hacın
olduğu ehtimal edilir. Bununla türbədə dəfn
olunanların Əmir Hac və Cahanbanuya məxsusluğu
aşkar olunur. Tədqiqatçı alim Sima Kərimzadə Əmir
Hac və Cahanbanunun qəbirlərinin başdaşları
üzərindəki daş butaları isə, memar Q.Əlizadənin
tədqiqatlarına əsasən, müxtəlif qruplara
bölmüşdür.
Təəssüf ki, 1952-ci
ildə Azərbaycan SSR Elmlər Akademiyasının Xəbərlərinin
IV sayında tarixçi alim Sima Kərimzadənin ürək
yanğısı ilə qəl0əmə aldığı
"Əmircanda XIV əsrə aid bir türbə" elmi məqaləsi
hal-hazırda artıq tarix elmi üçün dəyərini
itirir. Abidənin yalnız adı Mədəniyyət və
Turizm Nazirliyinin qorunan tarixi abidələr siyahısına
daxil edilib. Hətta türbənin üzərinə abidənin
qorunması haqqında dəmir lövhə qoymaq da unudulub. Bəlkə
də elə bu biganəlikdən zaman ötdükcə
türbənin divarları əvvəlki əzəmətini
itirmişdir. İçəridə havasızlıqdan nəfəs
almaq belə mümkün deyil. Tikilinin daşları getdikcə
tökülməklə yanaşı, hörümçək
toru ilə əhatələnib. İndi qaranlığa
bürünən türbə təkcə kiçik pəncərələrdən
süzülən zəif günəş
işığına möhtacdır. Kiçik həyəti
zibilliyə qərq olub, köhnə taxta qapısı isə
artıq dağılmaq üzrədir. Tarixi abidənin
qorunması üçün həyəcan təbilinin
çalınması unudulub. Yerli sakinlər qeyd edirlər ki,
neçə illər öncə türbənin
yaxınlığında şəxsi həyətyanı sahədə
tikinti zamanı qədim qəbir də aşkar edilib. Belə
ki, saxsı küpün içərisindən insan
sümükləri və üzərində ərəb dilində
yazısı olan başdaşı tapılıb. Həmin
başdaşı sonradan türbədə dəfn olunan 2 qəbirin
yanına qoyulub. Nəticədə bir vaxtlar alimlərin elmi
araşdırma apararaq XIX əsrə aid etdiyi türbəyə
sakinlər tərəfindən elmə məlum olmayan yeni
tapıntı əlavə edilib. Ancaq üçüncü başdaşı
nisbətən böyük olması ilə o birilərdən
fərqlənir. Neçə illərdir ki, türbə ətrafda
yaşayan sakinlərin ümidinə qalıb. Bir vaxtlar ziyarətçilər
hətta türbədə kiçik abadlıq işləri də
aparıblar. Qeyd edək ki, nəcib xeyirxahlıqla
yanaşı, həm də çox acınacaqlı bir vəziyyət
yaranıb. Bakının və qədim Əmircan kəndinin
keçmişini yaşadan XIV əsr türbəsindəki məzarların
başdaşları üzərinə təmizlik adı
altında mavi rəngli boya çəkilib. Alimlərin
türbədəki başdaşılarda böyük zəhmət
hesabına tədqiq etdiyi qədim yazılar isə çəkilən
rəngli boyanın altında görünməz olmuşdur.
XIV əsr memarlıq abidəsi Əmirhac türbəsinin Azərbaycan
Milli Elmlər Akademiyasının alimləri tərəfindən
yenidən bərpa edilməsi öncə burada dəfn olunan
müqəddəs insanların ruhlarını şad etməklə,
gələcək nəsillərə yurdumuzun tarixinin
qorunmasına da töhfə olar.
Təranə CƏBİYEVA,
Tarixçi
Azərbaycan.- 2009.- 22 noyabr.- S. 7.