Bəstəkar haqqında biblioqrafiya
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında "Azərbaycanın görkəmli şəxsiyyətləri" seriyasından çap edilən "Fikrət Əmirov" biblioqrafiyasının təqdimatı keçirildi. Mərasimi giriş sözü ilə açan kitabxananın direktoru Kərim Tahirov Fikrət Əmirovun yaradıcılığı haqqında qısa məlumat verdi. Qeyd etdi ki, Fikrət Əmirov Azərbaycan musiqi tarixinə novator, yeni janr, yeni mövzular gətirən sənətkar kimi daxil olmuşdur. Onun musiqisi öz coşqunluğu, təsirli ifadə gücü, zəngin çalarları ilə dinləyicini valeh edir. Bəstəkarın əsərləri məşhur dirijorların ifasında dünyanın bir çox konsert salonlarında, o cümlədən Rusiyada, ABŞ-da, Fransada, Almaniyada, İngiltərədə səslənmiş və indi də səslənməkdədir.
Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Firudin Əlisoy, AMEA-nın müxbir üzvü Zemfira Səfərova, biblioqrafiyanın elmi redaktoru və ön sözün müəllifi, professor Zemfira Abdullayeva, kitabxananın musiqi şöbəsinin müdiri Tamilla Məmmədova çıxış edərək Fikrət Əmirovun yaradıcılıq xüsusiyyətlərindən və biblioqrafiyanın yaranma məziyyətlərindən söz açdılar. Nəşrdə bəstəkarın həyat və fəaliyyətinin haqqında məlumat verilmiş, tanınmış şəxsiyyətlərin onun haqqında söylədikləri fikirlər, kitablarda və dövri mətbuatda çap edilən məqalələrin, habelə Fikrət Əmirov haqqında müxtəlif mənbələrdə dərc edilən yazıların biblioqrafik göstəriciləri öz əksini tapmışdır.
Bu, "Azərbaycanın görkəmli şəxsiyyətləri" seriyası ilə nəşr edilən sayca beşinci kitabdır.
Adilə QOCAYEVA
Azərbaycan.- 2009.- 22 noyabr.- S. 8.