"Kimdir müqəssir?"
Noyabrın 21-də ədliyyə işçilərinin peşə bayramı günü ərəfəsində 11 saylı cəzaçəkmə müəssisəsində Əbdürrəhim bəy Haqverdiyevin "Kimdir müqəssir?" pyesinin tamaşasına baxanlar bu suala cavab axtarmağa çalışmışlar. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru və rejissoru Elnar Qarayevin quruluş verdiyi tamaşa qadın məhbusların təqdimatında nümayiş etdirilmişdir.
Tamaşadan əvvəl keçirilən mərasimdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəis müavini, ədliyyə polkovniki Hüseyn Əlixanov cəzaçəkmə müəssisələrində mədəni-kütləvi tədbirlərin keçirilməsində xidmətlərinə görə, Mədəniyyət və Turizm Nazirliyinə, Akademik Milli Dram Teatrının kollektivinə təşəkkürünü bildirmişdir. Teatrın direktoru, əməkdar mədəniyyət işçisi Maqbet Bünyadov bu ənənənin gələcəkdə də davam etdiriləcəyini diqqətə çatdırmış, məhkumlara tezliklə cəmiyyətə və ailələrinə qovuşmağı arzulamışdır. O, cəzaçəkmə müəssisəsinin kitabxanasına teatrdan, görkəmli ədəbiyyat və incəsənət xadimlərinin həyat və yaradıcılığından bəhs edən kitablar bağışlamışdır.
Ədliyyə Nazirliyinin Penitensiar
Xidməti tərəfindən
cəza çəkənlərin
cəmiyyətlə əlaqələrinin
möhkəmləndirilməsi, cəzadan azad olunduqdan sonra onların sosial adaptasiyasına zəmin yaradılması məqsədilə
mədəni-kütləvi tədbirlərin keçirilməsi
davam etdirilir. Penitensiar Xidmət respublikanın Təhsil, Mədəniyyət
və Turizm, Əmək və Əhalinin Sosial Müdafiəsi, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri,
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Bakı Şəhər Gənclər
və İdman Baş İdarəsi ilə birlikdə həyata keçirdiyi tədbirlər yaxşı
səmərə verir.
11 saylı cəzaçəkmə
müəssisəsində bu
gün də aktual olan bir
mövzudan bəhs edən səhnə əsərinin tamaşaya qoyulması isə taleyin acı sürprizləri ilə üzləşmiş insanlara
düşünmək və
nəticə çıxarmaq
şansı vermişdir.
Azərbaycan.- 2009.- 22 noyabr.- S. 8.