Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Administrasiyasının rəhbəri
Sergey Narışkini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkini qəbul etmişdir.
Dövlətimizin başçısı Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkinin geniş səfər proqramı çərçivəsində keçirilən mühüm tədbirlərin ölkələrimiz arasında əlaqələrin gələcəkdə də uğurlu inkişafına xidmət edəcəyinə əmin olduğunu bildirdi.
Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin dedi: "Bu gün həqiqətən də, çox dolğun və maraqlı bir gün olmuşdur. Mən "Rus kitabı evi"nin açılış mərasimində iştirak etdim, şərəfli və xoş bir missiyanı həyata keçirdim - Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəyə dövlət mükafatı olan "Şərəf" ordenini təqdim etdim, Vneştorqbankın Azərbaycandakı filialının açılışında iştirak etdim".
Prezident İlham Əliyev görülən bu işlərin əlaqələrimizin müxtəlif istiqamətlərini, o cümlədən humanitar və iqtisadi sahələri əhatə etdiyini, həmçinin müxtəlif dini konfessiya nümayəndələri arasında əməkdaşlığın daha da möhkəmlənməsi baxımından əhəmiyyətli olduğunu vurğuladı. Dövlətimizin başçısı bununla əlaqədar bu yaxınlarda Bakıda Moskvanın və bütün Rusiyanın patriarxı Kirillin də iştirak etdiyi beynəlxalq tədbiri xatırladı. İqtisadi əməkdaşlıq məsələlərinə toxunan Prezident İlham Əliyev bu baxımdan Rusiya Federasiyasının ən iri banklarından olan Vneştorqbankın filialının açılmasının önəmini qeyd etdi və bunun müxtəlif birgə iqtisadi layihələrin həyata keçirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini bildirdi. Dövlətimizin başçısı bildirdi ki, Narışkinin səfər proqramının əhatə etdiyi tədbirlər bir daha onu göstərir ki, Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlər çoxşaxəlidir və uğurla inkişaf edir.
AzərTAc
Azərbaycan.- 2009.- 24 noyabr.- S. 1.