Bakıda "Rus kitabı evi" açılmışdır

 

Noyabrın 23-də Bakıda "Rus kitabı evi"nin təntənəli açılış mərasimi keçirilmişdir.

Mərasimdə Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin və Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev iştirak etmişlər.

Qonaqlar əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Dmitri Medvedevin prezidentlik fəaliyyətini əks etdirən stendlərlə yaxından tanış olmuşlar.

Məlumat verilmişdir ki, "Rus kitabı evi"ndə 30 min nüsxədən çox kitab vardır. Burada oxucuların ixtiyarına tarix, detektiv, psixologiya, fəlsəfə, din, elmi, bədii və uşaq ədəbiyyatına dair nümunələr təqdim olunur. İki həftədən bir kitab evindəki nəşrlər Moskvadan gətirilən kitablarla təzələnir. Buradakı kitabların qiyməti digər mağazalarla müqayisədə 15-20 faiz ucuzdur. "Rus kitabı evi"ndə Rusiya müəllifləri ilə yanaşı, xarici yazıçıların da əsərləri təqdim olunur. Gələcəkdə burada oxucuların yazıçılarla görüşlərinin keçirilməsi də nəzərdə tutulmuşdur.

Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin bildirmişdir ki, kitab evinin açılışı iki ölkə arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin inkişafına daha da təkan verəcəkdir. O, Azərbaycan hökumətinin rus dili və mədəniyyətinə xüsusi münasibətini vurğulayaraq qeyd etmişdir ki, bu ilin sonunadək Moskva Dövlət Universitetində MDB ölkələri üçün "Azərbaycan dili" kitabı nəşr olunacaqdır.

Rusiya Prezidenti Administrasiyasının rəhbəri demişdir:

- Azərbaycanın orta və ali məktəblərində 140 minə yaxın gənc rus dilində təhsil alır. Yaxın vaxtlarda burada Moskva Dövlət Universitetinin filialı açılmışdır. Həmin filialda 4 fakültə fəaliyyət göstərir. Rusdilli mətbuat və rusdilli proqramlar kütləvi informasiya vasitələri sektorunda mühüm yer tutur. Azərbaycan bazarında rusdilli 50 qəzet və jurnal nəşr edilir, 7 informasiya agentliyi fəal iş aparır.

Bakıda "Rus kitabı evi"nin açılışı ilə Azərbaycanın mədəni həyatında böyük hadisə baş vermişdir. Bu sözləri isə Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev demişdir. Ümummilli lider Heydər Əliyevin Rusiya-Azərbaycan əlaqələrinin inkişafına böyük önəm verdiyini xatırladan Ramiz Mehdiyev bildirmişdir ki, məhz ulu öndərin müdrik siyasəti nəticəsində bu əlaqələr yeni inkişaf mərhələsinə daxil olmuşdur. Sıx dostluq və tərəfdaşlıq münasibətlərinin inkişafında isə hazırkı prezidentlər İlham Əliyev və Dmitri Medvedevin xüsusi rolu vardır.

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri demişdir:

- Rusiya Prezidenti Dmitri Medvedevin Azərbaycana səfəri və Bakıda aparılmış danışıqların yekunları bir daha təsdiq etdi ki, bu gün Azərbaycan-Rusiya münasibətləri ən yüksək səviyyədədir və bu, hər iki ölkənin mənafelərinə uyğundur. İki ölkə liderlərinin Bakı sammitinin ən mühüm yekunu dostluq və strateji tərəfdaşlıq haqqında bəyannamənin imzalanması olmuşdur. Bu bəyannamədə iki dövlət arasında qarşılıqlı münasibətlərin strateji xarakteri və perspektivləri dəqiq qeyd edilmişdir. Üstəlik, Bakı sammiti əyani şəkildə nümayiş etdirdi ki, ölkələrimiz arasında yaranmış münasibətlər regionda təhlükəsizliyin və sabitliyin təmin edilməsi üçün mühüm amildir.

Azərbaycanda rus dilinə və rus mədəniyyətinə böyük ehtiramla yanaşırlar. Bu məqam burada da qeyd edildi və tamamilə düzgündür. Əlamətdar haldır ki, Azərbaycanın 21 məktəbində tədris yalnız rus dilində, 335 məktəbdə isə iki dildə - Azərbaycan və rus dillərində aparılır.

Bu gün Azərbaycanda rus əhalisinin sayının 160 min nəfərdən çox olduğunu deyən Ramiz Mehdiyev bildirmişdir ki, onlar digər milli azlıqlar kimi ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayırlar.

Qeyd edək ki, "Rus kitabı evi"ndə toplanan 30 min nüsxədən çox kitab Rusiyanın "Astrel" nəşriyyatında çap olunmuşdur. "Astrel" nəşriyyatının rəsmisi Oleq Barsenyev layihənin həyata keçməsindən məmnunluğunu bildirərək, nəşriyyatın Azərbaycanın tanınmış yazıçısı Çingiz Abdullayevlə əməkdaşlıq etdiyini söyləmişdir.

"Bakinski raboçi" qəzetinin baş redaktoru Ağabəy Əsgərov, "Avrasiya Tədqiqatlar İnstitutu" İnkişaf Fondunun prezidenti Valeri Tursunov, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev, Bakı və Xəzəryanı mitropolit Aleksandr, "Kitab" Cəmiyyətinin idarə heyətinin sədri Zərifə Salahova "Rus kitabı evi"nin əhəmiyyətindən danışmışlar.

Zərifə Salahova hazırladığı xüsusi miniatür kitabları Sergey Narışkinə təqdim etmişdir.

Sonda Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin "Rus kitabı evi"nin xatirə kitabına ürək sözlərini yazmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.-24  noyabr.- S. 2.