Bakıda "VTB Bank"ın nümayəndəliyi
açılmışdır
Mərasimdə Azərbaycanda
səfərdə olan Rusiya Prezidenti Administrasiyanın rəhbəri
Sergey Narışkin, Baş nazirin birinci müavini Yaqub Eyyubov,
"VTB Bank"ın idarə heyətinin sədri - prezidenti
Andrey Kostin, Mərkəzi Bankın idarə heyəti sədrinin
birinci müavini Alim Quliyev, ölkəmizin Rusiyadakı səfiri
Polad Bülbüloğlu iştirak etmişlər.
Mərasimdə
çıxış edən S.Narışkin Azərbaycan-Rusiya
əlaqələrinin inkişaf sürətindən
danışmış, bu əlaqələrin fonunda bank
sektorunun əhəmiyyətini xüsusi
vurğulamışdır. O, bu nümayəndəliyin
açılmasını Rusiyanın Azərbaycana verdiyi
yüksək əhəmiyyətin təcəssümü kimi
qiymətləndirmişdir.
Daha sonra
S.Narışkin və Y.Eyyubov bankın xatirə kitabına
ürək sözlərini yazmışlar.
A.Kostin
açılışdan sonra jurnalistlərə bildirmişdir
ki, bank geniş spektrli bank xidmətləri göstərəcəkdir.
Əvvəlcə bankın fəaliyyəti korporativ
müştərilərə xidmət göstərilməsinə
və xarici ticarət əməliyyatlarının maliyyələşdirilməsinə
yönəldiləcəkdir. Gələcəkdə isə bu
xidmətlər siyahısına biznesin fərdi, investisiya və
digər istiqamətləri əlavə olunacaqdır.
Hələlik bankın
Azərbaycanda yalnız bir ofisi fəaliyyət göstərəcəkdir.
Lakin yaxın zamanlarda Sumqayıtda və Gəncədə də
filialların açılması gözlənilir. Bankın
nizamnamə kapitalı 9,7 milyon manat, aktivləri isə 20
milyon dollar təşkil edir.
A.Kostin nümayəndəliyin
Bakıda açılmasını Azərbaycanın sənaye
və ticarət potensialının yüksək olması ilə
izah etmiş, bu regionu maliyyə yatırımları
üçün olduqca cəlbedici hesab etdiyini vurğulamışdır.
AzərTAc
Azərbaycan.- 2009.- 24 noyabr.- S. 2.