Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin Şeyxülislam Hacı Allahşükür Paşazadəyə "Şərəf" ordenini təqdim etmişdir

 

Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin noyabrın 23-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəyə "Şərəf" ordenini təqdim etmişdir. Xatırladaq ki, Rusiya Prezidenti Dmitri Medvedev Allahşükür Paşazadənin 60 illik yubileyi və yüksək dini vəzifəyə təyin olunmasının 30 illiyi münasibətilə noyabrın 5-də onun bu ordenlə təltif edilməsi barədə fərman imzalamışdır.

Mərasimdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev iştirak etmişdir.

Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan ilə Rusiya arasında qədim tarixi olan əlaqələri, hazırkı mehriban qonşuluq, dostluq münasibətlərini diqqətə çatdırmış, hərtərəfli əməkdaşlığımızın yüksək səviyyədə olduğunu vurğulamışdır. Onun 60 illik yubileyi münasibətilə Rusiya Prezidenti Dmitri Medvedevin telefon zəngini nəzərə çarpdıran A.Paşazadə, noyabrın əvvəllərində "Dinlərarası dialoq: Qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru" mövzusunda Bakıda keçirilmiş konfransda Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill başda olmaqla, rusiyalı qonaqların iştirakını məmnunluqla yada salmışdır. O, həmçinin Azərbaycanda pravoslav kilsəsinin vəziyyətindən, müsəlmanlar və xristianlar arasında əməkdaşlıqdan, respublikada müxtəlif dinlərin dinc yanaşı fəaliyyət göstərməsindən danışmışdır.

Allahşükür Paşazadə xalqımızın ümummilli lideri Heydər Əliyevin Rusiya ilə əlaqələrin möhkəmləndirilməsi sahəsində xidmətlərini diqqətə çatdırmış, hazırda bu siyasi kursun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləmişdir. Şeyxülislam Cənubi Qafqazda sülhün bərqərar olunmasının vacibliyindən də bəhs etmiş, Moskva sammitinin davamı kimi gələn ilin aprelində Bakıda keçiriləcək tədbirdə din xadimlərini narahat edən məsələlərin müzakirə olunacağını bildirmişdir.

Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin maarifçi və mənəvi missiyasını, dinlərarası dialoqda fəal iştirakını, iki ölkə arasında əməkdaşlığın möhkəmləndirilməsinə verdiyi töhfələri yüksək qiymətləndirmiş, Azərbaycandakı tolerantlığın şahidi olduğunu diqqətə çatdırmışdır. S.Narışkin Azərbaycanda müxtəlif dini konfessiyaların nümayəndələrinin mehriban münasibətindən, əməkdaşlığından məmnunluğunu söyləmişdir.

Sonda Sergey Narışkin Rusiya Federasiyasının "Şərəf" ordenini Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəyə təqdim etmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 24 noyabr.- S. 2.