Ulyanovskda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan meydanın açılışı olmuşdur

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev noyabrın 24-də Ulyanovsk şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan meydanın açılış mərasimində iştirak etmişlər.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev vaxtilə bir neçə dəfə Ulyanovsk şəhərində olmuşdur. Sovetlər Birliyində ali rəhbər vəzifədə işləyərkən ulu öndər bu şəhərin inkişafı ilə bağlı mühüm qərarların qəbul edilməsində bilavasitə iştirak etmişdir. Şəhər sakinləri dünya şöhrətli siyasi xadimin xatirəsini daim əziz tuturlar. Məhz buna görə Ulyanovskın mərkəzi meydanlarından birinə Heydər Əliyevin adı verilmişdir. Bu meydanda ulu öndərin əzəmətli heykəli ucaldılmışdır.

Mərasimə toplaşanlar dövlət başçılarını hərarətlə qarşıladılar. Prezidentlər ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular, xatirəsinə ehtiramlarını bildirdilər.

Daha sonra prezidentlər İlham Əliyev Dmitri Medvedev Ulyanovskda yaşayan Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb söhbət etdilər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 25 noyabr.- S. 2.