Heydər Əliyev Fondunun dəstəyi ilə bir qrup yeniyetmə Rumıniyada səfərdə olmuşdur

 

Heydər Əliyev Fondunun dəstəyi ilə yeniyetmələrdən ibarət 15 nəfərlik Azərbaycan nümayəndə heyəti 8 gün ərzində Rumıniyada səfərdə olmuşdur.

Heydər Əliyev Fondundan bildirmişlər ki, mübadilə çərçivəsində gerçəkləşən səfər fondun Rumıniyadakı nümayəndəliyinin dəstəyi ilə noyabrın 2-dən 9-dək Buxarest şəhərinin yeniyetmə gənclərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfərindən sonra baş tutmuşdur.

Buxarest şəhərinin 2-ci Sektoru Meriyasının dəvəti ilə baş tutan səfər çərçivəsində ölkəmizi təmsil edən gənclər paytaxt Buxarestdə və digər şəhərlərdə olmuş, Rumıniyanın tarixi və mədəni həyatı ilə yaxından tanış olmaq imkanı qazanmışlar. Səfərin birinci günü nümayəndə heyətini Buxarest şəhərinin 2-ci sektorunun meri Nikolay Ontsyanu qəbul etmişdir. Gənclər Azərbaycanın Rumıniyadakı səfirliyində, Heydər Əliyev Fondunun Rumıniyadakı nümayəndəliyində olmuş, Buxarest şəhərinin gözəl guşəsində yerləşən Heydər Əliyev parkında ulu öndərin abidəsini ziyarət etmişlər.

Dost ölkənin təhsil sistemi ilə tanışlıq "George Kosbuk", "Mihai Viteazul", "Liliya Haşdeu" milli kolleclərindən başlamış, azərbaycanlı qonaqlar 2-ci Sektorun yerli gənclər Parlamentinin fəaliyyəti ilə tanış olmuşlar. Bərpa və Peşəkar İnnovasiyalar Mərkəzində Gənc VİP Assosiasiyası üzvləri ilə görüşdə qarşılıqlı maraq doğuran mövzular müzakirə edilmişdir.

Regionlara səfər çərçivəsində qonaqlar Subiu, Siqişoora, Bran və digər şəhərlərin tarixi yerləri ilə tanış olmuş, Braşovda məşhur Postavarul dağ bazasında buraz yolu ilə dağın zirvəsinə qalxmışlar. Proqram çərçivəsində musiqili və əyləncə proqramlarına qatılan gənclərin asudə vaxtı maraqlı keçmişdir.

Nümayəndə heyəti zəngin səfər təəssüratı ilə Azərbaycana qayıtmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 25 noyabr.- S. 4.