Azərbaycan "Beynəlxalq
idman həyəcanı"
proqramını həyata
keçirən ən
yaxşı ölkədir
Noyabrın 23-də "Ramadan" hotelində Azərbaycanda "Beynəlxalq idman həyəcanı" proqramının həyata keçirilməsinə dair hesabat konfransı olmuşdur. YUNİSEF, Azərbaycan İdman və Gənclər Nazirliyi, Azərbaycan Təhsil Nazirliyi, British Council, Böyük Britaniya İdman Şurası ilə birgə həyata keçirilən bu proqramın reallaşdırılmasına Milli Olimpiya Komitəsi, Milli Paralimpiya Komitəsi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Uşaq Futbol Federasiyası, Atletika Federasiyası, Voleybol Federasiyası, Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyası və Azərbaycan Müəllimlər İnstitutu da cəlb edilmişdir.
Konfransda qeyd edilmişdir ki, proqram çərçivəsində həyata keçirilən 22 layihəyə 303 min ABŞ dolları sərf edilmişdir. Bir nəfər Azərbaycan Milli Olimpiya Komitəsinin tövsiyəsi ilə idmanın idarə edilməsi proqramı üzrə Böyük Britaniyada ikiillik kurs keçir, yüngül atlet qızlardan 4-ü öz ustalığını artırmaq üçün idman təqaüdləri almış, futbol və voleybol üzrə 9 məşqçi xarici ölkələrdə məşqçi kurslarında oxumuşlar. Bakıda, Gəncədə, Lənkəranda, Sumqayıtda və Azərbaycanın 6 rayonunda tədbirlər keçirilmişdir.
Konfransda çıxış edən gənclər və idman naziri Azad Rəhimov Azərbaycanda bu proqramın həyata keçirilməsinin əhəmiyyətini vurğulayaraq qeyd etmişdir ki, Azərbaycan ilə Böyük Britaniya İdman Şurası arasında tərəfdaşlıq münasibətləri 2007-ci ilin axırlarında protokol imzalanması ilə başlanmışdır. İdmanla məşğul olan gənclərin narkomaniyaya və cəmiyyətdə mövcud olan digər neqativ halların təsirinə az məruz qalmasına xüsusi əhəmiyyət verilir. Nazir demişdir: "Azərbaycanda bu proqramın davam etdirilməsi bizim maraqlarımıza uyğundur".
Böyük Britaniya İdman Şurasının icraçı direktoru Con Stilin sözlərinə görə, Azərbaycan "Beynəlxalq idman həyəcanı" proqramının həyata keçirilməsi baxımından ən yaxşı ölkədir. Ölkəmizdə bütün əlaqədar qurumların həmin proqramı necə böyük həvəslə həyata keçirilməsinin şahidi olduğunu ifadə edən icraçı direktor ümid etdiyini bildirmişdir ki, Azərbaycanda bu proqramın icrası daha 5 il davam etdiriləcəkdir.
Sonra çıxış edənlər bildirdilər ki, Azərbaycanda bu proqramın strategiyası tam həcmdə reallaşdırılmışdır.
AzərTAc
Azərbaycan.- 2009.- 25 noyabr.- S. 4.