Londonda Azərbaycan mədəniyyəti
günləri keçirilmişdir
Avropa Azərbaycan Cəmiyyətindən bildirmişlər ki, noyabrın 21-22-də qurumun təşkilatçılığı ilə Londondakı Kadoqan sarayında Azərbaycan mədəniyyəti günləri keçirilmişdir. Formatına görə Britaniya paytaxtında ilk dəfə keçirilən bu tədbirlərin məqsədi zəngin Azərbaycan mədəniyyətini, onun turizm potensialını tanıtmaq olmuşdur. Mədəniyyət günləri çərçivəsində təşkil olunmuş Azərbaycan musiqisinin müxtəlif janrlarından ibarət konsertlər və sərgilər londonlular tərəfindən böyük maraqla qarşılanmışdır.
Tədbirlərin ilk günündə Azərbaycan Dövlət rəqs ansamblı, "Bakustick Jazz" qrupunun, eləcə də tanınmış muğam ifaçıları, Azərbaycanın xalq artistləri Mənsum İbrahimov və Aygün Bayramovanın, həmçinin birinci televiziya muğam müsabiqəsinin qalibi Elməddin İbrahimovun iştirakı ilə qala-konsert keçirilmişdir. Qonaqlar Azərbaycanın xalq artisti Afaq Məlikovanın bədii rəhbəri olduğu Dövlət rəqs ansamblının ifasında Azərbaycanın milli "Cəngi", "İncəlik", "Nəlbəki", "İgidlər", "Məzəli" rəqslərinə tamaşa etmişlər. Tanınmış pianoçu və bəstəkar Salman Qəmbərovun rəhbərlik etdiyi və dünya şöhrətli saksafon ifaçısı Rain Sultanovun da yer aldığı caz qrupu isə Azərbaycan muğamı və cazın sintezindən ibarət əsrarəngiz nümunələrlə milli musiqimizin zəngin imkanlarını tamaşaçıların diqqətinə çatdırmışdır.
Tədbirin ikinci günündə əməkdar incəsənət xadimi Yalçın Adıgözəlovun dirijorluğu ilə Londonun Orion simfonik orkestrinin konserti olmuşdur. Konsertdə Azərbaycan musiqi sənətinin incilərindən Fikrət Əmirovun "Azərbaycan kapriççiosu", Qara Qarayevin "Yeddi gözəl" və "İldırımlı yollarla" baletlərindən süitalar, Üzeyir Hacıbəylinin "Karvan" simfonik muğamı, maestro Niyazinin nota köçürdüyü "Qaragilə" mahnısı ilə yanaşı, ingilis musiqi sənətinin ən gözəl nümunələrindən Valtonun "Kraliçanın fanfarası", "İmperiya tacı", Vauqan Vilyamsın "Yaşıl əlcək fantaziyası" kimi əsərlər də səsləndirilmişdir.
Mədəniyyət günləri çərçivəsində Londonda yaşayan gənc azərbaycanlı rəssam Kəbirə Əliyevanın rəsm sərgisi təşkil olunmuşdur.
Tədbirlərin keçirildiyi iki gündə Kadoqan sarayının foyesində Azərbaycana həsr edilmiş fotosərgi də açılmışdır. Sərgidə Azərbaycan təbiəti, tarixi, mədəniyyəti, adət-ənənələrini əks etdirən 100-dən artıq foto nümayiş etdirilmişdir. Fotosərginin tarix bölümündə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən fotolar sərgilənmiş, münaqişə barədə əcnəbiləri məlumatlandırmaq məqsədilə məlumat tabloları qoyulmuşdur.
Mədəniyyət günlərində iştirakçılara, həmçinin Azərbaycan təamları təqdim olunmuş, Azərbaycan milli xalça nümunələri nümayiş etdirilmişdir.
Mədəniyyət günləri çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun ağrılı nəticələrinə dair həqiqətlərin dünyaya çatdırılması məqsədilə Avropa Azərbaycan Cəmiyyəti tərəfindən ingilis dilində hazırlanmış "Dünyanın unutduğu insanlar: Qarabağ müharibəsindən görüntülər" (The People the World Forgot: Visions of the Nagorno-Karabakh Conflict) adlı kitabın təqdimatı da keçirilmişdir. Fotoalbom formatında hazırlanmış kitabın giriş hissəsində oxuculara Dağlıq Qarabağ münaqişəsinin tarixi və səbəbləri haqqında məlumat verilir. Redaktoru Avropa Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərov olan bu nəşrdə münaqişə barədə fotojurnalistika baxımından ən təsirli fotolar dərc edilmişdir.
Avropa Azərbaycan
Cəmiyyəti tədbirin keçirilməsində göstərdikləri
dəstəyə görə Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyinə, Kadoqan sarayının bütün
heyətinə, Orion Simfonik orkestrinə və tədbirin
iştirakçılarına təşəkkür
etmişdir.
AzərTAc
Azərbaycan.- 2009.- 25 noyabr.- S. 7.