Ulyanovskda Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin
adını daşıyan meydanın
açılışı olmuşdur
Xəbər verdiyimiz kimi, noyabrın 24-də Ulyanovsk şəhərinin mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan meydanın açılış mərasimi olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev mərasimdə iştirak etmişlər.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev vaxtilə bir neçə dəfə Ulyanovsk şəhərində olmuşdur. Sovetlər Birliyində ali rəhbər vəzifədə işləyərkən ulu öndər bu şəhərin inkişafı ilə bağlı mühüm qərarların qəbul edilməsində bilavasitə iştirak etmişdir. Şəhər sakinləri dünya şöhrətli siyasi xadimin xatirəsini daim əziz tuturlar. Məhz buna görə də Ulyanovskın mərkəzi meydanlarından birinə Heydər Əliyevin adı verilmişdir. Bu meydanda ulu öndərin əzəmətli heykəli ucaldılmışdır.
Mərasimə toplaşanlar dövlət başçılarını hərarətlə qarşıladılar.
Prezidentlər ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular, xatirəsinə ehtiramlarını bildirdilər.
Daha sonra prezidentlər İlham Əliyev və Dmitri Medvedev Ulyanovskda yaşayan Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb söhbət etdilər.
Diasporun nümayəndəsi: Cənab Prezident, Sizi Ulyanovsk torpağında salamlamağa şadıq! Xoş gəlmisiniz!
Biz bu abidəni keçən il ucaltmışıq. Bu, xalqlarımız arasında, Rusiya ilə Azərbaycan arasında dostluğun rəmzidir. Əlbəttə, bu, ulu öndərə, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə, habelə həyata keçirilən milli siyasətə böyük ehtiramın əlamətidir. Biz Ulyanovsk vilayətinin qubernatoru Sergey İvanoviç Morozovun köməyi sayəsində belə bir gözəl abidə yarada bilmişik, həmçinin Azərbaycan Tarixi və Mədəniyyəti Muzeyi açmışıq. Həmin muzeyin ayrıca bir stendi Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmişdir.
Dmitri MEDVEDEV: Bəs muzey
haradadır?
Diasporun nümayəndəsi:
78 nömrəli məktəbdə, bura yaxındır, 200 metr
aralıda yerləşir. Orada bazar günü məktəbi,
yaradıcılıq dərnəkləri də vardır,
folklor qrupları məşğələ keçirlər.
Uşaqlar milli mədəniyyəti, bədii tikmə sənətinin,
metal üzərində nəqqaşlığın sirlərini
öyrənirlər. Bizim hələ futbol komandamız da
vardır - "Neftçi" adlanır.
Dmitri MEDVEDEV: Burada neft var?
Diasporun nümayəndəsi:
Taparlar.
Dmitri MEDVEDEV: Afərin,
yaxşı abidədir!
Diasporun nümayəndəsi:
Heydər Əliyevin şərəfinə onun adını
daşıyan bu meydan
İlham ƏLİYEV:
Sağ olun. Mən çox şadam ki, siz burada yaxşı,
mehriban yaşayırsınız, şəhərin, vilayətin
həyatında fəal iştirak edirsiniz. Şadam ki, siz
Rusiyanın yaxşı vətəndaşlarısınız.
İnsanın öz xalqını, mədəniyyətini,
tarixi xadimlərini xatırlaması və eyni zamanda,
yaşadığı ölkənin yaxşı, vicdanlı vətəndaşı
olması çox vacibdir. Mən çox şadam ki, azərbaycanlılar
burada yaxşı yaşayırlar. Şadam ki, siz burada
çox əhəmiyyətli dəyərlər
yaradırsınız. Mən həm də Heydər Əliyevin
xatirəsinə bu cür münasibətə görə vilayətin,
şəhərin rəhbərlərinə təşəkkür
etmək istəyirəm. Məni hər bir azərbaycanlı
üçün çox əhəmiyyətli olan bu mərasimə
dəvət etdiyinə və özü də həmin mərasimdə
iştirak etdiyinə görə Rusiya Prezidentinə təşəkkür
etmək istəyirəm. Mən burada özümü evimdə
olduğu kimi hiss edirəm. Mən sizi gördüm, bax, bu
şəraiti gördüm. Bu, həqiqətən Rusiya-Azərbaycan
dostluğu günüdür. Sağ olun və gələcək
işlərinizdə sizə uğurlar arzulayıram.
Diasporun nümayəndəsi:
Biz bunlarla kifayətlənməyəcəyik. Biz hələ
inkişaf edəcək, münasibətlərimizi qoruyub
saxlayacağıq.
İlham ƏLİYEV:
Düzdür.
Dmitri MEDVEDEV: Həqiqətən,
bununla kifayətlənmək lazım deyildir. Ona görə
ki, bu, bizim dostluğumuzun rəmzidir, bizim birlikdə
yaşamağımızın rəmzidir, Rusiyanın
inkişafına azərbaycanlıların verdiyi töhfənin
rəmzidir. Mənə belə gəlir ki, bu, çox vacibdir
və bizim birlikdə yeni dövlət
qurmağımızın əlamətdar göstəricisidir,
eyni zamanda, Rusiyada yaşayan azərbaycanlıların öz
tarixi köklərini yadda saxlamalarının, liderlərini
yadda saxlamalarının rəmzidir. Bu, həqiqətən
vacibdir, xüsusən ona görə ki, Heydər Əliyev
bizim birlikdə yaşadığımız dövlətdə
işləmiş və o vaxtkı ortaq dövlətimizin
inkişafı üçün olduqca çox iş
görmüşdür. Bu gün biz 20 il müddətində
yaradılmış, o vaxt SSRİ Nazirlər Soveti sədrinin
birinci müavini olmuş Heydər Əlirza oğlu Əliyevin
fəal iştirakı ilə yaradılmış
körpünü açdıq. Ona görə də bunlar
keçmişin şanlı səhifələri və bu
günün əlamətdar səhifələridir.
İlham ƏLİYEV: Onu da
demək istəyirəm ki, Azərbaycanda da rus icması
mehriban yaşayır. Onlar Azərbaycanın layiqli vətəndaşlarıdır,
ölkəmizin inkişafına çox böyük töhfə
verirlər. Onlar əsrlər boyu Azərbaycanda
yaşayırlar. Bu yaxınlarda mən rus vətəndaşlarımızın
yaşadığı böyük bir kənddə -
İvanovka kəndində olmuşam.
Dmitri MEDVEDEV: Kəndin
adı da müvafiqdir.
İlham ƏLİYEV: Həmin
kənddə Heydər Əliyev də olmuşdur, mən də
dəfələrlə orada olmuşam, adamlarla ünsiyyət
saxlamışam. Orada məhsul bayramı idi. Bu da bizim xalqlar
arasında dostluq bayramı idi. Buna görə də insanlar
arasında münasibətlər və başqa millətdən
olan insanlara münasibət dövlətlərimizi birləşdirən
amildir. Bizim dövlətlərin gücü bundadır.
Dmitri MEDVEDEV: Mən Sizə
təşəkkür edirəm ki, Ulyanovska gəlmisiniz. Ona
görə ki, biz həmişə Moskvada, Peterburqda,
Soçidə, yaxud Bakıda görüşməyəcəyik
ki. Başqa şəhərlərə də getmək
lazımdır. Rusiya böyük ölkədir, üstəlik,
burada Azərbaycanla və Azərbaycanın liderinin xatirəsi
ilə bağlı yerlər çoxdur. Ona görə də
sizə uğurlar arzulayıram!
İlham ƏLİYEV:
Çalışırıq.
Dmitri MEDVEDEV: Bizim münasibətlər
məhz bu cür münasibətlərə nümunədir.
Qoy, başqa respublikalar görsünlər.
İlham ƏLİYEV: Biz
Dmitri Anatolyeviçlə həmişə deyirik ki,
bütün qonşularla münasibətlər Rusiya ilə Azərbaycan
arasındakı münasibətlər kimi olsaydı,
dünyada problem olmazdı.
Dmitri MEDVEDEV: Düzdür.
Sizə uğurlar arzulayıram!
Mərasim
iştirakçıları: Sağ olun, xoşbəxt olun.
AzərTAc
Azərbaycan.- 2009.-26 noyabr.- S. 1.