Məişət
zorakılığı məsələləri təhlil və
müzakirə edilmişdir
BMT Baş Assambleyasının 17 dekabr 1999-cu il tarixli qərarı ilə 25 noyabr - Qadınlara qarşı Zorakılığın aradan qaldırılması üzrə Beynəlxalq gün kimi qeyd olunur.
Bu münasibətlə noyabrın 25-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) ATƏT-in Bakı ofisi ilə birgə "Məişət zorakılığının qarşısının alınması: ictimaiyyəti məlumatlandırma və qanuna dəstək" mövzusunda konfrans keçirmişdır.
Tədbirdə məişət zorakılığının qarşısının alınmasına dair təklif olunmuş konsepsiya da daxil olmaqla, Azərbaycanda məişət zorakılığı məsələləri təhlil və müzakirə edilmişdir.
Açılış mərasimində ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilge Cankorel konfransın əhəmiyyətindən danışmış, təmsil etdiyi qurumun məişət zorakılığına dair qanun layihəsinin hazırlanması və qəbul olunması istiqamətində səyləri dəstəklədiyini diqqətə çatdırmışdır.
Milli Məclisin vitse-spikeri Bahar Muradovanın sözlərinə görə Azərbaycanda bu məsələni tənzimləyən ayrıca bir qanun yoxdur: Ailə Məcəlləsində, Cinayət Məcəlləsində, bu və ya digər qanunvericilik aktlarında bu məsələlər nəzərdə tutulmuşdur. Amma hüququn bütün ciddi formalarına ailə, məişət məsələlərini şamil etmək mümkün deyil. Məişət zorakılığının qarşısının alınması üçün mütləq ayrıca bir qanuna ehtiyac vardır. Bu fikir konseptual şəkildə hər kəs tərəfindən qəbul olunur. Bu qanun necə olacaq, maddələri hansı məsələləri özündə ehtiva edəcək, bu, ayrıca müzakirə mövzusudur.
Komitənin sədri Hicran Hüseynova bildirmişdir ki, ölkəmizdə qadınların imkanlarının genişləndirilməsi ümummilli lider Heydər Əliyevin bu sahəyə xüsusi qayğısının nəticəsidir. Ulu öndərin təşəbbüsü ilə ölkəmizdə qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi üzrə mühüm tədbirlər görülmüşdür. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətində qadınların cəmiyyətdəki rolunun artırılmasına önəmli yer ayrılır. Bu baxımdan Mehriban xanım Əliyevanın fəal dəstəyi ilə Heydər Əliyev Fondu, BMT Əhali Fondu və AQUPDK tərəfindən reallaşdırılan "XXI əsrdə qadınlara qarşı zorakılıq əleyhinə" birgə layihə problemin həlli istiqamətində yeni mühüm mərhələ olmuşdur.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova demişdir ki, qadınlara münasibətdə zorakılığın qarşısının alınması bütün dünyada narahatlıq doğuran aktual məsələlərdən biridir. Zorakılıq insan hüquqları və əsas azadlıqlarından istifadə edilməsinə, bərabərlik və inkişaf məqsədlərinə ciddi maneçilik törədir. Məişət zorakılığının doğurduğu nəticələrin aradan qaldırılması üçün ayrıca qanunun qəbul olunmasına böyük ehtiyac vardır.
Ombudsman Elmira Süleymanova qeyd etmişdir ki, zorakılığın qarşısının alınması qadınlara öz bacarıqlarından istifadə etmələri üçün geniş imkanların yaradılmasını, əhalinin maarifləndirilməsi sahəsində fəaliyyətin genişlənməsini tələb edən prosesdir.
Konfransda
Milli Məclisin üzvləri, hökumət təmsilçiləri,
vətəndaş cəmiyyəti və beynəlxalq təşkilatların
nümayəndələri məişət zorakılığı
problemini araşdıran təqdimatlar ilə
çıxış etmişlər. ATƏT-in Demokratik Təsisatlar
və İnsan Hüquqları Bürosu təklif olunmuş
konsepsiya ilə bağlı mütəxəssis rəyini təqdim
etmişdir.
AzərTAc
Azərbaycan.- 2009.- 26 noyabr.- S. 2.