Milli Kitab Mükafatının
münsiflər heyətinin üzvləri Qubada olmuşlar
Müasir Azərbaycan ədəbiyyatının inkişafına yönəlmiş Milli Kitab Mükafatının münsiflər heyəti indi regionlarda görüşlər keçirir. İlk görüş Qubada olub. Rayonun mərkəzi kitabxanasında təşkil olunmuş görüşdə Quba, Qusar və Xaçmaz rayonlarından olan ədiblər və gənclər iştirak ediblər.
Tədbiri açan Azərbaycan Yazıçılar Birliyi Quba bölməsinin nümayəndəsi Ramiz Qusarçaylı Milli Kitab Mükafatının təsis olunmasını mühüm addım hesab edərək bildirib ki, belə tədbirlər ədəbi mühitə müsbət təsir göstərəcək və yeni əsərlərin yaranmasına stimul yaradacaq.
Münsiflər heyətinin üzvü Rəşad Məcid mükafat barədə məlumat verib. O qeyd edib ki, Milli Kitab Mükafatı yalnız nəsr əsərlərinə qiymət verəcək. Son illər kitaba maraq çox azalıb. Düşünürük ki, bu mükafat yenidən kitaba marağı artıracaq. İstəyirik ki, yazarlar, ziyalılar üzə çıxsın. Hesab edirik ki, əyalətlərdə gözəl yazarlar aşkarlayacağıq. İstənilən şəxs yazılarını müsabiqəyə təqdim edə bilər.
Mükafatın təsisçisi Nigar Köçərli müsabiqənin şərtləri barədə danışıb. Xaçmazdakı "Ulduzlar" ədəbi məclisinin rəhbəri Fərzalı Ziyamur, Eldəniz Quliyev və başqaları çıxış edərək ürək sözlərini bildiriblər.
Tədbirdə
rayon məktəbliləri də öz bədii
yaradıcılıqlarını nümayiş etdiriblər.
Azərbaycan.- 2009.- 26 noyabr.- S. 8.