Elmi kadr hazırlığının problemləri

 

Ölkə başçısının 2009-cu il 4 may tarixində imzaladığı "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"nın və onun həyata keçirilməsi ilə bağlı dövlət proqramı elmimizin genişmiqyaslı, hərtərəfli və köklü islahatlarını nəzərdə tutan çox mühüm sənəddir. Milli Strategiya Azərbaycan elmində mövcud problemləri qeyd etməklə yanaşı, onların həlli yollarını, müddət və icraçılarını göstərir, müvafiq dövlət qurumları, AMEA və universitetlər qarşısında konkret vəzifələr qoyur. İslahatlar, həmçinin elmin struktur və idarəedilməsinin, maliyyələşmə sxemlərinin, akademik institut və ali təhsil ocaqlarında aparılan tədqiqatların mövzu və səviyyəsinin beynəlxalq standartlara uyğunlaşdırılmasını nəzərdə tutur.

 

Metodoloji baxımdan aydındır ki, ölkədə elmi tədqiqatların prioritetləri kimi qəbul edilən sahələr maliyyələşmədə, maddi-texniki təchizatda və kadr hazırlığında digər sahələrə nisbətən üstünlüyə malik olmalıdır. Bəzən hesab edirlər ki, prioritetlər siyahısına düşməyən istiqamətlər üzrə, ümumiyyətlə, kadr hazırlığı aparılmamalıdır. Əgər, məsələn, riyaziyyatın həndəsə, topologiya və ya fizikanın atom fizikası istiqamətləri Azərbaycanda elmin məhsuldar sahələri arasında yer almırsa, bu o demək deyil ki, həmin ixtisaslar üzrə kadr hazırlığı dayandırılmalıdır. Bu ixtisaslar riyaziyyat, fizika üzrə kadr hazırlığının ayrılmaz tərkib hissəsidir və onlar yüksək səviyyəli mütəxəssislər tərəfindən tədris edilməlidir. Strategiya "elmin son nailiyyətlərinin ali məktəblərin tədris proqramlarına daxil edilməsi" tələbini qoyur. Elmin son nailiyyətlərini isə yalnız fəal yaradıcılıqla məşğul olan, əsərlərini nüfuzlu beynəlxalq elmi jurnallarda çap etdirən, xarici elmi mərkəzlərlə yaradıcılıq əlaqələri saxlayan alimlər tədris edə bilərlər. Gənc nəslin elmi tədqiqatlara həvəsləndirilməsi və yönəldilməsində belə alimlərin rolu əvəzedilməzdir.

Strategiya prioritet elm sahələrini belə təyin edir: "Azərbaycan Respublikasında elmi tədqiqatların prioritetləri, ilk növbədə, müasir dünya elminin inkişaf səviyyəsi və tələbləri əsasında müəyyənləşdirilməlidir" və bu məqsədlə fundamental elmlər üzrə tədqiqatların genişləndirilməsini, Azərbaycan elminin beynəlxalq məkana inteqrasiyasının gücləndirilməsini vacib hesab edir. "Elmi tədqiqatların prioritetləri Azərbaycan dövlətinin sosial-iqtisadi və mədəni sahələrdə vəzifələri ilə uzlaşmalıdır" tələbi də sənəddə yer almış müddəalar arasındadır. Sonuncu tələblə bağlı yanacaq-energetika, kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları üzrə, ətraf mühitin mühafizəsi sahəsində, canlı sistemlər (tibb, biologiya) haqqında tədqiqatlar elmin prioritet istiqamətləri kimi qəbul edilir. Bu sırada iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına, ölkənin milli təhlükəsizliyinə və müdafiəsinə, tariximizin, mədəniyyətimizin və dilimizin tədqiqinə yönəlmiş elmi istiqamətlər də yer alır. Sənədin digər bir əhəmiyyətli müddəası da Azərbaycan elmində onilliklərlə formalaşmış, beynəlxalq səviyyəli və məhsuldar "elmi məktəblərin qorunmasına və varisliyin təmin edilməsinə nail olmaq"la bağlıdır. Hesab edirik ki, elmi tədqiqatların prioritet istiqamətləri qoyulan tələblərin hər üçünü ödəməlidir. Onları qısa şəkildə belə ifadə etmək mümkündür: elmi tədqiqatlar ölkənin sosial-iqtisadi və mədəni tələblərini ödəmək məqsədilə fundamental və tətbiqi istiqamətlər üzrə beynəlxalq səviyyəli elmi məktəblər çərçivəsində aparılmalıdır.

Milli Strategiyada yüksəkixtisaslı kadrların hazırlanmasına da xüsusi diqqət yetirilir, bu sahədə həllini gözləyən məsələlər müəyyən edilir. Sənəd kadr hazırlığının əsas prinsipini belə müəyyən edir: "Elmi fəaliyyətin əsas daşıyıcıları yüksəkixtisaslı kadrlardır. Yüksək səviyyəli elmi kadr hazırlığı dedikdə, elmi yeniliklərə həssas, nəzəri və metodoloji biliklərə fəal yiyələnən tədqiqatçı-mütəxəssislərin yetişdirilməsi nəzərdə tutulur." Bu vəzifəni həyata keçirmək üçün "yüksəkixtisaslı kadrların hazırlığı işinə yeni elmi tələblərlə yanaşmanın təmin edilməsi" və "ölkədə müdafiə olunan dissertasiyaların mövzusu və məzmununun müasir elmin inkişaf istiqamətlərinə uyğunluğunun təmin edilməsi" kimi məsələlər həll edilməlidir. Göründüyü kimi, Milli Strategiya həm prioritet elm sahələrinin müəyyən edilməsində, həm də yüksəkixtisaslı kadrların hazırlanmasında, dissertasiyaların məzmununda müasir dünya elminin nailiyyətlərinin nəzərə alınmasını tələb edir. Bunun üçün lazım olan qiymətləndirmə sistemi və müvafiq kriteriyalar dünya elmi tərəfindən çoxdan işlənib hazırlanıb və praktikada müvəffəqiyyətlə tətbiq edilir.

Mövcud beynəlxalq kriteriyalar üzərində ətraflı dayanmağı məqsədəuyğun hesab edirik. Ümumiyyətlə, istənilən fəaliyyəti kəmiyyət və keyfiyyətinə görə dəyərləndirmək mümkündür. Elmi əməyin kəmiyyət göstəricisi dərc olunmuş məqalə, alınmış patent, istehsalata tətbiq olunmuş nəticələrin sayıdır. Bu göstəricilərdən istifadə etməklə elmi əməyin məhsuldarlığını müəyyən etmək olar. Lakin elmi iş yaradıcı əmək olduğundan nəticənin qiymətləndirilməsinə yalnız kəmiyyət baxımından yanaşmaq düzgün olmazdı. Həqiqətən də, ikinci-üçüncü dərəcəli jurnallarda, yerli konfranslarda heç kimin oxumadığı və istifadə etmədiyi çoxsaylı məqalələr, materiallar çap etdirməyin elə də böyük effekti yoxdur: bununla yalnız fəal elmi yaradıcılıq görüntüsü yaratmaq olar. Hər bir yaradıcı fəaliyyət sahəsində olduğu kimi, elmdə də əsas meyar nəticənin keyfiyyətidir. Elmi nəticənin keyfiyyəti isə onun müəyyən elm sahəsi, elmi istiqamət üçün aktual olan problemin həllində əhəmiyyətli irəliləyişə nail olunmaqla, problemin tam həlli ilə müəyyən edilir.

Keyfiyyətli elmi nəticələr bir qayda olaraq yüksək səviyyəli jurnallarda çap olunur və bu məqalələr başqa tədqiqatçılar tərəfindən fəal surətdə istifadə edilir. Məqalənin nəşr edildiyi jurnalın səviyyəsi onun təsir əmsalı ilə bağlıdır ki, bu parametr Tomson Röyters Agentliyi tərəfindən hesablanır və hər il elmi ictimaiyyətin diqqətinə çatdırılır. Təsir əmsalı yüksək olan jurnallar istedadlı və fəal müəllif korpusuna arxalanaraq aid olduğu sahə və istiqamətlərin inkişafını müəyyənləşdirir. Belə jurnallarda məqalə çap etdirmək peşəkarlıq və özünütəsdiq baxımından hər bir alim üçün vacibdir. Elmi işin keyfiyyətinin ikinci göstəricisi məqaləyə başqa tədqiqatçılar tərəfindən verilmiş istinadların sayıdır. Elmi nəticəyə istinadın verilməsi, onun yeni tədqiqatlarda istifadə edilməsi həmin nəticənin əhəmiyyətinin, yüksək keyfiyyətinin təsdiqidir.

Alınmış patentlər, istehsalata tətbiq olunmuş nəticələr də tədqiqatların yüksək keyfiyyətini təsdiqləyən mühüm parametrlərdir. Transmilli korporasiyalar, tanınmış firmalar elmi yenilikləri ən qısa zamanda öz məhsullarının istehsalında tətbiq etməyə çalışırlar. Əks təqdirdə, dünyadakı rəqabətə tab gətirmək mümkün deyil. Böyük korporasiyalar araşdırmalar üçün universitetlərin mərkəz və laboratoriyaları ilə müqavilələr bağlayır, tədqiqatçı kadrların hazırlanmasında yaxından iştirak edirlər. Sənaye nəhənglərinin elmi-tədqiqat mərkəzləri büdcə və kadr potensialına görə universitet mərkəzlərindən dəfələrlə güclüdür. Dünyada məşhur "IBM", "Bell", "Ericsson" və yüzlərlə başqa korporasiyaların elmi mərkəzləri buna əyani sübutdur.

Azərbaycan elminin qeyd edilmiş bütün kriteriyalar baxımından təhlilinə ehtiyac var. Beynəlxalq məlumat bazalarına əsaslanaraq apardığımız araşdırmalar Azərbaycan elminin kondensə olunmuş maddə fizikası; fiziki və nəzəri kimya; elektron, optik və maqnit materialşünaslıq; üzvi kimya; elektrik və elektron mühəndisliyi; nəzarət və sistem mühəndisliyi; yanacaq texnologiyası; energetika; süni intellekt; nüvə və yüksək enerjilər fizikası; qeyri-üzvi kimya; tətbiqi və hesablama riyaziyyatı; geokimya və petrologiya; riyazi fizika kimi istiqamətlərində məhsuldarlığın yüksək olduğunu göstərir. Bu istiqamətlər üzrə beynəlxalq səviyyədə qəbul olunan elmi məktəblər formalaşıb və fəaliyyətdədir. Tədqiqatların formalaşmış prioritetləri elmin, texnika və texnologiyaların müasir istiqamətlərindən ibarətdir. Onların çərçivəsində həm fundamental, həm də tətdiqi elmi tədqiqatlar aparılır. Cəmiyyətdə münbit şərait yarandıqca, mövcud məktəblər, onların hazırladıqları mütəxəssislər elmtutumlu istehsalın təşkilində müasir texnologiyaların mənimsənilməsində çox səmərəli şəkildə iştirak edə bilərlər. Öz növbəsində, dövlət və cəmiyyət belə şəraitin yaradılması üçün təxirəsalınmaz tədbirlər görməlidir.

Strategiya tədqiqatların prioritet istiqamətlərini müəyyənləşdirərkən dünya elmindəki meyillərin nəzərə alınmasını vacib hesab edir. ABŞ-ın RAND korporasiyasının 2006-cı ildə açıqlanmış "Qlobal texnoloji inqilab-2020" adlı hesabatında qabaqcıl texnologiyalardakı mövcud vəziyyət, onların inkişaf istiqamətləri və 2020-ci ildə əldə oluna biləcək yeniliklər barədə maraqlı məlumat və proqnozlar verilir. Hesabata inansaq, biotexnologiya, nanobiotexnologiya, tibbi biologiya, nanotexnologiya, materialşünaslıq, mühəndislik, informasiya texnologiyaları dünya elminin aparıcı istiqamətləri olacaq və bu istiqamətlərdə 2020-ci ilə qədər bəşəriyyət üçün əhəmiyyətli nailiyyətlər qazanılacaq.

Azərbaycanda elmin məhsuldar istiqamətlərini, dünya elminin inkişaf yollarını qısa da olsa təhlil etdikdən sonra məqalənin əsas mövzusu olan kadr hazırlığının bu gününə qayıdaq. Kadr hazırlığı dedikdə, müxtəlif sahə və istiqamətlər üzrə elmlər namizədləri və doktorlarının hazırlanması başa düşülür. Həqiqətən də, formal olaraq yüksək səviyyəli elmi kadr hazırlığı aspiranturada (doktoranturanın ilk pilləsində) başlayıb, elmlər doktoru dissertasiyasının müdafiəsi ilə başa çatır. Əslində, xeyli mürəkkəb olan bu prosesin təməli tələbəlik, bəlkə də məktəb illərində qoyulur və insanın fəal yaradıcılıq ömrünün sonuna kimi davam edir: alim hər gün öyrənməli, yeni biliklərə yiyələnməli, tədqiqatlarında istifadə etdiyi metodları daim təkmilləşdirməlidir. Buna baxmayaraq, namizədlik və doktorluq dissertasiyaları hər bir mütəxəssisin formalaşmasında əhəmiyyətli istinad nöqtələri olduğu üçün bu səviyyəyə çatmış alimlərin sahələr və sahədaxili istiqamətlər üzrə paylanması, əldə olunmuş elmi nailiyyətlərin təhlili kadr hazırlığını kəmiyyət və keyfiyyət baxımından xarakterizə etməyə imkan verir.

Son illərdə Azərbaycanda elmi dərəcəyə yiyələnmiş mütəxəssislər barədə məlumatları İnformasiya Texnologiyaları İnstitutunda AMEA-nin müxbir üzvü R.Əliquliyevin rəhbərliyi altında hazırlanmış və yenicə çap edilmiş "Elmi kadr hazırlığı (monitorinq)" ("İnformasiya Texnologiyaları" nəşriyyatı, 2009) adlı məcmuədən əldə etmək mümkündür. Kitabda 2004-2008-ci illərdə Azərbaycanın müxtəlif akademik institutlarında, universitetlərdə bütün ixtisaslar üzrə müdafiə edilmiş namizədlik və doktorluq dissertasiyaları haqda statistik məlumatlar toplanıb. Bundan başqa, 2003-2008-ci və 2007-2008-ci illərdə aspirant və dissertantların institut və universitetlər, sahələr üzrə bölgüsü də verilib. Məcmuə elmi kadr hazırlığının təhlilində istifadə etdiyimiz məlumat bazalarından biridir.

Məqsədimiz 2004-2008-ci illərdə sahə və istiqamətlər üzrə kadr hazırlığını Azərbaycan elminin təyin edilmiş prioritet istiqamətləri ilə müqayisə etmək və beləliklə, elmi kadr hazırlığının milli strategiyanın tələblərinə nə dərəcədə cavab verdiyini aydınlaşdırmaqdır. Elmi tədqiqatların bütün istiqamətləri üzrə məlumatlar SCIMAGO qrupunun SCOPUS bazası əsasında tərtib etdiyi hesabatdan götürülüb. Hesabat 1996-2007-ci illərdə beynəlxalq elmi jurnallarda çap olunmuş məqalə sayının analizinə əsaslanır. Məcmuədəki məlumatlarla SCIMAGO-nun hesabatının əhatə etdiyi zamanın bir-birinə uyğun gəlməsi çox əhəmiyyətlidir. İllər müxtəlif olsa da, toplanmış məlumat bazası demək olar ki, eynidir.

"Elmi kadr hazırlığı (monitorinq)" kitabındakı məlumata əsasən, Azərbaycanda namizədlik və doktorluq dissertasiyaları müdafiə etmiş mütəxəssislərin ilk 10 elm sahəsi üzrə paylanması belə olmuşdur: filologiya-376, tibb-325, texnika-231, iqtisad elmləri-223, biologiya-114, riyaziyyat və mexanika-106, tarix-105, hüquq-98, pedaqogika-98, fizika və astronomiya-90. 2007-2008-ci illərdə aspirant və dissertantlar isə ən çox aşağıdakı sahələrdə qəbul olunmuşlar: iqtisaq elmləri-418, filologiya-410, texnika-283, hüquq-275, tibb-232, biologiya-228, tarix-168, yer elmləri-158, fizika-riyaziyyat-148, kimya-127.

Kadr hazırlığının indiki vəziyyətini və inkişaf dinamikasını elmi tədqiqatların prioritet sahələri ilə müqayisə etdikdə qəribə mənzərənin şahidi oluruq. Azərbaycan elminin məhsuldarlığı ilə fərqlənən istiqamətləri, prioritet sahələri ilə kadr hazırlığının intensiv aparıldığı sahələr bir-birindən kəskin surətdə fərqlənirlər. Məhsuldar istiqamətlər siyahısında kimyaya aid üç, fizika və riyaziyyat üzrə hər birindən ikisi olmaqla 4 istiqamət yer aldığı halda, elmi kadr hazırlığında bu sahələr müvafiq olaraq 13-cü, 10-cu və 6-cı mövqelərdədir. Bu siyasətin yaxın gələcəkdə də dəyişməyəcəyi aspirant və dissertantların sahələr üzrə paylanmasından aydın görünür. Belə ki, həmin qəbildən olan gənc tədqiqatçıların sayına görə fizika-riyaziyyat elmləri 9-cu, kimya isə 10-cu yerdədər.

Kadr hazırlığının əsas problemlərindən biri təbiət, texnika elmləri ilə ictimai-siyasi və humanitar elmlər arasındakı nisbətin ölkənin sosial-iqtisadi tələblərinə uyğun gəlməməsidir. "Elmi kadr hazırlığı (monitorinq)"na əsasən, 2003-2008-ci illərdə ictimai-siyasi, sosial-iqtisadi və humanitar elmlər üzrə cəmi 4334 aspirant və dissertant qəbul edilmişdir ki, bu da bütün başqa elm sahələrində olduğundan 1161 nəfər artıqdır. Namizədlik və doktorluq dissertasiyaları müdafiə etmiş mütəxəssis sayının təhlili də eyni nəticəyə gətirir. Belə ki, təkcə filologiya, hüquq və pedaqogika sahəsində 572 dissertasiya müdafiə edildiyi halda, bu rəqəm fizika, riyaziyyat, kimya və biologiya üzrə toplam 377 olmuşdur.

Elmi kadr hazırlığının sahələrarası bölğüsündə yaranmış vəziyyət ciddi narahatlıq doğurur. Aydındır ki, heç kim Azərbaycan dilinin, mədəniyyət və tarixinin tədqiq olunmasının əleyhinə deyil. Bu istiqamətlər Milli Strategiyada da elmi tədqiqatların prioritetləri sırasında göstərilib. Lakin nəzərə almaq lazımdır ki, Azərbaycan neft, qaz, qiymətli metallar istehsal və ixrac edən ölkədir. Onun neft-kimya, müdafiə, maşınqayırma elektronika kimi müasir sənaye sahələri var. Ölkə geniş energetika, dəmir yolu, dünya əhəmiyyətli neft-qaz kəmərlərindən ibarət infrastruktura malikdir. Azərbaycanda intensiv mülki və sənaye tikintisi aparılır. Əhalinin yüksək keyfiyyətli tibbi xidmətlə təmin edilməsi, ərzaq təhlükəsizliyi problemləri öz həllini tapmalıdır. Azərbaycan iqtisadiyyatının bütün bu sahələrini elmin son nailiyyətlərinə cavab verən tədqiqatlar, layihələr, proqnoz və tövsiyələrlə təmin etmək qarşıda duran mühüm məsələlərdəndir. Bu vəzifələri yerinə yetirmək üçün AMEA-dan, sahə və layihə institutlarından, universitetlərin elmi-tədqiqat institut və laboratoriyalarından ibarət elmi təşkilatlar şəbəkəsi də mövcuddur. Fəaliyyətdə olan elmi strukturun imkanlarından səmərəli və məqsədyönlü şəkildə istifadə etməklə qarşıda duran problemlərin həllinə nail olmaq mümkündür. Deyilənləri nəzərə alsaq, texnika, tibb, təbiət elmləri üzrə hazırlanan elmi kadrların sayı digər sahələrdəkindən on dəfələrlə artıq olmalıdır.

Milli Strategiyanın elmi təşkilatlar və ictimaiyyət qarşısında qoyduğu vəzifələrdən biri də aparılan tədqiqatların, kadr hazırlığının keyfiyyətinin yüksəldilməsidir. Ümumiyyətlə, keyfiyyət məsələsi kifayət qədər mürəkkəb və hərtərəfli yanaşma tələb edən problemdir. Keçmiş Sovetlər İttifaqında elmi kadrların hazırlanması və attestasiyası eyni normativ sənədlər əsasında həyata keçirilirdi. Buna baxmayaraq, SSRİ-nin aparıcı universitetlərində təhsil almış və mərkəzi elmi-tədqiqat institutlarında təcrübə toplamış mütəxəssislərlə yerli elmi kadrlar arasında əhəmiyyətli keyfiyyət fərqləri mövcud idi. Müstəqilliyin ilk illərində istedadlı alimlərimizin bir hissəsi ölkəni tərk etmişdir. Onlar indi MDB-nin, ABŞ-ın və Avropa ölkələrinin universitetlərində, elmi institutlarında çalışırlar. Nəticədə Azərbaycanın elmi kadr potensialı zəifləmişdir ki, bu da özünü digər məsələlərlə yanaşı, kadr hazırlığının keyfiyyətində də büruzə verir.

Hazırda ölkə üçün lazım olan elmi mütəxəssislərin əksəriyyəti yerli universitet və institutlarda hazırlanır. Bu prosesin keyfiyyətini qiymətləndirmək üçün SCIMAGO qrupunun hesabatı kifayət qədər yararlıdır. Aydındır ki, sənəd təkcə aspirant və doktorantların deyil, sahə və istiqamətlər üzrə çalışan bütün alimlərin əsərlərinin təhlilinə əsaslanır. Buna baxmayaraq, müdafiə edilmiş namizədlik və doktorluq dissertasiyalarının sayı ilə müvafiq istiqamətlər üzrə beynəlxalq jurnallarda çap olunmuş məqalə sayının müqayisəli analizi elmdə kadr hazırlığının keyfiyyəti, orta statistik mütəxəssisin səviyyəsi barədə əsaslı mülahizələr yürütməyə imkan verir. Lakin belə təhlil hətta beynəlxalq səviyyədə təmsil olunmamış ixtisaslarda ayrı-ayrı parlaq mütəxəssislərin yetişməsini istisna etmir.

Araşdıracagımız ilk elm sahəsi filologiyadır, çünki elmi kadrların yetişdirilməsində birincilik məhz bu sahəyə məxsusdur. Filologiya elmlərində ən çox mütəxəssis Azərbaycan (112) və dünya ədəbiyyatı (57), Azərbaycan dili (48), folklorşünaslıq (36), ədəbiyyat nəzəriyyəsi (28) və german dilləri (22) ixtisasları üzrə hazırlanib. Maraqlıdır ki, həmin dövrdə slavyan dilləri üzrə 17, sami dilləri üzrə 7 dissertasiya müdafiə edildiyi halda, türk dilləri ixtisası üzrə bu rəqəm cəmi 2-yə bərabər olub. Buradan belə nəticəyə gəlmək olar ki, biz öz dilimizdən başqa, bütün türk dillərini öyrənib qurtarmışıq. Ölkəmizin türk dünyasında gedən inteqrasiya proseslərini dəstəklədiyi və vahid türk dilinin yaradılmasına böyük ehtiyac duyulduğu bir vaxtda elmimizin türk dillərinə belə soyuq münasibətinə haqq qazandırmaq mümkün deyil. Respublikamızdakı azsaylı xalqların dilləri də elmi tədqiqatlardan kənarda qalıb: yəqin ki, bu dilləri xarici mütəxəssislər öyrənməlidir. Təsvir etdiyimiz mənzərə əvvəllər formalaşmış kadr potensialının özünüyeniləmə prosesində yaranır: sovet dövründə Azərbaycanın milli maraqları nəzərə alınmadan hazırlanmış mütəxəssislər indi də tələb olunan ixtisaslar üzrə deyil, öz elmi istiqamətləri üzrə mütəxəssis hazırlamaqda davam edirlər. Bu kadrların hansı məqsədlər üçün yetişdirildiyi isə heç kimi maraqlandırmır.

İndi isə filologiya sahəsindəki mənzərəyə xarici müşahidəçi-alimin gözü ilə baxaq. Filologiya SCIMAGO-nun hesabatının "incəsənət və humanitar elmlər" bölməsində iki istiqamətlə təmsil olunub. Bu istiqamətlər "dil və linqvistika" və "ədəbiyyat və ədəbiyyatşünaslıq" adları altında verilib. Hesabat dilçilik və ədəbiyyat istiqamətlərində Azərbaycan elminin beynəlxalq səviyyədə heç bir məqalə ilə təmsil olunmadığını göstərir. Beləliklə, kənar müşahidəçi elmin adı çəkilən istiqamətlərinin ölkəmizdə təşəkkül tapmadığı qənaətinə gəlməlidir.

Filologiya elminə xas olan problemlər bütün ictimai-siyasi, humanitar elmlər üçün xarakterikdir. Tarix, hüquq, pedaqogika, psixologiya, fəlsəfə, sənətşünaslıq kimi sahələrdə beynəlxalq jurnallarda çap olunmuş məqalə tapmaq müşkül məsələdir. Məsələn, 12 ildə tarix üzrə 2, pedaqogika üzrə 2, psixologiya üzrə 1 məqalə çap edilmişdir. Hüquq, musiqi sənəti, fəlsəfə üzrə beynəlxalq səviyyədə elmi məqalə çap edilməyib. Buna baxmayaraq adı çəkilən sahələrdə 471 dissertasiya müdafiə olunmuş, daha 828 aspirant və dissertant isə qəbul edilmişdir!

İctimai-siyasi və humanitar elmlərdəki mövcud durum və yaranmış vəziyyətdən çıxış yolları bir neçə gün öncə Dövlət İdarəçilik Akademiyasında Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin sədrliyi ilə keçirilmiş müşavirədə geniş müzakirə edilmişdir. Burada AMEA-da və universitetlərdə kifayət qədər elmlər doktoru və namizədi hazırlandığı, lakin onların ölkənin gələcək inkişaf strategiyasının elmi əsaslandırılması baxımından istifadəsiz qaldığı qeyd olunmuşdur. Müşavirədə qəbul edilmiş qərarların həyata keçirilməsi ictimai və humanitar elmlər sahəsində göstərilmiş problemlərin həllinə güclü təkan verəcəyinə inanırıq.

Kadr hazırlığında ikinci yeri tibb elmi tutur. Bu sahədə ən çox namizədlik və doktorluq dissertasiyalarının müdafiə edildiyi ixtisasların siyahısı belədir: cərrahlıq-45, stomatologiya-30, mamalıq və ginekologiya-27, pediatriya-24, onkologiya-20, daxili xəstəliklər-16, kardiologiya-16, epidemiologiya-16, travmotologiya və ortopediya-13, allerqologiya və immunologiya-13, anesteziologiya və reanimatologiya-10. Təbii ki, bu qədər dissertasiyanın müdafiə edildiyi sahə üzrə beynəlxalq elmi jurnallarda çoxsaylı məqalələrin çap olunduğunu gözləmək olardı. Təhlillər isə göstərir ki, 1996-2007-ci illərdə tibb elminin yuxarıda gətirilmiş ixtisaslarından kardiologiyada 7, cərrahiyyə, pediatriya, mamalıq və ginekologiya ixtisaslarının hər birində 1 elmi məqalə çap olunmuşdur. Digər ixtisaslar (stomatologiya, daxili xəstəliklər, immunologiya və allerqologiya, anesteziologiya və reanimatologiya, travmotologiya, epidemiologiya) üzrə isə beynəlxalq səviyyədə elmi məqalə qeydə alınmayıb. Başqa sözlə, 11 ixtisas üzrə beynəlxalq məlumat bazalarında 12 ildə cəmi 10 məqalə qeyd edilmişdir. Bir daha vurğulayaq ki, çap olunmuş məqalələr haqqındakı statistik məlumatlarda təkcə aspirant və doktorantların deyil, onların elmi rəhbər və məsləhətçilərinin də məqalələri nəzərə alınıb. Bəs əgər həqiqətən müdafiə edilmiş dissertasiyalar yüksək demirik, normal səviyyədə olsaydı, onda beynəlxalq jurnallarda neçə elmi məqalə çap edilməliydi? Bu suala cavab tapmaq elə də çətin deyil. Tibb elminin 11 ixtisası üzrə beş il ərzində 205 namizədlik və 25 doktorluq dissertasiyası müdafiə edilib. Namizədlik dissertasiyaları üçün 1, doktorluq dissertasiyaları üçün isə 6 elmi məqalə tələbi ödənilsəydi, onda beynəlxalq jurnallarda ən azı 355 yazı çap edilməliydi.

Elmi kadr hazırlığında üçüncü yerdə olan texnika elmlərində vəziyyət, bəzi ixtisaslar istisna olmaqla, başqa sahələrə nisbətən yaxşıdır. Belə ki, texnika sahəsinə aid olan elektrik və elektron mühəndisliyi; nəzarət və sistem mühəndisliyi ölkə elminin 10 məhsuldar istiqaməti arasındadır. Texnika sahəsində müdafiələr əsasən informatika, hesablama texnikası və idarəetmə (71), tikinti (39), maşınqayırma və maşınşünaslıq (21), aviasiya və raket-kosmik texnikası (20), energetika (19), aqromühəndis sistemlərinin proses və maşınları (18) ixtisasları üzrə edilmişdir. Bəzi texniki ixtisaslar üzrə elmi kadrların çox az hazırlanması isə narahatlıq doğurur. Məsələn, fövqəladə hallarda təhlükəsizlik (2), yeyinti sənayesinin texnologiyası (2), nəqliyyat, mədən və tikinti maşınqayırması (4), elektrotexnika (6), kimya texnologiyası (7) belə ixtisaslardandır. Ümumi göstəriciləri qənaətbəxş olan qruplara daxil edilmiş bəzi ixtisaslar üzrə də çox az mütəxəssis hazırlanmışdır. Sonuncular arasında istilik elektrik stansiyaları, onların energetik sistemləri və aqreqatları (1), ölçmə cihazları və metodları (1), hesablama maşınları, sistemlər və şəbəkələr (1) kimi ixtisaslar yer alır. İxtisasların adlarından da görünür ki, onlar iqtisadiyyatımızın inkişaf etməkdə olan sahələrinə aiddir. Bu ixtisaslar üzrə elmi kadr hazırlığı, lazım gələrsə, xarici ölkələrin universitet və elmi-tədqiqat mərkəzlərində də aparıla bilər.

Texnika elmlərinə aid edilmiş ixtisaslar SCIMAGO-nun hesabatında tamamilə və ya qismən "mühəndislik", "energetika", "kimya mühəndisliyi" və "kompüter elmləri" bölmələrinə daxil edilmişdir. Bu səbəbdən texnika üzrə xaricdə nəşr edilmiş əsər sayını qiymətləndirmək asan deyil. Əksər texniki ixtisasların yer aldığı mühəndislik sahəsi elmi məhsulun həcminə görə Azərbaycan elmində beşinci yerdədir. Texnika elmlərinin monitorinqi bir neçə ixtisas üzrə kadr hazırlığında keyfiyyətin aşağı olduğunu göstərir. Bu cəhətdən tikinti ixtisaslarını qeyd etmək yerinə düşər. Belə ki, tikinti sahəsinin bütün ixtisasları üzrə 39 dissertasiya müdafiə edilsə də, 12 ildə beynəlxalq jurnallarda sənaye tikintisi ixtisasında cəmi 36 məqalə çap olunmuşdur.

İqtisad elmlərində çoxsaylı dissertasiyalar müdafiə edilsə də, kadr hazırlığının keyfiyyəti göstərilən məlumatlardan asanlıqla aydın olur. Bu sahədə müdafiələr ixtisaslar üzrə belə bölünüb: xalq təsərrüfatının iqtisadiyyatı və idarəedilməsi (137), iqtisadiyyatın riyazi və instrumental üsulları (33), iqtisadi nəzəriyyə (24), mühasibat uçotu, statistika (11) , maliyyə, pul tədavülü və kredit (10) və dünya iqtisadiyyatı (8). Beynəlxalq mənbələr isə iqtisad elmləri sahəsində Azərbaycandan "Biznes, beynəlxalq menecment və mühasibat" bölməsinin innovasiyalar menecmenti istiqaməti üzrə 1, "müxtəlif istiqamətlər"ində isə 4 elmi məqalənin çap olunduğunu qeyd edib. İqtisad elmlərinin marketinq, mühasibat uçotu, maliyyə, menecmentin digər istiqamətləri üzrə beynəlxalq səviyyədə elmi məqalə qeyd edilməyib. Fikrimizcə, ölkə daxilində sahə üzrə elmi kadr hazırlığını minimuma endirmək, bu işdə üstünlüyü ABŞ və Qərbi Avropanın universitetlərinə vermək daha məqsədəuyğundur.

Hazırlanmış elmi kadrların sayına görə, biologiya beşinci mövqedədir. Say etibarilə hazırlanmış mütəxəssislər kifaqət qədərdir, lakin bu sözləri onların keyfiyyəti haqda demək çətindir. Biologiyada ən çox mütəxəssis fiziologiya (21), ekologiya (20), torpaqşünaslıq (20), biokimya (15) və mikrobiologiya (13) ixtisasları üzrə yetişdirilib. Sahə üzrə məqalələrin sayını təhlil edərkən nəzərə alınmalıdır ki, biologiyanın Azərbaycanda qəbul edilmiş təsnifatı ilə beynəlxalq təsnifat sxemləri üst-üstə düşmür. SCIMAGO-nun hesabatında biologiyanın bəzi istiqamətləri "aqrar elmlər və biologiya", digərləri "biokimya, genetika, molekulyar biologiya" bölmələrində toplanıb. Özlüyündə belə yanaşma tərzi çox şeydən xəbər verir: biokimya, genetika, molekulyar biologiya beynəlxalq miqyasda o qədər inkişaf etmiş və əhəmiyyətli olmuşdur ki, artıq müstəqil elm sahəsi kimi qəbul edilir.

Biologiyada ən uğurlu nəticələr biokimya istiqamətinə aiddir. Belə ki, on iki ildə bu istiqamət üzrə 57 məqalə çap edilmiş və beş il ərzində ixtisas üzrə 15 elmi kadr hazırlanmışdır ki, bunu da normal göstərici hesab etmək mümkündür. Ən çox müdafiə fiziologiya ixtisasında qeyd edilsə də, müvafiq elmi istiqamət üzrə 12 ildə cəmi 9, ekologiya və təkamül nəzəriyyəsində 12, mikrobiologiya üzrə 8, torpaqşünaslıq üzrə isə 4 məqalə qeydə alınıb. Aydındır ki, bu ixtisaslarda kadr hazırlığının keyfiyyəti dünya standartlarına uyğunlaşdırılmalıdır.

Yüksək səviyyəli mütəxəssis hazırlığının problemlərindən biri də ölkə iqtisadiyyatı üçün lazım olan ixtisaslar üzrə elmi kadrların çox az sayda yetişdirilməsidir. Bu mənada diqqəti strategiyada elmi tədqiqatların prioritetləri arasında göstərilən kənd təsərrüfatı elmlərinə aid ixtisaslara - ümumi əkinçilik (1), bitki mühafizəsi (1), meyvəçilik və üzümçülük (2), zootexnika (4), bitkiçilik (5) və baytarlığa (2) yönəltmək istəyirik. Ümumiyyətlə, beş ildə kənd təsərrüfatı üzrə cəmi 30 elmi mütəxəssis hazırlanmışdır ki, bu da kifayət hesab edilə bilməz. Kadr hazırlığında bir amil həmişə nəzərə alınmalıdır: gənc mütəxəssislər yeni, müasir istiqamətlərdə tədqiqat aparmaqla, dərs deməklə yanaşı, yaşlı nəslin nümayəndələrini əvəzləməlidir. Ona görə də yuxarıdakı rəqəmlər elə də böyük deyil. Kənd təsərrüfatı elmlərində tədqiqatların səviyyəsi də beynəlxalq tələblərlə tam uzlaşmır. Hesabatlar kənd təsərrüfatının bəzi sahələri və baytarlıq üzrə aşağıdakı sayda məqalə qeydə alıb: meşəçilik-3, baytarlıq-3, ərzaq sahəsi-8, su təsərrüfatı-10.

Narahatlıq doğuran bir məqam da coğrafiya sahəsində elmi kadr hazırlığının vəziyyətidir. Coğrafiyanın fiziki coğrafiya və biocoğrafiya, torpaq coğrafiyası (1); geomorfologiya və təkamül coğrafiyası (1); meteorologiya, iqlimşünaslıq (2); iqtisadi-sosial və siyasi coğrafiya (4); coğrafi və geoloji ekologiya (5) kimi mühüm ixtisaslar üzrə çox az mütəxəssis hazırlanır. Ölkənin ekologiyasının, iqlimindəki dəyişikliklərin, onların fəsadlarının öyrənilməsi baxımından bu ixtisasların nə dərəcədə əhəmiyyətli olduğu dərin təhlilsiz də hamıya aydındır.

Nəhayət, Azərbaycan tarixinin öyrənilməsində əhəmiyyətli yeri olan arxeologiya haqqında. Respublikada arxeologiyanın inkişafına Prezident səviyyəsində diqqət yetirilir. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən 2008-2009-cu illərdə aparılması nəzərdə tutulan arxeoloji ekspedisiyaların maliyyələşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" sərəncamı, tədqiqatlar üçün ayrılmış bir milyon manat vəsait deyilənlərin əyani sübutudur. Cənubi Qafqaz regionunda gedən geosiyasi proseslər fonunda arxeologiya sahəsində görülən işlər təkcə elmi yox, həm də siyasi və dövlətçilik kontekstində çox əhəmiyyətlidir. Aparılan tədqiqatların nəticələri mütləq beynəlxalq jurnallarda nəşr edilməli və dünya ictimaiyyətinin nəzərinə çatdırılmalıdır. Arxeologiyada kadr hazırlığının bugünkü vəziyyəti və beynəlxalq arenada təmsil olunma səviyyəmiz ürəkaçan deyil. Belə ki, 2004-2008-ci illərdə arxeologiya üzrə cəmi bir namizədlik dissertasiyası müdafiə edilmişdir. Beynəlxalq məlumat bazaları isə sahə üzrə elmi məqalə qeydə almayıb.

Elmi tədqiqatların perspektivli hesab edilən bəzi sahələrində yaranmış vəziyyətə nəzər salaq. Azərbaycanda nanotexnologiyalar sahəsi yenicə inkişaf etməyə başlayıb. Hazırda nanotexnologiyalar üzrə elmi kadr hazırlığı AMEA-nın Fizika İnstitutunda və BDU-nun "Nanomaterialların kimyəvi fizikası" kafedrasında aparılır. Yaxın gələcəkdə bu sahə üzrə 5-7 namizədlik dissertasiyasının müdafiəsi gözlənilir. Nanotexnologiyalar bir neçə elmin kəsişməsində yarandığından, ixtisas üzrə elmi dərəcələr də müxtəlif sahələri əhatə etməlidir. Hələlik isə elmin bu istiqaməti elektronika ixtisasının tərkibində "Bərk cisim elektronikası, radioelektron komponentlər, mikro və nanoelektronika" yer alır. Elektronika ixtisası üzrə 4 dissertasiya müdafiə edilsə də, onların məhz nanoelektronikaya həsr edildiyinə əmin deyilik.

Materialşünaslıqda vəziyyət qənaətbəxş hesab edilə bilər. Belə ki, elektron, optik və maqnit materialşünaslıq Azərbaycan elminin 10 məhsuldar istiqamətləri sırasındadır. Başqa istiqamətlər üzrə çap olunmuş məqalə sayı da pis deyil: materialların kimyəvi xassələri -68, metallar və xəlitələr -44, polimerlər və plastik kütlələr-37. Təəssüf ki, biomateriallar istiqamətində elmi əsər nəşr edilməyib. Beynəlxalq səviyyədə materialşünaslıq elmi bizdə olduğundan daha geniş mənada başa düşülür. Belə ki, kimya, fizika, biologiyanın bəzi ixtisasları beynəlxalq praktikada materialşünaslıq elminə aid edilir. Azərbaycanda elmi ixtisasların qüvvədə olan bölgüsündə materialşünaslıq texnika elmlərinin tərkibinə daxildir. Bu ixtisas üzrə müdafiə edilmiş dissertasiyaların sayı isə 10-dur.

Dünya miqyasında perspektivli sayılan biotexnologiyalar və biomühəndislik üzrə elmi əsərlər çap olunur, lakin əldə edilmiş səviyyəni qiymətləndirmək çətin məsələdir. Respublikada nanobiotexnologiyalar sahəsində tədqiqatların aparılması haqda məlumatımız yoxdur. Ümumiyyətlə, ölkəmizdə hər bir perspektivli elm sahəsinin inkişaf etdirilməsi mümkün deyil. Aydındır ki, bunun üçün Azərbaycanın nə maddi, nə də insan resursları çatmaz. Perspektivli istiqamətlər arasında seçim edilərkən ölkə elminin kadr potensialı, iqtisadiyyatın reallıqları nəzərə alınmalıdır. Fikrimizcə, materialşünaslıq, nanotexnologiyalar, biotexnologiyalar, informasiya texnologiyaları perspektivli tədqiqat sahələri kimi seçilə bilər. Göstərilən istiqamətlər üzrə elmi kadr hazırlığında üstünlük xarici ölkələrin universitet və elmi mərkəzlərinə verilməlidir. Beləliklə, yeni elmi məktəblərin yaranmasına, ənənəvi məktəblərin isə müasirləşməsinə və güclənməsinə nail olmaq lazımdır. Xaricdə təhsil almış mütəxəssislərin qayıdaraq tədqiqatlarını Azərbaycanda davam etdirməsi, bilik və bacarıqlarını burada tətbiq etmələri üçün lazımi şərait formalaşmalıdır. Milli Strategiya çərçivəsində həyata keçirilməsi vacib olan məsələlərdən biri də yeni, müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyaların yaradılmasıdır. İstedadlı mütəxəssisləri Azərbaycana yalnız yüksək maddi təminat, dünya standartlarının tələblərinə cavab verən iş yerlərilə cəlb etmək mümkündür.

Məlumdur ki, elmi kadr hazırlığında Ali Attestasiya Komissiyası müstəsna yer tutur. Doğrudan da, AAK müdafiə edilmiş dissertasiyaların məlum tələblərə uyğunluğunu yoxlayır, işləri ekspertizaya göndərir, elmi dərəcə və adlar verir. Doktorluq dissertasiyalarının müdafiəsində bu nəzarət iki dəfə - dissertasiyaların müdafiəyə buraxılmasına icazə və müdafiədən sonra təsdiqləmə formalarında həyata keçirilir. Gətirdiyimiz faktlar sübut edir ki, komissiyanın işinin təkmilləşdirilməsinə ehtiyac var. İlk növbədə, dissertasiya işlərinin keyfiyyətinə qoyulan tələblər beynəlxalq standartlara yaxınlaşdırılmalıdır. Hazırda müdafiə üçün dissertasiyadakı nəticələrin bir hissəsinin mötəbər elmi jurnallarda çapı tələb olunur. Bu nəşrlərin siyahısı AAK tərəfindən təsdiq edilir. Təhlillərimiz nümayiş etdirir ki, praktikada bu jurnallar heç də həmişə yüksək səviyyəli olmur. Fikrimizcə, "mötəbər elmi jurnallar" anlayışı mütləq dəqiqləşdirilməli və o, "Tomson Röyters Agentliyi tərəfindən indekslənən jurnallarda" ifadəsi ilə əvəzlənməlidir. Xüsusi olaraq qeyd edək ki, bu tələb istisnasız olaraq bütün elm sahələrinə şamil edilməlidir. Təklif olunan düzəliş redaktə xarakteri daşımır: onun tətbiqi keyfiyyətsiz dissertasiyaların müdafiəsinin və təsdiqinin qarşısını effektiv şəkildə kəsə bilər. Xüsusilə, yüksək səviyyəli elmi tədqiqatların müəlliflərinə doktorluq dissertasiyası yazmadan, formal prosedurlarsız AAK-nın ekspert və ya müdafiə şurasında məruzə ilə çıxış etməklə doktorluq elmi dərəcəsi verilə bilər. "Xüsusilə, yüksək səviyyə" isə AAK tərəfindən müəyyən edilməlidir. Yüksək səviyyənin göstəricisi kimi indekslənən və təsir əmsalı müəyyən həddi aşan jurnallarda çap olunmuş məqalələrin, müəllifin əsərlərinə verilmiş istinadların sayını və s. təklif etmək olar. Müəyyən keçid dövründən sonra, doktoranturanın ikincı pilləsində müdafiə prosedurunu ümumiyyətlə ləğv etmək və bütün iddiaçıların "xüsusilə, yüksək səviyyə"nin parametrlərini ödəməsi məsələsini qaldırmaq olar. Eyni və ya analoji tələbləri dosent və professor elmi adlarının verilməsinə də şamil etmək mümkündür.

Dissertasiya işlərinin keyfiyyətinə olan tələbləri mahiyyət etibarilə sərtləşdirməklə yanaşı, mövcud sənədləşmə prosesini xeyli dərəcədə sadələşdirmək lazımdır. Dissertasiyaların həcminə, yazılmasında istifadə olunan proqram-redaktorlara, ədəbiyyata istinadın verilməsi formalarına standart məhdudiyyətlər aradan qaldırılmalıdır. Müxtəlif elm sahələrinin, jurnalların fərqli ənənə və tələbləri olduğu üçün, bu kimi məsələlər dünya praktikasında qəbul edilmiş qaydalara uyğunlaşdırılmalıdır: filoloqla riyaziyyatçının əsərlərinə eyni meyarlarla yanaşmaq düzgün deyil. Müdafiə qaydalarının sadələşdirilməsi məqsədilə dissertasiya şuraları yanında elmi seminarların ləğv edilməsi məqsədəuyğun olardı. Təcrübə göstərir ki, müdafiə prosesinə seminarların demək olar ki, təsiri yoxdur. Belə aralıq, formal strukturların mövcudluğu müdafiə prosesini yalnız ləngidir, AAK-ya təqdim olunan sənədlərin sayını artırır.

Komissiyanın fəaliyyəti başqa istiqamətlərdə də yenilənməlidir. Hər şeydən əvvəl, ekspert şuralarının üzvləri seçilərkən onların ən azı AAK-nın elmlər doktoru dərəcəsi almaq üçün qüvvədə olan tələbləri ödəməsi yoxlanılmalıdır. Əks təqdirdə, elmi dərəcələri mövcud qaydaların olmadığı vaxtlarda almış mütəxəssislərin başqalarından nə isə tələb etməsi mənəvi çərçivələrə sığmır. Bu qaydalar tədricən elmi rəhbər və məsləhətçilərin təsdiqi zamanı da tətbiq edilməlidir.

Ali Attestasiya Komissiyası birbaşa Prezidentin tabeliyində olan qurumdur. Onun subyektib amillərdən, kənar təsirlərdən uzaq olmaq üçün böyük imkanları var. Komissiyanın işində tam müxtariyyətə nail olmaq məqsədilə, müdafiə şuraları birbaşa AAK-nın nəzdində formalaşdırılmalı, müdafiələr isə onun binasında keçirilməlidir. Elmi əsərlərin müzakirəsinə razılığın verilməsi və başqa prosedur tədbirlər AAK və şura sədri tərəfindən həll edilməlidir. Ekspert və müdafiə şura üzvlərinin əməyini layiqincə qiymətləndirmək, MDB və digər ölkələrdən dəvət olunmuş ekspertlərin xərclərini ödəmək üçün AAK-nın kifayət qədər maliyyə imkanları olmalıdır. Onun elmin müasir istiqamətləri, aktual problemləri haqda hesabatları və tövsiyələri AMEA, universitetlər, müxtəlif elm fondları tərəfindən istifadə edilməlidir. Komissiya elmi ictimaiyyəti indekslənən jurnalların daim yenilənən siyahıları ilə tanış etməli, ölkə daxilində nəşr olunan jurnalların, fəaliyyət göstərən alimlərin reytinq cədvəllərini yaratmalıdır. Bir sözlə, komissiya icazə verən, təsdiqləyən orqandan Azərbaycan elminin analitik mərkəzinə çevrilməlidir.

Təhlillər elmi kadr hazırlığının plansız şəkildə aparıldığını, onun keyfiyyətinin ölkənin artmaqda olan tələblərini ödəmədiyini sübut edir. Respublikada tələbə və magistrlər kimi aspirant və dissertantların hazırlanması da yalnız büdcə vəsaitləri hesabına deyil, ödənişli əsaslarla da həyata keçirilir. Elmi kadr hazırlığı üzrə dövlət sifarişinin formalaşma mexanizmi belədir: institut və universitetlər aspirant və dissertant olmaq istəyən gənclərin ixtisaslar üzrə bölgüsünü aidiyyətli orqanlara çatdırır, onlar isə bu məlumatları ümumiləşdirərək dövlət strukturlarına göndərirlər. Təsdiq edildikdən sonra elmi kadr hazırlığının parametrləri dövlət sifarişi kimi yerlərə qaytarılır. Nəticədə, sifariş dövlətin maraqlarını deyil, müəyyən ictimai qrupların arzu-istəklərini əks etdirir və təsadüfi adamların elmi dərəcə almaları üçün imkanlar yaradır. Heç bir xidməti olmayan insanların yüksək elmi dərəcələrə yiyələnməsi cəmiyyətdə alim nüfuzunu aşağı salır, mənəvi aşınmalara yol açır. Belə hallara ictimai-siyasi və humanitar elmlərdə daha çox təsadüf edildiyindən bu sahələrdə kadr hazırlığına dövlət sifarişini kəskin azaltmaq lazımdır. İctimai-siyasi və humanitar elmlərə axının yüksək olduğunu nəzərə alaraq bu sahələrdə elmi kadr hazırlığının 80-90 faizini yüksək ödənişli əsaslarla aparmaq daha səmərəli olardı. Belə tədbirlər nəticəsində qənaət olunmuş vəsaitin hamısı, qazanılmış maliyyə resurslarının isə böyük hissəsi ölkə üçün strateji əhəmiyyətli istiqamətlərdə elmi kadr hazırlığına yönəldilə bilər.

Umid edirik ki, Milli Strategiya çərçivəsində həyata keçiriləcək islahatlar, dövlətin qayğısı Azərbaycan elminin inkişafında və yüksəkixtisaslı kadr hazırlığında dönüş nöqtəsi olacaq.

 

 

Fikrət ƏLİYEV,

akademik,

 

Şahin AĞAYEV,

fizika-riyaziyyat elmləri namizədi

 

Azərbaycan.- 2009.- 26 noyabr.- S. 4.