Keçid dövründən modernləşmə mərhələsinə

 

Yeni dünya nizamı xalqın iradəsi əsasında dövlət idarəçiliyi missiyasını üzərinə götürmüş liderlər qarşısında mühüm şərtlər müəyyənləşdirir. Bu şərtlərin hansı səviyyədə dəyərləndirilməsi, ölkənin davamlı və sabit inkişafına xidmət edən uğurlu strategiyanın həyata keçirilməsi hər bir siyasi liderdən yüksək peşəkarlıq, uzaqgörənlik, ən əsası, öz xalqına, Vətəninə dərin mənəvi bağlılıq tələb edir. Müstəqil Azərbaycanın milli inkişaf modelinin banisi ulu öndər Heydər Əliyev təkamülə əsaslanan demokratik tərəqqi yolunun alternativsizliyini real əməli nəticələrlə sübuta yetirməklə bərabər, müəllifi olduğu dövlətçilik irsinin əbədiliyini təmin edəcək qüdrətli varisi də yetişdirmişdir.

2003-cü il oktyabrın 15-dən ümummilli liderin ənənələrini ləyaqətlə davam etdirən və yeni dövrün tələblərinə uyğun zənginləşdirən Azərbaycan Prezidenti İlham Əliyev qısa zamanda özü də yeni bir dövlətçilik məktəbinin banisinə çevrilmişdir. Ölkənin bütün problemlərinə bu kontekstdən yanaşan, cəmiyyətin ümumi inkişaf qanunauyğunluqlarını dəqiq şəkildə qiymətləndirməyi bacaran, eyni zamanda, ictimai həyatın ən müxtəlif sahələrindəki çətinliklər və nöqsanlar haqqında aydın təsəvvürə malik Prezident İlham Əliyev yeni dövr üçün qarşıda duran prioritet vəzifələri dəqiq şəkildə müəyyənləşdirməyə müvəffəq olmuşdur. Ötən 6 ildə Cənubi Qafqazda aparıcı dövlətə çevrilmiş Azərbaycan bütün həyati əhəmiyyətli sahələrdə dinamik inkişaf edən ölkə kimi yadda qalmışdır. Cənab İlham Əliyevin inamla davam etdirdiyi sosial-iqtisadi inkişaf strategiyası, böyük entuziazmla həyata keçirdiyi islahatlar həm də ölkə rəhbərinin yüksək idarəçilik qabiliyyətinə və mükəmməl iş təcrübəsinə dəlalət edir.

İdarəçilikdə sosial məsuliyyət prinsipinin gözlənilməsi demokratiyanın mühüm şərtlərindən sayılır. Bu mənada, Nazirlər Kabinetinin hesabatlarının hər rüb üzrə ictimaiyyətə açıqlanması bir tərəfdən hökumətin fəaliyyətində şəffaflığı, məsuliyyəti artırırsa, digər tərəfdən cənab İlham Əliyevin ölkəni daim irəliyə aparmağa, xalqın maraq və mənafelərini maksimum dərəcədə təmin etməyə qadir lider olduğunu təsdiqləyir. Hökumətin xalqa hesabat verməsini müsbət ənənəyə çevirmiş dövlət başçısı vətəndaşları qarşıdakı vəzifə və planlar, strateji əhəmiyyətli layihələr barədə məlumatlandırır. Bütün bunlar həm də onu göstərir ki, Prezident özünəməxsus siyasi məharətlə ölkəyə rəhbərlik fəaliyyətinin bütün məqamlarında qırılmaz bağlılığa, məntiqi ardıcıllığa nail olmuş, dövlət idarəçiliyinin mükəmməl sistemini formalaşdırmış, bu sistemin xalqın mənafeyinə uyğun intensiv fəaliyyətini təmin etmişdir. Dövrün tələblərinə uyğun formalaşdırılmış bu sistem respublikamızın sürətli sosial-iqtisadi tərəqqisinə, siyasi sabitliyə, vətəndaş sülhünə, insanlarımızın maddi rifah halının yaxşılaşmasına, ölkədə demokratiyanın inkişafına yönəlmiş mühüm qərarlara, habelə bu qərarların icrasına xalqla birgə nəzarət formuluna əsaslanır.

Son 6 ildə əldə olunan makroiqtisadi uğurlar da ölkədə elmi əsaslarla həyata keçirilən iqtisadi siyasətin uğurlu nəticələrindən xəbər verir. Bu gün ikinci elə bir dövlət tapmaq çətindir ki, son 6 ildə ümumdaxili məhsulun artım tempinə görə dünyada lider mövqelərini qoruyub saxlasın, qısa müddətdə dövlət büdcəsinin vəsaitlərini 10 dəfədən çox artıra bilsin. MDB dövlətlərinin büdcə vəsaitləri 2003-2008-ci illərdə 15-20 faiz artdığı halda, respublikamızda bu rəqəm 8 dəfədən çoxdur. Azərbaycanın büdcə gəlirlərinin illik artım tempi ötən dövrdə orta hesabla 30-40 faiz artımla müşayiət olunmuşdur. Məsələn, əgər 2003-cü ildə büdcə gəlirləri 1 milyard 200 milyon manat təşkil edirdisə, 2004-cü ildə bu rəqəm 1 milyard 500 milyon, 2005-ci ildə 2 milyard 100 milyon, 2006-cı ildə 3 milyard 800 milyon manat olmuş, 2007-ci ildə 50 faizdən də çox yüksələrək 6 milyard manatı ötmüşdür. Qlobal böhranla müşayiət olunan 2008-2009-cu illərdə dövlət büdcəsinin 10 milyard manatı ötməsinin özü də yüksək göstəricidir.

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası Avratlantik məkana inteqrasiya kursunu uğurla davam etdirən, transmilli enerji və kommunikasiya layihələrinin lokomotivinə çevrilən, demokratikləşmə yolunda atdığı ardıcıl addımlarla Cənubi Qafqazın nüfuzlu ölkəsi kimi tanınan respublikamızın bütün sahələrdə dinamik inkişaf etdiyini bir daha təsdiqləyir. 2008-ci ildə ikinci müddətə Azərbaycan Prezidenti seçilmiş cənab İlham Əliyev son bir ildə ölkənin sosial-iqtisadi, siyasi-hüquqi və mədəni sahələrdə inkişafı üçün bütün zəruri tədbirləri həyata keçirmiş, nəticədə respublika iqtisadiyyatında dinamik iqtisadi artım tempi qorunub saxlanmışdır.

Ötən 10 ayın statistikası Azərbaycanın bütövlükdə MDB məkanında rasional siyasət yeridərək iqtisadiyyatını böhranın mənfi təsirlərindən maksimum dərəcədə hifz edən, eyni zamanda, ciddi artıma nail olan lider dövlətlərdən olduğunu təsdiqləyir. Bu dövrdə MDB dövlətlərinin əksəriyyətində ÜDM istehsalının azalması fonunda Azərbaycanda 8,3 faiz artıma nail olunması inkişafın ən bariz göstəricisi sayıla bilər. Mühüm nəticələrdən biri də respublikanın strateji valyuta ehtiyatlarının ilin əvvəli ilə müqayisədə 1 milyard dollar artaraq 19 milyardı keçməsidir.

2009-ci ilin əvvəllərindən başlayaraq maliyyə böhranının Azərbaycana ciddi təsir göstərəcəyi ilə bağlı səslənən bəzi əsassız fikirlərə baxmayaraq, ötən 2 ildə respublika iqtisadiyyatı ümumən normal məcrada inkişaf etmişdir. Proseslərin gedişi "böhran ajiotajı"nın ölkəmiz üçün geridə qaldığını, bank və maliyyə sektoru üçün real təhdid sayıla biləcək ictimai narahatlığın tamamilə aradan qalxdığını əminliklə söyləməyə ciddi əsaslar verir. Əhalinin banklara olan tərəddüdlü münasibəti aradan qalxır, tikinti sektorunda yenidən canlanma və fəallıq müşahidə olunur, sahibkarlara güzəştli kreditlərin verilməsi əvvəlkindən də daha geniş miqyasda davam etdirilir. Üstəlik, bu ilin iyun ayında ipoteka kreditləşməsinin bərpası respublika rəhbərliyinin uğurlu antiböhran tədbirlərinin nəticəsi kimi diqqəti çəkir. Daxili istehlak bazarına işləyən müəssisələrin əvvəlki qaydada fəaliyyət göstərməsi, sahibkarlığın inkişafı məqsədilə kreditləşmənin genişləndirilməsi, infrastruktur layihələrinin davam etdirilməsi - bütün bunlar maliyyə böhranının ölkə iqtisadiyyatına ciddi təsir göstərmədiyini sübut edir.

Hökumətin bu ilin əvvəllərindən etibarən maliyyə sabitliyinin təmini yönümündə həyata keçirdiyi tədbirlər praktik baxımdan özünü doğrultmuş, Azərbaycan qlobal böhranın təsirinə ən az məruz qalan ölkələrdən olmuşdur. Bu isə dövlət başçısı İlham Əliyevin hələ ilin əvvəllərində hökumət qarşısında müəyyənləşdirdiyi mühüm vəzifənin uğurla həyata keçirildiyini göstərir. Xatırladaq ki, cənab İlham Əliyev cari ilin əvvəlində qlobal böhranın dəf edilməsi üçün kommunal, istehlak, enerji, yanacaq, qaz, su sərfiyyatına qənaət edilməsi, kommunal sektorda fəaliyyət göstərən təşkilatlar tərəfindən alınan materialların və yanacağın dəyərinin zamanında və tam ödənilməsi, vergi və rüsumların dövlət büdcəsinə toplanmasının vaxtında təmin olunması, dövlət qurumlarında şəffaflığın, maliyyə intizamının möhkəmləndirilməsi kimi məqamları xüsusi önə çəkmişdir. Bir tərəfdən uğurla gerçəkləşdirilən antiböhran tədbirləri, digər tərəfdən əvvəlki illərdə yaradılmış möhkəm maliyyə-iqtisadi potensial hesabına ölkə iqtisadiyyatının dayanıqlığı qorunub saxlanılmış, onun xaricin mənfi təsirlərinə müqavimət qabiliyyəti sınaqdan uğurla çıxmışdır.

Azərbaycanın müstəqil iqtisadi siyasət yeritməsi, beynəlxalq maliyyə qurumlarının təsiri ilə hərəkət etməməsi, maliyyə təhlükəsizliyinin təmini baxımından beynəlxalq fond birjalarında, qiymətli kağızlar bazarında fəal iştirakdan çəkinməsi maliyyə böhranının təsirini zəiflədən əsas amillər sırasındadır. Respublikamızın dünya maliyyə institutlarına öz kapitalı, fond aktivləri və qiymətli kağızları ilə fəal inteqrasiya etməməsi də ölkəni qlobal böhrandan hifz edir. Azərbaycan iqtisadiyyatında müşahidə olunan dinamik artımın maliyyə iqtisadiyyatına deyil, real əmtəəyə, istehsala əsaslanması qlobal böhrana qarşı etibarlı sipər rolunu oynayır.

2008-2009-cu illəri əhatə edən qlobal maliyyə böhranının Azərbaycan iqtisadiyyatına digər dövlətlərlə müqayisədə ciddi təsir göstərmədiyini bank sektorunun normal və ahəngdar fəaliyyəti bir daha təsdiqləyir. Mərkəzi Bank 2009-cu il üçün bəyan etdiyi pul siyasətinin əsas istiqamətlərinə uyğun olaraq hesabat dövründə makroiqtisadi tarazlığın və dayanıqlığın təmin olunmasına, habelə bank sistemində maliyyə sabitliyinin qorunmasına yönəldilmiş pul və məzənnə siyasəti yeritmişdir. Bu siyasət, eyni zamanda, bank sisteminə etimadın, sistemin sağlamlığı və dayanıqlığının, bank sektorunun iqtisadiyyatda maliyyə vasitəçisi rolunun dəstəklənməsinə yönəlmişdir. İqtisadi subyektlərin banklara inamını qorumaq və daha da artırmaq mühüm vəzifələrdən biri olaraq qalmış, bank sisteminin likvidliyinin adekvat səviyyədə saxlanması siyasəti davam etdirilmişdir. 2009-cu ildə ölkədə inflyasiya gözləntilərinin azalması nəzərə alınaraq işgüzar aktivliyin yüksəldilməsi məqsədilə mərkəzləşdirilmiş kredit üzrə uçot dərəcəsinin 8 faizdən 2, faiz dəhlizinin yuxarı həddinin 13 faizdən 7, məcburi ehtiyat normalarının isə 6 faizdən 0,5 faizə endirilməsi qlobal böhran şəraitində bank sektorunun fəaliyyətinə ciddi dəstək olmuşdur. Həm manat, həm də xarici valyuta ilə məcburi ehtiyat normasının azaldılması hesabına bu dövrdə bank sisteminə əlavə ümumilikdə 600 milyon manat likvidlik verilmişdir. 2009-cu ildə əhalinin banklardakı əmanətlərinin 11 faiz artaraq 2 milyard, kreditlərin həcminin isə 18,2 faiz artaraq 7,6 milyard manata çatması bank sisteminə ictimai inamın, habelə əmanət bazasının, xüsusilə, xırda əmanətçilərin depozitlərinin dayanıqlı olduğunu göstərir.

"Standard & Poor's" maliyyə agentliyi Azərbaycan Mərkəzi Bankının dünya iqtisadi və maliyyə böhranına reaksiyasını adekvat dəyərləndirmişdir: "Azərbaycan Mərkəzi Bankı böhrana adekvat və vaxtında reaksiya vermiş, təkrar maliyyələşdirmə dərəcəsi və öhdəliklər üzrə rezerv tələbləri bir neçə dəfə azaldılmışdır. Bundan əlavə, Azərbaycan Mərkəzi Bankı bəzi kommersiya banklarında likvidliyə birbaşa dəstək göstərmişdir".

"Standard & Poor's" agentliyinin "Bank sektorunda risklərin təhlili" adlı hesabatında isə göstərilir ki, Azərbaycan Mərkəzi Bankı müxtəlif tədbirlər, o cümlədən əmanətlərin sığortalanması mexanizmlərindən istifadə sayəsində əmanətçilərin bank sisteminə inamının adekvat səviyyəsini saxlaya bilmişdir. Xatırladaq ki, Milli Məclisin müvafiq qanuna etdiyi düzəlişlə sığortalanan əmanətlərin məbləği 6 min manatdan 30 min manatadək artırılmış, bu da öz növbəsində əmanətçilərin banklara inamının güclənməsinə səbəb olmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin son iclasında manatın devalvasiya edilməməsini hökumətin düzgün siyasəti kimi dəyərləndirmişdir: "Mərkəzi Bankın səyləri nəticəsində manatın məzənnəsinin sabit vəziyyətdə saxlanılması, bax, bu vəziyyəti şərtləndiribdir. Əgər biz başqa ölkələr kimi milli valyutanı devalvasiyaya uğratsaydıq, o zaman manata inam azalardı, banklara qoyulan əmanət azalardı və beləliklə, həm inam, həm də ki, bankların maliyyə resursları azalardı. Düzgün siyasətimiz nəticəsində, baxmayaraq ki, demək olar, bölgədə yerləşən bütün ölkələrdə milli valyuta devalvasiya edilib, biz manatı sabit saxladıq. Bu, düzgün siyasət idi".

Hökumətin bank və sığorta təşkilatlarının mənfəətlərinin kapitala yönəldilən hissəsinin 2009-cu ildən vergidən azad edilməsi barədə qərarı isə real sektorun inkişafına ciddi dəstək olmuşdur. Hesabat dövründə real sektorun, istehsalla məşğul olan müəssisələrin hərtərəfli dəstəklənməsi, sahibkarlıq fəaliyyətinə dövlətin maliyyə yardımının gücləndirilməsi istiqamətində də mühüm addımlar atılmışdır. Sahibkarlığa Kömək Milli Fondu müvəkkil banklar vasitəsilə iş adamlarına kreditlərin verilməsi prosesini daha da genişləndirmiş, eyni zamanda, Mərkəzi Bankın dəstəyi ilə Azərbaycan İpoteka Fondu 2009-cu ilin iyun ayında ipoteka kreditləşməsini bərpa etmişdir. Bütün bunlar isə işgüzar fəallığı artırmış, xüsusən də tikinti sektorunda müşahidə olunan durğunluğu aradan qaldırmışdır.

10 aylıq hesabat dövründə sənayedə 7,4, kənd təsərrüfatında 3,6 faiz artımın olması da dünya iqtisadiyyatının tənəzzülə uğradığı hazırkı mərhələdə kifayət qədər uğurlu sayılmalıdır. 2009-cu ildə kənd təsərrüfatı sahəsində qeydə alınan ən mühüm uğur isə Azərbaycanda ilk dəfə olaraq rekord səviyyədə - 3 milyon ton taxılın istehsal edilməsidir. Dövlət başçısı İlham Əliyevin ölkənin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi məqsədilə son illərdə kənd təsərrüfatına göstərdiyi xüsusi qayğı bu sahədə nəzərəçarpacaq nailiyyətlərə yol açmışdır. Kənd təsərrüfatı məhsulları istehsalçılarına verilən subsidiyaların, yardımların, texnika və gübrə alınmasına edilən güzəştlər sayəsində 2009-cu ildə ölkə üzrə taxıl əkinlərinin sahəsi 215 min 400 hektar genişləndirilərək 1 milyon 78 min 800 hektara çatdırılmışdır. Eyni zamanda, buğda əkini sahəsi 206 min 700 hektar artırılaraq 810 min 700 hektar olmuşdur. Xüsusi vurğulamaq lazımdır ki, kənd təsərrüfatında müşahidə olunan bu pozitiv meyillər həm də 2005-ci ildə yaradılmış "Aqrolizinq" Səhmdar Cəmiyyətinin maliyyə vəsaiti hesabına fermerlərin zəruri kənd təsərrüfatı texnikası ilə təchizatının nəticəsidir.

Nazirlər Kabinetinin 2009-cu ilin doqquz ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında Azərbaycan Prezidenti ölkədə 3 milyon ton taxıl istehsalını tarixi nailiyyət kimi qiymətləndirmiş, bunu kənd təsərrüfatı sahəsində aparılan islahatların bariz nümunəsi hesab etmişdir: "Həm dövlət tərəfindən verilən dəstək, həm maliyyə yardımı, fermerlərə yanacağın, gübrənin güzəştli şərtlərlə verilməsi, subsidiyaların verilməsi, "Aqrolizinq"in yaradılması, dövlət tərəfindən kənd təsərrüfatı texnikasının alınması və kəndlilərə icarəyə verilməsi - yəni, biz buna kompleks tədbirlər nəticəsində nail ola bilmişik. Suvarma, meliorasiya məsələlərinin həyata keçirilməsi, elevatorların, soyuducu kameraların tikilməsi - bu barədə çox danışmaq olar. Əsas odur ki, böhranlı ildə qeyri-neft sektoru inkişafdadır və kənd təsərrüfatı ölkəmiz üçün həm iqtisadi cəhətdən, həm sosial cəhətdən çox böyük əhəmiyyətə malik olan bir sahədir".

Regionların hərtərəfli inkişafını milli tərəqqinin vacib amili hesab edən dövlət başçısı İlham Əliyev hesabat dövründə bu sahədə də davamlı tədbirlər həyata keçirmişdir. Bu baxımdan bu il aprelin 14-də imzalanmış "Azərbaycan Respublikası Regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın təsdiqlənməsini xüsusi qeyd etmək lazımdır. Proqramın əsas məqsədi qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olmaqdır.

Maliyyə böhranına baxmayaraq, 2009-cu ildə regionların sosial-iqtisadi inkişafına xidmət edən dövlət proqramlarının, fərman və sərəncamların icrası uğurla davam etdirilmiş, həyata keçirilən sosial infrastruktur layihələri nəticəsində bölgələrin siması dəyişmişdir. Eyni zamanda, yerlərdə sahibkarlığın inkişafı, təzə istehsal müəssisələrinin fəaliyyətə başlaması, yeni iş yerlərinin açılması naminə sistemli addımlar atılmışdır. Regional inkişaf tədbirlərinin icra vəziyyəti ilə yerində tanış olmaq, vətəndaşlarla birbaşa ünsiyyət quraraq mövcud çətinliklər barədə informasiyaları ilkin mənbədən almaq məqsədilə dövlət başçısı İlham Əliyevin rayonlara, o cümlədən 2 dəfə Naxçıvan Muxtar Respublikasına səfər etməsi, bir sıra obyektlərin açılışında olması da hesabat dövrünün mühüm hadisələri sırasında xüsusi vurğulana bilər. Vətəndaşlarla birbaşa təmaslara üstünlük verən, onların problemlərini dinləyən və həlli üçün qəti tapşırıqlar verən dövlət başçısının bu addımları ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir, xalqın Prezidentə olan inamını, etimadını daha da artırır.

Hər bir dövlətin sosial sahədə yeritdiyi siyasətin uğurunu təmin edən əsas amillərdən biri də cəmiyyətin bütün sahələrində insanların firavanlığına hesablanmış sosial infrastrukturun formalaşdırılmasıdır. Azərbaycanda iqtisadi modernləşmənin başlıca şərti hər bir sahədə yeni dövrün tələblərinə cavab verən infrastrukturun yaradılması yolu ilə insan resurslarının inkişafıdır. Nazirlər Kabinetinin son iclası Azərbaycanda sosial infrastruktur layihələrinin həyata keçirilməsi baxımından hər hansı çətinliyin və gecikmənin olmadığını göstərir. Son bir ildə Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişi davam etdirilmiş, paytaxtda yeni körpülər, yolötürücülər, piyada keçidləri istifadəyə verilmiş, respublika əhəmiyyətli yollarda əsaslı yenidənqurma işləri aparılmışdır.

2009-cu ildə yalnız Bakı şəhərində Beynəlxalq Avtovağzal Kompleksi, Xırdalan dairəsində tunel tipli yolötürücü, Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun 16-cı kilometrində körpü tipli yolötürücü, Babək prospektindəki yeni yol qovşağı, Nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi, Bakı Şəhər Baş Polis İdarəsinin yeni binası, Moskva Dövlət Universitetinin filialı, Müasir İncəsənət Muzeyi, akademik Zərifə Əliyeva adına Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun yeni binası, Azərbaycan Respublikası Ali Məhkəməsinin yeni inzibati binası, Daxili İşlər Nazirliyinin hospitalı və İdman Cəmiyyəti, Müdafiə Sənayesi Nazirliyinin Hesablayan Elektron Maşınlar Zavodu, Mərkəzi Klinik Xəstəxananın ambulatoriyası, Milli Onkologiya Mərkəzinin cərrahiyyə korpusu, Dövlət Sərhəd Xidmətinin "Sərhədçi" Olimpiya İdman Mərkəzi, Milli Məclisin yeni korpusu, Azərbaycan Rəssamlar İttifaqının, Azərbaycan Bəstəkarlar İttifaqının yeni binaları, Təzəpir məscid kompleksi və s. istifadəyə verilmişdir. Bu günlərdə məcburi köçkünlər üçün paytaxtın Binəqədi rayonunda ən müasir tələblərə cavab verən çoxmərtəbəli binaların tikilib istifadəyə verilməsi də respublikamızın qlobal böhran şəraitində qarşıya qoyduğu bütün məqsədlərə nail olduğunu göstərir.

2010-cu ilin dövlət büdcəsində dövlət əsaslı kapital qoyuluşları üçün 5 milyard dollar vəsaitin nəzərdə tutulması da deyilənləri təsdiqləyir. Gələn il Oğuz-Qəbələ-Bakı su kəməri, Taxtakörpü su anbarı, Samur-Abşeron su kanalı, Şəmkirçay su anbarı kimi qlobal layihələrin reallaşdırılması xüsusi diqqət mərkəzində olacaqdır.

Əksər dünya dövlətlərində qlobal böhranın mənfi fəsadları ilk növbədə insanların gündəlik həyatında mənfi izlərini buraxır: iş yerləri qapanır, manat devalvasiyaya uğrayır, inflyasiya dərinləşir, iri müəssisələr iflic vəziyyətinə düşür. Azərbaycanda isə son 9 ayda tam fərqli, həm də ürəkaçan mənzərə hökm sürür. Cənab İlham Əliyevin effektiv iqtisadi siyasəti nəticəsində bu müddətdə vətəndaşların yaşayış səviyyəsi daha da yaxşılaşmış, sosial məsələlərin həlli istiqamətində bir sıra addımlar atılmışdır. Son 10 ayda əhalinin pul gəlirləri 7,8 faiz artmışdır. Muzdla işləyənlərin orta əməkhaqqı 13,9 faiz yüksələrək 297 manata çatmışdır. 50 minə yaxın yeni iş yeri açılmışdır. Ümumilikdə, 2003-cü ildən bugünə qədər 824 min yeni iş yeri açılmışdır.

Ötən müddətdə ipoteka kreditlərinin verilməsi bərpa olunmuş, ünvanlı sosial yardım proqramı davam etdirilmiş, dövlətdən yardım alan ailələrin sayı 150 minə (700 min nəfər) çatmışdır. Bütün bunlar isə bazar iqtisadiyyatı yolunu seçmiş Azərbaycanda sosial məsələlərin həllinin daim diqqət mərkəzində olduğunu, hakimiyyətin fəaliyyətində sosialyönümlü layihələrin dominantlıq təşkil etdiyini bir daha təsdiqləyir.

Hökumətin son iclasının yekunlarına nəzərən demək olar ki, qlobal böhranın Azərbaycana ciddi sirayət etməməsinin əsas səbəblərindən biri də regionlarda əlverişli biznes və investisiya mühitinin formalaşması, iş adamlarının fəaliyyət imkanlarının genişlənməsi, bölgələrin istehsal potensialının səmərəli realizəsi, daxili istehsalın təşviq edilməsidir. Daxili investisiya qoyuluşlarının həcminin əhəmiyyətli dərəcədə artması, xaricdən maliyyə asılılığının minimuma endirilməsi, real sektorun, istehsalla məşğul olan müəssisələrin hərtərəfli dəstəklənməsi, daxili bazarın qorunması da bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Qlobal böhrana rəğmən, 2009-cu ildə sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, ayrılan maliyyə vəsaitlərinin həcminin artması son dərəcə təqdirəlayiq faktdır. Cənab İlham Əliyev hökumətin iclasında qarşıdakı illərdə də sahibkarlığa dövlət dəstəyinin geniş vüsət alacağını diqqətə çatdırmışdır: "Sahibkarlığa Kömək Milli Fondunda nəzərdə tutulmuş kreditlərin verilməsi ilin sonuna qədər davam etdirilməlidir. Mən hesab edirəm ki, 2010-cu ildə bu kreditlərin verilməsi ilin birinci yarısında baş tutmalıdır. Biz onu ilin sonuna saxlamamalıyıq. Çünki artıq ilin sonuna az vaxt qalıb. Ancaq o da həqiqətdir ki, bu kreditlər çox düşünülmüş şəkildə verilməlidir. Bu kreditlər ölkəmiz üçün lazım olan sahələrə verilməlidir ki, iqtisadiyyat çoxşaxəli şəkildə inkişaf etsin", - deyən dövlət başçısı əlavə etmişdir ki, Dünya İqtisadi Forumunun 2009-2010-cu illər üçün hazırladığı "Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycanın 18 pillə irəliləyərək 133 ölkə arasında 51-ci yerə, MDB ölkələri arasında isə 1-ci yerə yüksəlməsi son dərəcə sevindirici hadisədir. Müqayisə üçün bildirək ki, bu hesabatda qonşu ölkələrdən Türkiyə 61-ci, Rusiya 63-cü, Qazaxıstan 67-ci, Ukrayna 82-ci, Gürcüstan 90-cı yerdədir.

Hesabat dövründə Azərbaycanda inkişaf dinamizmini göstərən daha bir amil sahibkarlıqla məşğul olan fiziki və hüquqi şəxslərin sayının artmasıdır. Ümumiyyətlə isə istər fiziki, istərsə də hüquqi şəxslərin çoxalması Azərbaycanda iş yerlərinin, eləcə də fəaliyyət göstərən müəssisələrin artmasından xəbər verir. Qlobal iqtisadi böhran MDB məkanında işlək şirkətlərin sayının azalmasına səbəb olduğu halda, Azərbaycanda bunun əksinə olaraq artım qeydə alınmışdır. Statistika göstərir ki, yalnız təkcə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən müəssisələrin sayı 10 mindən artıqdır. Emal və tikinti müəssisələrinin sayı da artan xətt üzrə inkişaf edib. Bunun əsas səbəblərindən biri də dövlət tərəfindən sahibkarlara xüsusi qayğı və yardımın göstərilməsi, nəticədə bu sahədə vəziyyətin daha da yaxşılaşmasıdır. Ötən 9 ayda Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 1700 sahibkarlıq subyektinə 100 milyon manat güzəştli kredit verilmişdir və bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,4 dəfə çoxdur. Maliyyələşdirilmiş layihələrin əsas hissəsi regionların payına düşür. Bu kreditlər hesabına 7 mindən çox yeni iş yerinin açılması, o cümlədən qeyri-neft sektorunun inkişafına önəmli təsiri olan 73 yeni istehsal, emal və xidmət müəssisəsinin yaradılması planlaşdırılır.

2009-cu ilin ən uğurlu və yaddaqalan hadisələrindən biri də dövlət başçısı İlham Əliyevin iqtisadi sahədə keçid dövrünün başa çatması ilə bağlı rəsmi bəyanatıdır. Dövlət başçısı Bakı Dövlət Universitetinin 90 illik yubileyi ilə bağlı keçirilən təntənəli mərasimdəki çıxışında bununla bağlı demişdir: "Azərbaycan iqtisadi cəhətdən artıq oturuşmuş dövlət kimi tanınır. Mən hesab edirəm ki, biz artıq iqtisadi sahədə keçid dövrünü başa vurmuşuq. Nəzərə alsaq ki, dünyanın aparıcı maliyyə qurumları Azərbaycanda aparılan islahatları çox yüksək qiymətləndirir. Müxtəlif hesablamalara görə, Azərbaycan postsovet məkanında iqtisadi islahatlar və iqtisadi inkişaf baxımından birinci yerdədir. Mən hesab edirəm ki, artıq bu sahədə keçid dövrü başa çatıbdır. Dünya İqtisadi Forumu - dünyanın ən mötəbər qurumlarından biri olan bu təşkilat rəqabət qabiliyyətliliyinə görə Azərbaycanı dünya miqyasında 51-ci yerdə görür və bütün MDB məkanında biz bu sahədə birinci yerdəyik. Dünya Bankı 2008-ci ilin hesablamalarına görə, Azərbaycanı bir nömrəli islahatçı ölkə kimi tanıdı. Bu, bir daha onu göstərir ki, bizim uğurlarımızın əsas səbəbi ölkədə aparılan siyasi və iqtisadi islahatlardır".

Şübhəsiz, dövlət başçısının iqtisadi sahədə keçid dövrünün yekunlaşması ilə bağlı bəyanatı ölkənin son 15 ildə keçdiyi sürətli inkişafın və davamlı islahatların məntiqi yekunu sayıla bilər. Dövlət başçısı cənab İlham Əliyevin son 6 ildə uğurla davam etdirdiyi sosial-iqtisadi islahatların praktik nəticələri Azərbaycan üçün hələ ötən əsrin 90-cı illərinin əvvəlindən başlanmış mürəkkəb ictimai-iqtisadi formasiya dəyişkənliyi mərhələsinin artıq geridə qaldığını deməyə ciddi əsaslar verir. Söhbət iqtisadi sahədə keçid dövrü üçün zəruri qanunverici, institusional, maddi-texniki bazanın formalaşdırılması prosesinin yekunlaşmasından gedir. Son 15 ildə iqtisadiyyatın inkişafı üçün yeni qanunlar qəbul olunmuş, özəlləşdirmə prosesi, vergi, torpaq, gömrük islahatı əsasən başa çatmış, infrastrukturun yeniləşdirilməsi keyfiyyətcə yeni mərhələyə adlamış, güclü yanacaq-energetika və neft sənayesi formalaşmış, sahibkarlığın milli inkişafda rolu artmış, sosial problemlərin böyük qismi həllini tapmış, respublikamızın dünya iqtisadi-təsərrüfat sisteminə inteqrasiyası təmin olunmuş, Azərbaycan özü və bölgə dövlətləri üçün etibarlı enerji təhlükəsizliyi sistemi yaratmışdır. Sovet dövründən qalmış idarəetmə sistemi tamamilə yeniləşmiş, müasir dövrün tələbi ilə səsləşən yeni dövlət qurumları yaradılmış, bir sözlə, struktur islahatları uğurla yekunlaşmışdır. Bu gün milli iqtisadi inkişaf modeli ilə tanınan Azərbaycan sovet dövründən qalmış köhnə infrastrukturdan tamamilə azad olaraq iqtisadi-mədəni səviyyədə modernləşir, ölkənin hər bir guşəsində müasir tələblərə cavab verən abadlıq-quruculuq işləri aparılır. Bütün bunlar isə məhz iqtisadi sahədə keçid dövrünün geridə qaldığını əminliklə söyləməyə ciddi əsaslar yaradır.

2010-cu ilin dövlət büdcəsi isə Azərbaycanın keyfiyyətcə yeni mərhələdə davamlı inkişafı üçün yaxşı imkanlar açır. Büdcə layihəsi hazırlanarkən dövlətin inkişafı üçün elmi əsaslar üzərində müəyyən edilmiş strateji xəttə uyğun olaraq dövlət büdcəsinin sosial və investisiyayönümlülüyünün təmin edilməsinə, əhalinin aztəminatlı təbəqəsinin sosial təminatının gücləndirilməsinə, ölkənin müdafiə potensialının, iqtisadi, enerji, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, sahibkarlığın inkişafına dəstək verilməsinə, qəbul olunmuş məqsədli dövlət proqramlarının maliyyələşdirilməsinə xüsusi diqqət yetirilmişdir. Sosialyönümlü xərclərin büdcədəki xüsusi çəkisi 34,4 faiz (3 milyard 878 milyon manat) olmaqla cari illə müqayisədə 1,8 faiz çoxdur.

Ümumiyyətlə, 2009-cu ilin ötən dövrünün yekunları deməyə əsas verir ki, hökumət ötən illərdən başlanmış davamlı iqtisadi yüksəliş və tərəqqi kursuna əsaslanaraq makroiqtisadi sabitliyini qoruyub saxlamış, son dərəcə çətin bir şəraitdə nəzərəçarpacaq irəliləyişlərə nail olmuşdur. Ən əsası, ictimai-iqtisadi formasiya dəyişkənliyi fonunda hələ ötən əsrin 90-cı illərinin əvvəlindən planlı iqtisadiyyatdan liberal bazar münasibətlərinə keçid yönümündə həyata keçirilən kompleks tədbirlər sistemi uğurla yekunlaşmışdır. Başqa sözlə, respublikamız bazar iqtisadiyyatı üçün xarakterik olan bütün islahatları uğurla yekunlaşdıraraq keyfiyyətcə yeni mərhələyə - modernləşmə fazasına qədəm qoyur. Bu mərhələnin əsas vəzifəsi isə iqtisadiyyatın ənənəvi sahələrinin yeni dövrün tələblərinə uyğun, ən müasir texnologiyalar hesabına yüksəlişini təmin etmək, Azərbaycanı inkişaf etmiş dövlətlər sırasına yaxınlaşdırmaqdır.

 

 

Müşfiq ATAKİŞİYEV,

iqtisad elmləri doktoru,

professor

 

Azərbaycan.- 2009.- 26 noyabr.- S. 5.