Bakı-Şamaxı avtomobil yolunun yenidənqurmadan sonra açılışı olmuşdur

 

Noyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyev yenidən qurulmuş Bakı-Şamaxı avtomobil yolunun açılışında iştirak etmişdir.

İnşaatçılar Prezident İlham Əliyevi hərarətlə qarşıladılar.

Dövlətimizin başçısı yolun açılışını bildirən lenti kəsdi.

Nəqliyyat naziri Ziya Məmmədov məlumat verdi ki, Bakı-Şamaxı avtomobil yolunun yenidən qurulması layihəsi Azərbaycan hökuməti ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında imzalanan "Azərbaycan magistral avtomobil yolu-2" layihəsi üzrə sazişə uyğun həyata keçirilmişdir. Ölkəmizin əsas magistrallarından biri olan bu yol ən müasir texnologiya əsasında qurulmuşdur. Yolun ümumi eni 15-17 metrə, bəzi yerlərdə 22 metrə çatır. Yolun hərəkət hissəsi iki, bəzi yerlərdə isə dördzolaqlıdır. Yola 314 min 952 ton iridənəli asfalt-beton örtük döşənmişdir. İstifadə edilmiş xırdadənəli asfalt-betonun həcmi 176 min 235 ton olmuşdur. Layihə üzrə 147 boru keçidi tikilmiş, yol üzərindəki iki körpü təmir olunmuş, beşi isə yeni inşa edilmişdir.

Prezident İlham Əliyev inşaatçılarla söhbət edərək dedi:

- Ən başlıca amil keyfiyyətdir. Bu yol da çox keyfiyyətli tikilib. Mənim xoşuma gəldi. Azərbaycanda bütün yollar bu səviyyədə olmalıdır. Yolun tikilməsi və istifadəyə verilməsi münasibətilə sizi təbrik edirəm. Eyni zamanda, burada göstərdiyiniz xidmətlərə görə sizə minnətdaram. Bu, gözəl bir nəqliyyat infrastrukturudur. Hamımız yaxşı xatırlayırıq ki, əvvəlki yolun vəziyyəti çox bərbad idi. İnsanlar əziyyət çəkirdilər. Ancaq bu gün Bakı-Şamaxı yolu dünyanın ən yüksək standartlarına cavab verir. Bu, həm müasirlikdir, həm inkişafdır, həm də insanlar üçün rahatlıqdır. Nəzərə alsaq ki, gələcəkdə bu yolun tikintisi Azərbaycanın dövlət sərhədinə qədər davam edəcək, hələ işlər çoxdur.

Bu yolun tikintisində, eyni zamanda, beynəlxalq əməkdaşlıq elementləri də özünü büruzə verir. Burada həm xarici şirkətlər, həm yerli subpodrat şirkət işləyib, həm də beynəlxalq maliyyə qurumları tərəfindən ayrılan vəsaitdən istifadə olunubdur. Yəni bu, beynəlxalq əməkdaşlıq nümunəsidir. Azərbaycanda həm beynəlxalq maliyyə dəstəyi, həm öz resurslarımız hesabına müxtəlif yol layihələri icra edilibdir.

Növbəti ildə yol infrastrukturunun inkişafı üçün əlavə vasait nəzərdə tutulub. Demək olar ki, kapital qoyuluşu məsələlərində yol tikintisi xüsusi yer tutur. Çünki hələ çox iş görülməlidir. Çox iş görülüb və çox iş də görülməlidir. Deyə bilərəm ki, hər həftə Azərbaycanda yeni yol marşrutu istifadəyə verilir. Keçən həftə Yevlax-Ucar yolunun istifadəyə verilməsində iştirak etmişik. Bu gün Bakı-Şamaxı. Növbəti aylarda və illərdə bütün başqa əsas yollar bax, belə gözəl keyfiyyətlə istifadəyə veriləcəkdir.

Sizi bir daha bu hadisə münasibətilə təbrik edirəm. Eyni zamanda, sizi Qurban bayramı münasibətilə təbrik edirəm və uğurlar arzulayıram! Sağ olun!

İnşaatçılar dövlətimizin başçısına minnətdarlıq etdilər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 27 noyabr.- S. 1.