Prezident İlham Əliyev
Şamaxıda müalicə-diaqnostika mərkəzinin
açılışında iştirak etmişdir
Noyabrın 26-da Prezident İlham Əliyev Şamaxıda Müalicə-Diaqnostika Mərkəzinin açılışında iştirak etmişdir.
Mərkəzin kollektivi və rayon ictimaiyyətinin nümayəndələri dövlətimizin başçısını hərarətlə qarşıladı.
Prezident İlham ƏLİYEV kollektivi və ictimaiyyətin nümayəndələrini mərkəzin açılışı münasibətilə təbrik edərək dedi:
- Belə gözəl diaqnostika mərkəzinin açılışı münasibətilə sizi ürəkdən təbrik edirəm. Sizi, eyni zamanda, Qurban bayramı münasibətilə təbrik edirəm. Sizə cansağlığı, xoşbəxtlik arzulayıram.
Bu gün doğrudan da çox gözəl bir gündür. Bu gün səhər Bakı-Şamaxı yolunun açılışında iştirak etdim. Çox gözəl, keyfiyyətli yoldur. Bakı ilə Şamaxı arasında məsafə onsuz da o qədər də böyük deyildir. Ancaq indi yeni yolla bu məsafəni qət etmək daha da asan olacaqdır. Rahat yoldur, keyfiyyətli yoldur.
Şamaxı üçün çox vacib olan Müalicə-Diaqnostika Mərkəzinin açılışında bərabər iştirak edirik. Bu da çox gözəl hadisədir. Bu, ən müasir standartlara cavab verən tibbi mərkəzdir. Həm müayinədən keçmək, həm müalicə almaq, həm həkim məsləhətinə ehtiyacı olan insanların burada müalicəsi - bütün bunlar artıq reallıqdır, Azərbaycan reallıqlarıdır. Ən müasir avadanlıq quraşdırılıb, ən gözəl imkanlar vardır. Arzu edirəm ki, hər bir vətəndaş, rayonun hər bir sakini ildə bir dəfə gəlib burada müayinədən keçsin. Nəzərə alsaq ki, burada tibbi xidmət pulsuzdur, hər bir adam, hər bir vətəndaş ildə bir dəfə həkim məsləhətinə qulaq asmalıdır. Əgər hər hansı bir xəstəlik varsa, bu gözəl imkanlardan istifadə edib xəstəliyi aradan götürməlidir.
Bu Müalicə-Diaqnostika Mərkəzinin tikintisi, eyni zamanda, Azərbaycanın artan imkanlarını göstərir. Bilirsiniz ki, indi Bakıda və bölgələrdə ən müasir tibbi mərkəzlər yaradılır, təmir olunur, avadanlıqla təchiz edilir. İndi elə bir bölgə yoxdur ki, orada müasir tibbi mərkəz olmasın. İlk növbədə bütün bölgələrdə, ondan sonrakı mərhələdə bütün rayon mərkəzlərində gözəl tibbi mərkəzlər yaradılır.
Şamaxının gələcək uğurlu inkişafı üçün belə tibbi mərkəzin mövcudluğu çox vacibdir. Şamaxı Azərbaycanın gözəl bölgələrindən, rayonlarından biridir. Rayonun çox böyük potensialı vardır. İndi Bakı-Şamaxı yolunun istifadəyə verilməsindən, belə gözəl obyektlərin tikilməsindən sonra əlbəttə ki, Şamaxıya gələnlərin sayı daha da artacaqdır. Biz hamımız gərək rayonun turizm imkanlarından səmərəli istifadə edək. Burada gözəl təbii şərait vardır. Bir müddət bundan əvvəl Olimpiya Kompleksinin açılışında iştirak etdik, bu gün Müalicə-Diaqnostika Mərkəzi istifadəyə verilir. Şamaxı rəsədxanası artıq təmir edilir. Prezidentin Ehtiyat Fondundan böyük məbləğdə vəsait ayrılıbdır, həm elmi məqsədlər, həm də turizm məqsədləri üçün biz hamımız rəsədxanadan səmərəli istifadə edəcəyik. Mən bu gün gedib tikinti ilə, təmir işləri ilə tanış olacağam.
Bu gün, eyni zamanda, biz yeni sənaye sahələrinin istifadəyə verilməsini qeyd edirik. Şamaxıda artıq müasir sənaye müəssisələri yaradılıb. O müəssisələr ki, hazır məhsul istehsal edir, məişət avadanlığı istehsal olunur. Əvvəllər biz bunu heç təsəvvür edə bilməzdik ki, Azərbaycanda müasir avadanlıq, məişət avadanlığı istehsal olunacaqdır. Ancaq bu gün bu reallıqdır. Təkcə Bakıda deyil, Azərbaycanın müxtəlif bölgələrində, xüsusilə Şamaxıda.
Mən artıq birinci dəfə deyil ki, Şamaxıya gəlirəm. Əvvəlki illərdə də dəfələrlə olmuşam, Prezident kimi də bir neçə dəfə gəlmişəm. Hər dəfə gəlib burada yenilik, gözəllik, abadlıq görəndə çox sevinirəm. Bu gün də proqramım böyükdür. Ona görə ki, çoxlu obyektlər vardır. Çoxlu obyektlər istifadəyə verilir, həm iqtisadi xarakter daşıyan, sənaye xarakteri daşıyan, sosial obyektlər. Son 5 ildə 14 məktəb tikilibdir. Yəni sosial infrastruktur da güclənir. Mənə verilən məlumata görə, 2004-2008-ci illərdə istehsal olunan məhsulun həcmi 5 dəfə artıb. Azərbaycan üzrə 2,6 dəfə, Şamaxı üzrə 5 dəfə. Bu, ən gözəl nümunədir, ən gözəl göstəricidir. Yəni burada neft hasil olunmur ki, deyək neftin qiyməti qalxdı, istehsal artdı. Yəni artım ancaq insanların zəhməti, düzgün siyasət, görülən işlər və belə gözəl ocaqların yaradılması, kənd təsərrüfatının inkişafı hesabınadır. Kənd təsərrüfatının inkişafı üçün də böyük səylər göstərilir və istehsal ildən-ilə artır. Fermerlərə, sahibkarlara dəstək göstərilir. Yollar tikilir, elektrik stansiyaları, xəstəxanalar, idman qurğuları - onların hamısını sadalamaq üçün çox vaxt lazımdır. Siz, burada yaşayan insanlar bunları görürsünüz. Əlbəttə ki, siz burada yaradılan yeni şəraitin bilavasitə iştirakçılarısınız.
Biz elə etməliyik ki, gələcək illərdə bu uğurlu templəri saxlayaq, Azərbaycanın uzunmüddətli inkişafını təmin edək. Bunu etmək üçün də mən əminəm ki, hər şey, hər bir şərait vardır. Hətta ən ağır, bəlkə son 100 il ərzində dünya üçün ən ağır il olan 2009-cu ildə də Azərbaycan inkişafdadır. İqtisadiyyat artır, sənaye istehsalı artır, bütün sosial proqramlar icra olunur.
Bəzi ölkələrdə belə sosial layihələr dondurulur. Deyirlər ki, pul yoxdur, yaxud da ki, böhrandır. Əlbəttə ki, böhran bizə də təsir etdi. Elə bir ölkə yoxdur ki, ona təsir etməsin. Ancaq buna baxmayaraq, bütün sosial obyektlər vaxtında istifadəyə verilir. Bax, bu gözəl xəstəxana, Bakı-Şamaxı yolu vaxtında, böyük keyfiyyətlə istifadəyə verilib. Növbəti illərdə Şamaxı rayonunun hərtərəfli inkişafı üçün nə lazımsa onu da edəcəyik. Nəzərə alsaq ki, 2009-2013-cü illər üzrə Dövlət Proqramımız artıq icra olunur, o proqramda rayonun bütün ehtiyacları nəzərdə tutulub və onlar hamısı təmin ediləcəkdir.
Sizi bu
gözəl hadisə münasibətilə, bu gözəl mərkəzin
açılışı münasibətilə bir daha ürəkdən
təbrik etmək istəyirəm. Arzu edirəm ki, siz xəstələnməyəsiniz,
şamaxılılar fiziki cəhətdən çox
sağlam insanlardır. Burada həm təbiət, həm
gözəl hava, həm də ki, şamaxılıların
ümumiyyətlə ovqatı həmişə nikbinlik
yaradır. Ancaq, işdir əgər bir xəstəlik olsa,
artıq burada müalicə üçün də şərait
vardır.
* * *
Yeni Müalicə-Diaqnostika Mərkəzinin
həkimi Nəzakət ABDURRAZAQOVA Şamaxı ictimaiyyətinin
ən xoş arzularını dövlətimizin
başçısına çatdıraraq dedi:
- Əziz Prezidentimiz, Azərbaycana, bütün dünyaya 400-dən artıq şair və mütəfəkkir verən və ulu öndərimizin dili ilə desək, Azərbaycanın qədim mədəniyyət mərkəzində Sizi bütün şamaxılılar və tibb işçiləri adından salamlayıram, "Xoş gəlmisiniz" deyirəm.
Qurban bayramı ərəfəsində Siz bütün şamaxılılara ikiqat bayram ovqatı verdiniz. Çünki Sizin buraya hər gəlişiniz bizim üçün çox böyük bayram əhval-ruhiyyəsi yaradır. Sizi bu gözəl, müqəddəs bayram münasibətilə təbrik edirəm və onun müqəddəs qaynaqlarından Sizə cansağlığı arzu edirəm. Sizin həmişə bayrağınız uca olsun, yolunuz işıqlı olsun, - deyirəm.
Bu gün Şamaxıya dünya standartlarına uyğun olan belə bir diaqnostika mərkəzini bəxş etməyiniz həqiqətən də bizim üçün çox böyük hədiyyədir. "Sağlam bədəndə sağlam ruh olar" deyiblər. Rayon mərkəzi xəstəxanasının, poliklinikanın təmir olunması, regional təcili yardım şöbəsinin və belə bir gözəl, möhtəşəm diaqnostika mərkəzinin açılması hər bir şamaxılı üçün böyük hədiyyədir və hər bir şamaxılının cansağlığına xidmət edir. Siz həmişə deyirdiniz ki, biz təkcə Bakını yox, bütün regionları inkişaf etdirməliyik. Siz deyirdiniz ki, mən hər kəsin Prezidentiyəm və həqiqətən də Sizin dediyiniz o fikirlər bu gün gör nə boyda reallıqla həyata keçirilir.
Siz bu gün ulu öndərimiz Heydər Əliyevin hər birimiz üçün həyat fəlsəfəsi olan yüksək siyasətini çox böyük uğurla və mən deyərdim ki, özünüzə məxsus naxışlarla davam etdirirsiniz. Bu, bizim hər birimiz üçün əzizdir.
Biz Azərbaycanın qəhrəmanlıq salnaməsində neçə-neçə qadın obrazları tanıyırıq ki, öz böyük, yüksək zəkası, ağlı, təfəkkürü, xalqına xidməti ilə fərqlənən o qadınların adları Azərbaycanın qəhrəmanlıq səhifəsinə qızıl hərflərlə yazılıb. Mən bu gün mübaliğəsiz və çox böyük cəsarətlə deyərdim ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva həqiqətən də bu gün o qadınların canlı timsalıdır. Mehriban xanım hər bir azərbaycanlı qadın üçün örnəkdir. Biz onun səhiyyə, təhsil və mədəniyyətimizin inkişafı sahəsində, bizi Azərbaycandan uzaqlarda tanıtmaq sahəsindəki böyük xidmətlərini çox yüksək qiymətləndiririk. Çox sevinirik ki, Sizin belə bir köməyiniz vardır və o, hər birimiz üçün örnəkdir.
Bizim əziz Prezidentimiz. Biz Sizin siyasətinizi həmişə bəyənirik. Bu siyasət bizim üçün çox əzizdir. Biz həmişə Sizin ətrafınızdayıq. Sizin bütün fikirləriniz bizim üçün çox əzizdir. Biz bu fikirləri dəstəkləyirik. Çox sağ olun ki, Siz bu bayram ərəfəsində bizi sevindirdiniz.
Prezident
İlham ƏLİYEV: Çox sağ olun.
* * *
Sonra dövlətimizin
başçısı səhiyyə ocağının
açılışını bildirən lenti kəsdi və
mərkəzlə yaxından tanış oldu.
Təməli 2007-ci il martın 1-də Prezident İlham Əliyev tərəfindən qoyulmuş və sahəsi 1,5 hektar olan mərkəzin inşaat işləri bu ilin oktyabrında başa çatdırılmışdır. Tikintinin ümumi sahəsi 7 min kvadratmetr, o cümlədən əsas korpusun sahəsi 5800 kvadratmetrdir. Üçmərtəbəli binada qəbul, inzibati, funksional diaqnostika, dializ, stasionar, əməliyyat, reanimasiya, kompyuter tomoqrafiya və rentgen şöbələri fəaliyyət göstərir. Birinci mərtəbədə 60, ikinci mərtəbədə 51, üçüncü mərtəbədə 30 otaq yerləşir. Burada quraşdırılan avadanlıq xaricdən gətirilmişdir.
Binanın foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin səhiyyənin inkişafına diqqət və qayğısını əks etdirən fotoguşələr yaradılmışdır.
Mərkəzin həyətində 5 min kvadratmetr ərazidə yaşıllıq salınmış, su anbarı, qazanxana tikilmiş və yardımçı elektrik stansiyası quraşdırılmışdır.
AzərTAc
Azərbaycan.- 2009.- 27 noyabr.- S. 2.