Heydər Əliyev Fondu tərəfindən
bərpası nəzərdə tutulan Şamaxı Cümə
məscidi ilə tanışlıq
Noyabrın 26-da Prezident İlham Əliyev Şamaxıda Heydər Əliyev Fondu tərəfindən bərpası nəzərdə tutulan Cümə məscidi ilə tanış olmuşdur.
Məscidin yenidən qurulması layihəsi ilə tanış olan dövlət başçısına məlumat verilmişdir ki, Cənubi Qafqazda ikinci qədim dini mərkəz olan Cümə məscidi 743-cü ildə tikilmişdir. 1859-cu ildə baş vermiş dəhşətli zəlzələ nəticəsində dağılan məscid sonradan bərpa edilmişdir. 1902-ci il zəlzələsində də Cümə məscidinə ciddi ziyan dəymişdir. Bu zəlzələdən sonra məscid Şamaxıdan olan Azərbaycanın ilk ali təhsilli memarı Zivər bəy Əhmədbəyovun və polşalı mühəndis İosif Ploşkonun layihəsi əsasında yenidən bərpa edilmişdir.
Cümə məscidi həmçinin 1918-ci ildə erməni daşnaklarının Şamaxıda törətdikləri qırğının şahididir. O vaxt daşnaklar 1800 nəfər yerli sakini - uşaqları, qadınları, qocaları zorla bu məscidə dolduraraq diri-diri yandırmışlar. Yanğının izləri məscidin divarlarında bu gün də durur.
Məsciddə keçən əsrin 70-80-ci illərində də təmir işləri aparılmışdır. Həmin dövrdə məscidin həyətində qazıntı zamanı mədrəsə, hücrə və qəbirlər aşkar edilmişdir.
Sovet dövründə cüzi təmir işləri aparılmasına baxmayaraq, Azərbaycanda ən qədim ibadət yeri sayılan Şamaxı Cümə məscidi bərbad vəziyyətdədir. Hazırda Heydər Əliyev Fondunun "Tolerantlığın ünvanı: Azərbaycan" layihəsi çərçivəsində bu Allah evinin yenidən qurulması nəzərdə tutulmuşdur.
Ümumi sahəsi 0,80 hektar olan məscidin ibadət yeri 1316 kvadratmetrdir.
Prezident İlham Əliyev məscidin binası ilə tanış oldu.
AzərTAc
Azərbaycan.- 2009.- 27 noyabr.- S. 3.