Şamaxıda "Azərelektronika" məişət cihazları zavodu istifadəyə verilmişdir

 

Noyabrın 26-da Prezident İlham Əliyev Şamaxıda "Azərelektronika" məişət cihazları istehsalı zavodunun açılışında iştirak etmişdir.

Müəssisənin kollektivi dövlət başçısını hərarətlə qarşıladı.

Prezident İlham Əliyev düyməni basaraq müəssisəni işə saldı, istehsal prosesini izlədi.

Məlumat verildi ki, 13 hektar sahəni əhatə edən zavodun inşasına 2005-ci ildə başlanılmış, tikinti işləri 2008-ci ilin mayında başa çatdırılmışdır. İstehsal sahəsi 20 min kvadratmetr olan zavodda kondisioner sexi fəaliyyət göstərir. Burada ilkin mərhələdə 250 nəfər işlə təmin olunmuşdur. Zavodun istehsal gücü ildə 600 min kondisionerdir. Gələcəkdə müəssisədə soyuducu, tozsoran digər məişət avadanlığı sexlərinin yaradılması nəzərdə tutulur. Həmin sahələr istifadəyə verildikdən sonra zavodda 1000 nəfər işlə təmin olunacaqdır. Burada Türkiyədən, Malayziyadan, İrandan gətirilən xammaldan, habelə yerli materiallardan istifadə olunacaqdır. Bundan əlavə, zavodda boya, polifon, plastik kütlə əridən sexlər, 250 tonluq 6 hidravlik pres quraşdırılmışdır.

Prezident İlham Əliyev müəssisədə istehsal olunmuş məhsullara baxdı, zavodun inzibati binası ilə tanış oldu.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 27 noyabr.- S. 3.