Qurban bayramınız mübarək
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə müqəddəs Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik etmişdir. Təbrikin AzərTAc-a daxil olmuş mətnində deyilir:
"Bismillahir-rəhmanir-rəhim!
İslam aləminin ən mübarək günü - müqəddəs Qurban bayramı münasibətilə bütün Azərbaycan dindarlarını səmimi qəlbdən təbrik edir, Allah-taaladan xalqımıza və dövlətimizə rifah, əmin-amanlıq və səadət diləyirəm.
Dünya müsəlmanlarının Eydül-Əzha-Böyük bayram kimi qeyd etdiyi Qurban mərasimi qədim tarixi və ilahi məzmunu olan bir ənənədir. Hənif Peyğəmbərimiz Həzrəti İbrahim Əleyhissəlamın Allah-taalaya olan sədaqəti müqabilində Rəbbimizin ali mükafatı böyük mənəvi və fəlsəfi dəyərə malikdir. Pərvərdigari-Aləm həzrəti İsmayıl əleyhissəlamın özünü deyil, ata sözünə vəfasını, valideyninə təmənnasız sevgisini, şərə-şeytana nifrətini peyğəmbər övladının yüksək məziyyəti kimi qəbul edir və həmin andan etibarən insan qurbanı adəti bəşərdən tamamən götürülür. Allaha əhdinə sadiq qalan hər bəndə nəticədə layiq olduğu mükafatı qazanır. Ona görə də hər birinizə həyatın bütün məqamlarında səbir, dəyanət və əzmlə yanaşı, Allah əhdinə sədaqətli olmağı, valideyninə ehtiramla yanaşmağı, verdiyi sözü uca tutmağı, ümumi mənafeni şəxsi istəklərindən üstün bilməyi tövsiyə edirəm.
Qurban bayramı təqvimimizin mübarək tarixlərindən biridir. Bizim bayramlarımızın mahiyyəti ictimai bərabərlik, yardımlaşma və mərhəmət ruhundan ibarətdir və əsas qayəsi ailədə barışın, cəmiyyətdə sülhün bərqərar olmasıdır. Azərbaycan müsəlmanlarına bayram sevincini yaşatmaq üçün dindarlara geniş imkanlar və şərait yaradan dövlətimizin rəhbərliyinə, xüsusilə möhtərəm Prezidentimiz zati-aliləri cənab İlham Əliyevə ulu Yaradandan daim sonsuz xeyir-dualar diləyindəyik. Bu qurban süfrəsində kimsəsizlərə, yetimlərə, qocalara, imkansızlara yardım ediləcək, xeyriyyə tədbirlərində bayramın əzəli duaları səslənəcəkdir. Məkkədə, Mina dağında həcc əməllərini tamamlayıb, bayram qurbanlarını kəsdirən azərbaycanlı hacılarımız da dövlətimizin qüdrəti, xalqımızın xoşbəxtliyi və Qarabağ zəfəri üçün bizimlə bərabər dualar edəcəklər. Biz də torpaqlarımız və müstəqilliyimiz uğrunda şəhid olanların ruhuna rəhmət diləyir, Allah dərgahında qurbanlarımızın qəbul, niyyətlərimizin müstəcəb olması üçün xeyir-dualar edir, bütün Azərbaycan xalqını əziz bayram münasibətilə bir daha ürəkdən təbrik edirik.
Allah köməyiniz
olsun! Bayramınız mübarək".
Azərbaycan.- 2009.- 27 noyabr.- S. 9.